Qadın səhərə yaxın yuxudan oyandı, dönüb ərinə sarı baxdı. O, hansısa çətinliyə düşmüş, yorğun halda dərin yuxuya getmiş bir adam təsiri bağışlayırdı. Tüklü üzü, saralmış bənizi, yavaş-yavaş qalxıb-enən sinəsi hansısa bir ağır xəstəlikdən əziyyət çəkən adamın üzgün, zəif simasını xatırladırdı. Yorğanın altından çıxaraq yan tərəfə uzanmış əlinin nazik barmaqları da əvvəlki kimi deyildi. Qadın da ona baxdıqca, gözündən süzülən yaş damcıları üzünə doğru axırdı. Heç kimi oyatmamaq üçün səsini çıxarmırdı. Təəssüf hissi ilə gözünü ərindən çəkmədən baxır, qışqırıb demək istədiyi sözləri pıçıltı ilə, aram-aram, heç kimin eşitməyəcəyi bir tərzdə, yavaş-yavaş deyirdi: – “Sən niyə bu hala düşdün? Əvvəlki halından səndə heç bir əsər-əlamət qalmayıb. Niyə belə dəyişdin? Niyə içkiyə qurşandın? Səni buna vadar edən nə idi? Axı, bizim həyatımız belə olmalı deyildi. Sən özün onu bu axara yönəltdin. İndi isə mən buna dözə bilmirəm. Əvvəlki həyatımız hər gün yadıma düşür. Görürəm ki, sən daha əvvəlki adam deyilsən. Nə vaxta qədər belə olacaq? Hər şeyin bir sonu olmalıdır, ya yox? Məgər yan-yörənə baxıb, içkidən xəstəliyə düşən, iflic olub yorğan-döşəkdə qalanları görmürsən? Sən də belə həyatı yaşamaq istəyirsən? Daha bu cür davam edə bilməz. Sənin tənələrinə, təhqirlərinə də dözməyə daha məndə can qalmayıb. Elə günü bu gün belə yaşayışa, hər şeyə son qoyulacaq. Sən yuxudan ayılanda, daha məni bu evdə görməyəcəksən. Onda artıq uzaqlarda olacağam. İstəyirsən, axıradək belə yaşa, ya da öz həyatını yenidən qur. Buna gücün çatsa, mən də sevinərəm. İndi isə tələsməliyəm. Vaxtdır. Bir az da keçsə ötən dəfələrdə olduğu kimi, yenə də hirsim soyuyacaq. Heç nə edə bilməyəcəyəm. Yenə söyüş, yenə qarğış, təhqir eşitmək məcburiyyətində qalacağam. Mənə qalan da əsəb, narahatçılıq olacaq”.
Ötən gün axşam saat beş idi. Əri hələ işdən qayıtmamışdı. Qadın isə onun hansı vəziyyətdə evə gələcəyi barədə fikirləşirdi. Heç olmasa, üç-dörd gün içkiyə ara versəydi yaxşı olardı. Dedi-qodudan, yersiz əsəbilikdən baş-qulağı bir qədər dincələr, sakitləşərdi. Bu vaxt rayon mərkəzində yaşayan xalası qızı zəng vurdu. Söhbətə giley-güzarla başladı:
-Necəsən ay qız Firuzə, çoxdandır zəngini eşitmirəm. Elə gərək mən zəng vuram? Hərdənbir sən də məni yada sal da…
-Sağ ol, xalaqızı, yaxşıyam. Belə də… dolanırıq yavaş-yavaş.
-Necə yəni belə də… Səsin birtəhər gəlir. Yenə dalaşırsınız? Ərin yenə içir? Sən deməsən də bildim. Başa düşdüm. Səsini eşidən kimi hər şeyi anladım.
-Nə bilim…. Əvvəllər çox içirdi. İndi bir qədər azaldıb. Bilirsən, necədir? Bu adam içməyəndə əməlli-başlı mülayim bir insan olur. Elə ki, yaramaz dostları ilə gedib, bir yerdə oturub içdi, evə gələndən sonra ağlını tamam itirir. Yatana qədər nə etdiyini, nə dediyini heç özü də bilmir. Mənim də günüm qaradır. Axır vaxtlar deyəsən, lap peşiman olub. Deyir ki, içkini atacağam.
-O dedi, sən də inandın? Sən çox sadəlövh qızsan. Kim nə deyir, ona da inanırsan, mən, ötən dəfə də sənə dedim. O, heç vaxt düzəlməyəcək. Ömrünü, gününü orada puç eləmə. Nə vaxta qədər belə olacaqsan? Özün barədə heç fikirləşirsən? Axşama qədər bağda, bağçada işləyirsən. Bilirəm, kənd yerində iş çox olur. Mal-heyvana qulluq edirsən. Bir dəqiqə də boş vaxtın olmur. Axşam da ərin işdən qayıdanda, söyüşdən, acı sözlərdən başqa ondan heç nə eşitmirsən. Qohum-qonşularına, yan-yörənə bir bax. Hamısı bəxtəvər kimi yaşayırlar. Qaynanaları da onlara “başına dönüm”dən başqa heç nə demir. Amma, sən səsini çıxartmırsan ki, birdən eşidib-bilən olar; eybi yoxdur, qoy mənə nə deyirlər desinlər, amma evimizdə sakitlik olsun. Nə vaxta qədər belə yaşayacaqsan? Yeri gəlmişkən, qaynanan səninlə necə davranır? O da oğlunun sözünü deyir?
