Günorta saatlarında Əkbər dayının tərəvəz dükanından çıxanda yenə gördüm onu. Bomboz rəngi, pələngə oxşar qara cizgiləri, xarizmatik duruşu ilə diqqəti cəlb edirdi. Onun məğrur baxışlarında nəsə bir qəribəlik sezilirdi. Küçənin sakit bir küncündə oturub gələn-gedəni izləyir, sanki onlar haqqında beynində müxtəlif düşüncələr qururdu. Məsələn, önündən keçən bir xalaya elə diqqətlə baxırdı ki, sanki beynində: “bu xala müəllimdir, deyəsən, əlindəki və köynəyindəki mürəkkəb ləkəsi, kitablar daşımaqdan aşınmış və köhnəlmiş çantası, üzündəki əsəb, stress dolu ifadə onun müəllim olduğuna işarə edir”- deyə düşünürdü. Yaxud uzaqdan bir-birini qova-qova, deyə-gülə, qışqır-bağırla gələn məktəbli uşaqları görüb baxışını onlara tərəf çevirir və elə bil belə düşünürdü: ” mənə sığal çəkib başımı oxşasalar heç, ancaq dəcəllik etmək istəsələr, əllərində, üzlərində cırmaqlanmamış yer qalmayacaq” . Sonra vıyıltı və səs-küylü siqnal ilə küçədən keçən bahalı maşına diqqət yetirdi: ” bu da gündə bir maşın aşırdır, birini vurur, birini polis cərimə meydançasına aparır, ancaq yenə də ağıllanmır ki, ağıllanmır” – deyə düşünürmüş kimi bir baxış atırdı. Bütün bu dediklərimi çətin ki, başqaları görə, duya biləydi. Çünki məndən başqa yol kənarında duran bu pişiyə fikir verən yox idi. Hətta məktəbli uşaqlar belə onu görmədən, ya da görməzdən gələrək keçib getdilər. Hərdən ona yazığım da gəlir, onunla çox ortaq cəhətimiz var. Demək olar ki, mən də onun kimi “gözəgörünməz” biriyəm. Gəlib-gedənlər, tanıyıb-bilənlər, dost-tanışlar sanki mən yoxammış kimi davranır, danışır, qərarlar qəbul edirlər. Ancaq mən artıq buna alışmışam. Pişik də çoxdan bu vəziyyətə vərdiş edənə bənzəyir. Biz bir-birimizi görürdük. Mənim ona baxdığım kimi pişik də bəzən diqqətlə mənə baxır, gözünün nazik xətt kimi qarasını mənə dikəndə göz bəbəkləri böyüyüb yupyumuru olur, elə bil nəsə demək istəyir, ancaq deyə bilmirdi. Həmişə də belə baxışların ardından astaca, tənbəlliklə dolu hərəkətlə yerindən durur, gərnəşir və yönünü çevirib gedirdi. İncik, qəlbiqırıq insanlar kimi. Bəs, görəsən, onun xətrinə kim dəymişdi? Mənmi? Digər insanlarmı? Həyatmı?
Bəlkə də, pişiyin belə etinasızlığı onun da həyatının insanların çoxunun həyatı kimi rəngsiz və monoton olmasından irəli gəlir. Biz insanların bir çoxu doğulur, böyüyür, məktəbə gedir, universitet bitirir, işləyir, ailə qurur, işləyir, övlad sahibi olur, yenə işləyir, pensiya çıxır, yenə də işləyir, işləyir və işləyirik. Həyatımızda rəng, əyləncə, istirahət, həzz kimi anlayışlar ya yoxdur, ya da yox deyiləcək qədər azdır. Təbii ki bunu bütün hamıya şamil edə bilmərəm, yaxud bəziləri üçün elə həyat bu ardıcıllıqla, bu süjet xətti ilə başlayan və bitən bir roman, bir teatr tamaşası kimi bir şeydir. Necə ki insanlar bir müddətdən sonra avtomatikləşir, yaşamaq sanki bir vərdişə çevrilir, nəfəs almaq, göz qırpmaq kimi, bax o zaman insan etinasızlaşır. Bu pişikdə də eyni xüsusiyyətlər nəzərə çarpırdı, mənim baxış bucağından təbii ki. Məsələn, bu boz pişiyin öz rəngi kimi boz olan həyatından bir günü sizə danışım:
