Mücrü.art ədəbiyyatşünas Pakizə Zakirovanın Cek London yaradıclığından bəhs edən “Dünynın əvvəlindən də, sonundan da yazan yazıçı” məqaləsini təqdim edir.
Dünyanın əvvəlini də, sonunu da görən yazıçı
Doğulmamışdan qismətinə intihar yazılan, istedadı qısa zamanda parlayan, 40 illik ömründə “qabarma və çəkilmələr” durmadan bir-birini əvəz edən yazıçı Cek Londandan danışaq bəlkə?
O Cek Londondan ki, sağlığında müxtəlif ictimai hərəkatlara meyil etdiyi kimi, konkret bir ədəbi cərəyanı da seçə bilməmişdi?
O Cek Londondan ki, ölkəsində bir vaxtlar qoşulduğu Sosialist partiyasından nümayişkəranə çıxdığı halda, SSRİ-də “kapitalist Amerikasını qamçılayan”, “imperialist dünyasının ağalığına meydan oxuyan” əsərləri illər uzunu təbliğ olunurdu (SSRİ-də əsərlərinin çap tirajına görə xarici yazıçılar arasında H.X.Andersendən sonra ikinci yeri tuturdu)?
Bəlkə o Cek Londondan ki, ən məşhur qəhrəmanı Martin İdenin intiharını təsvir etdikdən bir neçə il sonra işıq üzü görən “Smok Belyu” romanında “Təbiət insana yalnız bir azdlıq vermişdir: ölümünü seçmək azadlığı” yazmaqla intihara haqq qazandırmışdı?
Danışaq. Amma sadaladıqlarımızın heç birindən yox. Dünyanın başlanğıcını da, sonunu da təsvir edən yazıçıdan danışaq – Cek Londondan.
Məlum həqiqətdir ki, ədəbiyyatın mövzu qaynağı insandır. Onun özü ilə, sevənləri və sevməyənləri ilə, mühitlə, təbiətlə və s. münasibətdə qarşımıza çıxan siması bədii əsərlərdə predmetə çevrilir. Cek London yaradıcılığında isə insanın mahiyyəti daha çox təbiətlə münasibətdə açılır. Ona uğur gətirən ilk hekayəsi “Yaponiya sahillərində tufan”dan başlamış təbiətlə, onun izaholumaz və ölçüyəgəlməz gücüylə qarşılaşır insan. Yazıçının bir çox əsərlərində təbiət-insan münasibətləri məhz qarşıdurma şəklində oxucuya çatdırılır. Təbii ki, bunu müəllifin uzun müddət sosial-darvinizm və naturalizmə meyil etməsi ilə izah edənlər də az deyil.
Londonun yaradıcılığı XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropada meydana gələn bir çox ədəbi cərəyanların təsiri altında formalaşmışdı və bir tərəfdən C.F.Kuper, F.Bret-Qart, H.Melvill, U.Uitmenin romantik ənənələri, bir tərəfdən S.Kreyn, A.Birs, F.Norrisin naturalist, H.Spenserin “sosial darvinist” ideyaları, neoromantiklərin və realistlərin, daha kimlərin təsiri müxtəlif əsərlərində üzə çıxırdı.
Ümumiyyətlə, bütövlükdə XIX əsr boyunca Amerikan ədəbiyyatının aparıcı janrlarından olan marinist romanlarda (H.Melvill, C.F.Kuper) insanın qorxunc tufanlar, şahə qalxan dalğalar, iti dişli akulalarla ölüm-qalım mübarizəsi, okeanları fəth edən insanların həyat hekayələri kifayət qədər sevilən mövzuya çevrilmişdi. Həmin qəhrəmanlar yeni dünyanın yeni insanları idi. Heç şübhəsiz, dönməz iradə və mübarizə ruhunun daşıyıcısı olan belə qəhrəmanların zirvəsi C.Londonun müasiri E.Hemenqueyin “Qoca və dəniz” povestinin qəhrəmanı Santyaqo idi.