-Yox, qaynanam elə deyil. Yazıq arvad odla su arasında qalıb. Heç bilmir neyləsin. Qorxusundan səsini çıxarmır ki, qonşular arasında biabır olar. Həmişə oğlunu danlayır. Deyir ki, iki uşağın var. Onların gələcəyini fikirləş. Dost-tanışına bax. Onlardan ibrət götür. Övladların bir az böyüyüb ağılları kəsəndə, atalarına baxıb utanmasınlar.
Xalası qızı yenə fikrindən dönmədi:
-Ay qız, o sənin yanında özünü elə göstərir. Bir azdan onun da iç üzünü görəcəksən. Yadında saxla, heç bir ana öz oğluna qarşı çıxıb, gəlininə haqq qazandırmaz. Yenə də deyirəm, çıx gəl mənim yanıma. Geniş evimiz var. Heç kim sənə heç nə deyə bilməz. Özün bilirsən də… Ərim xaricdədir. Mənim də cəmisi bir oğlum var. Özüm də mağazada satıcı işləyirəm. İşdən qayıdandan sonra, oğlumu da götürüb, gedirik parka. Bir qədər gəzib dincəlirik. Evə qayıdandan sonra o, dərslərini hazırlayır, mən də öz iş-gücümlə məşğul oluram. Lap günü sabah çıx gəl bura. Səni də yanımda işə düzəldərəm.
Firuzə qeyri-ixtiyari olaraq dilləndi:
-Xalaqızı, sən nə danışırsan? Ev-eşiyi atıb gəlmək nədi? Camaat mənə nə deyər? Deyəcəklər ki, filankəsin gəlini evdən qaçıb. Yox, mən bunu edə bilmərəm, bacarmaram.
-Ay qız, mən deyənə bax. Ömrünü orada boş yerə çürütmə. Bir də ki, qaçmaq niyə olur? O barədə ürəyini buz kimi saxla. Sən bura gələn kimi, mən özüm sənin qayınana zəng vuracağam. Deyəcəyəm ki, yazıq qızı o qədər bezdirmisiniz ki, baş götürüb mənim yanıma gəlib. Qoy səni orda-burda axtarıb, dalınca min cür söz-söhbət, əhvalat quraşdırıb danışmasınlar. Bilirəm ki, həmin gün səni aparmağa gələcəklər. Sən də getmə. Qoy yalvarıb yapışsınlar. Bax, mən yenə deyirəm. Sənin ailəni dağıtmaq istəmirəm. Getsən də, qalsan da özün bilərsən. Amma, beş-on gün burada qalandan sonra, heç geri dönmək istəməyəcəksən. Bir az keçəndən sonra, ucuz bir ev tapıb, sənin üçün alarıq. İşləyib yaşayarsan özün üçün. Qocalmamısan ki, hələ sənin gənclik dövrlərin irəlidədir.
Firuzə tərəddüd içərisində qalmışdı. Bilmirdi nə cavab versin. Bu evdə olan yeddi illik həyatını elə bu gün buradaca sona çatdırsın, yoxsa yenə də ərinin yersiz tənələrinə, atmaca sözlərinə, bəzən də həddən artıq içəndə, özü də bilmədən ağzından çıxan söyüşlərinə dözməli olsun. Nəsə fikirləşərək zəif səslə dedi:
-Bəs, uşaqlar necə olsun? O barədə fikirləşmisən? Mən hər gün tezdən onları geyindirib, yedizdirib, içizdirirəm. Heç bilmirəm mənsiz necə yaşayacaqlar. Əgər onlar olmasaydı, yenə dərd yarı idi. Bu vaxta qədər elə uşaqlara görə hər şeyə dözmüşəm də…
-Belə danış, deyim həəə… Yavaş-yavaş mən deyənə gəlirsən. Onu da bil ki, uşaqlar lap yaxşı dolanacaqlar. Sən heç narahat olma. Məcbur olub, onlara səndən də yaxşı baxacaqlar. Bir də ki, kim sənə deyir ki, uşaqlarını at. Sonra uşaqları da yanına gətirərsən. Bir də ki, özləri böyüyüb ağılları kəsəndə, səndən əl çəkməyəcəklər. Sən mənim sözümə baxsan, əziyyət çəkməzsən. Yenə də fikirləş. Amma, hər gün mənim sözlərimi yadına sal.
