• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Şənbə, Mart 7, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Yaqut Dəmirov – Qonaq

Hekayə

05 Mart 2026
in Ədəbiyyat, Yazarlar
Yaqut Dəmirov – Qonaq
Share on FacebookShare on Twitter

QONAQ

(hekayə)

 Demək olar ki, çox vaxt insanlar iş yerində olarkən, onların arasında olan ünsiyyət daha da dərinləşir, mümkün qədər yaxından tanış olmaq istəyirlər. Aralarındakı söhbətin də mövzusu dəyişdikcə, son nəticədə, ailələrində neçə nəfərin olması, övladlarının hansı yaşda, evli, yoxsa subay olmaları, evlərinin harada yerləşməsi, neçə otaqdan ibarət olmasına qədər bir-birilərindən soruşub xəbər alırlar. Bəziləri bu barədə çox qısa məlumat verməklə kifayətlənsə də, elələri olur ki, özlərinə aid olanları daha geniş şəkildə danışmaqdan çəkinmir. Həm də sözarası, qarşı tərəfin vəziyyətini öyrəndikdə: – “Yox əşşi, sən nə danışırsan? Bizdə elə deyil, mən heç imkan verərəm ki, evdə, ailədə işlərimiz belə alınsın?” – deyərək, özlərini həmin adamdan bir qədər də üstün, bacarıqlı göstərmək istəyirlər.

Bəzən də söhbət əsnasında, hansınınsa övladının, ötən günlərin birində ad günü olduğu xəbərini eşitdikdə, həmin iş yoldaşını məzəmmət etməyə başlayırlar:

-“Deyirəm də… Sən çox soyuq adamsan. Bir yerdə işləyirik. Keçən həftə oğlunun ad günü olub. Mənə deməmisən. Xırda bir hədiyyə ilə sizə gəlməyə gücüm çatmayacaqdı? Öz yoldaşımla birgə gələrdik. Bir-iki saat bir yerdə oturub söhbət edərdik. Vaxtımız da şən keçərdi. Həm də ailəvi tanış olardıq. Sonra da siz bizə gələrdiniz. Belə xoş günlərdə bir-birimizin evinə gedib–gəlməyəndə, bəs nə vaxt bir yerdə oturub, yeyib-içəcəyik, söhbət edib, gülüb danışacağıq”.

O biri adam da: – “Eybi yoxdur, bu dəfə olmasın, gələn dəfə olsun. Hələ irəlidə gör nə qədər ad günləri, qonaqlıqlar var. Söz verirəm ki, hamıdan əvvəl səni dəvət edəcəyəm” – deyir. Yarım saat keçəndən sonra, bu söhbət unudulub yaddan çıxır. Növbəti dəfə ad günü olanda, heç həmin iş yoldaşı yada da düşmür.

Təxminən beş il olardı ki, Fəridlə Muxtar bir yerdə işləyirdi. Hər ikisi avtobus sürücüsü idi. Növbə ilə idarə etdikləri maşın, iki gün olardı ki, təmirə dayanmışdı. Şirkətin təmir sexində, çilingərlər öz işləri ilə məşğul olduqları zaman, sürücülər də hərdənbir onlara kömək edir, qalan vaxtlarda da yardımçı otaqların birində oturub ordan-burdan söhbət edərək vaxt keçirir, təmirin başa çatmasını gözləyirdilər. Söhbətin mövzusu da ehtiyat hissələrinin haradan gətirilməsi, nə qədər davamlı, keyfiyyətli olması barədə olurdu. Belə söhbətlərdən yorulandan sonra, bu şirkətin əvvəllər necə işləməsi, maşınların vəziyyəti, onların hansı marşrutda işləməsi haqda danışırdılar. Təbii ki, bu məsələlərdən hər ikisinin kifayət qədər anlayışı vardı. Amma bildikləri hər şeyi yenidən təkrar etmək elə bil ki, onlara daha da xoş gəlirdi.

Belə söhbətlərə ara verəndən sonra, hiss olunurdu ki, əvvəlkindən daha da maraqlı məsələlər barədə danışmağa cəhd edirlər. Muxtar da hərdənbir, söhbət zamanı öz ailəsindən, oğlundan, qızından danışır, bəlkə də bu üsulla öz həmkarını danışdırmaq, onun da ailə vəziyyəti barədə nəsə öyrənmək istəyirdi. Fərid də demək olar ki, verilən suallara çox qısa, iş yoldaşını qane etməyən dərəcədə cavab verirdi.