Cek Londonun bioqrafiyası ilə bağlı çoxlarımıza məlum olan faktlar, yazıçının dinamik həyat tərzi ilə bağlı bildiklərimiz belə bir qənaəti ifadə etməyimizə imkan yaradır ki, təbiətlə birbaşa təmasdan yaranan təəssüratlar, Alyaskada, dənizlərdə səyahət zamanı topladığı zəngin material və yazıçı istedadı birləşərək dünya ədəbiyyatında insan və təbiət münasibətlərinin çox mükəmməl açıldığı əsərlərin ərsəyə gəlməsinə səbəb olmuşdur. Həmin əsərlərin bir qismi yazıçıya dünya şöhrəti gətirən, müəllifinin adı çəkiləndə ilk yada düşən hekayə və romanlardırsa, digər qisminin üzərindən çox zaman sadalanmaqla keçilir.
İkinci kateqoriyaya aid edilən əsərlərin içərisində Cek Londonun artıq tanınmış yazıçı olduqdan sonra yazdığı, yaradıcılığından söhbət düşərkən adı çox az-az hallarda çəkilən, onun heç də uğurlu əsərlərindən hesab olunmayan iki əsərindən söhbət açmaq istərdik: “Adəmdən əvvəl” (Before Adam) povesti və “Qırmızı taun” (The Scarlet Plague) romanı.
“Adəmdən əvvəl” povesti “Everybody’s Magazine” jurnalında 1906-1907-ci illərdə nəşr olunmuşdur. Çox da böyük olmayan “Qırmızı taun” romanı (povest) isə ilk dəfə 1912-ci ildə “The London Magazine”də oxuculara təqdim olunmuş, ayrıca kitab şəklində 1915-ci ildə çap olunmuşdur.
Bu iki əsər bir-birini sanki tamamlayır. Birincidə bəşəriyyətin körpəlik çağındakı insanabənzərlərin “insan”a çevrilməsi, ikincidə dünyanı öz cənginə alan qorxunc taun epidemiyasından sonra sivilizasiyanın məhvi, insanların yarıvəhşi həyat tərzinə qayıtması təsvir olunmuşdur. Eyni priyomdan Cek London daha əvvəl də istifadə etmişdi. “Əcdadların harayı” povestində Bak adlı qoşqu itinin qaçaraq vəhşi canavar sürüsünə qoşulması, “Ağ Diş” povestində isə Ağ Diş adlandırılan canavar balasının insanlar tərəfindən əhilləşdirilməsi hekayənin əsasında durur. Gah təkamül, gah tənəzzülünün önə çəkilməsi müəllifin düşüncəsində əvvəldə də qeyd etdiyimiz kimi, çoxsaylı cərəyanlardan irəli gələn ziddiyyətlərin təzahürü idi.
Həm “Adəmdən əvvəl” povesti, həm də “Qırmızı taun” romanı yazıçının triumf dövründə yazılan yuxarıda adlarını çəkdiyimiz animalistik povestləri və xüsusilə “Şimal hekayələri” silsiləsinə daxil olan digər əsərləri ilə müqayisədə bədii dil və obrazlılıq baxımından bir qədər sönük təəssürat yaradır. Birincilər yazıçının 20-22 yaşlarında gördükləri əsasında yazdıqları, sonuncular artıq tanınmış, təcrübəli yazıçının qələmindən çıxan əsrlərdir. Bəs niyə belə uyğunsuzluq? Bu mövzular ətrafında fikir yürüdənlər əksərən bunu Londonun yazıçı istedadının “tez alışıb-tez sönməsi”, tükənməsi, ya da aldığı yüksək məbləğdə qanorarların qarşılığında məcburən yazmasıyla bağlayırlar. Bunu “Şimal hekayələri”nin təəssürat və müşahidələr əsasında yazıldığı halda, haqqında danışacağımız hər iki əsərin elmi-fantastika janrında olmasıyla da bağlamaq mümkündür.
