İyun ayının əvvəli olduğundan havalar istiləşməyə başlamışdı. May ayı bir qədər soyuq keçdiyindən, indiki hava hamıya xoş gəlir, kölgə yer axtarmağa da hələlik heç kim tələsmirdi. Günorta vaxtı işdən qayıdanda Müzəffər müəllim darvazanı açıb, həyətə girdi. Bir az irəli yeriyib evə tərəf baxdı. Heç kimi görmədi. Həmişə günortadan bir az keçmiş məktəbdən evə, nahar fasiləsinə gələndə, arvadı Xatirəni həyətdə görməyə adət etmişdi. Qadın da onun nə vaxt evə gələcəyini bildiyindən, bu vaxtlarda evdə, mətbəxdə işi olsa da belə, bayıra çıxıb, çöldə xırda-para işlərlə məşğul olub, müəllimin, həyət qapısından içəri girməsini gözləyirdi. Özünə bir iş tapır, gah həyəti süpürür, gah da hasara yaxın bir yerdə sıra ilə əkilmiş gülləri sulayırdı, müəllim də işdən qayıdanda onu həmişə belə görürdü. Həyətə daxil olan kimi, salam verəndən sonra, o, küçədə, kənddə görüb eşitdiklərindən, qadın isə qonşuda, evdə olanlardan çox qısa, demək olar ki, bir-iki kəlmə ilə məlumat verir, sonra da birlikdə evə keçirdilər. Belə vaxtlarda Müzəffər müəllim sanki gümrahlaşır, iş yerində, məktəbdə yaranan yorğunluğu azalırdı. Belə bir vərdiş, qayda uzun illər idi ki, davam edirdi.
Amma bu gün həyətə girəndə heç kimi görmədi. Nəvəsini səslədi:
-Ay qız, Aynur, haradasan?
O, bu vaxta qədər heç vaxt həyətdə dayanıb arvadını səsləməzdi. Bunu heç də yaxşı əlamət hesab etmirdi. Həm də onu “ay arvad” deyə çağırmazdı. Müəllimin həm də özünəməxsus bəzi xasiyyətləri vardı. Küçədə, məktəbdə, ya da hansısa bir məclisdə ona “ağsaqqal”, “ay kişi” deyə müraciət edənlərdən heç xoşu gəlməzdi. Deyirdi ki, mənə müəllim desəniz, bu kifayət edər. Amma Xatirədən “ay kişi” sözünü eşitmək onun üçün xoş idi. Fikirləşirdi ki, ömür vəfa edib, bu yaşa gəlib çatmışam. Hər halda, cavan vaxtı bu sözü mənə demirdilər.
Nəvəsi çölə çıxdı:
-Baba, gəlmisən? – deyə, səsləndi.
-Gəlmişəm, qızım. Gəl, bu çörəyi apar evə. Qonşudakı mağaza bağlı idi. Gedib kəndin o başındakı marketdən almışam. İsti havada lap yoruldum.
Nəvəsi yaxınlaşıb çörəyi ondan aldı.
-Bəs nənən haradadır? Gözümə dəymədi. Həmişə mən gələndə həyətdə olurdu.
-Bağda göyərti yığır.
-Hə, demişdim axı, qutab bişirsin. Yəqin ki, axşama hazırlıq görür.
Bu vaxt evin günbatan tərəfində əkilmiş ərik ağaclarının arxasından Xatirənin səsi gəldi:
-Müzəffər, bura gəl. Sənin üçün iş tapmışam.
Müəllim bu səsi eşidəndə, əhvalı bir az da düzəldi. Bayaqkı yorğunluğu da keçib getdi.
-Gəlirəm – dedi. Sonra da əlavə etdi:
-Mənim üçün iş? Bu vaxta qədər bağda işləmişəm? Əlimə dəryaz, bel götürmüşəm ki?
Sonra üzündə gülümsər bir ifadə yarandı:
-Gəlirəm. Görüm nə deyirsən.
Sonra o, evin sol tərəfindəki kiçik qapını açıb arvadının yanına getdi.
Xatirə ağacların kölgəsində torpağın üstünə atdığı kiçik döşəkçənin üstündə oturub, xeyli göyərti yığmışdı. Şüyüd, keşniş, vəzəri, nə istəsən vardı.
Müəllim təəccüblə soruşdu:
-Xatirə, bu qədər göy-göyərtini nə üçün yığmısan? Toya hazırlaşırsan, yoxsa qonşulara pay verəcəksən? Lap məəttəl qalmışam.
-Sənin üçün yığmışam, ay kişi.
-Mən ondan uzağı bir dəstə yeyərəm. Burada iki yüz, üç yüz bağlama göyərti var.
-Düz tapmısan, iki yüz əlli dənə olacaq. Bayramdan sonra bura bir az göyərti toxumu səpmişdim. Yaz da yağıntılı keçdi. Ona görə də yaxşı əmələ gəldilər. İndi də gəldim ki, qutab bişirmək üçün bir-iki dəstə yığım. Gördüm ki, əməlli-başlı məhsul əmələ gəlib. Beş-on gün də keçsə, hamısı saralıb əldən çıxacaq. Heyfim gəldi. Fikirləşdim, hamısını yığım, yuyum, dəstələyim. Sabah istirahət günüdür. Evdəsən.
Müəllimin səbri tükəndi:
-Sonra?