Səhər günəşin üfüqdən görünən mülayim gülüşləri ilə pişik də gözlərini açır, yerindən durur, gah önə, gah da arxaya dartılma hərəkətləri ilə səhər idmanını tamamlayır. Yeri gəlmişkən bu pişik də məhəllənin digər sahibsiz pişikləri kimi Qaliya xalanın “pişiklər pansionatı”nda yaşayır. Qaliya xala rus əsilli azərbaycanlılardandır, sarısaç, mavi gözlü bu mülayim xala insanlardan daha çox pişiklərə meyillidir, onlarla daha yaxşı yola gedir. Bildiyim qədərilə elə pişiklərdən başqa da kimi-kimsəsi yoxdur. Təxminən iyirmiyə yaxın pişiyə “xozeyinlik” edir. Aldığı pensiya və heyvansevərlərin etdiyi yardımlarla həm bu pişikləri bəsləyir, həm də özünü dolandırır. İstəyən olanda öz pişiklərindən kiməsə hədiyyə də edir, ancaq pişiyə yaxşı baxacağını dəqiqləşdirmək şərti ilə. Əks halda nə Qaliya xala pişik verməz, versə belə, pişik lazımi qayğını görməsə, bir-iki günə qalmaz qayıdıb geri gələrdi. Söhbətin məğzini itirməyək, bizim pişiyimizin səhəri Qaliya xalanın ikiotaqlı evində başlayır. Səhər oyanan kimi bütün pişiklər miyoldamağa, qapını cırmaqlanağa başlayır, Qaliya xalanı ac-sussuz olduqları barədə xəbərdar etməyə çalışırdılar. Ancaq bizim pişik sakitcə öz yemək qabının (hər pişiyin ayrıca qabı var) yanında gözləyir, Qaliya xala də gələndə elə ən birinci ona yemək və ya süd verir.
Yeyib doyduqdan sonra günəş vannası qəbul etmək üçün həyətə çıxıb isti beton örtüyün üstünə uzanan digər pişiklərin əksinə olaraq bizim boz pişik aram addımlarla çıxır məhəlləni gəzib dolanmağa. Məhəllənin mağazaları, dükanları, həyəti silib-süpürən və bir-biri ilə hal-əhval tutan xalalar, işə tələsənlər, gəlib-gedən maşınlar, məktəbə qaçan uşaqlar, pəncərədə asqılara pal-paltar asan işgüzar xanımlar və daha neçə-neçələri bizim pişiyin nəzər nöqtəsində olur. Hərçənd pişiyə fikir verən az olur. Bəzən xalalardan kimsə onu görüb “piş-piş-piş” deyərək çağırır, yemək artığı yaxud sür-sümük atır ki qarnını doyursun, savab qazansın, ancaq pişiyin etinasız baxışı və başını çevirib yoluna davam etməsi onları təəccübləndirir. Hər adamın əlində yemək yemir pişiyimiz.
İlkin dayanacaq pişiklə həmişə qarşılaşdığım Əkbər dayının tərəvəz dükanıdır. Əkbər dayı təxmini əlli beş, ya altmış yaşlı, saçı-saqqalı ağarmış nurani bir kişidir. Mən gördüm-görəli Əkbər dayı bu tərəvəz dükanını işlədir. Vaz 2104 markalı maşını ilə yaxın kəndlərdən müxtəlif növ tərəvəzlər gətirir, bəzən də tapa bilmədiyini topdansatış bazarlarından alıb gətirir, həm özünə, həm də sakinlərə uyğun qiymətə satır. Əsas məqsədinin pul qazanmaq olmadığı hər kəsə aydın idi. Çünki elə zaman olurdu ki, öz pensiyasından (uzun müddət həm Sovet dövründə, həm də müstəqillik dövründə dövlət qulluğunda çalışmış, sonrakı müddətdə xəstəliyi ilə bağlı olaraq vaxtından bir-iki il əvvəl pensiya çıxmışdı) əlavə pul ayırıb xərci-borcu ödəyirdi. Əkbər dayı pişiyi gülərüzlə qarşılayır, onun başını sığallayır, qabda ona süd verir. Pişik də bu comərdliyi qarşılıqsız qoymur, südü ləzzətlə içir, Əkbər dayının ayaqlarına sürtünür, mırıldanır, hərdən də qəzet oxuyarkən onun dizlər üstündə mürgüləyir. Pişik təkcə Əkbər dayının yox, dükana gələnlərin də üzündə gülüş yaradır, xoş əhval-ruhiyyə, pozitiv bir enerji ötürür. Gələnlərin çox artıq onu “Əkbərin pişiyi” kimi tanıyır.