“Adəmdən əvvəl” povesti, hissiyyatları müasir və qədim “mən”i arasında ikiləşən müasir insanın yuxugörmələrindən alınmış ayrı-ayrı fraqmentlər üzərində qurulmuşdur. Təhkiyənin belə quruluşu XX əsrin əvvəllərində meydana gəlmiş, insanın hissi və yaxud instinktiv görmələr – yuxular vasitəsilə öz keçmişinə qayıtmaq bacarığının varlığını iddia edən biopsixoloji cərəyanların tələbi ilə səsləşirdi. Bu cür meyillər London yaradıcılığında daha bir neçə əsərdə də üzə çıxır (“Dəli köynəyi”, “Adalı Cerri” və b.). “Adəmdən əvvəl” povestində hələ ilk formalaşma dövrü keçən, elmi dildə “arxantrop” adlandırılan yarıinsanların və insanabənzərlərin ordası, sürüsü təsvir olunur. Əsərin adında da ifadə olunduğu kimi, bu, insandan əvvəlki mərhələdir.
Hadisələr, gah müasir şəhərli tələbə, gah da bədəni sıx tüklərlə örtülmüş Böyük Diş olan qəhrəmanın dilindən nəql olunur. Təsvirlərdən aydın olur ki, insana doğru gedən yolun başlanğıcında olan insanabənzərlərdə hələ atavizmlər çox güclüdür, onlar heyvan kimi qulaqlarını tərpədir, kürəklərini asanlıqla qaşıyır, ayaqları ilə daş atmağı bacarırlar. Böyük Dişin müasir törəməsinin dediyi kimi, onların nə meymun, nə də insan olmadığı, ikisi arasında keçid olduğuna şübhə yaranmır bizdə. Təkamül nəzəriyyəsinin birbaşa təsiri hiss olunan bu əsərdə qeyd etdiyimiz meymundan insana keçid təsvir olunduğu kimi, canlıların ən bəsit yaşam formalarından meymuna qədər keçilən yol da xatırlanır. Bunu göstərmək üçün yazıçı elmi müddəalarla fikirini əsaslandırmaqla yanaşı, yuxugörmədən də ədəbi priyom kimi istifadə edir. Müasir insan yuxularında əcdadı Böyük Dişin həyatını yaşadığı kimi, Böyük Diş də yuxularında öz əcdadlarının həyatını yaşayır. Beləliklə, müasir insan yuxularında yuxu görərkən “insanlığın yaranmasını pillə-pillə izləyir”.
Povestdə təsvir olunan Adəmdən əvvəlki insanlarda heç bir inanc sistemləri hələlik formalaşmamışdır, onlar yalnız real təhlükələrdən qorxur: “Biz yalnız qaranlıqdan qorxurduq. Bizim hələ nə din, nə də gözəgörünməz aləm haqqında təsəvvürlərimiz var idi. Biz yalnız real dünyanı görürdük, yalnız real varlıqlardan, real təhlükələrdən – əti və qanı olan yırtıcılardan qorxurduq. Elə qaranlıq da bizi ona görə qorxudurdu ki, bu yırtıcıların üzə çıxan vaxtı idi”. Povestdəki ibtidai insan özünü təbiətdəki başqa varlıqlarla bərabər görür və onun dünyasında sadəcə bir qanun var: kim daha güclüdürsə, o da sağ qalır. Zamanla insanın özündən kənardakı aləm, təbiət haqqındakı təsəvvürləri dəyişəcəkdi, lakin bu proses povestdə təsvir olunan tayfadan ən az 10-15 nəsil sonra baş verə bilərdi. Hələlik isə insan elə mərhələni yaşayırdı ki, nə qeyri-real, xəyali varlıqlardan qorxur, nə ölümdən sonrakı həyat barədə düşünür, hətta onların ölənlərin dəfni qayğıları da yoxdur. Ümumiyyətlə, povestdəki insanabənzərlər heyvani instinktlərlə hərəkət etdiklərindən ölüm faktının özünə münasibətləri də çox qəribədir, dördayaqlı canlılar kimi təhlükə gəldikdə qaçır, qaça bilmədikdə məhv olurlar.