-Sonrası da odur ki, zənbilə yığaram. Səhər tezdən götürüb, minərsən avtobusa. Aparıb, bazarda verərsən satıcılara, pulunu da alıb, qoyarsan cibinə, çıxıb gələrsən evə. Bir də ki, satmaq üçün başqalarına niyə verirsən? Səndən ucuz qiymətə götürəcəklər. Bir-iki saat orada dayanarsan, hamısını satıb qurtaracaqsan.
Qadının bu sözlərindən müəllim lap hirsləndi:
-Ay Xatirə, sən nə danışırsan? Mənim altmış yaşım var. Özün də bilirsən ki, bu vaxta qədər mən hələ alverlə məşğul olmamışam. Bu, mənim işim deyil. Müəllim adamam. Bəlkə, şagirdlərimdən biri məni bazarda gördü, gəlib məktəbdə danışacaq ki, müəllim göyərti satırdı. Bu, mənim üçün yaxşı düşməz axı.
Qadın gülüb dedi:
-Burada utanmalı, çəkinməli nə var axı? Öz bağının, bağçanın məhsulunu satırsan da… Bir tərəfdən beş-altı manat xeyir gəlsə, ziyandır bəyəm? Kim sənə nə deyə bilər axı?
-Heç kim mənə heç nə deyə bilməz. Amma bu, mən bacaran iş deyil. Mən nəsə satmağa çalışsam, kim neçəyə istəyir, o qiymətə də verəcəyəm. Heç bir xeyirim də olmayacaq. Hər işin öz adamı var, maaşım da ailəmizə bəs edir. Artıq gəlir istəmirəm.
Qadın göyərtiləri ləyəndə yuya-yuya ərinə tərəf dönüb dedi:
-Ay kişi, sən lap qəribə adamsan ey… Deyirsən, müəllim bazarda məhsul satmaz, həyətin qoyun-quzusunu, heyvanlarını çöldə-bayırda otarmaz, əlinə bel götürüb kanal qazmaz, nə bilim daha nələr-nələr etməz… Belə sözləri ancaq səndən eşitmişəm.
Bu vaxt Müzəffər müəllim onun sözünü kəsdi:
-Yaxşı, narahat olma. Sənin göyərtin yerdə qalmayacaq. İndi Qədir müəllimə zəng edərəm, o, hər şənbə-bazar günü öz maşını ilə tezdən rayona, bazara gedir. Gəlib bunları da götürər. Aparıb orada satıcılara verər.
Xatirə dedi:
-Yaxşı yadıma düşdü. Deyirlər ki, Qədir müəllim öz bağındakı meyvədən, üzümdən başqa, qonuşuların da yığdığı kartofu, tərəvəzi bazara aparır. Axşamüstü də qoyunlarını, inəklərini həyətdən çıxarıb, aparıb kanalın başında otarır. Hər iş əlindən gəlir. Sən isə deyirsən ki, heyvanlara yaxınlaşa bilmərəm. Məktəbdə üst-başımdan iy gələr, əlini dəftər-kitabdan başqa heç nəyə vurmursan.
Müəllimin lap səbri tükəndi:
-Yaxşı, bəsdir. Sənə dedim ki, Qədir müəllimə deyəcəyəm, gəlib aparacaq, ziyana düşməyəcəksən. İndi isə gönortadır. Dur gedək, nahar hazırla. Yaxşı yadıma düşdü. Ayran düzəltmisən? Hava da çox istidir. Yəqin ki, soyuducuda yaxşı, sərin, nanəli ayran olar.
-Yox, bu gün düzəldə bilmədim. Günorta ayransız qalacaqsan. Sənə zəng edəcəkdim ki, gələndə mağazadan qatıq al. Bildim ki, almayacaqsan. Deyəcəksən ki, müəllim əlində qatıq gətirməz. Elmanı göndərəcəkdim ki, alsın. O da çıxıb dərsə getdi. Qalsın axşama.
Nahar vaxtında sərin ayran olmadığı üçün müəllimin qanı qaraldı.
-Eybi yoxdur – dedi. Gəl gedək yeməyimizi yeyək. Bu günlük çay içərəm. Sonra da bir az yatım. İyunun istisi adama lap yuxu gətirir.
Onlar evə gələnə qədər nəvəsi Aynur süfrəni hazırlamışdı. Boşqabları, duz qabını, stəkanları, salatı stolun üstünə düşmüşdü. Bu vaxt nənə ilə babası otağa daxil oldu. Müəllim adəti üzrə öz yerində, stolun baş tərəfində oturdu. Qab-qaşıqlardan, çəngəl-bıçağın düzülüşünə baxıb sevincək halda dedi:
-Qız uşağı belədir də… Mənim nəvəm hər işi yerli-yerində edəndir. Səliqə-sahmanına da söz ola bilməz.
Sonra qız gedib mətbəxdən babasının aldığı çörəyi gətirib stolun üstünə qoydu. Müəllim yenə sözünə davam etdi:
-Bax, bunu yaxşı edirlər. Çörəkləri kağız paketə qoyub, sonra mağazaya gətirirlər. Üstündə də onu bişirən zavodun adı, ünvanı var. Amma əvvəllər belə deyildi. Açıq şəkildə, paketsiz gəlirdi. Alıcılar da orada əlli-altmış çörək vardısa, hamısını əlləri ilə yoxlayıb, sonra da birini, ya ikisini götürürdülər, çörəkləri əlləşdirən adamdan heç xoşum gəlmir. Hamısı eyni yerdə bişib gəlib. Nəyini yoxlayırsan. Amma indi çörəklər paketdə olub. Belə yaxşıdır.
