Mucru.art Vəfa Canın “Əlcəklər” hekayəsini təqdim edir:
Gördüyü qarışıq yuxuların təsiri ilə oyanıb, yeni günə başlamaqdan xoşu gəlmirdi. Yuxu görmək onun üçün işgəncəydi.Yaxşı ki, bu işgəncəyə nadir hallarda məruz qalırdı, yoxsa ən yaxşı ehtimalla ölərdi, ən pis ehtimal dəli olardı. Hər sabah dəli olub gün ərzində ruhi vəziyyətini balanslaşdırmaq, özünü normal olduğuna inandırmaq, qaralan hava ilə birgə ruhi tarazlığa olan ümidlərini də zülmət bürüyürdü.
– Artıq sakitləşmək, qalxmaq vaxtıdır. Nə iş səni gözləyir, nə də ki, müdir.
Səhər alaqaranlıqda özünə qulaqburması verib, özünü yataqdan qalxmağa məcbur edirdi.
– Ağılllı qız ol, üzünü də yu, bircə qalıb bir fincan qəhvə içmək və sən artıq hazırsan.
Xoşbəxtlikdən geyimə xüsusi diqqət ayırmırdı.Ya da tənbəllik və həvəssizliyini bu bəhanə ilə ört-basdır edirdi. Bir şeyi etməyə tənbəllik edirsənsə sadəcə sevmədiyini və ya anlamadığını deyirsən və məsələ bağlanır.
Qar yağmasa da çox gözəl “Qar kraliçası” nəfəsini xatırladan şaxta vardı.
Velvet şalvar və rəngli saplardan doğulmuş bir poluver şaxtaya çox uyğundur.
– Qəhvə də soyudu, heç içmə qalsın, ən yaxşısı işdə bir çaya qonaq et özünü.
Bütün bu qırıq-qırıq fikirlərinin arasında yuxusunu xatırlayırdı. Gördüklərindən gözü su içməmişdi.
– “Nə isə olacaq.”– deyə düşündü.
– Axmaqlama, batil inanclara inandırırsan özünü sonra əziyyət çəkirsən.
– Əlcəkləri aparmağa gəlmişdi. Dedi.. (nəfəsi kəsilirmiş kimi) dedi ki, “Əlcəklər əlini isti saxlasa da qəlbini buza döndərib”.
– Çox düşünürsən ondandır. Bir az rahat ol.
– Bilirsən də qızım, mən o əlcəkləri necə sevirəm.
– Bilirəm mən də sənin bir tayınam, eynən o əlcəklər kimi. Amma heç nə olmayacaq.
– Yadındadır, necə nəvazişlə əlimizə toxunurdu…
– Yadındadır, əlləri ilə əlimizin ölçüsünü necə götürüdü…
– Yadındadır, ilk dəfə əlcəkləri geyinəndə çox təəccüblü gəlmişdi mənə. Nə kiçik nə də böyük olmadı, qəlib kimi oturdu əllərimizə.
– Hələ dedi ki, hər geyinəndə elə biləcəksən mən tuturam əllərindən. Əlimin istisi buradadı, mən bir gün olmasamda o həmişə səninlə olacaq
– Hə bilirəm, bilirəm amma hər dəfə yada salıb ikimizi də incitməyin nə mənası var?
– O bizim yeganə ortaq nöqtəmiz idi, ikmiz də sevmişdik onu.
– Artıq qəbul et, o yoxdur.
– Tez ol, toparlan ağlamaq vaxtı deyil gecikirik işə.
Tez-tələsik çantasını toplayıb evdən çıxırdı ki, qapının dəstəyi əllərini üşütdü qayıdıb əlcəklərini götürdü.
Qapı elə zərblə çırpıldı ki, içindən bir anlıq bir silkələnmə oldu.
– Bu gün nəsə olacaq, – ürəyindən keçirdi.
– Bəsdir!