Cek London romantizmdən əxz etdiyi bir prinsipdən bütün yaradıcılığı boyu uzaqlaşa bilmir. Onun qəhrəmanı mütləq şəkildə mübarizədə, həm də taleyin ondan üz çevirdiyi situasiyada təsvir olunur. Yaratdığı əsas qəhrəman istər insan, istər it və canavar, istərsə də insanabənzər tayfa sakini olsun, yazıçı həmişə onu başqalarından fərdi keyfiyyətləri ilə fərqlənən, qeyri-adi biri kimi təqdim edir. Elə bu povestdə də yazıçı Böyük Dişi ideallaşdırır, az qala yarıinsanların edə biləcəyi bütün “kəşflərin müəllifi” məhz odur. Qab-qacaq ehtiyacının təmini, qayığabənzər vasitənin hazırlanması. Küçüyün ələ öyrədilməsi və s. təsvir edərkən qəhrəmanını ideallaşdıran yazıçı neolit, paleolit və başqa dövrlərə aid olan fərqli halları bir-birinə qarışdırır. Onun nə elmi əsər, nə də tarix yazmadığını və bədii əsər həqiqətinin həyat həqiqətini üstələməsinin yolverilənliyini nəzərə alsaq, bu uyğunsuzluqları qəbul etməyimiz asan olar. Lakin elmi-fantastika üslubunda yazılan əsər ilk dəfə hissə-hissə çap olunduqca burada insanabənzərlərin keçdiyi üç mərhələnin – Meşə Ordası, Tayfa, Od Adamlarının (müəllifin təsnifatında) bir-birindən min illərlə uzaq olan həyatının bir arada təsviri ilə bağlı söylənilən iradlar əsərə marağı azaldır, oxuculara inamsızlıq aşılayırdı.
Bu da faktdır ki, müəllif nə qədər təxəyyül sərbəstliyinə, təsvirlərdə qeyri-dəqiqliyə yol versə də, əsərin yazılmasından keçən bir əsrdən artıq zaman kəsiyində oradakı ümumi müddəalar müasir elm tərəfindən heç də rədd edilmir. London insanabənzərlərin düşərgə üçün yer seçmələri, qeyri-mütəşəkkil, atavizm və geriçəkilmələrlə, bütöv qrupların məhvi ilə müşahidə olunan formalaşma prosesini bəzən ən incə detalları ilə oxucuya təqdim etməyi bacarır. Povestdə insanabənzərlər arasında qadınların sayının azlığı, ömür müddətinin qısalığı və s. barədə mülahizələr müasir elmin qəbul etdiyi müddəalarla üst-üstə düşür. Lakin artıq dediyimiz kimi, bu tarixi əsər yox, bədii əsər – povestdir. Və burada biz oxucuları tarixin hansısa qatında baş verənlərin xronologiyası yox, sağ qalmaq uğrunda mübarizə aparan “Adəmdən əvvəl”ki insanabənzərlərin yaşantıları, duyğularının təsviri daha çox düşündürür.
Cek London elmi-fantastika və utopiyaya “Qoliaf”, “Bütün dünyanın düşməni”, “Dünyanın gənc vaxtı”, “Dəmir daban” kimi başqa əsərlərində yenidən qayıdır. Bu qəbildən olan əsərlər içərisində “Qırmızı taun” romanı xüsusi çəkiyə malikdir. Əslində diqqət etdikcə roman utopiya yox, daha çox antiutopiya təsiri bağışlayır. İşıq üzü gördüyü zamanlarda tənqidçilər tərəfindən birmənalı şəkildə yazıçının mənəvi aləmində baş verən böhranla bağlı insanlarda ümidsizlik aşılayan əsər kimi qiymətləndirilmiş, unudulmuş, Xerosimadan sonra yenidən yada düşmüşdü. Bəs bu gün? Bu gün Londonun öncəgörməsinin müəyyən mənada gerçəyə çevrildiyi bir zamanda ona müraciət eləmək heç də əhəmiyyətsiz görünmür.