Bu gün isə söhbət kimin evinin harada yerləşməsindən düşdü. Məlum oldu ki, Fəridin evi, iş yerinin yaxınlığında imiş. Muxtar bunu eşidəndə dedi:

-Fərid, demək sən, bu yaxınlıqdakı binada yaşayırmışsan. Bu sarıdan bəxtin gətirib. Mənim isə evimizdən bura gəlməyim yarım saat, ya qırx dəqiqə çəkir. Evinin yaxın olmağını bu vaxta qədər məndən niyə gizlətmisən? Qorxursan ki, sizə gedib bir stəkan çayınızı içərəm? Yox, elə bir fikrim yoxdur. İş yerində danışıb, söhbət, zarafat etməyimə baxma. Ev şəraiti belədir ki, orada adam özünü çox da sərbəst hiss etmir. Nə qədər olmasa da, qadın, uşaq var. Gərək çox ehtiyatla danışıb söhbət edəsən. Amma, hər halda bir-birimizin evini tanısaq heç də pis olmaz.

Fərid də öz növbəsində:

-Hə, düz deyirsən – dedi. İş yoldaşları, dostlar bir-birlərinin evlərini tanısalar yaxşı olar.

-Əlbəttə, elədir. Əsas məsələ budur ki, gələn qonağın xasiyyəti sənə uyğun olsun. Həm də yersiz söhbətlərlə səni bezdirməsin. Lap elə özümüzdən götürək. Neçə ildir ki, bir-birimizi tanıyırıq. Mənim ağzımdan yaramaz bir söz, ya da söyüş çıxan görmüsən?

-Yox, yox, görməmişəm.

-Hə, demək, biz ailəvi olaraq bir-birimizin evinə gedib-gələ bilərik. Düzdür?

-Doğru deyirsən. – Fərid dedi – Bir də ki, bizim uşaqlar hələ kiçikdir. İrəlidə onların çoxlu ad günləri, xeyir işləri, nə bilim, qonaqlıqları var. Məncə, ailəvi olaraq gediş-gəlişimiz olsa, daha da yaxşı olar.

Sonra onlar ayağa qalxıb avtobusun yanına getdilər. Ustalar da maşının üzərində çalışır, işlərini hələ qurtarmamışdılar.

-Sabah günortaya qədər işləri var. – Fərid dedi.

-Hə, təxminən elə olar. Vaxt da ötüb keçmək bilmir. Saat beşin yarısıdır. Deyirəm, bəlkə gedək çayxanaya, bir stəkan çay içək. Sonra da çıxıb gedərik evə.

Şirkətin həyətindəki kiçik çay evinə yollandılar. Söhbət edə-edə ora çatanda, artıq çayxana da bağlamışdı. Muxtar o tərəf, bu tərəfə baxa-baxa dedi:

-Bizim bu Mürsəl də heç saat beş olmasını gözləmir. Bağlayıb çıxıb gedir evinə. Bəs indi neyləyək? Hara gedək? Könlümə yaxşı mürəbbəli, pürrəngi çay düşüb. Özü də evdə dəmlənmiş olsun.

Fərid bir az fikirləşib dedi:

-Onda gedək bizə. Evimiz yaxındır.

Muxtar əvvəlcə getmək istəmədi. Sonra nəsə fikirləşib dedi:

-Arvad evdədir?

-Hansı arvad? – Fərid soruşdu.

Muxtar güldü:

-Necə yəni hansı arvad. Həyat yoldaşını deyirəm də… Dedim bəlkə işdə olar. Çay dəmləyən olmaz. Bir yerdə işləmir ki?

-Yox, heç yerdə işləmir. Evdə olur.

-Hə, onda getmək olar. Görək, bacı bizim üçün necə çay dəmləyəcək.

Təxminən on dəqiqə sonra, onlar Fəridgilə çatmışdılar. Qapının zəngi çalınanda, Məleykə ev işləri ilə məşğul idi. “Fərid bu gün işdən nə tez gəldi” – dəyərək, gedib qapını açdı. Ərinin yanında başqa adam olduğunu gördükdə dedi:

-Axşamınız xeyir. Ay Fərid, zəng edib, deyərdin ki, qonağım var, mən də işimi bilərdim.

Muxtar tez dilləndi:

-Hər vaxtınız xeyir bacı, eybi yoxdur, heç narahat olma. Mən də elə Fəridin iş yoldaşıyam. Başqa adam deyiləm ki.

Sonra da ayaqqabısını çıxara-çıxara

gülümsünərək:

-Sizin ev bizimkindən səliqəli, təmizdir – dedi.

Fərid də:

-Xoş gəlmisən, buyur içəri – deyə, səsləndi.

Muxtar əyləşib, yerini rahatlaya-rahatlaya mətbəxə sarı gedən qadına baxıb dilləndi:

-Hə, bacı, bayaq çayxana bağlı oldu. Fərid də təklif etdi ki, gedək bizə, yaxşı bir çay içək. Mən də gəldim.