Taksi saxladıb, dalğın halda işə yollandı.
– Səni daha incitmir onun yoxluğu?
– O mənim üçün var olanda da, cismən yox idi, yox olanda da. Heç nə dəyişmir.
– Necə yəni?
– Sən onun gülüşünü sevdin, mən qəlbinin gözəlliyini. Sən onun baxışını sevdin, mən isə bəxş etdiyi sevgini. Sən onun üçün darıxanda kədərləndin mən darıxmaqdan zövq aldım. Mən yenə onu sevirəm o məndədir sən isə ona toxuna bilmirsən, görmürsən.
– Bax elə buna görə səni heç vaxt anlamamışam. Danışmağıma da peşman oluram səninlə..
Bir-birindən incimiş kimi, susdular.
…Adi bir iş günü olsa da, hələ də içindəki sıxıntı onu rahat buraxmırdı.
Gah gözünün önünə qısametrjalı film kimi əlcəklərini gətirirdi, gah da ürək ağrısıyla nəfəsinin boğulduğunu hiss edirdi.
– Bəlkə bu gün evə getməyim, gedim kiminsə evində qalım. Səhər qapı da, üstümə acıqlanırmış kimi çırpıldı. O da bezib deyəsən məndən.
– Sən dəli olursan. Qapı da adama acıqlanar?
– Qapının acıqlanmasını düşünmək dəlilik əlamətidir amma ikimizin söhbət etməsi normal. Sən çox ağıllısan axı…
– Ən azından sutka ərzində bu gün nəsə olacaq deyib baş-beynimizi aparmamışam.
– Hiss edirəm, bu gün nəsə olacaq.
– Ay “ağıllı” daha nə olsun? İllərini bölüşdüyün biri artıq yoxdur, onun yerini indi mən doldurmağa çalışıram. İstəmirəm tək qalasan amma sən adam deyilsən, vallah. Heç dözmək olmur sənə. O səni necə sevib?
– Yəqin ikimizi birdən sevib.
– Hərdən yaxşı söz də deyirmişsən sən.
Hər ikisinin dodağına təbəssüm qondu.
Öz-özünə gülümsəyib iş yerinin yerləşdiyi binanı tərk etdi.
– Gəl bu gün iki rəfiqə özümüzə bayram edək.
– Misal üçün?
– Məsələn boya alaq saçımızı boyayaq.
– Dırnaqlarını da boyasan pis olmaz, necə də olsa, gənc xanımsan biraz baxımlı ol.
Avtobusdakı insan sıxlığından az qalmışdı ki, nəfəsi kəsilə. Dayanacaqda su kimi sızıb çıxdı insan süxurlarının arasından.
Cəld evin yaxınlığındakı mağazaya girdi bir saç, bir dırnaq boyası seçdi. Pul ödəmək üçün çantanı açmaq istəyirdi ki, əlcəklərini mexaniki bir hərəkətlə soyundu tez pulqabını çıxarıb pulu ödədi və mağazadan çıxdı. Otuz-qırx addım getmişdi ki, əllərinin donduğunu hiss etdi əllərinə baxdı, əlindəki paketə baxdı.
Tez çantasını açdı. Çantada da yox idilər. Qaçaraq mağazaya girib soruşdu:
– Mənim əlcəklərim burda qalmayıb ki?
Satıcı sual dolu, çaşqın nəzərlə üzünə baxdı sonra da ətrafa göz gəzdirdi.
– Yox burda heç nə yoxdur, getdiyin yola bax diqqətlə, yəqin yolda salmısan.
Təəssüflənsə də tapacağı ümidi ilə mağazadan çıxmışdı ki, əlcəklərin maşın yolunun ortasında o baş, bu başa sürükləndiyini gördü.
Əlləri ömürlük soyuğa məhkum olmuşdu. Bədənindən keçən sızıltı ilə bu sözləri pıçıldadı: “Bilirdim ki, bu gün nə isə olacaq.”