Bu vaxt Xatirə də gəldi. Qazanı stolun üstünə qoyub, çörək paketini götürdü. Sonra birdən dayandı. Əlinin altında nəsə hiss etdi. Onun bu hərəkətinə müəllim biganə qala bilmədi, dedi:
-Nə oldu, niyə dayandın? Çörəyi çıxart, kəs görək də…
-Paketin içində əlimə nəsə dəydi. Deyəsən, burada yumru bir şey var.
Müəllimin səbri lap tükəndi:
-Ay qız, dayanıb baxmaqdansa, çörəyi kağızın içindən çıxart, görək nə məsələdi.
Qadın çörəyi çıxarıb, paketi ağzı aşağı çevirdi. Heç kim gözlərinə inanmadı. Stolun üstünə çox da qalın olmayan, təxminən iki-üç qramlıq qızıl üzük düşdü.
-Üzük? Bu haradan gəlib bura düşüb? – deyə, Xatirə soruşdu. Özü də qadın üzüyüdür. Görünür, çox zərif, nazik barmaqları varmış.
Sonra üzük əldən-ələ gəzdi. Onu gah müəllim, gah da Aynur götürüb baxdı. Müəllim dedi:
-Görəsən, bu haradan gəlib bura düşüb? Mənim üçün də qaranlıq qaldı.
Bir qədər sonra qadın yenə də dilləndi:
-Çörəyi məktəbə aparmamışdın ki?
Müəllim təəccüblə dedi:
-Xatirə, çörəyin məktəbdə nə işi var? Gönorta dərsdən çıxdım. Evə qayıdanda yolüstü bizim döngədə olan mağazadan çörək almaq istədim. Amma ora bağlı idi.
-Başa düşmədim. Gönorta vaxtı mağaza niyə bağlı olur ki. Hamının alver edən vaxtı.
-Mənə inanmırsan? Deyirəm ki, bağlı idi. Sonra da bu istidə gedib, kəndin o başındakı mağazadan çörək alıb, evə gəlmişəm.
Sonra da müəllim, çörəyi əlinə götürüb dedi:
-Bir bura bax. Yaxşı-yaxşı fikir ver. Çörək isti olan vaxt üzük ona yapışıb. Dairəvi, çökək yeri də lap açıq-aşkar bilinir. Sonra da elə vəziyyətdə paketə qoyublar.
Qadın bir qədər də irəli gəlib diqqətlə baxdı, dedi:
-Hə, düz deyirsən. Yeri də qalıb.
-İndi inandın ki, bu üzüyü bura məktəbdə atmayıblar? Bir də ki, hansı qadın öz barmağından üzüyünü çıxarıb çörək paketinin içinə atar ki, sonra da mən evə gətirim? Öz-özlüyündə min cür şeylər fikirləşirsən. Səndə bu nə adətdir? Bu cür işlər hansı məntiqə, fikrə sığar?
-Nə bilim, deyirəm, bu üzük göydən düşmədi ki.
Bu vaxt Aynur dedi:
-Nənə, mən belə başa düşürəm ki, bu üzük çörəkbişirmə sexində işləyən qadınlardan hansısa birinindir. Barmağından sürüşüb, düşüb paketin içinə. Özünün də xəbər olmayıb. Bəlkə də o indi bu üzüyü hər tərəfdə axtarır.
Bu vaxt elə bil müəllimə bütün dünyanı bağışladılar. Üzünün ifadəsi dəyişdi. Əsəbi də keçib getdi:
-Görürsən, Xatirə, nəvəmiz bizdən yaxşı fikirləşib, nəticə çıxara bilir. Biz isə yüz cür variant danışırıq. Eybi yoxdur, hamısı qocalıqdandır.
Sonra o, üzüyü arvadından alıb baxdı:
-Bəlkə bu üzük oyuncaq mağazasında satılan iki manatlıq üzüklərdəndir. Bura da atıblar ki, alıcılar həvəslənib, həmişə bu çörəkdən alsınlar.
Xatirə yenidən üzüyü ərindən alıb baxdı, dedi:
-Yox elə deyil, mən tanıyıram. Bu xalis qızıldır. Üstündə probu da var.
Sonra o, üzüyü barmağına keçirib dedi:
-Elə bu mənim qismətim imiş. Mənə çox yaraşır.
Müəllim ona baxıb dedi:
-Bu sənin doğru sözündür? Onu itirən adam indi bilirsən nələr çəkir? Evdə, işdə, bayırda gözü hər yeri axtarır. Bir dəfə mən beş manat pul itirmişdim. Düz iki-üç ay işdən gələndə, küçənin o tərəf-bu tərəfinə baxa-baxa gəldim. Dedim, bəlkə yolda düşüb, külək də vurub hasarların dibinə atıb. Bir də ki, sən onu barmağına taxsan, necə deyərlər, dağ-dağa rast gəlməz, insan insana rast gələr. Sahibi onu haradasa sənin barmağında görsə nə fikirləşər? Belə də ki, mən inanmıram sən haradansa tapılmış bir üzüyü gəzdirə biləsən.
Xatirə dedi:
-Ay kişi, zarafat edirəm. Sən bilmirsən ki, bunu mənim ürəyim qəbul etməz? Həm də ki, bizim ocağa haram mal düşmür. Bir manat zəhmətsiz xeyir gəlsə, on manat ziyana düşərik. Bəs indi bunu neyləyəcəksən? Sahibini haradan tapacaqsan? Müəllim bir qədər fikirləşib dedi:
-Bax, bu paketin üstündə çörək bişirən firmanın adı yazılıb. Bunu yaxşı fikirləşiblər. Axtarıb taparam. Sonrası da asandır.