Altı hissəli “Qırmızı taun” romanında qorxunc epidemiya – Qırmızı taun nəticəsində bəşər sivilizasiyasının məhvi təsvir olunur. Roman 87 yaşlı qocanın 60 il sonra yarıvəhşi nəvələrinə 2013-cü ildə dünyanı cənginə alan Qırmızı taunun dəhşətləri, ondan qaçmaq istəyənlərin ölüm-qalım mübarizəsi, fəlakətin insanların dünyaya baxışlarına, həyat tərzinə gətirdiyi dəyişikliklər barədə söhbətləri üzərində qurulmuşdur.
Romanda fəlakət necə təsvir olunur? Fəlakətdən öncə San-Fransisko Universitetində Ədəbiyyat professoru olan Ceyms Qovard Smit həmin hadisələrin son şahidlərindən biri kimi nəvələrinə 2013-cü ildə ayrı-ayrı şəhərlərdə çox az sayda taun infeksiyasına yoluxma hallarından danışır, o deyir ki, insanlar bunu əvvəlcə ciddiyə almırdılar. Çox qısa bir zamanda yoluxanların sayının artması, coğrafiyasının nəinki Amerikanı, hətta Avropanı da əhatə eləməsi vəziyyətin ciddiliyindən xəbər verirdi və tezliklə professor özü auditoriyada gözü qarşısında yıxılıb can verən tələbəsini görür. Dediyi kimi, bu, onun Qırmızı taunla ilk görüşü idi. Yoluxma halının baş verdiyi insanların sağalma şansı yox idi, orqanizmə düşən mikrob çox qısa bir zamanda, bir neçə saatda xəstəni öldürürdü. Bir çox xəstələrdə bədəndə birdən-birə artmağa başlayan qırmızı səpkidən başqa heç bir əlamət üzə çıxmırdı və s. Amma bir şey dəqiq idi, mikrob öldürücü idi və sürətlə yayılırdı. Tezliklə tibbi personalın çatışmazlığı, ölülərin dəfn edilməməsi, yoluxma təhlükəsi qarşısında yaranan təşviş insanları daha təhlükəsiz yerlər tapmaq üçün qaçmağa sövq edir. Həmin günlərdə 27 yaşlı gənc olan professor özünün də daxil olduğu təqribən 400 nəfərlik bir qrupun universitetin korpuslarından birində xilas olmaq cəhdini, onların da arasında yoluxmanın baş verməsini, insanların bir-bir ölməsini, soyğunçuların hücumlarına məruz qalmalarını və nəhayət, möcüzə nəticəsində yalnız onun sağ qalmasını, illərlə adam olan yerləri tapmaqçün sərgərdan gəzməsini, sağ qalanların aqibətini və s. danışır.
60 il sonra ona qulaq asan nəvələr isə artıq çoxdan unudulmuş sivilizasiya haqqındakı söhbətlərinə görə yaşlı qocanı ələ salırlar. Onların nitqi təhkiyyəçinin dediyi kimi, ingilis dilindən çox uzaqdır və onlar nəinki babanın dediklərinə inanmır, hətta adi məfhumların da nə demək olduğunu anlamırlar. Yarıvəhşi nəvələrin təsəvvüründə babanın dedikləri axmaq qocanın sayaqlamalarıdır, çünki ləziz yemək, mədəni həyat, təhsil, universitet, pul, yazı və daha bir çox şey bu uşaqlara tamamilə yaddır. Xou-xou inamsızlığını belə ifadə edir: “…sən qəribə adamsan, görə bilmədiyin şeylərdən danışırsan. Əgər görə bilmirsənsə, hardan biləsən ki, o var?” İnsanlar anlamadıqları şeyləri həmişə uydurma hesab eləməyə daha çox meyillidirlər və qocanın danışdıqları və məntiqi nəvələrini inandırmağa yetmir (Eyni detaldan Cek London “Şimal hekayələri”nə daxil olan “Yalançı Nam-Bok” hekayəsində də istifadə edir. Sivilizasiyadan uzaq bir qəbilədən olan Nam-Bok böyük şəhərlərdə gördüklərini danışır, lakin çiy suiti əti yeyib, viqvamlarda yatan həmyerliləri onun dediklərini təsəvvür etməkdə belə acizdirlər, Nam-Boku yalançı adlandırmaq dediklərini anlamaqdan daha asandır).
