Mücrü.Art prodüser, rejissor, ssenarist və aktyor Orxan Mərdanın Qarabağ mövzusuna həsr etdiyi “Bakuş” hekayəsini təqdim edir.
– Necəsən?
– Sağ ol. Şükür.
– Tanımadın?
– Tanısam artistlik eləmərəm? – deyib gülümsədim.
– Dedim, bəlkə… Artistlərlə oturub-durursan da.
– Kimdi?
– Qəqidi.
– Qəqi…
Qəqi xatırlanması üçün çox uzaq tarix idi. Amma onu xatırlamamaq olmazdı, təbii ki…
Biz yenicə köçmüşdük özlərinə “dağlı” deyən dəliqanlı, davakar amma bir o qədər də mehriban insanların yaşadığı mikrorayonun nadir dağlı məhlələrindən birinə. Təbii ki, Yasamalın Dağlı məhəlləsində dünyaya gəlmiş bir “yeraz” üçün mikrorayonun Dağlı məhəlləsi Maldiv adaları kimi bir yer idi. Köhnə “xruşovka” binaların 32 kvadrat metrlik dar betonlarında yaşayan dağlılar, yasamalın dağlılarından təhlükəli ola bilməzdi. Sadəcə bu dağlılar özləri dağlı olsalar da başqa dağlardan gələnləri qəbul edə bilmirdilər. Çox uzun illər sonra bu münasibətin səbəbinin “yeraz”ların ötən əsrin 90-cı illərində paytaxtdakı erməni evlərinə yerləşdikləri halda, dağlıların heç bir addımatıb ermənilərdən qalan evlərin sahibi ola bilməmələri ilə əlaqələndirə bilmişdim. Məhz buna görə də mikrorayonda yaşayan “yeraz”lar özünə qazaxlı deyir, artıq söz-söhbətdən özlərini sığortalayardı. Təbii ki, yaşına görə artıq çəkisi olan mən ağır cüssəm və Yasamaldan qalma təcrübəmlə bu stereotipi bir neçə davaya, bir-iki döyülməyə həll edə bilmişdim. Yəni qazaxlı yox, “yeraz” olduğumu yeritmişdim. Yavaşa-yavaş yerazlar bu dağlıların içinə inteqrasiya edirdi ki, Qarabağ müharibəsi və onun ardınca köçkünlük başladı. Artıq müxtəlif rayonlardan gələn insanlar çətinliklə də olsa baxçalara, köhnə dağınıq binalara, hətta “xruşovka” ların zirzəmilərinə belə yerləşdilər. Artıq dağlılar üçün “bura bizim məhəllədi” erası bitmişdi. Hamı bir təhər müharibənin verdiyi qıtlıqla vuruşub yaşamağa çalışırdı. Belə bir vəziyyətdə 2 aydır gəlməklərinə baxmayaraq məhəllənin sevmlisi olan Sənəm xala, bizdən kiçik oğlu ilə ilə birlikdə hər kəsin işinə yarayır, sanki bizdən birinə çevrilmişdi. Deyirdilər ki, ermənilər onun bütün ailəsini qırıb bir özü, bir də oğlu sağ qala bilib. Bəlkə də bu əhvalat hər kəsi ona qarşı istiqanlı olmağa vadar etmişdi.
Sənəmin oğlunun isə anası qədər bəxti gətirmədi, balaca boy olduğuna görə ona Qnom dedilər və onu bütün günü döydülər. Həmişə buyruğa yolladılar etiraz elədi yenə döydülər o isə öz israrından, öz inancından əl çəkmədi, qorxmadı, boyun əymədi. Onun bu xüsusiyyəti “Bakuş” satan ləzgi Qəqinin xoşuna gəlmişdi. Qəqi onu həm qoruyur həm də ona pul qazanmağın yolunu öyrədirdi. Onlar metronun altında lap girəcəkdə, keçiddə “Bakuş” satmağa başladılar. Çox sadə biznes idi: – Gedib yuxarıdakı köşkdən “Bakuş”u alıb, metronun çıxacağında “ “Bakuş” var, “Bakuş” deyə qışqıraraq satırdılar. Bir anda Qnom, bizim hamımızdan fərqli olmağa başladı çünki pul qazanırdı. Hətta dağlı uşaqlardan bəziləri bir neçə dəfə cəhd göstərsələr də onların satdığı “Bakuş”u alan yox idi. Sanki bunların üzündə şeytan tükü vardı.