-Onun harada olduğunu bilirsən?
Müəllim yeməkdən bir-iki qaşıq yeyib dedi:
-Əvvəlcə mağazaya gedərəm, onlardan öyrənərəm.
-Amma onu satıcıya vermə. Qoyacaq cibinə, aparıb sahibinə çatdırmayacaq.
-Uşaq deyiləm ki, sən narahat olma.
Sonra da üzüyü kağız paketlə birlikdə cibinə qoydu.
Nahardan sonra bir-iki saat yatmaq onun adəti idi. Axşamüstü, havanın sərinləşdiyi vaxt iki stəkan çay içəndən sonra, kənd yolu ilə mağazaya tərəf getdi. Ora çatıb içəri girdi, satıcı da cavan bir oğlan idi. Salam verəndən sonra, müəllim dedi:
-Qardaşoğlu, sən bu mağazada çoxdan işləyirsən?
-Yox, əmi, təxminən bir ay olar. Qonşu kənddənəm.
-Hə, mən də səni birinci dəfədir görürəm.
Sonra bir qədər o tərəf-bu tərəfə göz gəzdirib dedi:
-Bu mağaza sənin özünündür? Yoxsa başqa adamın? Belə başa düşdüm ki, sən satıcısan.
Oğlan azca fikirləşib dedi:
-Bura mənim özümün deyil. İlyas kişinindir.
-Hə, belə bir ad eşitmişəm. Mənə tanış gəlir. Demək onundur. Kəndin mərkəzində deyil, gözdən uzaq yerdə mağaza açıb.
Satıcı dedi:
-Siz onu tanıyarsınız. Meşənin kənarında böyük ferması da var.
-Hə, tanıdım. Mal-heyvanı da çoxdur, elə deyilmi?
-Hə, qoyun sürüsü də var.
-Bəs indi özü haradadır?
-Səhər tezdən bura gəlmişdi. Amma, belə də ki, o üç-dörd gündən bir bura gəlir.
-Elə olmalıdır da. İş-güc adamıdır.
Müəllim başını qaldırıb tavana baxdı. Dedi:
-Bu işıqları gündüzlər də yandırırsınız?
Satıcı bilmədi nə cavab versin. Nəhayət dilləndi:
-İçəri qaranlıq olur. Ona görə də söndürmürük. İndi söndürərəm. Arxayın olun.
Sonra müəllim dedi:
-Mağazanız da yaxşı genişdir. Sahəsi də böyük olar.
Satıcı bu dəfə dillənmədi.
Müəllim çörək yığılan yerə yaxınlaşıb dedi:
-Günorta vaxtı mən burdan iki dənə çörək almışdım.
Satıcı:
-Ola bilər – dedi.
-Ola bilər nədi? Mən boyda adam iki saat bundan əvvəl çörək almışam. Yadına düşmədi? Yəni bu mağazada elə çox adam olur ki?
-Nə bilim, yadımdam çıxıb, sizi tanımadım.
Məllim gülüb dedi:
-Eybi yoxdur, başqa söz soruşacaqdım. Demək istəyirdim ki, bu çörəkləri bişirən zavod, ya da firma harada yerləşir?
Oğlan bir qədər susdu. Sonra dedi:
-Əmi, nə baş verib? Niyə həmin yeri axtarırsınız? Çörək yaxşı bişməmişdi?
-Yox, çox dadlı idi. Başqa məsələyə görə maraqılanırdım.
-Dayan, bir yadıma salım.
Müəllim gülümsünüb dedi:
-Dayanmışam, burdayam.
Satıcı yenə də bir qədər tərəddüddən sonra dedi:
-Eşitdiyimə görə həmin obyekt qonşu qəsəbədədir. İki nömrəli məktəbin yanında. Özü də zavod deyil, balaca bir sexdir.
Müəllim: -“Yaxşı, sağ ol” deyib, çölə çıxdı. Gedərkən dedi:
-Həmin məktəbi tanıyıram. İlyas kişiyə də məndən salam de.
Müəllim qapıdan çıxan kimi, satıcı telefonu götürüb zəng vurdu:
-Əmi, axşamın xeyir.
-Aqibətin xeyir. Nə olub, niyə zəng vurmusan?
-İlyas əmi, indicə bura bir nəfər gəlmişdi. Əvvəllər mən onu görməmişdim. Birinci dəfə idi görürdüm. Bura adamına oxşamırdı.
-Nə olsun? Burda nə var ki?
-Hər şeylə maraqlanırdı. Dedi ki, gündüzlər işığı niyə söndürmürsünüz?
Mağaza sahibi lap əsəbləşdi:
-Ay uşaq. Mən sənə hər gün deyirəm ki, işə gəldin, işığı söndür. Mən deyirəm, mən də eşidirəm. Çöldəki işıqlar da yanırdı?
-Hə, yanırdı. Yadımdan çıxıb elə də qalıb.
-Deyirəm də… Səndən adam olmayacaq. Yəqin ki, o, içəri girəndə telefonla oynamısan. O da baxıb görüb ki, ona diqqət verən yoxdu, başlayıb səndə səhv tutmağa. Bundan sonra işə gəldin, telefonu söndür, at bir tərəfə. İşinlə məşğul ol. Sonra nə dedi?