Baxıb görəcəksən ki, mən haqlıyam. O qədər evlənib, sonra da boşanan olur ki… Sən də onların biri. İstəyirsənsə, dalınca taksi göndərim.
-Yox, ay qız, nə danışırsan? Taksi nədi? Gündüz, günorta çağı hamının gözü qabağında küçəyə çıxıb taksiyə minəcəyəm? Bəs evdə deməzlər ki, bizdən xəbərsiz hara gedirsən? Onda, gərək sən taksi sürücüsünə mənim nömrəmi verəsən. O da mənə zəng vurub deyə ki, gəl filan yerə, gedək. Elə şey olar? Mən bunu necə edə bilərəm?
-Onda bəs nə fikirləşirsən? Evdən necə, nə vaxt çıxacaqsan?
Firuzə bir qədər fikirləşib dedi:
-Mən özüm bir yol taparam. Evdən çıxanda sənə zəng vuracağam. Elə vaxt yola düşməliyəm ki, heç kim görməsin.
-Bax da… Səhərisi gün yenə də yumuşalıb fikrindən dönmə. Özünü düşün.
Dünənki telefon söhbəti belə başa çatmışdı. Xalası qızı ilə danışıb qurtaran kimi əri işdən qayıtmışdı. Yenə də çox içmiş, özünü ələ ala bilməyərək ağzına gələni danışırdı. Gecə yarıya qədər həyətdə oturub, tez-tez Firuzəni yanına çağırırdı. Gah su, gah da çay istəyirdi. Su gətirəndə niyə çay gətirmədiyini, çay gətirəndə isə niyə su gətirmədiyini bəhanə edərək, yersiz sözlər işlədib, həm anasını, həm də yoldaşını əsəbləşdirib haldan çıxarırdı. Nəhayət, gecə yarısı birtəhər ayağa qalxdı. Gəlib üzü üstə çarpayıya uzanıb yatdı.
Həmişə, axşamüstü belə hadisələrdən, qanqaraçılıqdan sonra, öz yatağına uzanan, çox keçmədən yuxuya gedən, səhəri gün də tezdən oyanıb, həyət-baca işləri ilə məşğul olan Firuzə isə yata bilmədi. Nə qədər çalışdısa gözünə yuxu getmədi. Axşamkı telefon söhbəti, demək olar ki, onun bütün hissiyyatlarını, həyata baxışını kökündən dəyişmişdi. İndi isə o tərəf, bu tərəfə çevrilərək narahat yatan, zəif xırıltılı səs çıxararaq nəfəs alan ərinə baxdıqca, elə bil ki, get-gedə ondan uzaqlaşır, aralarında böyük bir səhra, ya da dəniz boyda keçilməz bir məsafə yaranırdı. Xalası qızının dediyi sözləri bir-bir yadına salır, onun haqlı olduğunu düşünürdü. Fikirləşirdi ki, mənim qeydimə qalan, mənə canı yanan yalnız bu qızdır. Nə atam, nə də anam mənimlə dərindən maraqlanmır. Hər dəfə də anama zəng vurub olanları danışanda, deyir ki, övladın var. Hər şey yaxşı olacaq, ərini də birtəhər yola ver getsin. O da cavandır, bir az keçər, səhvlərini başa düşər. Amma nə vaxt? Xalaqızı demişkən, bütün ömrüm puç olandan sonra? Yox, belə getməz. Bu gün mən buna son qoymalıyam. Səhər tezdən bu evdən birdəfəlik getməliyəm. İndi daha əvvəlki adam deyiləm. Hər şeyi başa düşmüşəm. Səbrin də bir həddi-hüdudu var.
Artıq qəti qərara gəlmişdi: Səhər tezdən evdən çıxıb, rayon mərkəzinə, xalası qızıgilə getmək. Sonra da hər şey arxada qalacaq. Get-gedə də vəziyyət öz qaydasına düşəcək.
Bu fikirlə gözünə yuxu getdi. Narahat yatdığından, çox keçmədən ayıldı. Yanına qoyduğu telefonu açıb saata baxdı. Saat beş idi. Deməli, səhərin açılmasına az qalırdı. Hava işlıqlanmamış, hər tərəf qaranlıq ikən, evdən çıxmaq lazım idi. Yoxsa bir qədər də keçsə, ala-qaranlıqdan mal-heyvanı örüşə çıxaran adamlar yolda onu görəcəkdilər. Kənddə hamı bir-birini tanıdığından, qohum-qonşu, tanış-biliş onun tək-tənha, səhər tezdən hara getdiyini soruşacaqdılar. Onlara nə deyəcəkdi? Çox güman ki, həmin dəqiqə də zəng vurub, ya qaynanasına, ya da ərinə xəbər verəcəkdilər. Sonra da aləm bir-birinə dəyəcəkdi. Demək, mümkün qədər tələsmək lazım idi. Tez qalxıb, təzə paltarını geydi. Gündəlik geyim üçün də lazım olanları çox da böyük olmayan bir çantaya yığdı. Sonra da barmağından üzüyünü, qulağından isə sırğalarını çıxarıb, stolun üstünə atdı. Çoxdan bəri şkafın siyirməsində olan boyunbağını da götürüb onların yanına qoydu. Bunu ona görə etdi ki, əri yuxudan oyanıb ayağa qalxanda, birinci olaraq onları görsün. “Gəlin qızılları da götürüb gecə ikən evdən qaçıb” – deyə, cürbəcür əhvalatlar quraşdırıb danışmasınlar.
