“Residivist”…
2012-ci il…
İndi xatırlayarkən üstündən səkkiz il ötdüyünə heyrət edirəm. Rövşən Yerfi imzasını ilə tanışlığım onun sayca üçüncü nəşr edilən kitabı ilə başlasa da, sonradan “Üzdəniraq ada”, “Penitensiar lövhələr” və “Qadın düşərgəsi” kitablarını alıb oxudum. O dövrdə “Qazamat sanitarları”nı çox bəyənmişdim. Məhbəs ədəbiyyatının yazdığı əsərlərdə belə dəqiq, reallıqla hopdurulmuş, cizgiləri aydın görünən şəkildə, ustalıqla yaradılması onun daimi oxucusuna çevrilməyimə səbəb oldu.
Qismət elə gətirdi ki, Rövşən Yerfi ilə real həyatda tanış oldum. Bu o zamanlardı ki, onun imzasını artıq iki ildən çox idi izləyirdim. Hətta bir müddət çiyin-çiyinə işlədik, dost olduq. Mən həmişə belə tanışlıqların, dostluqların insan həyatında önəmli zərurətlərdən biri olduğuna inanmışam.
“Qanadı sınmış mələklər” Rövşən Yerfinin taleyini mənə həvalə etdiyi üçüncü kitabıdır. Bu, mənimçün həm onun oxucusu, həm də, dostu və naşiri kimi üçqat məsuliyyət, üçqat qürurdur. İlk dəfə “Şanssız”ı nəşr edəndə keçirdiyim narahatlıq, yaşadığım nigaranlıq ikinci kitabında – “Həyat etüdləri”ndə də canımdan çıxmadı. Eləcə də bu kitabda. Bunun bircə səbəbi var – yazıçımın, dostumun, müəllifimin məsuliyyəti.
“Qanadı sınmış mələklər”… 2020-ci il…
Və Rövşən Yerfi – 55 il!
Əziz yazıçımın yubiley ilində nəşr etdiyimiz bu povestlər onun sayca 12-ci kitabıdır.
“Qanadı sınmış mələklər” mənə Nobel mükafatçısı Patrik Modianonun “Kimliyi bəlli olmayan qadınlar”ını xatırlatdı.
Əsərin qəhrəmanları – nakam həyat yaşamış qadınlardır. Hər üç baş qəhrəmanın – qadının mələk saflığı ilə xoşbəxt ana, həyat yol-daşı olmaq arzusu, istəsələr belə, ərinin, sevdiyinin ucbatından buna çata bilməməsi, ailə faciələri, insan iztirabları, ağrı-acısı və tükənmişliyinin bədii konturları olduqca incəliklə qələmə alınmışdır.
Müşfiq XAN