-Sonra dedi ki, mağazanın sahəsi çox böyükdür.
İlyas kişi təəccüblə soruşdu:
-Necə? Onunla da maraqlandı? De görüm, necə adam idi? Bəlkə rayondan gəlib? Boyu, buxunu, geyimi, keçimi necə idi?
-Boydan bir qədər hündür, əynində təzə qara kostyum var idi. Özü də çox ciddi adama oxşayırdı. Əvvəllər mən onu görməmişdim. Dedi ki, məni tanımadın? Burdan çörək almışam. Dedim ki, yox. Mən səni tanımıram.
İlyas kişi daha da əsəbləşdi:
-Ay bala, sən necə adamsan? O boyda kişiyə deyirsən ki, mən səni tanımıram. Bu necə danışıqdı? Sənin heç mərifətin yoxdu? Sonra nə dedi?
-Sonra səni soruşdu. Dedim ki, ferması var, yəqin ki, ordadı.
-Daha sənə sözüm yoxdu. Səndən ferma, mal-heyvan soruşan vardı? Həmişə fikirləş, sonra danış. Maşının nömrəsi necə idi? Bahalı nömrə idi, yoxsa adicə?
-Maşını yox idi.
-Ola bilməz, yəqin kənarda saxlayıb. Axırda nə dedi?
-Heç nə, dedi ki, çörəyi bura hansı firma gətirir? Mən də dedim ki, qəsəbədə olan sex göndərir.
İlyaz kişi bir az fikirləşib dedi:
-Yaxşı, sən mən deyəni elə, tez-tez çölə bax. O, yenə gələ bilər. Yəqin ki, bu çörək məsələsidir. Elə olsa, bizim üçün daha yaxşı olar. Mağazanın yanına yığdığın zir-zibili, boş qutuları tez oradan yığışdır, heç olmasa arxa tərəfə at. Dünən də qutuları mağazanın qabağında yandırmışdın. Tüstüdən içəri girmək mümkün deyildi. Bir qədər səliqəli ol. Təzə gördüyün adamlara fikir ver. Yuxulayıb yatma. Əgər o, yenə də gəlib məni soruşsa, deyərsən ki, xəstədir, on-on beş gün bura gəlməyəcək. Özün də dilini şirin elə. Gələn adamlarla mülayim danış. Camaatın bizə borcu yoxdur. Çörəkləri də qapının ağzına yığma. Alan da, almayan da əlləşdirib yumşaq, ya da bərk olduğunu yoxlayır. Körpə uşaq deyilsən ki. Dediklərimi eşitdin?
-Bəli, oldu, baş üstə – deyə, satıcı cavab verdi.
Müzəffər müəllim, həmin gün çörəkbişirmə sexinə gedə bilmədi. Fikirləşdi ki, axşam düşüb, getsə də oranın müdirini iş yerində tapa bilməyəcək. Onunla görüşə bilsəydi, lap yaxşı olardı. Həmin adam da müəllimin necə də düzgün, xeyirxah bir insan olduğunu görüb, öz təşəkkürünü bildirərdi. Tapılan üzüyü kimə verəcəyi barədə də düşündü. Əlbəttə ki, bu əmanəti şəxsən sahibinin özünə verməli idi. Çünki əldən-ələ keçsəydi, bəlkə də yiyəsinə gedib çatmayacaqdı.
Səhər tezdən yuxudan durdu. Xatirə də yemək hazırlamışdı. Yeyəndən sonra paltarını dəyişdi. Ağ köynək, qara kostyumunu geydi. Darvazadan çıxanda, arvadı arxadan onu səslədi:
-Ay kişi, üzüyü əlbəəl həmin adamın özünə ver. Qoy həm sevinsin, həm də sənə duaçı olsun. Müəllim başı ilə işarə edib – “arxayın ol” – dedi. Sonra kənd mərkəzinə gedib, taksi ilə qəsəbəyə yola düşdü. Məktəbin yanına çatanda maşını saxlatdırdı. Həmişə başqa kəndə, rayona gələndə, piyada gəzdiyi vaxt, məktəb gördükdə istər-istəməz ayaq saxlayıb, beş-on dəqiqə həmin binaya tamaşa edirdi. Belə məkanları özü üçün müqəddəs yer hesab edir, düşünürdü ki, burdan etinasız, laqeydliklə keçib getmək olmaz. Tanış müəllimlərdən gördükdə isə hökmən onlarla görüşür, məktəb həyətinin səliqə-sahmanı barədə onlara məsləhətlər verirdi. İndi isə istirahət günü olduğundan heç kimi görə bilmədi. Ətraf tam sakitlik idi. Hər tərəfə göz gəzdirdi. Yoldan keçən bir nəfərdən çörəkbişirmə sexinin harada olduğunu soruşdu. O isə məktəbin arxasına keçməyi, həmin küçə ilə bir qədər irəli getməyi məsləhət gördü.
Müəllim nəhayət, həmin sexi tapdı. Bu obyekt çox da iri olmayan bir tikilidə yerləşirdi. Qapını döydü. İçəridən, təxminən qırx beş-əlli yaşında bir kişi çıxdı.
-Salam, sabahınız xeyir – müəllim dedi.
-Aqibətiniz xeyir.
-Çörək bişirilən yer buradır? Düz gəlmişəm?
-Hə, buradır. İsti çörək lazım idi? Neçə dənə?
-Yox. Çörək almıram. Başqa iş üçün gəlmişəm.
