Qızxanım İlqar Mikayıl
hekayə
ŞƏBNƏM
Aprel döyüşlərində şəhid olmuş
Əbubəkir İsmayılovun və bütün şəhid olmuş əsgərlərimizin
xatirəsinə həsr olunur.
Yeni evlənmiş iki sevgili sonsuz məhəbbətlə evdən birlikdə çıxıb işə getmək üçün yollarını ayırdılar. Şahin bir az gedib dayandı. Dönüb ondan uzaqlaşan yarısının arxasınca boylandı. Qeyri-ixtiyari qəlbini həsrət bürüdü:
– Şəbnəm… – məhəbbətinin təravətini səslədi.
Adını eşidən Şəbnəm çevrilib onu səsləyən doğma səsi sevincdolu gözləri ilə aradı. Görən gözləri dodağında güldü. Gülümsədi. Şahin bir anlıq dayanıb o təravətli səhər şehini seyr etdi. Ona tərəf qaçdı. Bağrına basdı sevgisini… Bağrına basdı… Şəbnəm də bir neçə dəqiqənin intizarıyla ürəyini ovlayan Şahini bərk-bərk qucaqladı. Əllərini cütləyib sevgisinin üzünü ovuclarıyla qucaqladı. Özünü zamansız yetirəcək həsrətin şifrələri sanki gözlərində yazılmışdı. Şəbnəm dözmədi:
– Nə olub, indicə ayrılmışdıq ki…
– Bilmirəm, mənə nəsə oldu, birdən elə darıxdım ki…
– Şahin…
– Ay can!
– İkimizdə işə gecikirik…
– Bilirəm, yaxşı onda mən getdim, – gözlərini ondan ayıra bilmirdi.
Şəbnəmin alnından öpüb dönüb getdi.
…
Şəbnəm məktəbə – şagirdlərinin yanına, Şahinsə lap uzaqlar – göylərin fəthinin dalınca…
Düşmən gözlənilmədən hücum etməsəydi, o gün, həmin gün vərdiş elədikləri günlərdən biri ola bilərdi. Əgər… düşmən…
Dərslər bitdi. Şəbnəm şagirdlərini yola salıb həmişəki kimi evə qayıtdı. Heç ağlının ucundan da keçməzdi ki…
Həmin gün – 1 aprel 2016-cı ilin gözəl bir yaz günü idi. Şəbnəm sinfə girdi. Şagirdləri ilə salamlaşdı. Ev tapşırıqlarını yoxladı. ” V” hərfinə başladı – yeni dərsinə. Şagirdlərinə ilk öyrətdiyi söz də “Vətən” oldu. Bəlkə də o saniyələrdə hansısa aşotlar, qriqoryanlar, balayanlar hücum çəkib dinc əhalini qırmağa, torpaqlarımızın keşiyini çəkən əsgərlərimizi öldürməyi planlaşdırırdılar.
Döyüş əmri alan əsgərlər vətənin müdafiəsinə qalxdılar. Şəbnəmin şagirdlərinə öyrətdiyi vətənin…
Şahin və iki döyüş yoldaşı hərbi helikopterə minib havaya qalxdılar. Şahin tapşırıq yerinə yetişən zaman Şəbnəm sevgilisinin sığalını xatırlayır, xəfifcə gülümsəyir, dərs keçir, lövhədə yazı yazırdı. Dövrə vurub düşməni izləyən zaman partlayan bombaların dəhşətli səsi fonunda Şəbnəmin gülən xəyalını görürdü. Yuxarıdan döyüş meydanı daha aydın görünürdü. Lələtəpə zirvəsində mövqe tutmuş düşmən, əsgərlərimizə aman vermirdilər.
Şahin kəşfiyyat uçuşu edib düşmənin mövqeyini dəqiq təyin etdi. Bir manevr ilə Lələtəpənin bağrındakı qarayaranı, düşmən dərdini darmadağın etdi.
İblislə döyüşdə Şahinin qanadları yarasız ötüşmədi… İlandan da zəhərli, hiyləgər düşmən şahinlərin qanadını yaralamışdı. Canları vətən qədər əziz əsgərlərə, baza geri qayıtmaq əmrini verdi. Amma düşmən hələ də məhv edilməmişdi. Yox, onlar hələ tapşırığı yerinə yetirməmişdilər.
Baza: “Şahin, dönün bazaya!”
Qəhrəmanlarım bir-birlərinə baxdılar, həmin baxışları izah etməyə qələmim də, təxəyyülüm də hiss etsə də, izah edə bilmək üçün çox acizdir. Bircə onu bilirəm o baxışlarla birlikdə Lələtəpədə partlayan qumbaranın üstünə atılan gənc kapitan neçə əsgərini ölümdən xilas etdi. Başqa səngərdə sıravi bir əsgər özünü güllə qarşısına atıb yoldaşının simasında təcəlli edən vətəni üçün canından keçirdi. Bir az zirvədə gülləsi bitmiş qəhrəman əsgərim süngüsüylə düşmənin daş qəlbini bağrından çəkib alırdı.