Altı yaşlı oğlu, ondan kiçik qızı öz çarpayılarında şirin yuxuda idilər. Gəlib, onların yatağının yanında dizi üstə yerə çökdü. Ayrılıq nə qədər ağır olsa da, çıxıb getmək fikri qəti idi. Gözlərini əli, qolu ilə silərək, uşaqları bir daha aydın və yaxından görmək və beləcə də, yaddaşına hopdurmaq və xatirində saxlamaq istəyirdi. Pıçıltı ilə dediyi sözləri yalnız özü eşidirdi: – “Əziz balalarım, mən sizi həmişəlik atıb getmirəm. Mən yenə qayıdacağam. Bilirəm ki, qayıtmasam da məni həmişə xatırlayacaqsınız. Gələcəkdə də məni axtarıb tapacaqsınız. O vaxt sizə heç kim mane ola bilməyəcək. İndi ayrılarkən, sizin üzünüzdən öpmürəm. Bilirəm ki, gözümdən süzülən yaş üzünüzə töküləndə, yuxudan oyana bilərsiniz. Amma indi sakitcə çıxıb getməyə məcburam. Mənim sözlərimi eşitməsəniz də deyirəm, bir-birinizdən muğayat olun. Özüm getsəm də, ürəyim sizin yanınızdadır. Hələlik, salamat qalın.
Yenə də astadan nəsə demək istədi. Amma, qəhər onu boğdu. Bir-iki dəqiqə də keçsəydi, daha uşaqlarından ayrılıb, heç yerə gedə bilməyəcəkdi. Çantanı əlinə götürüb yenə də onlara baxdı. Ürək ağrısı ilə dönüb otaqdan çıxdı. Ani olaraq, həyətdə dayanıb toyuq-cücə saxlanılan daxmaya tərəf baxdı. “Hər gün səhər tezdən onlara yem, su verirdim. Qaynanam da saat on birdə yuxudan oyanır. Bəs, indi bunlara kim baxacaq? Günortaya qədər ac, susuz qalacaqlar” – deyə, düşündü. İstədi bir qədər dən götürüb daxmanın pəncərəsindən içəri atsın. Amma, fikirlərindən daşındı. Bildi ki, bu zaman heyvanlar, inək, qoyun da yerlərindən qalxacaqlar. Səs-küy salmaq lazım deyildi. Gedib ehtiyatla darvazanı açdı. Asta-asta addımlarla yola çıxdı.
Bəzi həyətlərdən küçəyə zəif işıq düşsə də, ətraf qaranlıq idi. Kəndin aşağı tərəfindən keçən asfalt yolun kənarındakı dayanacağa qədər olan məsafə təxminən beş yüz, altı yüz metrə yaxın idi. Firuzənin eşitdiyinə görə, birinci avtobus saat altı tamamda oradan keçməli idi. Həmin vaxta qədər ora çatmaq və rayon mərkəzinə yola düşmək lazım idi. Qadının ayağı hərdənbir çala-çuxura düşsə də, o, müvazinətini itirmir, yalnız irəliyə baxaraq dayanmadan gedirdi. Gözünü geniş açaraq, daha uzağı görmək, bu yolda olan döngələrin, tinlərin yerini qabaqcadan bilib, müəyyən etmək istəyirdi. Bu küçə ilə kəndin kənarına necə çıxmaq da demək olar ki, yadından çıxmışdı. Təxminən beş il əvvəl qaynanası ilə bir yerdə, qohumların birinin həyətində toy olduğu zaman bu küçədən keçmişdi. O vaxtdan bəri çox dəyişikliklər olmuşdu. Amma, birinci döngədə olan Muxtar kişinin ikimərtəbəli evi və onların darvazası ilə üzbəüz, kiçik su kanalının kənarındakı iri qovaq ağacı onun yadında qalmışdı. İndi isə ora çatanda bir qədər rahatlıq tapdı. “Düz gedirəm. Həmin küçədir” – deyə, düşündü. Bu yerdən keçəndə başını yuxarı qaldırıb baxdı. Qollu-budaqlı nəhəng ağac, azca da olsa işıqlanmış səmanın sanki yarısını tünd qara kölgə kimi örtmüşdü. Qorxulu bir mənzərə yaranmışdı. Həyəcandan, qadının qıçları əsdi. Geriyə baxmayaraq, bütün cəsarətini toplayıb, avtobus dayanacağına çatmağa çalışdı.