-Nə olar ki, – qadın dedi, –  xoş gəlmisiniz. İndi bu dəqiqə çay gətirərəm.

Muxtar hər tərəfə göz gəzdirir, tavana, divarlara diqqətlə baxırdı.

-Ev belə olar da… Özü də üçüncü mərtəbədə. Sağlığına qismət olsun. Yəqin ki, təzə təmir etdirmisən. Geniş, işıqlı, həm də iş yerinə yaxın. Mənim də fikrim var ki, bu yaxınlarda evimi yüngülvari də olsa təmir elətdirəm.

Sonra da ayağa qalxıb qarşı tərəfdəki qapıya sarı getdi:

-Səhv eləmirəmsə, bura da qonaq otağıdır – dedi.

Əlini qapıya sürtüb, razı halda başını tərpətdi:

Mən də təmir vaxtı bu qapılardan alacağam. Heyif deyil bunlar? Bizimkilər daha köhnəlib. Görürsən, bunun qıfılı da lap möhkəmdir.

Sonra da gəlib yerində əyləşdi:

-Hə, çox yaxşı, çox yaxşı. Xoşum gəldi. Yəqin ki, televizoru kreditlə almısan. Bu modellər yaxşıdır. Bilirsən niyə deyirəm? İndi hamı belə edir. Kreditlə alanda, hər ay az-az ödəyirsən, gözə görünmür.

Bu vaxt Məleykə mürəbbə ilə çay gətirdi. Muxtar da stəkandan nəlbəkiyə çay süzüb, razı halda dilləndi:

-Bəh, bəh, əsl çay belə olar da… Bayaq iş yerində Fərdə dedim ki, mürəbbə ilə pürrəngi çay olsaydı içərdik. Bacı da elə bil ki, ürəyimizi oxuyubmuş. Necə demişdik, elə də oldu. Əllərinə sağlıq bacı, yəqin ki, mürəbbəni də özün bişirmisən.

Bu vaxt Fərid dedi:

-Hə, onu da Məleykə bişirib.

-Çox gözəl, çox gözəl. Məleykə bacının mürəbbəsi lap başqa aləmdi. Mən nə qədər çalışsam da, evdə bu cür dadlı mürəbbə bişirtdirə bilmirəm. Ay Məleykə bacı, bir gün gəl bizə, bunun bişirilmək qaydasını bizimkilərə də öyrət.

Məleykə də mülayim səslə, bir qədər də xoş ifadə ilə dedi:

-Bir az çalışsalar, diqqət göstərsələr sizinkilər də bacarar. Burada çətin nə var ki?

Muxtar elə bil ki, qadınla söhbət etməyə yeni bir mövzu tapıbmış kimi dilləndi:

-Məleykə bacı, bişirməyinə bişirər ey… Amma, bu cür alınmır da… Bu çox ləzzətli oldu.

Qadın bir söz deməyib, mətbəxə keçdi.

Muxtar Fəridə sarı dönüb dedi:

-Bacıya de ki, yemək hazırlamasın. Tez durub gedəcəyəm. Elə çayınızı içdim, sağ olun. Bura bax, deyirdin ki, bir oğlum, bir qızım var. Heç soruşmadım, bəs onlar hanı? Heç gözümə dəymirlər.

-Uşaqlar nənəsigilə gedib. Axşam gedib gətirəcəyəm.

Bu vaxt qapının zəngi çalındı. Fərid gedib açdı. Təxminən qırx, qırx beş yaşlarında bir qadın göründü. Fəridə salam verib dedi:

-Deyəsən, qonağın var.

-Hə, iş yoldaşımdır.

Qadın içəri girib Muxtara da salam verdi.

-Axşamın xeyir, bacı sağ ol – Muxtar tez dilləndi.

Qadın Fəriddən soruşdu:

-Məleykə haradadır? Evdədir?

Fərid cavab verməmiş, Muxtar dedi:

-Bacı mətbəxdədir. Dedim ki, zəhmət çəkib yemək hazırlamasın. Tez gedəcəyəm. Bəlkə də indi axşam yeməyinə hazırlıq görür. Amma, mürəbbəli çaya söz ola bilməzdi.

Qadın bir söz deməyib mətbəxə keçdi. Məleykəni görüb:

-Salam, ay qız, necəsən? – dedi.

-Yaxşıyam. Sağ ol.

Sonra isə Zəminə, qaş-gözlə otağa sarı işarə edərək gülümsünüb dedi:

-Əcəb yaxşı qardaşın var. Dilli-dilavər.