Romanda baş verən qorxunc xəstəlik təbii fəlakət olsa da, London bəzi məsələlərin izahında sosial amillərə üz tutur, yazıçıya görə, insanlıq öz etdiyinin qurbanına çevrilmişdir. Məsələn, fəlakətdən sonra hər yerdə gözə dəyən ayıları gördükdə qoca təəssüf hissi ilə xatırlayır: “İnsanlar qəfəsə salınmış ayılara baxmaqçün pul ödəyirdilər”. Deməli, pul qazanmaqçün insan təbiəti zorla qəfəslərə salmışdı. Sonrakı xatirələrində qoca meqalopolislərdəki həyatın qaynarlığı, insanların sıx yaşamalarını da fəlakəti yaxınlaşdırdığını dilə gətirir (Cek London bir əsr əvvəldən yazır ki, insanların yaxın təması bakteriyaların sürətlə artmasına və xəstəliyin yayılmasına yol açır).
Məlumdur ki, əsas dini kitablarda, mifologiyada sivilizasiyaların, insanlığın məhvi aparıcı süjetlərdən birini təşkil edir. Bu zaman xilas olanlar tanrıların seçdiyi, onlara sadiq olan mömin və dürüst insanlardır ki, bu da din və ideologiyaya sədaqətin təbliği üçün seçilmiş bir üsuldur (sədaqətin mükafatı). Lakin London dini təbliğ etməkdən çox uzaq idi və romanda seçimi təbiət özü edir. Sosial statusundan, cəmiyyətdəki mövqeyindən, təhsil və dünyagörüş səviyyəsindən, əqidə və inamından asılı olmayaraq yalnız xəstəliyə tab gətirən insanlar sağ qalır. Fəlakətlə mübarizədə qəlb təmizliyi, yüksək mənəvi keyfiyyətlər, təəssüf ki, insana kömək etmir. Romanda deyilir: “…Hamı ölürdü – yaxşı da, pis də, güclü də, zəif də, yaşamaq istəyən də, həyatı lənətləyən də. Onlar yox olurdular. Hər şey yox olurdu”.
Bəlkə də yazıçı ona görə də bütövlükdə kainatın, ya Yer kürəsinin məhvindən yox, məhz sivilizasiyanın məhvindən danışır. Bu, haqqında dini kitablarda danışılan məhşər deyil, insanlar da dirilib öz tanrıları qarşısında hesabat vermirlər. Qırmızı taun sivilizasiyanı məhv edir, sağ qalanlarsa tanrının yox, məhz təbiətin sınağından keçib, yenidən Yerdə insan nəslini yaşatmalıdırlar.
Romanda göz önündə saxlanan məsələlərdən biri fəlakət baş verərkən insanların davranışlarıdır. Elə ki, xəstəlik kütləvi hal alır, ölüm qorxusu və alkaqolun təsiri altında insanlar sanki vəhşiləşir, oğurluq, qətllər başlanır. “Bizim cəmiyyətimiz gecəqondularda sanki vəhşilər yetişdirmişdi. Və indi bizim çaşqınlığımızda onlar üstümüzə hücum çəkmişdilər və bizi qırırdılar. Ancaq onlar da bizimlə bərabər ölürdülər”. (Deyilənlərdə London həyatı və yaradıcılığının o dönəmi üçün xarakterik olan sosializm ideyaları əks olunur, heç şübhəsiz.)
