getdilər. getdilər fit çala-çala,
getdilər atları çimizdirməyə –
bizi aparmadılar,
qulançar yığmağa, moruq dərməyə
bizi aparmadılar.
yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«hələ uşaqsınız… nə yaşınız var…»
bir gün xəbər gəldi: dava başlanıb…
onlar əsgərliyə çağırıldılar.
nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…
yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«gəlməyin, qayıdın… geri qayıdın…
qayıdın atları çimizdirməyə,
qulançar yığmağa, moruq dəyməyə».
biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
dilimiz gəlmədi bir söz deməyə.
onların yoxluğu düşdü araya,
oyunlar, «məclislər» qaldı yarımçıq.
toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –
kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
bir ağzıgöyçək də qaralanmışdı:
«deyəsən, gedənlər qayıtmayacaq» –
mərmilər, güllələr fit çala-çala
hey böyür-başından ötdü onların.
kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.
getdilər, getdilər berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
güllələr demədi: geri qayıdın.
lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…