-Başa  düşmədim. Nə demək istəyirsən?

-İndicə mən içəri girəndə, səni soruşdum. Fəridə imkan vermədi. Dedi ki, bacı mətbəxdədir. Bu necə qonaqdır? Kimin harada olmasına, nə iş görməsinə diqqət yetirir. Qonaq gəlib sakit oturar yerində, bir stəkan çayını içib, ordan-burdan söhbətini edər, sonra da durub çıxıb gedər. Bunu birinci dəfədir ki, görürəm. Sizə tez-tez gəlib gedir?

Məleykənin səbri tükəndi:

-Ay qız, bir dayan da… Sualları düzmüsən dalbadal. Bilmirən hansına cavab verim. Fəridin iş yoldaşıdır. Sürücüdür.  Sürdükləri maşın təmirdə imiş. Fərid də deyib ki, gedək bizə, çay içək. O nə sözdür deyirsən ki, sizə tez-tez gəlir. Onun burda nə işi var ? İndi insandır da… Fəridlə bir yerdə gəlib. Gələni evdən qovmazlar ki. Qəribə adamsan ey…

Zəminə əyləşdi. Çaydan bir qurtum içib sözə başladı:

-Məleykə, mən demirəm ki, evinizə adam gəlməsin. Deyirsən ki, insandır, gəlib. Bu gün çay içməyə gələr, sabah yemək yeməyə, birisi gün də deyər ki, içki alım içək. Səni bilmirəm, amma, mən heç vaxt yad adamı evə buraxmaram. Bunu sənə böyük bacın kimi deyirəm. İş yoldaşı iş yerində olar, evdə yox. Əgər yay vaxtı olsa, yenə də həyətdə, ağacların altında əyləşib söhbət edə bilərlər. Gəlib girib otağın içinə, gözündən də heç nə yayınmır. Adama da başdan-ayağa elə diqqətlə fikir verir ki, az qala yerişimi itirib yıxılmışdım yerə. O tərəf, bu tərəfə baxa-baxa özümü mətbəxə güclə çatdırdım. Fəridə tapşır, bir də bunu evə gətirməsin. Yəqin ki, sənə də o qədər “bacı”, “bacı” deyib ki, utandığından qaçıb girmisən mətbəxə.

Zəminə bunu deyib, bərkdən güldü. Muxtar qadının səsini eşidəndə, onun da üzündə bir təbəssüm yarandı.

-Eh, qadınlar, qadınlar – dedi. – Elə həmişə belə şən əhvalda olasınız.

Sonra yenə əlavə etdi:

-Fərid, mən həmişə deyirəm ki, qadınlar nə qədər gülərüz, deyib-gülən olsalar, biz də bir o qədər şad, xoşbəxt olarıq. Görürəm ki, bu sarıdan sənin bəxtin gətirib. İndi bura gələn qadın kim idi? Heç soruşmadım. Qonşunuz idi?

Fəridin üzündə yüngül bir əsəbilik əlaməti göründü:

-Yox, qonşu deyil, baldızımdır. Məleykənin bacısıdır.

-Hə, deyirəm axı, Məleykəyə çox oxşayır. Onu görən kimi, mən də belə fikirləşdim. İki bacı bir-birlərindən seçilmirlər. Lap yaxşı, uzaqda yaşayırlar? Yoxsa yaxınlıqda olurlar?

-Bir qədər aramız var.

-Çox gözəl, çox gözəl.

Sonra yenə nəsə fikirləşib dedi:

-Fərid, bacıya de, yemək-zad hazırlamasın. Bir az söhbət edib gedəcəyəm.

-Yemək yeyəndə nə olar ki…

-Yox, yox, heç nə lazım deyil. Sağ olun. Elə mürəbbə ilə çay nəyə desən dəyərdi. Bacının əllərinə sağlıq. Çox gözəl bişirmişdi. Yaman ləzzətli idi. Bura bax, bacıya de ki, yeməyə heç bir ehtiyac yoxdur. Birdən, gətirərlər ortalığa, sonra da gərək məcbur olub yeyəm. Zəhmət çəkməsinlər. Gəlsinlər əyləşib dincəlsinlər.

Fərid ayağa qalxıb mətbəxə getdi. Məleykəyə dedi:

-Hələlik yemək hazırlama. Muxtar dedi ki, indi durub gedəcəyəm.

-Eşitdik, eşitdik – Zəminə dedi. – Çox “bacı”, “bacı” deyirdi. Əcəb yaxşı dostun var. Söhbətcil, diqqətcil. İndi neyləyək? Gedib yanında oturub, ona qardaş deyək? Elə bu qalmışdı. Bir də ki, heç burda yemək hazırlayan da yoxdu. De ki, gedə bilər.