Heç kəsin bacarmadığı sadə bir iş yalnızca Qəqidə və onda alınırdı. Mənim ən yaxın dostlarım olmuşdu onlar. Rus dillilərin yeddi şüşə, özümüzünkülərin isə kazaki, dava-dava oynadıqları bir vaxtda bu ikisi daha maraqlı görsənirdi. Onlarla dərslərim imkan verdikcə gün keçirmək maraqlı gəlirdi. Qəqi çox istiqanlı, Qnom isə çox kədərli idi. Az danışar amma həmişə harasa baxardı. Sonra həyat öz axarı ilə davam elədi, biz başqa məhəllərə onlar isə başqa yerlərə getdi. Dağlıların bir hissəsi dükan açdı, təndirxana tikdi, qalanları isə təndirxanalarda çörək bişirmək üçün böydülülər.
Bu gün bu telefon zəngi bütün bu dönəmi xatırlamağıma səbəb olmuşdu.
– Kişi kimi nömrəni dəyişməmisən.
– Aya, mən təmiz adamam niyə dəyişim ki?
– Niyə səsin səmirin gəlmir?
Əslində Qəqinin bu sözündə həqiqət var idi, mən axırıncı dəfə onu görəndə televiziyada işləyirdim, ona lazım olan süjeti tapıb verməkdə kömək eləmişdim. Həmin işdən diyısən pul da qazanmışdı.
– Mənim gəlmir, sənin səsin gəlsin.
– Yaxşı dalaşma.
Uzun-uzadı telefon söhbətindən sonra Qəqinin zənginin məramı bəlli olmuşdu. Sənəm xala dünyasını dəyişmişdi və onun üçün baş daşı qoymağa pul istəyirdi. Mən də bir az Qnomu asıb kəsdim, bir az acıqlandım əsəbləşdim. Hətta pul verməmək üçün imtina belə etmək istəyəndə:
– Aya “yeraz”lğına salma, Qnom şəhid olub, – dedi.
Qulağımda göy guruldadı.
Müharibə başlayanda hamıdan əvvəl qaçıbmış döyüşlərə “Bakuş” satan, balacab,oy sısqa oğlan. Bizim cırtdan. Ayın sonuna nəşini gətiriblər. Sənəm xala hamını qovub evdən, bir gecəni səhərə qədər oğlu ilə keçirib. Onsuz da heç kimləri yox idi, camaat yığışıb şəhidi dəfn ediblərmiş. O gündən sonra Sənəm xala bütün təkidlərə baxmayaraq oğlunun üstünə getməyib. Nə oğlunu dəfn edib, nə də onun qəbrini ziyarət edib. Hamıya da deyirmiş ki, –“Mənim gedib ona deməyə sözüm yoxdur”.
Beləcə qonşuların dili ilə desək huşu getmiş Sənəm xala nəsə gözləyirmiş. Noyabrın 8-də Şuşa işğaldan azad olandan sonra Sənəm xala yoxa çıxıb. Qonşular onu axtarsa da tapa bilməyiblər.
Sonra təsadüfən onu oğlunun qəbri üstündə torpağı qucaqlayıb dünyasını dəyişdiyini görüblər. Qarovulçu danışırmış ki, arvad sübhdən gedib oğlunun üstünə və onun torpağını qucaqlayıb orda da dünyasını dəyişib.
Qəqi ilə sağollaşdım. Qəribədir ki, biz böyüyəndən “Bakuş” da böyüdü. Bizim uşaqlığımız yox olduğu kimi “Bakuş” da qeybə çəkildi.
Sənəm xala gümanki oğluna qələbə xəbəri aparmışdı. Bütün cavanlığını balacaboy oğluna həsr etmiş Sənəm xala dərdini bölüşdüyü oğlu ilə sevincini bölüşməyə getmişdi…
Çox qəribədir ki, “Bakuş” satanlar ya ölür, ya da Qəqi kimi hələ də yaşaya bilmək üçün nəsə satır…