Bir qədər də getdikdən sonra sağ tərəfdəki həyətdən it səsi eşidildi. Aram, aram, qalın səslə hürən bu itin səsinə, o biriləri də qoşulub hürməyə başladı. Təxminən üç-dörd çoban itinin səsi bir-birinə qarışmışdı. Firuzənin yadına düşdü ki, bu həyət Dünyamalı kişinindir. Onun böyük qoyun sürüsü olduğu üçün bu itləri saxlayır. Hətta kənddə onlar barədə maraqlı söhbətlər də gəzirdi. Bir-iki il bundan qabaq bu itlərin, sürüyə hücum edən canavarı boğub öldürməsi haqda olan hadisə, hələ də dillərdən düşmürdü. Həm də ki, bu həyətin əməlli-başlı daş hasarı da yox idi. Ağac budaqlarından, yöndəmsiz halda bir-birinə bağlanmış dəmir torlardan ibarət çəpəri, bu itlər hər an tullanıb keçə bilər, qadına hücum edərdilər. Çox güman ki, onlar, küçədəki ayaq səslərini hiss etmişdilər. Firuzə, altı yumşaq, yeriyəndə səs salmayan yüngül ayaqqabısını geymədiyi üçün çox heyfsləndi. İtlər küçəyə çıxsaydı, onlarla necə bacaracaqdı? Qadının harayına kim çatacaqdı? Bundan əlavə sübh çağı olduğundan ev yiyəsi də oyanıb, darvazanın önündə nə baş verdiyindən xəbər tutsaydı, bu daha pis olacaqdı.
Firuzə bir qədər dayandı. İrəli getmək qorxulu idi. Nəhayət, itlər sakitləşəndə, o, yenə asta-asta, ehtiyatla yoluna davam etdi. Həmin yerdən ötüb keçəndən sonra, tələsərək, daha da sürətlə getməyə başladı.
İndi isə böyük su kanalının kənarı ilə getmək lazım idi. Hava hələ açılmamışdı. Avtobusun da kəndin ərazisindən keçməyinə təxminən yarım saat vaxt qalırdı. Qaranlıqda, enli kanal, axar su necə də vahiməli görünürdü. Qadın, diqqətlə irəliyə nəzər salaraq gedirdi. Bir qədər uzaqda, başlarını suya doğru əyərək, sonra da geri çəkilən bir neçə qara kölgə göründü. Qadını qorxu bürüdü. Ürəyi şiddətlə döyünməyə başladı. Bədəninə istilik gəldi. Sanki qıçları da tutulmuşdu. Hələ uşaq vaxtı eşitmişdi ki, kənddə kiminsə qızı, axşamçağı su kənarında qorxub ağlını itiribmiş. Sonra da uzun müddət də xəstə yatıb. Daha getməyə taqəti qalmamışdı. İndi neyləmək? Geriyə qayıtmaq olmazdı. Daha evdən çıxmışdı. Nə olursa-olsun, irəli getmək lazım idi. Daha heç nə fikirləşmək, başqa qərar da qəbul etmək istəmirdi. Yenə də addım-addım, yavaş-yavaş yoluna davam etdi. Gözü kölgələrdə idi. Bir qədər də yaxınlaşanda, kanalın kənarında sıra ilə əkilmiş salxım söyüdlərin, suya daha da yaxın olan iri yulğun kollarının zəif küləyin təsirindən yellənərək gah suya, gah da geriyə doğru əyildiyini gördü. Qorxu hissi nisbətən azaldı. Buradan bir qədər aralandığı vaxt, suyun içərisində, qırağa yaxın, qamışlıqda şaqqıltı səsi eşidildi. Ola bilsin ki, bu hər hansı iri balıq, ya da böyük bir siçovul idi.
Dayanacağa getmək üçün sağ tərəfə dönüb, ensiz yolla irəliləmək lazım idi. Burada isə kəndin evləri qurtarırdı. Taxıl sahəsinin kənarı ilə təxminən yüz metrə qədər gedəndən sonra, geniş asfalt yol göründü. İndi dayanacağın hansı tərəfdə, harada olduğunu müəyyən etmək lazım idi. Ara-sıra yoldan keçən maşınların işığında, uzaqdan həmin yer göründü. Firuzə gecikmədən gedib orada dayandı. Xoşbəxtlikdən rayon mərkəzinə iş-güc dalınca gedən kənd adamlarından hələlik heç kim gözə dəymirdi. Yol boyu gedən bəzi minik maşınları bura çatdıqda sürətini azaldır, şəhərə aparmaq üçün müştəri axtarırdılar. Lakin, münasib bir adam görməyəndə, yenə də yollarına davam edirdilər. Hələlik, avtobus da gəlib çıxmaq bilmirdi. Firuzə narahat halda kəndə tərəf baxırdı. Fikirləşirdi ki, əgər onu tanıyan adamlardan kimsə bu dayanacağa gəlsə, hökmən onun hara getdiyini soruşacaq. Səhər açılanda isə bu, böyük bir söz-söhbətə səbəb olacaq.