Əkbər dayının dükanından çıxandan sonra, bu adətən saat 11-12 radələrində olur, növbəti dayanacağı məhəllənin aşağı, mərkəz hissəsində, ehsan bulağı və çinarların altında yerləşən çayçı olur. Burada bir ehsan bulağı var ki, bu bulaq bəlkə də, bəşəriyyət yaranandan buradadır desəm mübaliğə olmaz. Üzərindəki yazı silinib, zar-zor “…san bul..ğı” kimi mənası çətin anlaşılan hərf birləşmələri qalıb deyə heç kim dəqiq bilmir ki, bu bulağı kim və kimə tikdirib. Ancaq dəqiq bilirəm ki, yay-qış dayanmadan axan buz kimi suyun dadı başqa heç bir suda yoxdur. Bütün məhəllə sakinləri bu sudan istifadə edir, yoldan gələn-gedənlər hamı bu suyun dadına baxmadan keçmirlər. Bulaqdan sağda hündür çinarların altında təxminən altı – yeddi masalıq çayçı yerləşir. “Səlimin yeri” adlanan bu çayçıda həmişə dünyanın bir çox qlobal siyasi, iqtisadi, sosial, müharibə, sülh və digər önəmli mövzuları müzakirə olunur, alternativ həll yolları təklif olunur, bəzən fikirlər toqquşur, tərəflər bir-birinin fikrini tənqid, ya təkzib edir, atılan nərd zərlərinin, masaya vurulan dominoların, çay bardaqlarının səsi bu müzakirələrin səsinə qarışırdı. Pişik də uzaqda, kölgəlik bir yerdə uzanıb əksəri ağsaqqallardan ibarət bu “politoloq və siyasi şərhçilər”in çıxışlarına qulaq asır. Bəzən də həvəssiz şəkildə masaların arasında dolaşır, onu görənlər bir anlıq söhbəti kəsib ona tamaşa edir, sonra yenidən qızğın söhbətə qayıdırlar. Bəzən də çayçı sahibinin, Vəlinin verdiyi kolbasa-çörəkdən yeyib ona təşəkkür mənasında miyoldayır və ya ayaqlarının arasında fırlanıb ona sürtünür. Maraqlı burasıdır ki, bu çayçı “Səlimin yeri” adlansa da, Səlim adlı şəxs demək olar ki, yüz ilə yaxındır bu dünyada yoxdur. Amma, görünür, bir zamanlar onun çayxanası olmuş, hər kəs onun adı ilə tanımışdı bu yeri və elə illərdir bütün sahibləri buranı “Səlimin yeri” deyə adlandırıb və çayçı olaraq da bir-birinə vəsatət edib. Ara-sıra yoldan keçən təsadüfi şəxslərin də qonaq olduğu bu çayçı kənarda səs-küylü və əcaib bir yer təəssüratı bağışlasa da, əslində həm sahibi, həm də müştəriləri mülayim, canayaxın insanlardır.
Çayçıdan sonra küçə ilə üzüaşağı, mərkəzi prospektə tərəf düşür, yolun solundakı orta məktəbin qapısı önündə dayanıb dərsdən çıxan şagirdlərə, müəllimlərə, övladlarını götürməyə gələn valideynlərə tamaşa edir. Çiyinlərində bəşəriyyətin yükünü daşıyırmış kimi özlərindən böyük çantalarını daşıyan aşağı sinif şagirdləri onu görən kimi gülərüzlə və sevinclə ona tərəf qaçır, sığallayır, oxşayırlar. Bu balaca insancıqlar necə də saf, təmizqəlbli və xoşniyyətlidirlər. Bir də sən böyüklərə bax, övladının “küçə pişiyi” ilə oynadığını görən kimi qışqır-bağırla övladını kənara çəkir, iyrənc və ya radioaktiv bir şeyə toxunubmuş kimi uşağı yaş salfetlə, spreylə təmizləyə-təmizləyə dartıb aparır, bir tərəfdən də danlayır ki, “küçə heyvanlarına əl vurmaq olmaz!”. İnsanlar böyüdükcə axmaqlaşır.