Fərid əsəbləşdi:

-Zəminə, bəsdir. Səsin o biri otağa gedir. Özü də çox bərkdən gülmə. Xasiyyətini bilirəm. Gülməyə başladın, dayanan deyilsən. İndi insandır da… Həmişə bura gələn deyil ki. Bir az sakit olun.

Fərid otaqdan çıxandan sonra, Zəminə dedi:

-Gördün, ay qız? Mən adam tanıyanam.

İndi o oturub orada, gözü, qulağı burdadır. İstəyi də odur ki, biz də gedək oturaq onun yanında, bizimlə doyunca söhbət etsin. Danışsın, gülsün. Bir-iki dəfə belə adamlara rast gəlmişəm. Bu cür insanlar, kişilərdən çox, qadınlarla danışmağa, söhbət etməyə üstünlük verirlər. Özü də ortalıqda hər hansı söhbət olsun deyə, nədən gəldi danışırlar. Qadınların saç formasından tutmuş, kosmetikaya qədər hər yerdən xəbər verirlər. Hərdənbir də şit-şit gülümsünüb, “elə deyil?”, “düz demirəm?” – deyə, soruşurlar. Belə edirlər ki, biz də onların üzünə gülüb, “sən lap düz deyirsən” – deyə, cavab verək. İndi, sən ona fikir ver. Biz, beş-on dəqiqə də burada qalsaq, daha onun Fəridlə söhbət etməyə heç bir marağı qalmayacaq. Ayağa qalxıb, çıxıb gedəcək. Mən adamı gözündən tanıyıram.

-Ay qız, bir az yavaş danış, – Məleykə dedi – Eşidər, yaxşı deyil.

-Eşitsin də… Elə burda oturub gözləyəcəyik ki, o haçan durub gedəcək?

Fəridlə Muxtar da maşının necə təmir olunmağından, hava şəraitinin necə keçməsindən söhbət edir, hərdənbir də, televizorun səsini bir az da artırıb, bir-birinə:

-Qulaq as, qulaq as. Deyəsən, təzə xəbər var – deyirdilər. Beş-altı dəqiqə bu xəbərin müzakirəsi gedəndən sonra, yenə də fikirləri dağılır, danışmağa bir söz tapmayaraq, maşının təmirindən, hər ikisinin çox yaxşı xəbərdar olduqları bu günkü işdən danışırdılar. Sonra da nə barədəsə suallar verib, cavab aldıqda, “hə, onu bilirəm, bilirəm” – deyirdilər.

Məleykə yemək hazırlamaqla məşğul idi. Zəminənin də səbri daha tükənmişdi:

-Deyəsən, danışmağa sözləri də yoxdu. Sakit oturub televizora baxırlar. İşimiz var da… Adama deyərlər, elə evində oturub verilişlərə baxa bilmirdin?

Məleykə də öz işi ilə məşğul ola-ola hərdən bacısına baxır, bir söz demirdi.

Təxminən yarım saat da keçdi. Televizorda növbəti xəbərlər qurtarandan sonra, Muxtar ayağa qalxdı.

-Yaxşı, Fərid, hələlik salamat qalın. Daha gecdir, mən gedim.

-Gedirsən? Evimizə birinci dəfədir ki, gəlirsən. Heç yemək də yemədin. Oturmuşuq da… Başqa işin var?

-Yox, sağ ol. Daha gedim. Vaxt olar, yenə gələrəm. Ad günlərində, xeyir işlərdə görüşərik. Həmin vaxt yaxşı yeyib-içərik. Bacıya de ki, mürəbbəli çay çox dadlı idi. Zəhmətinə görə sağ olsun.

Sonra onlar dəhlizə çıxdılar. Söhbətləri də mətbəxdə aydın eşidilirdi:

-Yaxşı, sağ ol. Mən gedim. Yenə görüşərik.

Fərid isə deyirdi:

-Heç yaxşı olmadı. Yemək hazırlamışdılar.

Zəminə bu vaxt mətbəxdə, qapıya sarı baxa-baxa, yavaşcadan, pıçıltı ilə, bir az da əsəbi halda:

-Buna bax da… İmkan verməyəcək ki, kişi çıxıb getsin. Ay bala, beş saatdır oturub ayağa qalxmaq istəmir. İmkan ver getsin də… – dedi.

Muxtar da ayaqqabısını geyə-geyə:

-Yaxşı, sağ olun. Bacıya de ki, salamat qalsınlar. Yenə də görüşərik.

Bunu eşidən Zəminə, Məleykəyə sarı dönüb, əllərini yuxarı qaldıraraq dedi:

-Şükür, şükür olsun, qardaşın getdi. Amma, dedi ki, yenə gələcəyəm.