Qadın bu vaxt xalası qızına zəng vurdu. Heç bir cavab gəlmədi. Ola bilsin ki, o, hələ yuxudan durmamışdı. Telefonu da səssizə qoyub yatmışdı. Əgər o, bu gün ümumiyyətlə, cavab verməsəydi, onda necə olacaqdı? Firuzə onun evinin yerini hələ əməlli-başlı tanımırdı. Soraqlaşa-soraqlaşa onu necə tapacaqdı? Bu vaxt yenə ailəsi yadına düşdü. Ərinin zəif, bəlkə də günahkar, məzhun çöhrəsi onun gözləri önündə canlandı. İstər-istəməz ona yazığı gəldi. “Bəlkə mən tələsdim, evdən çıxmaqda düz eləmədim. Bir az da səbr etsəydim, yaxşı olmazdımı? – deyə, düşündü. -Bəs qaynanam? Nə vaxtsa onunla görüşəndə onun gözlərinin içinə necə baxacağam? Məzəmmətlərinə necə dözəcəyəm?”
Daha heç nə etmək olmazdı. Hər şey arxada qalmışdı. Uşaqları isə bir an da olsa yadından çıxmırdı. Nə qədər bu fikirlərdən ayrılıb, indi bu dəqiqə avtobusun gəlməsi, ya da gələcək həyatı barədə götür-qoy etməyə çalışsa da, yenə də sonda övladlarının onsuz necə yaşayacaqlarını, gələcək həyatlarının necə olması haqda qarışıq düşüncələr ona bir an da olsa rahatlıq vermirdi. İndi isə gözləri önündə qızı canlandı. Elə hesab etdi ki, o yuxudan durub anasını axtarır. Həyətə çıxıb “ana”, “ana” – deyə, ağlayır. Sonra içəri girib atasını oyatmağa çalışır. O isə daş kimi möhkəm yatıb. Bu vaxt oğlu da oyanır. İkisi də bir yerdə analarını çağırırlar.
Hava hələ işıqlanmamışdı. Bu vaxt uzaqdan gələn iri maşının aşağı hissədə iri, yuxarıda isə kiçik, qırmızı işıqlarından məlum oldu ki, bu, rayon mərkəzinə gedən avtobusdur. Maşın gəlib dayanacaqda dayandı. Qapıları açıldı. Salonun işıqları yanır, sərnişinlər görünürdü. Pəncərəyə yaxın oturan gənc bir qadının qucağında təxminın bir yaşında uşaq var idi. Qadın öz körpəsini əzizləyir, onun geriyə doğru bir qədər sürüşmüş papağını irəli çəkir, köynəyinin yaxasını düzəldir, sonra uşağın çənəsini baş barmağı ilə bir neçə dəfə yavaşca aşağı basaraq onu güldürməyə, əyləndirməyə çalışırdı. Sonra da körpəsinin üzünü pəncərəyə sarı tutaraq, çöl-bayırı ona göstərməklə uşağın fikrini məşğul etməyə başladı. Bu zaman Firuzənin də gözü ana-balaya sataşdı. Uşağın üzündə təbəssüm, sevinc hissləri var idi. Qara gözləri də eyni ilə onun qızının gözlərinə oxşayırdı. Demək, körpə yalnız anasının qucağında xoşbəxt, bəxtiyar ola bilərdi. Bu sevinci yaradan məhəbbəti, mərhəməti, nəvazişi başqa heç kim ona verə bilməzdi. Uşaq isə gülümsəməkdə davam edir, xırda əlləri ilə pəncərənin şüşəsini döyəcləyirdi. Firuzə də gözlərini ondan çəkmirdi. Elə bil ki, ovsunlanmışdı. İstər-istəməz öz uşaqlarını xatırladı: “Bəs, mənim balalarıma kim nəvaziş göstərəcək? Onların qayğısına kim qalacaq? Öz anaları ilə bir yerdə olan uşaqlara baxıb, həsrət, xiffət çəkməyəcəklərmi? – fikri ilə elə bil ki, yerində donub qalmışdı. Birdən ona elə gəldi ki, qızı yuxudan oyanıb onu yanında görmür. Sonra da atasını çağırıb oyatmağa çalışır. Atası da dodağının altında nəsə mızıldanaraq, o biri tərəfə çevrilir və yenidən yuxuya gedir. Bütün bu düşüncələr, bənzətmələr hamısı demək olar ki, bir anın içərisində baş verirdi. İndi bütün tərəddüdlərə, qarışıq fikirlərə son qoyub, maşına minmək vaxtı idi. Bu anı əldən buraxsaydı, həyatı yenə də əvvəlki vəziyyətdə davam edəcəkdi.