Həmin adam bir qədər susdu. Nəsə fikirləşib dedi:
-Nə bilim, içəri keçirsiniz, yoxsa necə?
-Yoldan gəlmişəm, beş dəqiqə oturub dincələ bilərəm?
-Hə, buyurun. Buyurun.
Bura balaca bir otaq idi. Sağ tərəfdə göy rəngli başqa bir qapı da vardı. O biri otaqdan gələn qab-qacaq, mexanizmlərin, adamların səsindən belə başa düşmək olurdu ki, həmin yerdə çörək bişirilir.
-Siz buranın müdirisiniz? – deyə, müəllim soruşdu.
-Yox, mühasibəm.
-Bəs müdir haradadır? Hələ gəlməyib?
-Bir-iki yerə baş çəkir. Sonra bura gəlir.
-Deməli, obyektləri çoxdur. Oradakı işləri sahmana salır, axırda da bura gəlir.
Mühasib əvvəlcə bilmədi nə desin. Sonra dilləndi:
-Belə də demək olar.
Müəllim dedi:
-Belə başa düşdüm ki, siz həm bütün işlərə nəzarət edirsiniz, həm də mühasibatlıqla məşğul olursunuz.
Mühasib bu dəfə dinmədi. Müəllim yenə soruşdu:
-İşçiləriniz hamısı qadındır?
-Hə, elədir. Bir nəfər də kişi işçimiz var. Un kisələrini boşaltmaq üçün. Altı qadın, bir kişi.
-Hamısı burdadır?
-Bu biri otaqdadırlar. İşləyirlər.
-Səslərini eşidirəm. Ora baxa bilərəm? İçəri girməyəcəyəm. Qapıdan nəzər salacağam.
-Hə, olar.
Mühasib bu sözü deyib, orada olan qapını açdı. Müəllim də ayağa qalxıb, içəri göz gəzdirdi.
İşçilər də hamısı öz işləri ilə məşğul idi. Sonra qapını örtüb, gəlib oturdu.
-İş yeri çox istidir. Havanın istisi bir yandan, peçin də istisi lap çox. İçəridə kondisioner yoxdur?
-Hələlik yox. Amma bu yaxınlarda o da olacaq. Pəncərələrə ventilyator qoymuşuq. Hava dəyişir.
Müəllim yenə sual verdi:
-İşçilər əlcək taxırlar?
-Əlcək? Əlbəttə, onsuz işləmək mümkün deyil.
Amma, elə işlər var ki, əlcəklə görmək mümkün deyil.
-Deməli gah taxırlar, gah da çıxarıb bir tərəfə atırlar.
Yenə araya sakitlik çökdü. Müəllim dedi:
-Müdir gec gələr?
-Təxminən bir saata burada olar. İstəsəniz zəng vurub, çağıra bilərəm.
-Yox, lazım deyil. Mən indi məktəbə də baş çəkəcəyəm. Siz deyən vaxtda bura gələrəm. Yəqin ki, o vaxta qədər müdir də gələr. Yaxışı, sağ ol.
Müəllim bunu deyib, getdi. Mühasib də çölə çıxıb, onun arxasınca baxdı. Gələn adam uzaqlaşan kimi, tez telefonu götürüb, zəng vurdu.
-Müdir, salam. Sabahınız xeyir.
-Salam, salam. Səhər tezdən xeyir ola? Nə baş verib?
-Heç, salamatçılıqdır. Bayaq bura bir nəfər adam gəlmişdi.
-Hə, sonra?
-Onu əvvəllər görməmişdim. Nə üçün gəldiyini soruşdum. Dedi ki, çörək bişirilən yerə baxmaq istəyirəm.
-Sən də dedin keç içəri?
-Nə bilim, özün bilirsən ki, mən ora yad adamları buraxmıram. Qorxdum ki, yoxlamağa gələr, ona görə də çox dərinə getmədim.
Müdir bir qədər fikirləşib dedi:
-Bura bax, necə adam idi? Görünüşü, üst-başı, əlində qovluq, filan, ətraflı danış görüm. Bir-bir soruşmayacağam.
-Əlində heç nə yox idi. Əynində ağ köynək, qara kostyum var idi. Mənə dedi ki, yəqin, iki iş aparırsan. Mühasib, həm də müavin. Səni də soruşdu. Dedim ki, bir-iki yerə baş çəkib, gələcək.
Müdir lap əsəbləşdi.
-Necə yəni bir-iki yerə. Deyə bilərdin ki, bir azdan gələcək. Danışdığını da bilmirsən. Sonra nə dedi?
-Dedi ki, neçə nəfər işçiniz var? Mən də dedim ki, yeddi. İçəri baxıb, onları saydı.
-Necə? İşçiləri saydı? Bəs sonra?
-Sonra da dedi ki, otağa kondisioner niyə qoymursunuz? Nə bilim, işçilər niyə əlcək taxmır. Sonra da sizi soruşdu. Dedim ki, bir saata gələr.
Müdir bir qədər dinmədi. Sonra dedi:
-Təzə işə düzələn qadın vardı, onun adı nə idi?
-Gülzar arvad.
-Onu qeydiyyata almısan?
-Dünən işə gəlib.
-Nə olsun? Təzə işə başlayan adamı qeydiyyatdan keçirmirlər? Sən öz işinin öhdəsindən niyə gəlmirsən? Hamısını mən deməliyəm?
-Bu gün məşğul olaram.
