Ədəbiyyata könül verəndən Arazın o tayında – Güney Azərbaycanda yaşayıb-yaradan qələm adamlarının yaradıcılığı, fəaliyyəti mənim diqqətimi çəkib. Bəxtim gətirib ki, bir qələm adamı olaraq Arazın o tayında da qələm dostlarım, oxucularım var. Bunu dost məclislərində hər zaman qürurla dilə gətirirəm. Təbriz, Ərdəbil, Urmiya, Zəncan və başqa şəhərlər haqqında kitablardan oxuyanda ağlıma da gəlməzdi ki, günlərin birində Arazın o tayındakı həmvtənlərim, qan qardaşlarım mənim yaradıcılığımı izləyəcək, onlarla dostluq əlaqələri qurmaq imkanım olacaq. Bu gün Güney Azərbaycanda yaşayan oxucularımla, qələm dostlarımla qurduğum əlaqələr məni yaradıcı insan kimi xoşbəxt edən xüsuslardandır. Bu vəsiləylə sərhədlərin bizə əngəl olmadığını, dostluğun, doğmalığın gücünü hiss edirik. Bir-birimizin yaradıcılığına göstərdiyimiz diqqət bizə birliyimizi, bütövlüyümüzü, ruhumuzun, dilimizin bütünlüyünü xatırladır.
Güney Azərbaycanda yaşayan, yaradıcılığını maraqla izlədiyim peşəkar qələm adamları, eyni zamanda ədəbiyyatda kövrək addımlarını atan gənclər kifayət qədərdir. Arazın o tayındakı ədəbiyyat sevdası bütün məhdudiyyətlərə baxmayaraq sərhədləri aşmaq gücündədir. Güney Azərbaycandakı oxucularıma, yazar dostlarıma kitab sovqatı göndərmək, onlara kitablarımın elektron nüsxələrini çatdırmaq məni hər zaman sevindirir. Beləliklə bu münasibətlər yavaş-yavaş ədəbi əlaqələrimizi dərinləşdirir, bir-birimizin yazdıqlarından, dünya görüşündən, ədəbiyyata münasibətindən xəbər tuturuq. Güney Azərbaycan ədəbiyyatını Ustad Şəhriyar, Həbib Sahir, Səhənd, Səməd Behrəngi, Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü, Qulamhüseyn Səidi, Həmid Nitqi kimi böyük ədəbiyyat adamları sayəsində tanıyıb, sevmişik. Bu gün ustad imzaların yolunu uğurla davam etdirən yüzlərlə qələm adamı, öz ana dilində yazıb-yaratmaqla dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına öz töhfələrini verir. Çağdaş Güney Azərbaycan ədəbiyyatının onlarla parlaq nümayəndəsi ilə şəxsi münasibətlərim, onların yaradıcılığı ilə yaxından tanışlığım məni bir ədəbiyyat adamı, bir oxucu, bir azərbaycanlı olaraq ümidləndirir, ədəbiyyatımızın gələcəyinə inamla baxmağa sövq edir.
Bu gün Güney Azərbaycan ədəbiyyatının yükünü çiyinlərində daşıyan, öz ana dilində yazdığı şeirlərin ovsunu ilə bizləri sevindirən, eyni zamanda Arazın bu tayında yaşayan qələm adamlarının Güney Azərbaycanda tanınması üçün çalışan parlaq və ümidverici onlarla gənc imzalardan biri də gənc yazar, tərcüməçi və naşir Əli Nurvəşdir.
Əli Nurvəş (Çağla) 2002-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Tərcüməçilik və naşirlik fəaliyyəti ilə məşğuldur. “Dəlilərin sevgisi” və “Niyar karvanı” romanlarının müəllifidir. Baba Vəziroğlu, Qənirə Paşayeva, İntiqam Yaşar, Əjdər Ol, Musa Yaqub kimi qələm adamlarının kitablarının Güney Azərbaycanda çapını və yayılmasını gerçəkləşdirib.