London hansı şəkildə baş verəcəyini bəlkə də dəqiq bilmədiyi, lakin qaçılmazlığına zərrə qədər də şübhə etmədiyi fəlakəti “Qırmızı taun” adlandırır. Qırmızı taun nəticəsində mədəni aləmin bütün nailiyyətləri – həm bir çox kəşflər, elm və texnologiya sahəsində insanların min illər ərzində topladığı biliklər, həm də sivilizasiyanın korladığı insanlıq məhv olub gedir. Romanda təsvir olunur ki, bir vaxtlar iri neft maqnatlarından birinin yüksək zövqlü və incə ruhlu xanımı Vesta taundan xilas olduqdan sonra Şoferin köləsinə çevrilir. Çünki insanlıq yenidən ən başa qayıtmışdır: güclü olan gücsüzü özünə tabe edir. Yazıçıya görə, bu qanun heç vaxt dəyişməmişdir əslində, lakin ibtidai cəmiyyətdə güc fiziki imkanlarla hesablanırsa, sivil cəmiyyətdə gücün göstəricisi başqa amillərdən asılıdır. Və zaman keçdikcə, bəlkə də 50 min ilə insanlıq yenidən eyni inkişaf mərhələsinə çatacaq. Müəllifin romana daxil etdiyi ən maraqlı və eyni zamanda tükürpədici hissələrdən biri vəhşiləşmiş uşaqların boyunlarından insan dişlərindən olan boyunbağı asmalarıdır. Gözəllik, incəlik, söz elmini öyrədən bir professor və onun insan dişlərindən boyunbağı taxan nəvələri – sivilizasiyanın tənəzzülünü bundan təsirli ifadə etmək olmazdı yəqin.
Beləliklə, bir müəllifin qələmində dünyanın əvvəli və sonunun təsvir olunduğu iki əsərə qısaca nəzər saldıq. Yazılmasından bir əsr keçdikdən sonra bəlkə də bu əsərlər elmi cəhətdən düzgün əsaslanırılmayan, təsvirlərin sadəlövh və səthi olduğu təəssüratını yarada bilər. Lakin hər iki əsərdə, xüsusilə yazıldığı vaxtdan daha çox bu gün aktual olan “Qırmızı taun” romanında XXI əsr insanına ciddi xəbərdarlıq göndərilmişdir. Həmişə insanın təbiətlə qarşıdurmasının acı nəticələrini hamıdan əvvəl duyan Cek Londonun öncəgörməsi gerçəyə çevrilmişdir.
PS: Romanın birinci fəslində elə bir hissə var ki, orada babanın “al taun”dan danışmasına nəvələr gülür və sadəcə “qırmızı” deməsinin yetərli olduğunu söyləyirlər. Lakin baba inadla kütləvi şəkildə insanları məhv edən bəlanın – azarın məhz al rəngdə səpki şəklində olduğunu söyləməkdə davam edir. Bunu nəzərə alsaq, bəlkə də əsərin adının “Qırmızı taun” kimi tərcümə olunmasında müəyyən qeyri-dəqiqlik var. Bəlkə də peşəkar tərcüməçilər əsərin adının “Al taun” yaxud “Al-qırmızı taun” kimi də tərcüməsini daha məqbul bilərlər. Xatırladım ki, əsərin adı rus dilinə olan tərcümələrdə «Алая чума» kimi verilmişdir.
PSS: “Adəmdən əvvəl” povesti Azərbaycan dilində 1926-cı ildə Xudadad Əzizbəylinin tərcüməsində (rus dilindən) iki variantda – həm latın qrafikalı əlifba, həm də ərəb qrafikalı əlifba ilə “Bakı işçisi kooperativ nəşriyyatı”nda çap olunmuşdur. Sonrakı illərdə Cek Londonun Azərbaycanda çap olunan kitablarına daxil edilməmişdir. “Qırmızı taun” romanının dilimizə tərcüməsinə isə rast gəlmədim.