Bu vaxt avtobusdakı adamlardan biri dilləndi:
-Ay qardaş, nəyi gözləyirsən, sür gedək. Bəlkə heç o qadın getmir, ya da başqa maşın gözləyir. İşimiz-gücümüz var.
Firuzə elə bil yuxudan ayıldı. Avtobusa minmək istədi. Amma, ayaqları sözünə baxmadı. İrəli addım ata bilmədi. Elə bil ki, hansısa bir qüvvə onu geri çəkirdi. Bu vaxt sürücü də qapını bağlayıb, öz yoluna düzəldi.
İndi o neyləyəcəkdi? Növbəti avtobus gələnə qədər səhər açılacaqdı. Bu zaman dayanacaqda olan adamlar da çoxalacaq, tanıyan-bilən onu sorğu-suala tutacaqdı. Ordan-burdan söhbət salıb, sözarası, dolayısı yolla hara getmək istədiyini öyrənəcəkdilər.
Hava hələ tam işıqlanmamışdı. Qadın, birdən-birə nə fikirləşdisə, iti addımlarla dayanacaqdan çıxıb kəndə, evə sarı getməyə başladı. İndi daha onu heç bir qüvvə saxlaya bilməzdi. Səhər tam açılana qədər evə çatsaydı, yol boyu da onu heç kim görməsəydi, çox yaxşı olardı. Bayaqkı taxıl sahəsinin yanından keçəndə, onu qorxu, həyəcan bürüdü. Elə zənn etdi ki, başının tükləri biz-biz olur. Hələ lap uşaq yaşlarından eşitmişdi ki, canavar yaxında olanda, insan onu görməsə də belə, onu vahimə basır. Deməli, o yalquzaq, haradasa bu yaxında, hündür, sıx sünbüllərin arasındadır. Amma, geriyə yol yox idi. İndi o nəyin bahasına olursa-olsun, gecikmədən özünü evə çatdırmalı, paltarını dəyişib, heç bir şey olmamış kimi ev işlərilə məşğul olmalı idi.
Nə arxaya, nə də taxıl sahəsinə nəzər salmadan sürətlə irəliləyirdi. Bilirdi ki, geri dönüb baxsa, qıçları, bütün bədəni taqətdən düşəcək, daha yoluna davam edə bilməyəcək. Amma, belə hesab edirdi ki, arxadan onu hansısa bir qüvvə təqib edir. Kürəyindən bir gizilti keçdi. Özünü qorumaq üçün yeganə ümidi əlindəki zənbilə gəlirdi. Onu gah sağ əlində, gah da sol əlində möhkəm tutaraq, guya ki, canavarın hücum edəcəyi anda ona çırpmaq istəyirdi.
Kəndin kənarına, evlərə yaxın bir yerə çatdıqda, bir az ürəkləndi. Dönüb arxaya baxdı. Heç bir şey görünmürdü. Nəhayət, kəndin kənarı ilə gedən yola düşdü. İndi onu heç nə qorxutmurdu. Enib qalxan ağac budaqlarının kölgələri, sudakı şaqqıltı, çoban itləri hamısı ona adi hal kimi görünürdü. Bayaqkı it hürən yerdən, Dünyamalı kişigilin darvazasının önündən keçəndə, həyətdən adam səsi gəldi. Həm də darvaza yavaş-yavaş açılmağa başladı. Demək, sürünü otlağa aparmaq vaxtı idi. Hava işıqlanmaq üzrə idi. Darvaza açılan kimi, hər şeylə maraqlanan ev yiyəsi öz adəti üzrə küçəyə çıxacaqdı. Qadını görüb, “ay bala, sabahın xeyir, yaxşı tanımadım, kimsən?”- deyə, soruşacaqdı. Sonrası da məlum idi. Səhər tezdən bir-birini görən, darvazaların qarşısını süpürən qadınların arasında təxminən belə bir söhbət olacaqdı:
-Onu kişi özü görüb?..
-Hə də… Qaranlıqda öz evlərinə tərəf qaçırmış…
-Hələ qulağımız çox sözlər eşidəcək…
-Görəsən, haradan gəlirmiş?..
-Gülxar arvad daha camaatın içinə çıxa bilməz….
-Amma, bilmədik hara gedibmiş…
-Bunu bilməyə nə var ki? Evdəkiləri yuxuya verib, gecəyarı çıxıb harasa gedib. Səhər ala-qaranlıqda da qayıdıb gedib…
…Bu cür söz-söhbət, canavar qorxusundan da pis olacaqdı. Ona görə də darvaza tam açılmamış qadın addımlarını daha da geniş ataraq buradan tezliklə uzaqlaşmağa çalışdı. İndi o, demək olar ki, evlərinə doğru qaçırdı. Ürəyi şiddətlə döyünür, bədəni tərin, suyun içərisində idi. Amma, xoşbəxtlikdən küçəyə hələ heç kim çıxmırdı.