Sonra onlar mətbəxdən çıxıb otağa daxil oldular. Fərid də fikirli halda televizorun kanallarını o tərəf, bu tərəfə çevirməklə məşğul idi.

-Qonağın getdi? – Məleykə soruşdu.

-Hə, getdi.

Zəminə isə hələlik susurdu. Nəhayət, dilləndi:

-Fərid, mən bir söz deyim. Amma, acığınız gəlməsin. Özünüz bilərsiniz. Öz işinizdir. Sizin ailə işlərinizə də qarışa bilmərəm. Hər kəs öz evinə cavabdehdir. Mənim fikrimcə, xasiyyətini bilmədiyin kənar adamı evə dəvət etmək heç də düzgün deyil. Çöldə, bayırda dostluq, yoldaşlıq etmək bir başqa, amma ailə içərisinə kimisə gətirmək məsələsində bir az diqqətli olmaq lazımdır. Düzdür, çox adam buna dərindən fikir vermir, deyir ki, mən onu çoxdan tanıyıram. Bu, heç də o demək deyil ki, sən onun bütün xasiyyətinə, özünü necə aparmasına bələdsən. Rəhmətlik babam deyərdi ki, ailəvi dostluğun şərtləri ağırdır.

Fərid bu söhbətləri birdəfəlik qurtarmaq üçün çox da fikirləşmədən dedi:

-Zəminə, bilirsən necədir? O mənim iş yoldaşımdır. Neçə ildir bir yerdə işləyirik. Gəldik ki, bir stəkan çay içək. İndi o hər gün bura gələn deyil ki? Bu da bir iş idi. Sonra da Məleykəyə sarı dönüb dedi:

-Sən də onu görən kimi qaçdın getdin mətbəxə.

-Bəs neyləməliydim? Sizinlə bir yerdə oturub maşın təmirindən danışmalıydım?

Fərid bu zaman yaranmış gərginliyi aradan qaldırmaq üçün dedi:

-Amma, sənə yaman “bacı”, “bacı” deyirdi ha…

-Sənin qonağındı da… Mən onu hardan tanıyıram? Səsini eşitdim. Evdə-eşikdə nə görürdüsə nəzər yetirirdi.

Bir neçə gün keçdi. Avtobus da təmirdən çıxmış, sürücülər də öz işləri ilə məşğul idilər. Günlər ötdükcə Fəriddə, özünün də başa düşmədiyi bir narahatçılıq yaranmışdı. Tez-tez Muxtarın onlara qonaq gəldiyi günü yadına salır, həmin vaxt onun nə danışdığını, nələrə nəzər yetirdiyini xırdalıqlarına qədər xatırlamağa çalışır, bununla da iş yoldaşının necə adam olması barədə öz-özlüyündə müəyyən bir təsəvvür yaratmaq istəyirdi. Bəlkə də bu fikirlər, heç bir lüzumu olmayan düşüncələrdən ibarət idi. Amma Fərid üçün bu təsirdən qurtarmaq da çox çətin idi. Hər dəfə Muxtarı görəndə belə hesab edirdi ki, indi bu dəqiqə o yenə dostluğu, tanışlığı möhkəmləndirmək üçün yenə də Fəridgilə getməyə cəhd edəcək. Ona görə də mümkün qədər ondan gen gəzməyə, gözünə az-az görünməyə çalışırdı. Nə vaxtsa Muxtarın, “Gəlsənə, bu axşam sizə gedək, o vaxt içdiyim çayın dadı hələ damağımdan getməyib” – sözünə etiraz etmək üçün cürbəcür cavablar fikirləşir. Lazım olan vaxtda onları demək üçün özünü hazırlayırdı. Hərdən də düşünürdü ki, Muxtara desin: – “Gəlsənə, bu yaxınlarda, axşamların birində sizə gedək. Beş-on dəqiqə oturub söhbət edək”. Həm də nəzərdə tutmuşdu ki, bu gün yoldaşının və uşaqların evdə olmamasına görə tək qalmasını, darıxmasını bəhanə gətirsin. Məqsədi də onların ailəsini daha da yaxından tanımaq, vəziyyətləri ilə yaxından tanış olmaq idi. Amma, bu istəyindən daşındı. Fikirləşdi ki, bu onların arasında gediş-gəlişi daha da möhkəmləndirəcək. Sonra da Muxtarın ayağını öz evlərindən kəsə bilməyəcək. Bütün bunlarla bərabər, dostu barədə hər şeyi öyrənmək fikri onu rahat buraxmırdı.