Hamı susurdu… Həmin baxışlarda donmuşdu sözlər… Bazadan başqa… Hamı susurdu… Sonda komandir cibindən telefonunu çıxarıb: “Zəng edin, yaxınlarınızla vidalaşın…” – deyə bildi. Şahin anasına zəng vurdu. Hər şeydən xəbərsiz ana övladının səsini duyan kimi qəlbi pərvazlanıb uçdu, səsi sevinclə cingildədi… Şahinim isə anasının məlahətli səsini dinləyib: “Ana, bu dünyada iki sevdiyim var – biri sənsən, biri də …(susdu) Haqqını halal et, Ana… ”
“Halal olsun” – qadının gözləri doldu… Yazıq ana axı hardan biləydi ki, bundan sonra hər dəfə yarası qanadıqca indi dolan o gözləri çeşmə olub axacaq. Sonra Şəbnəmi ilə danışdı. Onların vida söhbətini nə siz soruşun, nə də mən yazım… Qəhrəmanlarımın məhrəmilərinə toxunmayacağam…
Artıq vaxt yetişmişdi. Bayaqdan susmayan bazaya nəhayət cavab verdilər: “Biz tapşırığı yerinə yetirməyə gedirik!” Şahinlərim düşmənin üzərinə şığıdılar. Bir anın içində Lələtəpə alovda qərq oldu. Üç həyata son verən o müdhiş partlayış düşməni darmadağın etdi. Nəhayət Lələtəpə azad edildi. Üçrəngli bayraq helikopterdəki həmin mərd əsgərlərimizi düz təpədə əvəz etdi. Bir daha qürurlandı dalğalanan nazlı, başıbəlalı üçrəngli bayraq.
Sonralar baş verənlər Şəbnəmin yaddaşında dumanlı xəyal kimi canlanırdı. Qapıdakı izdiham, gözüyaşlı qaynanasının siması, internetdə şəhidlərin adlarının arasında Şahinin adını oxuması, bir həftə sonra nəhayət Şahinin şəhid nəşinin qaytarılması, dəfn mərasimi və son mənzil… sevdiyinin qəbri…
O hər gün bura gələcək, səhərdən axşama kimi torpağa tapşırdığı yarısı ilə danışacaq, qəbrini qucaqlayacaq, doymayacaq qədər ağlayacaqdı… Gəlib onu bir bəhanə ilə axşamı evə aparacaqlar. O isə səhəri dirigözlü açacaqdı, gəlib yenə də o gül üzlü aşiqi ilə görüşəcəkdi… bəlkə də hardasa, nə vaxtsa vüsal həsrəti ilə…
Hər şey, hər kəs dəyişilmişdi. Həyatının nağılındakı qara qüvvələr onu zülmətlə lənətləmişdilər. Bir gün yenə gəldi sevdiyinin görüşünə. Ağladı ürəyi dayanacaq qədər ağladı… Çantasını açıb zəhər şüşəsini əlinə aldı. Ölümün açı şərbətini içib hər gün canını qurtarıb bir dəfəlik yox olacaqdı, Şahininə qovuşacaqdı. Gözlərini yumdu şüşəni dodaqlarına yaxınlaşdırdı. İçmək istədi… Kimsə əlindən tutdu… Şəbnəm gözlərini açdı. Şahin idi. Hə, vallah, Şahin idi qolundan tutan. Ürəyi quş kimi çırpındı. Qalxıb boynuna sarılmaq istədi. Bacarmadı. Sanki ovsunlanmışdı. Şahin zəhər şüşəsini Şəbnəmin əlindən alıb yerə çırpdı. Daş mərmərin üzərində parçalanan şüşədən axıb mərmərin arasından süzülən zəhər daşın arasından min əzabla çiçəkləyib boylanan sarı çiçəyi soldurdu. Şahin Şəbnəmi yerdən qaldırdı. Danışmırdılar, amma bir-birlərini anlayırdılar. İki sevgili bir-birinin gözünə baxa-baxa xiyabandan çıxıb, dayanacaqda çatdılar. Avtobus gəldi, mindilər. İki sevgili hələ də bir-birinin gözlərinə baxırdılar. Şahin Şəbnəmə gülümsədi. Bu vaxt qulaqbatırıcı siqnal səsi eşidildi… Şəbnəm ağ gəlinlik libasında Şahinlə səmada süzüb gəlib Lələtəpədə yerə endilər. Qıpqırmızı laləli çöldən keçib çətirli palıdın altında əyləşdilər. İki sevgili cənnətdə görüşmüşdülər. Vüsal anı gəlmişdi… Avtobus qəzaya uğramış, Şəbnəm də həmin qəzada həyatını itirmişdi…
Öz nəşinə yuxarıdan baxan Şəbnəm yuxudan hövlnak ayılıb yatağının sağ tərəfinə nəzər saldı. Şahini sağ salamat yanında yatırdı. Şükür pıçıldadı… Zəhlətökən saatsa hələ də zəng çalırdı. Əlini saata aparıb düyməsini basdı. Saata baxdı – 06:22, 01 aprel 2016, cümə. Hələ də yuxunun təsiri altında olan Şəbnəm Şahinə bir də baxıb. Şükür ki yuxu imiş… Qalxdı, adi sıradan günə başlamaq üçün əl-üzünü yudu. Mətbəxə keçib qazı yandırdı. Çaydanı doldurub qazın üstünə qoydu. Soyuducudan iki yumurta çıxarıb qaynatdı, çörəyi isidib döğradı. Özü də bilmədən nağıl kimi həyatının sonuncu səhər yeməyini hazırladı…
Şəbnəmim hələ də Şahinin onu gəlib aparacağını gözləyir…
P.S. Bu, ölümlə bitməyən eşqlərin hekayəsidir.