Nəhayət, öz darvazalarının qarşısına çatdı. Hasara söykənib dərindən nəfəs aldı. Sinəsində bir yanğı vardı. Həyətə girib soyuq sudan necə də doyunca içərdi. İndi isə tələsmək lazım idi. Qaynanası tezdən durub həyətə çıxa bilərdi. Bu fikirlə darvazanı açıb içəri girdi. Otaqların işığı hələ yanmırdı. Deməli, hamı yatmışdı.
Evə girən kimi, tez uşaqlarına yaxınlaşdı. Onlar hələ şirin yuxuda idilər. Bir qədər dayanıb baxdı. Elə bil ki, övladlarını neçə il idi ki, görmürdü. Əgər oyaq olsaydılar, qucaqlayıb bağrına basar, öpüb əzizləyərdi. Sonra da paltarlarını dəyişdi. Stolun üstündəki qızılları götürüb, hamısını bir yerdə aparıb şkafın siyirməsinə qoydu. Gəlib çarpayının üstündə oturanda, telefonu səsləndi. Götürüb baxdı. Xalası qızı idi. Zəngin səsinə əri də gözlərini açdı. Amma, hələ ki, bir söz deməyib, yenə də yatmağa çalışdı. Firuzəyə elə gəldi ki, o, heç də yatmayıb. Onların nə barədə danışdıqlarına qulaq asmaq, söhbətin nədən getdiyini bilmək istəyir.
-Salam xala qızı – Firuzə dedi. – Sabahın xeyir. Zəng? Hə, necəsən? Sağ ol salamatlıqdır. Sağ ol, sağ ol. İşlərin necə gedir? Sağ ol. Yuxudan indi durdum.
Sonra da bir gözü ərində, əli ilə çarpayının üstünü səliqəyə salmağa çalışaraq, yenə də bir-birinə uyğun olmayan sözlərlə, danışığı tezliklə başa vurmaq istəyirdi:
-Hə, yaxşı, sağ ol. Boş vaxtlarda danışarıq. Oldu. Yaxşı.
Bu vaxt əri də qalxıb, yatağın üstündə oturdu.
-Kim idi zəng vuran? – deyə, soruşdu.
-Əşşi, heç, xalqızı idi.
-Bu vaxt xeyir ola? Bir də ki, sənin onunla nə söhbətin ola bilər?
-Nə bilim, zəng vurub da… Hal-əhval tuturdu.
-Səhər tezdən saat altıda?
-Nə deyim? Deyim ki, mənə zəng vurma? Bəlkə məni yuxuda görüb?
Kişi bir qədər dayandı. Nəsə fikirləşdi.
-Yuxu dedin? Yaxşı, qoy əl-üzümü yuyum, indi gəlirəm.
Bir qədər sonra o, qayıdıb divanda oturdu. Çox fikirli idi. Elə bil ki, heç dünənki adam deyildi. Yazıq, fağır bir görkəm almışdı. Haradan başlayacağını, nə deyəcəyini düşünürdü. Nəhayət, çətinliklə də olsa sözə başladı:
-Firuzə, gəl yanımda otur, sənə bir söz deyəcəyəm. Səhərə yaxın yuxu görürdüm. Gördüm ki, əynimdə qalın, qara pencək, ayağımda da qara çəkmə kanalın kənarı ilə gedirəm. Bu vaxt ayağım sürüşüb suya düşürəm. Boğulmağa başlayıram. Var gücümlə qışqırıb köməyə adam çağırıram. Amma heç kim məni eşitmir. Bu vaxt sən gəlirsən. Əlini uzadıb, məni sudan çıxarmağa çalışırsan. Əynimdəki pencəyi, ayağımdakı ayaqqabıları su götürüb aparır. Özümü isə güclə xilas edirsən. Əgər sən gəlib çıxmasaydın, öləcəkdim. Bu vaxt and içdim ki, daha səni incitməyəcəyəm. İçkini də atacağam. Daha mən yuxuda gördüyümü gördüm.
Firuzə bir qədər fikirləşib dedi:
-Yuxuda ayaqqabının itməsi yaxşı əlamətdir. Çətinliklərin sona çatması deməkdir. Su isə aydınlıqdır.
Əri yenə də əlavə etdi:
-Söz verirəm ki, bundan sonra daha məndən acı söz eşitməyəcəksən. Hər şey qaydasına düşəcək.
Firuzə də fikirli halda dedi:
-Nə deyirəm ki, yaşayarıq, görərik.
Bu vaxt qız yuxudan ayıldı.
-Ana, – dedi, – çay içmək istəyirəm.
Qadın da ayağa qalxıb qızına sarı gəldi.
-Mən buradayam qızım – deyərək, onun saçlarına əl gəzdirdi. – Sən qalx ayağa, mən də səhər yeməyi hazırlayım, bir yerdə yeyək.
Səhər açılmışdı. Günəşin pəncərədən düşən parlaq şüaları qaranlığı qovmağa, otağı daha da işıqlandırmağa çalışırdı.