MücrüART yazıçı Əyyub Qiyasın “Mücrü” nəşriyyatının “Proza” seriyasında yenicə işıq üzü görmüş “İtvuran” kitabından hekayəni təqdim edir.
– Zəhmət olmasa, bir az kənara çəkilin…
– Buyurun…
Zəhləmi aparmaq istəyən adamın kimliyinə varmadan kənara çəkildim, daha doğrusu, kənara çəkildim, ya ortaya – dəqiqiq yadımda deyil, amma yerimi dəyişdim. Arabir yağış çiləyirdi, zəhlətökən nə üçünsə skamyaya dırmaşmışdı. Ona fikir vermirdim, bir də fikir verib neyləyəsiydim?! Parkda adamlar gəzişir, mənimsə böyrəklərim sancırdı və fikirləşirdim ki, münasib yer tapıb özümü boşaldım. Zəhlətökən az qala mənə dırmaşırdı. Böyrəklərimi sıxıb özümü güclə saxlamışdım və məqam gözləyirdim. Gədə çiynimə toxundu, başımı qaldırmadan:
– Eşidirəm, – dedim.
– Zəhmət olmasa, bir az da kənara çəkilin…
Dedim ki, böyrəklərim sancır, yerimdən tərpənsım özümü saxlaya bilməyəcəm. O, bunun fərqinə varmadan ərklə dedi:
– Zərər yoxdur, yerində də qala bilərsən, amma, əzizim, ayaqlarımı dizlərin üstə qoymağa məcburam.
Cavab vermək istəmirdim, sancı kələyimi kəsmişdi, səsimi içimə çəkə-çəkə:
– Burada, bu boyda parkda başqa skamya yoxdur? – dedim.
Cavab vermədi. Ayaqlarını dizlərim üstə qoymağa hazırlaşırdı, tərpənə bilmirdim, ona görə də susmağa məcbur oldum, o da utanmaz-utanmaz dizlərim üstə çıxdı. Mən partlayırdım… Nə isə… Özümü birtəhər ələ alıb maraqsız-maraqsız başımı qaldırdım. Bilmək istəyirdim, nə etməyə hazırlaşır. Ona baxdım, hərəkətlərindən heç nə anlaya bilmədim. İki ayağını dizlərim üstə qoyub, mil dayanmışdı, başının, daha doğrusu, başımızın, lap dəqiqi başlarımızın, ya da ki, nə bilim, elə başının üstündəki küknar ağacının budaqlarını yoxlayırdı. Mən gözlərimi ondan yayındırmaq istəyəndə, yoldan keçib maraqla bizə (bəlkə də ona, ya da mənə) baxan adamları gördüm. Camaat birtəhər baxırdı, elə mən özüm də bu zırramanın duruşundan baş çıxarmırdım.
– Əə, neyləyirsən?
– Sənə nə var neynirəm?
– Heç nə. Ufff…
Yenə böyrəklərimin sancısı tutdu, gözlərim yaşardı.
– Bilirsən neynirəm?
– Bilmirəm, heç bilmək də istəmirəm.
– Niyə?
– Sənə nə var e, niyə? Bir az tez elə, qurban olum, özümü saxlaya bilmirəm.
– Özünü niyə saxlamaq istəyirsən?
– Heç. Elə-belə… Ufff… İşində ol.
Mən onun ayaqları ilə bir yerdə qarnımı qucaq-lamağa məcbur olmuşdum, sancı məni doğrayırdı. Parkdakı adamlar yavaş-yavaş seyrəlirdi, ağac dibinə cumub rahatlanmaq üçün əsl məqam idi. Amma deyəsən, bu heyvərənin məndən əl çəkmək, qucağımdan düşmək fikri yox idi. Nə isə… Gün hayandan çıxdı belə? Yerə atıldı, səmaya baxdı və donquldana-donquldana:
– Bu yağışda nə yağan kimi yağır, nə də dayanan kimi dayanır, – dedi.
Əsəbiləşdim:
– Bura bax, bircə yağışa ilişməyin qalmışdı? Əslində, yağış özü bilər, istəyər yağar, istəyər yağmaz.
Deyəsən,mənə qulaq asmır, nə barədəsə ciddi fikirləşirdi.
– Bura bax, – dedi, – bəlkə kəmərin olar?
– Var, – dedim, – necə bəyəm?
– Mən bilirdim ki, sən yaxşı adamsan. Zəhmət olmasa, kəmərini mənə ver.