Əlinin ədəbiyyatımızın təbliğatı, tanıdılması üçün gördüyü işləri, tərcüməçi və naşir kimi fəaliyyətini, nəsr yaradıcılığını təqdir edirəm. Onu mənim üçün doğmalaşdıran əsas səbəblərdən biri şeirə könül verməsidir. Azərbaycan dilinin şirinliyini, doyumsuzluğunu və bu dilin daşıdığı həsrəti, ağrını, nisgili ifadə edə bilməsi Əli Çağlanın yaradıcılığını mənim üçün doğmalaşdırır. Onun çox sadə cümlələrlə, böyük mətləbləri ifadə etməyə çalışması, ənənəvi üslublu şeirlərindəki müasirlik çalarları onun parlaq gələcəyinin müjdəçisidir. Onu şair kimi narahat edən problemlər getdikcə əhatəsini genişləndirir, qloballaşır, bəşəri əhəmiyyət kəsb edir.
Ənənəvi üslubda qələmə aldığı ilkin yaradıcılıq nümunələrində bir qədər sadə mətləblərə toxunan şairi narahat edən poetik problemlər oxucuya ilk tanışlıqda adi görünür:
Söz ilə oynamaqdan,
Xoşum gəlmədi, şair.
Söz, gözümün yaşını,
Heç vaxt silmədi şair.
Ancaq diqqətlə izlədikdə bu gəncin şeirə olan sevgisi, müxtəlif üslublara müraciəti, ədəbiyyata kompleks yanaşması fərqli və ümidli təəssürat yaradır.
Əli Çağlanın yaradıcılığı ilə ilk tanışlıq sadə mətləblərin yaratdığı nigaranlıq və yeni deyim tərzi axtarışları ilə müşayət olunur. Aşıq şeirinin müxtəlif növlərinə müraciət etməsi, ənənəvi şeir nümunələrində daha rahat ifadə imkanları tapması təqdirəlayiq olsa da, gənc şairin müasir dünya poeziyası ilə daha əhatəli və dərindən tanış olması arzulanandır. Şeirdən şeirə onun yaradıcılıq potensialının “açılması”, gənc şairin “yeni poetik ərazilər”də axtarışa çıxmasını görürük. Artıq onu narahat edən mətləblərin mahiyyəti kifayət qədər qəlizləşir, bəşəri müstəvidə özünü göstərir:
Siyasət,
Yoxsulluq əlindən milyonerlərin qucağında
Yatan fağır qızlar,
Siz onlara fahişə deyirsiniz.
Ümumiyyətlə Güney Azərbaycanda yaradıcılıqla məşğul olan gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi öz rəngarəngliyi ilə seçilir. Əli Çağla bu rəngarəngliyin içərisində öz fərqliliyini göstərmək istəyində olanlardandır. Onun yaradıcılığı yeni mövzu, ənənəvi formaya müasir çalarlar qatmaq cəhdləri ilə diqqət çəkir.
Uzunmüddətli müşahidələrimdən belə qənaətə gəlmişəm ki, Güney Azərbaycan poeziyasında özünəməxsus xüsusiyyətlərlə birgə, Quzey Azərbaycan şeirinin və bir çox Türkiyə şairlərinin təsiri özünü göstərir. Mən bunu təbii və müsbət tendensiya kimi xarakterizə edirəm. Eyni dilin daşıyıcıları üçün coğrafi sərhədlər maneə ola bilməz. Əli Çağlanın da ənənəvi şeir üslubu ilə, modern poeziya arasındakı axtarışları, Quzey Azərbaycan və Türkiyə poeziyasının sərhədləri çərçivəsində özünü göstərir. Onun hələki yekunlaşmamış axtarışlarının üfüqlərində böyük poeziyanın işartıları görünür.
Əli Çağla Güney Azərbaycanda yaşayıb-yaradan digər ədəbiyyat nümayəndələri kimi, dil və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq öz milli kimliyini, öz ədəbiyyatını tanıtdırmağa çalışır. Çıxdığı bu çətin yolda gənc dostumuza uğurlar arzulayır, davasında, inandığı yolda müvəffəqiyyət qazanmasını arzu edirəm.
Read more: https://sputnik.az/columnists/20210429/426805040/Yeni-poetik-razilr-axtar-.html