-Bura bax, sözümü kəsmə. Bir saat vaxtın var. İşçilərə tapşır, özün də onlarla birlikdə təcili olaraq hər yeri təmizləyin. Keçən dəfə də içəri girəndə, vedrə ilişdi ayağıma, az qala yıxılmışdım yerə. Otaqları səliqəyə salın. Gələn adam çox güman ki, təmizliyə baxan həkimdir. Şkafda təzə ağ xalatlar var. Tez ol, çıxart payla işçilərə, siyirmədə təzə əlcəklər də var. Hamısını bir-bir deməyəcəyəm. İş papaqları da başlarında olsun.
-Əyinlərində xalat var.
-Nə deyirəm, onu da elə. Qoy hər şey tərtəmiz, təzə olsun. Qabları, tiyanları yuyub təmizləyin. İşçilərin ayaqqabılarına da fikir ver. Gör nə deyirəm. İşçilərə de ki, sabah maaşlarını da verəcəyəm. Qoy üzlərində xoş bir ifadə olsun. Həkim gələndə gülərüz olsunlar. Eşitdin? İşinə başla. Mən də bir azdan gəlirəm.
Təxminən bir saat vaxt keçdi. Hər tərəf tərtəmiz, işçilər də səliqə ilə ütülənmiş ağ xalatda idilər. Həmin vaxt müdir də gəlib çıxdı. Gözə görünən əyər-əskiyi bir qədər də düzəltdilər. Tez-tez küçə qapısını açıb baxırdı ki, həmin adam gələndə, onu şəxsən özü qarşılasın.
Küçənin tinində Müzəffər müəllim göründü. Müdir də qapının ağzında dayanıb, diqqətlə uzaqdan gələn adama baxırdı. Nə qədər fikirləşdisə, əvvəllər belə adam görmədiyindən, ağlına heç kəsi gətirə bilmirdi.
Nəhayət, müəllim gəlib çatdı. Müdir də irəli yeriyib onunla görüşdü. Otağa dəvət etdi, hər ikisi əyləşəndən sonra dedi:
-Bağışlayın, adınızı da bilmirəm.
-Adım Müzəffərdir.
-Hə, lap yaxşı. Bəlkə, deyirəm bura çox istidir. Keçək arxa tərəfə, ağacların altına. Dincəlməyə, çay içməyə yaxşı yerimiz var. Bəlkə, ora gedək. Çay içə-içə söhbət edərik.
-Yox, sağ olun, vaxtınızı çox almayacağam. Beş-on dəqiqə söhbət edib, işçilərlə görüşüb, sonra gedəcəyəm.
-Onlarla görüşmək istəyirsiniz?
Müdir bir qədər dayanıb, sonra əlavə etdi:
-Hə, nə olar ki, necə istəyirsiniz, elə də olsun.
Sonra mühasibə tərəf dönüb dedi:
-Ordan iki stəkan çay gətir.
-Yox, lazım deyil – deyə, müəllim əl işarəsi ilə etiraz etdi: -Zəhmət olmasa, işçiləri beş dəqiqəliyə bura çağırın. Bilirəm ki, məşğuldurlar. Onları heç işdən ayırmaq istəməzdim.
Müdir bir söz demədən yavaş-yavaş yerindən qalxıb, o biri otağa keçdi. İçəri girən kimi, qapını örtüb işçilərə dedi:
-Tez bura gəlin. Görün nə deyirəm. Həkim sizi görmək istəyir. Sorğu-suala tutsa, deyərsiniz ki, xəmir soyuyur, peçdə çörək var. Biz getməliyik. Eşitdiniz? Ay Gülzar, sən hələ getmə. Bir az ayaq saxla. Çağırsam gələrsən.
Sonra da əvvəlcə özü, arxasınca da işçilər mühasibin otağına daxil oldular. Hamısı təmiz, ağ xalatda idilər. Əllərində təzə əlcək, başlarında ağ parçadan tikilmiş səliqəli papaq vardı. Onlar içəri girən kimi müəllim dedi:
-Salam. Hamınızı xoş gördük. İki dəqiqə vaxtınızı alacağam. Bilirəm, əlinizdə işiniz var. Hamı burdadır?
Bu vaxt qadınlardan biri dilləndi:
-Gülzar yoxdu. Bir yerə gedəndə o, həmişə gecikir.
-Zəhmət olmasa onu da çağırın. Tez də qayıdar.
Müdir könülsüz halda qapını bir qədər aralayıb dedi:
-Gülzar, sən də gəl.
Bir qədər gözləyib, yenə səsləndi:
-Ay qız, harada qaldın, tez ol.
Bayaq danışan qadın yenə dedi:
-Arxa qapı açıq idi. Yəqin gedib oturub ağacların altında hava alır. Həmişə o qapını bağlayırdım. Çöldəki pişiklər içəri girir.
Müəllim dedi:
-Pişik də saxlayırsınız?
-Yox, biz saxlamırıq. Çöl pişiklərini deyirəm.
Müəllim təəccüblə soruşdu:
-Burada çölpişiyi də olur?
Müdirin səbri lap tükəndi. Üzünü qadına tutub dedi:
-Ay qız, min dəfə sənə demişəm ki, danışa bilmirsən danışma. Çölpişiyi nədi? Aləmi qatdın bir-birinə.
Müəllim gülüb dedi:
-Eybi yoxdur, mən onun dediyini başa düşdüm.
Müdir bu dəfə də aralıq qapısını açıb, uca səslə dedi:
-Ay qız, Gülzar, səninlə deyiləm? Tez bura gəl.