– Elə niyə?
– Ona görə ki, kəmər mənə lazımdır, sən də yaxşı oğlansan, başa düşdün?!
Hirsimdən titrəməyə başladım, birdən yadıma düşdü ki, işim var, qalxıb ağacın dibinə yüyürdüm, işimi qurtaranda gördüm ki, heyvərə mənə baxır, hirs məni boğdu.
– Bura bax, cavan oğlan, niyə mənə elə baxırsan?
– Əzizim, sənə yox, kəmərinə baxıram, xahiş eləyirəm, onu mənə ver.
– Axı niyə kəmərimi sənə verməliyəm? İkincisi də, kəməri sənə versəm, şalvarım düşəcək.
O, başını qaşıyıb ətrafa baxdı və haradansa bir parça məftil tapıb mənə uzatdı:
– Görürsən də, bu dünyada hər şeyə çarə var, götür bunu şalvarına bağla, kəməri isə mənə ver.
Ona fikir vermədən gəlib bayaqkı skamyada oturdum. O da gəlib mənimlə yanaşı əyləşdi. Yenə başını yuxarı qaldırıb hərdənbir yerə düşən ilıq damcılarla oynadı.
– Bəlkə tanış olaq, – dedi.
Cavab vermədim, o isə deyəsən adını, soyadını, birdə iş yerini bildirdi mənə. Ona qulaq asmaq istəmirdim. Günorta içdiyim pivə böyrəklərimi ağrıtdığı üçün həmişəki kimi özümü söyürdüm: daha pivə içməyəcəm, pivə içənin… Amma bilirdim ki, xeyri yoxdur, özümü nə qədər söysəydim də, yenə pivə içəcəkdim, çünki pivəsiz yaşaya bilmirdim, lap pivə məni öldürsəydi belə, onu içəcəkdim, pivə mənim həyatım idi…
– Hə, tanış da olduq, – dedi.
– Mən ki, səninlə tanış olmaq barədə…
– Bunun əhəmiyyəti yoxdur… İndi bir kəmər nədir ki, onu öz dostuna verməyəcəksən?
– Lap atam da gəlsə kəmərimi verən deyiləm.
– Verərsən… Bura bax, səncə, hansı budaqdan asılmaq yaxşı olar, hansı budaqdan asılmaq daha şərəflidir?
Gözlərimi bərlədib ona baxdım: öz aləmində idi. Mənə elə gəldi ki, onun başı bir az çatışmır, sözün düzü başı yerində idi, ancaq nəsə çatışmırdı. Nə isə…
– Məncə, çıxıb evə getsən yaxşı olar, nəinki burda…
– Yox… dəlisən?! Nə danışırsan? Səhər tezdən iradəmi yoxlamaq istədim, su borusunu dartıb yerindən qopartmışam, indi qonşularım suda üzür…
– Get sən də üz… Get evə.
O, nəsə fikirləşib şalvarıma əl atdı, çaşdım, süpürləşməyə başladıq, o güclə şalvarı əynimdən çıxartdı, kəməri götürüb, şalvarı üstümə atdı.
– Geyin…
Yerimdən tərpənmədim, kəmərsiz şalvarı neynirdim?!Yağış bir az da güclənmişdi. Skamyanın altına girib gizləndim, o isə skamyaya qalxıb kəməri ağaca bağlayandan sonra, ilgəyi boynuna keçirtdi, gülə-gülə dedi:
– Əgər böyrəklərin xəstədirsə, yerdə uzanma. Mən getdim…
Kəməri bərkidib, ayaqlarını skamyadan üzdü, budaqdan asılmış vəziyyətdə sağa-sola yellənməyə başladı. O, xoşbəxt adama oxşayırdı, rəngi yavaş-yavaş göyərirdi. Səsi çıxmırdı, harada olduğu məlum deyildi, sifəti heç nə demirdi. Ümumiyyətlə, o adama oxşamırdı. Mənsə skamya altda qalıb budağın nə vaxt qırılacağını gözləyirdim, gözləyirdim ki, kəmərimi götürüb gedəm. Yağışsa daha da güclənmişdi, damcılar skamyadan başıma damırdı, deyəsən, lap bu zırramanın qonşularının gününə düşmüşdüm. Qırılanda görəm deyə, tez-tez budağa göz qoyurdum, budaqsa belə tez qırılana oxşamırdı…
O isə doğrudan da, xoşbəxt idi.