Bir neçə gün sonra, şirkətin həyətindəki çayxanada əyləşib, iş yoldaşı Muradla bir yerə ordan-burdan söhbət edəndə, yenə də Muxtar yadına düşdü. Birdən-birə ağlına gəldi ki, Muxtar barəsində Muraddan nəsə öyrənsin. Ona görə də soruşdu:

-Murad, sən bu şirkətdə çoxdan işləyirsən. Muxtarla bir yerdə yoldaşlığınız olubmu?

Murad təəccüblə soruşdu:

-Niyə soruşursan? Nə baş verib?

-Əşşi, heç nə. Elə-belə soruşuram.

-Sən boş yerə söz xəbər almazsan. Yenə də…

-Ay kişi, deyirəm ki, elə-belə soruşdum da… Qəribə adamsan ey… Bir söz deyən kimi qorxuya düşürsən. Bu nə adətdir? Deməyim odur ki, mənimlə bir yerdə çalışır. Çox yaxşı xasiyyəti də var. Soruşuram ki, səninlə münasibəti necə olub? Başqa mənada demədim.

-Hə, nə deyim? – Murad dedi: – Yaxşı yoldaşdır. İşini də bacarandır. Sonra nə deyim? Ailəvi gediş-gəlişimiz də var.

-Ailəsini də tanıyırsan?

-Əlbəttə, tanıyanda nə olar ki? Yox, Fərid, sən boş yerə söz soruşmazsan. De görüm, nə olub?

-Sənə dedim ki, heç nə olmayıb. Mənimlə yoldaş olduğu üçün maraqlandım.

-Hə, yadımdam çıxdı sənə deyim. Muxtar mənim əmim oğludur. Elə zənn etmə ki, qohum olduğu üçün tərifləyirəm.

-Əmin oğludur? Çox yaxşı, bunu heç bilmirdim.

Sonra da onlar beş-on dəqiqə söhbət edəndən sonra, Fərid ayağa qalxıb getdi.

Muradı fikir götürmüşdü. Son vaxtlar iş yerində olanları bir-bir yadına salır, bu hadisələrin Muxtarla bağlı olub-olmadığı barədə düşünürdü. Amma, qəti bir qərara gələ bilmirdi.

Bu vaxt, çayxananın qapısı ağzında Muxtar göründü. Murad istər-istəməz yerindən qalxıb əl işarəsi ilə onu yanına çağırdı.

-Ay Muxtar, bura gəl.. Gəl bir az söhbət edək.

Muxtar gəlib, salam verib əyləşdi. Murad bir stəkan çay süzüb dedi:

-İç əmioğlu, necəsən, nə var, nə yox? Çoxdandır ki, görünmürsən. Deyəsən, maşını da düzəltmisiniz. Salamat işləyin.

-Sağ ol, əmioğlu, sənin işlərin necə gedir?

-Çox sağ ol. Elə indicə sənin növbə yoldaşın Fərid burda idi. Çay içib bir az söhbət etdik. Onu görmədin ki? Beş dəqiqə bundan qabaq çıxdı.

-Yox, görmədim. Yəqin, evə gedib.

-Bilirsən, niyə deyirəm?

-Niyə?

-Səninlə yaman maraqlanırdı.

-Başa düşmədim, mənimlə? Məni tanımır ki? Neçə ildir bir yerdə işləyirik.

-Heç mən də anlamadım ki, nə üçün bu qədər suallar verir. Soruşdu ki, o necə adamdır? Xasiyyəti necədir? Ailəsi, filan və sairə.

Muxtar bir qədər fikirləşəndən sonra dedi:

-Bəs, sən nə dedin?

-Qəribə adamsan ey… Nə deməliydim ki? Necə var, elə də dedim. Dedim ki, yaxşı yoldaş, gözəl insandır. Sonra da dedim ki, ailəvi gediş-gəlişimiz var. Bunu eşidəndə lap təəccübləndi. Dedi ki, necə dedin? Bir-birinizin evinə gedib- gəlirsiniz? Mən də dedim ki, Muxtar əmim oğludur.

Muxtar bir söz demədən gah acı-acı gülümsünür, gah da barmaqlarını yavaş-yavaş stola döyəcləyirdi. Murad yenə sözünə davam etdi:

-Bura bax, bu yaxınlarda aranızda bir mübahisə, filan olmayıb ki? Bilirəm, sənin xasiyyətindir, dilini dinc qoyan deyilsən. Yəqin ki, ona nəsə demisən, o da inciyib.

-Yox, ona heç nə deməmişəm. Amma bir-iki gün bundan qabaq onlara getmişdim. Bir stəkan çay içib, ordan-burdan söhbət etdik.