Minlərlə, milyonlarla fərqli düşüncə, xasiyyət və xarakterə malik insanların, uşaqların dörd divar arasında monoton bir sistemin quluna çevrilməsini hədəfləyən bir qurum olan məktəbin yanından yavaş-yavaş məhəllənin digər hissələrinə doğru hərəkətə başlayan pişiyimiz özünü ali varlıq sayan bu cılız insanları başa düşməkdə həqiqətən çətinlik çəkirdi. Səyahət davam etdirən pişiyimiz gəlib bir şadlıq sarayının yanında dayandı. Əslində onu bura çəkən müxtəlif rəngli, formalı geyimlər geyən, özlərini əcaib hallara salan yüksək səslə danışan, deyən, gülən, yeyən insan toplumu deyil, daha çox aclığını büruzə verməyə çalışan həssas qoxualma hissiyatı idi. Şadlıq sarayında toy var idi, bişən yeməklərin qoxusu bütün ətrafı bürümüşdü. Sakin addımlarla bər-bəzəkli adamların arasından keçib saraya daxil oldu. Yüksək səs və dəli olmuş kimi qəribə hərəkətlər edən insanlar onu həm təəccübləndirir, həm də qorxudurdu. Görünür, onlar özlərini bu formada əyləndirirdilər. “Dəli yığıncağı”nın tamaşasına başı qarışan pişiyimiz ona yaxınlaşan bir qrup uşağı yüksək tezlikli səsdən görüb-eşidə bilmədi. Bir anda balaca əllərin onu qucub havaya qaldırdığını və bağrına basıb sevələdiyini hiss etdi. Refleksiv olaraq çırpınıb çıxmaq istəsə də, gördüyü qayğı və nəvaziş onu fikrindən daşındırdı. Dönüb balaca və zərərsiz uşaqları gülümsəyən gördü. Uşaqlardan biri qaçıb masadan onun üçün yemək də gətirdi. Hər zaman olduğu kimi yedikdən, sevələndikdən sonra uşaqların ayağına sürtünərək, mırıldayıb-miyoldayaraq təşəkkürlərini bildirdi. Saraydan çıxanda zibil qutularına atılan artıq yeməkləri görəndə məhəllənin uclarında yaşayan bir qarın çörəyə möhtac insanları düşündü. Görəsən, onlar niyə bu “şənliyə” dəvətli deyillər?! Çox qəribədir! Artıq gün qüruba yaxınlaşırdı. Pisik də öz səyahət dairəsini tamamlamaq üzrəydi.
Səyahət dairəsini tamamlayan sonuncu halqa qəbirstanlıq idi. Buradan sonra yenidən öz evinə, Qaliya xalanın “pişiklər pansionatı”na qayıdırdı. İnsan qəbirstanlığa gedəndə içini həmişə bir hüzün, kədər hissi bürüyür. Bunun səbəbi doğmalarını itirməkmi, yoxsa bir gün özünün də bu daş, beton və mərmər yığını altında uyuyacağını bilməsi idimi?! Dəqiq demək çətindir. Pişik də insanlar kimi müxtəlif duyğular seli içində bu mərmər “şəhərciyi” dolanır, sanki mərmərə həkk olunmuş şəkli dəyil də, həmin insanın özünü görürmüş kimi diqqətlə bəzi qəbirləri izləyir, onlara nəsə demək istəyir, ya da qəbirdəkilər ona nəsə pıçıldayırdı. Müxtəlif yaş qruplarından və cinsdən olan yüzlərlə insan, yüzlərlə xəyalları, ümidləri, planları olan insanlar indi çürüyüb torpağa qarışırdı. Həyat döngüsü çox qəribə, eyni zamanda da heyrətamizdir. Pişik də bir gün bu dünyanı, həyatı tərk edib gedəcəyinin fərqindədir, amma o insanlar qədər təəssüf və ya qorxu hissi keçirmir. O bunun təbii və zəruri bir proses olduğunu bilir. Sadəcə insanlarla yaşaya-yaşaya onların bəzi xüsusiyyətlərini əxz etmişdi, deyəsən. İtirdiyi şeylərin peşmançılığını çəkdiyini hiss edirdi bəzən. İtirdiyi ilə keçirə biləcəyi ehtimal olunan anları düşünür, gerçək deyil, xəyal olduğunu bilsə də, o anların həzzini yaşayırdı. İndi də bir qəbir önündə dayanıb həm mərmərə həkk olunmuş şəkli, həm də qəbrin ardında batmaqda olan Günəşin yaratdığı al-qırmızı qürubu izləyirdi. Onun bu halda nələr düşündüyü, nələr hiss etdiyi mənə o qədər də aydın olmasa da, bəzən bu pişik üçün darıxıram. İndi yəqin çoxunuza bu pişiyi haradan tanıdığım, necə onun həyatını belə detalları ilə bildiyim maraqlı gəlir. Bilirsiniz, bu əslində mənim pişiyim idi. İnternat məktəbini bitirəndən sonra işlədiyim kafenin arxasında təsadüfən tapdığım və mənim kimi yetim qalmış pişik idi. Onu sahibləndim, bəslədim, qayğı göstərdim. O da mənim ən yaxın dostum oldu. Yəni, dostum idi. Ta ki mən müharibədə şəhid olana qədər.