Kök, yaşlı qadın ağır addımlarla içəri girib, o biri işçilərin yanında dayandı.
Müəllim əlini cibinə atıb, üzüyü çıxartdı və dedi:
-İki dəqiqə vaxtınızı alacağam. Dünən, kəndimizdəki mağazadan çörək almışdım. Çörək qoyulan kağız paketin içindən bu üzük çıxdı. Daha doğrusu, çörəyin üstünə yapışmışdı. Evdə belə başa düşdük ki, bu üzük burada işləyən qadınların hansınınsa barmağından düşüb, özünün də xəbəri olmayıb. İndi istərdim ki, onu özünə verim.
Bu vaxt Gülzar irəli yeriyib dedi:
-Ay qardaş, Allah köməyin olsun. Sənin qadan alım. Dünəndən axtarmadığım yer qalmayıb, bilməmişəm, barmağımdan sürüşüb düşüb. Sağ ol, çox sağ ol ki, gətirdin.
Sonra da sevincək halda üzüyü alıb, yenə barmağına taxdı.
Bayaqkı qadın dözməyib dilləndi:
-Bəs bu haqda bizə niyə deməmisən? Biz də axtarardıq.
-Qorxdum ki, məni pis başa düşərsiniz. Elə bilərsiniz ki, sizdən şübhələnirəm.
Müdir dedi:
-Sağ ol, ay həkim, zəhmət çəkmisiniz. Bir daha belə hallar olmaz.
Müəllim dedi:
-Həkim dediniz? Yox, mən müəlliməm. Qonşu kənddən gəlmişəm.
Müdirin üzünün ifadəsi birdən-birə dəyişdi. Nə fikirləşdiyini də hələlik ayırd etmək mümkün deyildi. Bir azdan dedi:
-Ay müəllim, qadan alım, bir dənə xırda üzükdən ötrü bu qədər adamı bura yığıb, sıraya düzməyə dəyərdimi? Peç orada boş-boşuna yanır. Camaat bizdən çörək gözləyir. Bayaq gələndə onu müsahibə verib, gedərdin də… Ondan ötrü işçiləri bura yığıb, sorğu-suala tutmaq lazım idi? Mənim də vacib işim var idi. Bayaqdan gəlib oturmuşam burda.
-Mən istədim bu üzüyü şəxsən öz sahibinə verim.
-Ay sağ olmuş, Gülzarın üzüyünü mühasib yeməyəcəkdi ki…
Sonra üzünü işçilərə tutub dedi:
-Keçin yerinizə, işinizlə məşğul olun. Peç də yanır.
Gülzar istədi ki, yenidən müəllimə təşəkkürünü bildirsin. Müdir onun sözünü kəsdi:
-Sən də dünən işə gəlmisən, qaydaları bilmirsən. İşə gəldin, üzüyü çıxart, qoy cibinə. Əlində də əlcək olsun. Bildin? Get işinlə məşğul ol.
Sonra müəllimə tərəf dönüb dedi:
-Yaxşı, müəllim, sağ ol ki, gətirdin. Məni də gözləyirlər. Getməliyəm. Sən də mühasiblə bir az otur, söhbət elə, gedərsən.
-Yox, sağ olun, mən də gedim.
Müdir gedəndən sonra, müəllim də yola çıxdı. Məktəbin qabağında dayanan taksilərin birinə oturub evə getdi.
Darvazanı açıb həyətə daxil oldu. Xatirə də gülləri sulayırdı. Ərini görən kimi tez onun yanına gəldi:
-Ay kişi, günortan xeyir. Neylədin? Üzüyü sahibinə verə bildin?
Müəllim könülsüz halda dilləndi:
-Hə, verdim yiyəsinə, təzə işə düzələn bir qadının imiş.
-Nə oldu, sevindi?
Müəllin pencəyini soyuna-soyuna dedi:
-Bu pencəyi də geyindim, lap istiləndim. Hə, sevindi, mənə duaçı oldu.
Xatirə hiss etdi ki, ərini qane etməyən nəsə olub. Ona görə də danışmaq istəmir, onu dindirmək hələ tezdir.
Sonra müəllim gedib, həyətdəki aşğacın kölgəsinə qoyulmuş skamyada oturdu. Arvadı da gedib, təzə dəmlənmiş çay gətirdi. Müəllim də iki stəkan içəndən sonra üzündə xırda təbəssüm nişanələri görünməyə başladı. Məlum oldu ki, bayaq getdiyi yerdə olan əhvalatlar bir-bir onun yadına düşür. Ona görə də Xatirə bildi ki, indi ondan hər şeyi soruşmağın əsl vaxtıdır.
Müəllim sözə başlayıb, bir saat bundan əvvəl çörək sexində olanları səbrlə arvadına danışdı. Axırda da dedi:
-Getməyimin ən böyük xeyri onda oldu ki, həmin yerdə ürəkaçan bir təmizlik yarandı. İşçilərə də təzə xalat, əlcək, papaq verdilər.
Xatirə dedi:
-Açıq de ki, müəllimliyini orada da bildirmisən də…
Müəllim köynəyinin yuxarı düyməsini açdı. Üçüncü stəkan çayı nəlbəkiyə süzə-süzə dedi:
-Bəs necə olmalıdır? Mədəniyyətə, səliqə-səhmana fikir vermək mənim borcumdur, həm də sənətimdir.
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📖](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/1f4d6.png)
![📖](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/1f4d6.png)
![📖](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/1f4d6.png)