-Hə, bunu bayaqdan de də… Məni niyə dağa-daşa salırsan? Yəqin ki, orda nəsə xoşagəlməz bir söz işlətmisən.

-Yox, nə danışırsan? Bu ola bilməz. Məni tanımırsan? Uşaq deyiləm ki. Nə isə, o soruşdu, mən də bildiyimi dedim.

İki gün sonra, Fəridlə Muxtar şirkətin həyətində görüşdülər. Öz adətlərinə uyğun olaraq, ağacların altına qoyulmuş skamyada əyləşib söhbət edirdilər. Fəridin onunla maraqlanması məsələsi Muxtarı rahat buraxmırdı. Ona görə də söhbət əsnasında dedi:

-Fərid, səndən bir söz soruşacağam. Amma, doğru cavab ver. Lap açıq deyəcəyəm. Eşitdiyimə görə, mənim necə adam olduğumu Muraddan xəbər almısan. İndi də sənə bir söz deyim. Neçə ildir ki, bir yerdə işləyirik. Məni tanımırsan? Xasiyyətimə bələd deyilsən? Hər vaxt da azdan-çoxdan bir-birimizin həyatından, ev-eşikdə olanlardan xəbər tuturuq. Bəs, nə oldu ki, birdən-birə mənim barəmdə başqalarından nəsə öyrənmək istədin?

Fərid dinmədi. Nə deyəcəyini bilmədi. Azca fikirləşəndən sonra dedi:

-Soruşmaq deyəndə ki, öz işlərimizdən söhbət edirik. Mən də elə sözgəlişi səni xəbər aldım.

-Yox, Fərid. – Muxtar dedi: – Bu söhbət heç də təsadüfi olmayıb. Əvvəllər, mənimlə bu qədər maraqlanmamısan. Düzdür? Buna ehtiyacın da olmayıb. Sizin evə gedəndən sonra, əgər mənim haqda daha da dərindən nəyisə bilib, öyrənmək istəmisənsə, deməli, burda nəsə var. Hansısa bir sözüm, hərəkətim xoşuna gəlməyibsə, gərək bunu özümə deyəydin.

-Yox, nə danışırsan? Həmin vaxt sən nə dedin ki? İş barəsində söhbət etdik. Bir də televizora baxdıq. Başqa heç nə.

Muxtar mənalı baxışlarla onu süzüb dedi:

-Dostum, hər şey sən fikirləşdiyin qədər də sadə deyil. Elə insanlar var ki, dostunu, iş yoldaşını evə dəvət etdikləri vaxt, onun ən xırda hərəkətlərinə, danışıqlarına dərindən fikir verirlər. Həm də istəyirlər ki, onların qonağı tamamilə özlərinin istəyinə uyğun, dünyanın ən mərifətli, heç bir qüsuru olmayan ideal bir insan olsun. Çox vaxt da bu mümkün olmur. Çünki, insanların xarakterləri müxtəlifdir. Söhbətləri, düşüncələri, dünyagörüşləri bir-birindən fərqlidir. Uzun sözün qısası, mən belə başa düşdüm ki, sizdə olarkən hansısa hərəkətim, danışığım sizi qane etməyib. Məni yola salandan sonra fikirləşmisən ki, bunu evə dəvət etməsəydin, daha yaxşı olardı.

-Yox, sən nə danışırsan? Deyəsən, sən lap çox uzağa getdin.

-Qulaq as, Fərid, sən desən də, deməsən də bu belədir. Bir söz də deyim, incimə. Bundan sonra, sən nə vaxt istəsən, bizə gələ bilərsən. Əziz qonağımsan. Amma, mən daha sizə gəlməyəcəyəm.

Fərid gülüb dedi:

-O necə olur? Birtərəfli qaydada qonaqlıq? Birinci dəfədir ki, eşidirəm.

-Neyləyək? Belə alındı da… Bundan sonra yenə də dostluğumuz, iş yoldaşı olmağımız, münasibətimiz öz yerində qalır. Qismət olsa, uşaqların da xeyir işində restoranda, şadlıq evində görüşərik.

Fərid fikrə getdi. Bir az sonra dedi:

-Amma, bu heç də yaxşı olmadı.

-Niyə? Mənim fikrimcə belə olsa yaxşıdır. Sənin də narahatçılıq keçirməyinə heç bir səbəb qalmaz. Onu da yaxşı bilirəm ki, bundan sonra, nə sən xasiyyətini dəyişən deyilsən, nə də ki, mən. Ən yaxşısı budur. Münasibətimiz də elə əvvəlki kimi  qalsın.

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI
Ədəbiyyat

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021

Davamını oxu
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Qonaq

Yaqut Dəmirov – Qonaq

05 Mart 2026
Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

16 Dekabr 2022
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.