Günümüzün hekayələri silisiləsindən
Yazar dostlarımızdan biri deyir ki, həftəlik qəzetə ədəbiyyat və sənət haqqında məqalə yazıram, baş redaktor da mənə mənəvi qonorar verir. Bu məsələ məni düşündürməyə başladı. Zarafat kimi səslənsə də, bunun həqiqət olduğunu sübut edən dəlillər var.
Mənəvi qonorar nədir? Düşüncənin məhsulu olan, fiziki yazı prosesinin nəticəsində meydana gələn bir məqaləyə necə ola bilər ki, maddi qonorar əvəzinə mənəvi qonorar deyilən absurd nəsə verilsin? Hətta baş redaktor sənə yazı “sifariş” verə bilər, lakin əvəzində mənəvi qonorar yazılmaq şərti ilə. Sifariş deyəndə bu rəsmi sifariş deyil, sadəcə səni tərifləyirlər, sən də həvəsə düşüb yazırsan.
Bir də gördün günün birində, səssiz danışan, irfan yapıncısına bürünmüş baş redaktorlardan biri sənə zəng edir. Ah-naləli və Əzabkeş Georgini xatırladan səsi ilə, Salyan çöllərində avargorcasına veyillənən gürzənin diliylə səni ovsunlayır:
-Alo, salam, necəsən? Bu həftə qəzetimizə nə verirsən? Sənin yazıların maraqla oxunur, əla yazırsan e, papacanı düz deyirəm. Qəzet sizindir də, sizin kimi gənclərindir. Sən yazanda qəzetimiz gülür sanki, qəzetimizin ürəyi açılır elə bil. Yaz da, yaz bizə, gözləyirəm. Vaxtın olanda biz tərəfə də gəl. Hə, nə vaxt istəsən gəl, səninlə məhrəm söhbətim var. Gəl, hə gəl, gözləyirəm, yazını da beşinci günə kimi göndər.
-Alo, salam, necəsən? Bu həftə qəzetimizə nə verirsən? Sənin yazıların maraqla oxunur, əla yazırsan e, papacanı düz deyirəm. Qəzet sizindir də, sizin kimi gənclərindir. Sən yazanda qəzetimiz gülür sanki, qəzetimizin ürəyi açılır elə bil. Yaz da, yaz bizə, gözləyirəm. Vaxtın olanda biz tərəfə də gəl. Hə, nə vaxt istəsən gəl, səninlə məhrəm söhbətim var. Gəl, hə gəl, gözləyirəm, yazını da beşinci günə kimi göndər.
Həvəsə düşüb yazırsan, gönədirirsən, qəzetdə çap olunur. Kimsə üzgörənlik edib deyir ki, qəşəng yazıydı, oxudum. Sən olmayan məclislərdə isə söhbət əksinə gedir, deyirlər mənasız söz yığınıdır, axıra kimi oxuya bilmədim, ona kimsə desin ki, yaza bilmir və s. Əsas məsələ odur ki, bu ifadələri eyni adamlar eyni adamlar haqqında deyirlər. Sözüm onda deyil. Bu ayrı bir yazının mövzusudur, vaxt olanda onu da yazacam.
Sufi duyğuları ilə silahlanan baş redaktorun dəvəti yadına düşür, yollanırsan redaksiyaya. Baş redaktor səni isti qəbul edir, qucaqlayır. Uzun siqaretini kənara qoyub səni tərifləyir, söhbət irfandan, sufilikdən düşür. Məclisə Cəmaləddin Əfqani, Əli bəy Hüseynzadə, Hüseyn Cavid kimi çörəkpulu gətirən sənətkarların ruhları dəvət olunur. Ləpə xoşlayan baş redaktor səni ləbləbili çaya qonaq edir, arada bir gözlərini yaşardır, özünü kövrəldir. Lakin qonorardan söhbət düşmür ki, düşmür. Bunu hiss edən iblis xislətli baş redaktor vurğu ilə deyir ki, yeri gələndə öz maaşımı da qəzetimizə xərcləyirəm. Matın-mutun quruyur, orda onun məsum və əzabkeş olduğuna “inanırsan”. Ədəbiyyatımızın “Əzabkeş Georgesi” ilə üz-üzə oturduğunu “başa düşürsən”. Özünə irfan çobanı obrazı qazandırmağa çalışan həmən bu sənətkar, sənin düşüncələrini ucsuz-bucaqsız, reallıqdan uzaq görünən Böyük Turan dünyasının məfkurə səhrasında, fəlsəfi kəlamlar dəryasında azdırır. Az qalır sən də dönüb turanşunas olasan. Özünü güclə saxlayırsan, hirsindən metafizikcəsinə qışqırıb, suficəsinə fəryad etmək istəyirsən. Lənət şeytana deyib, susmağa üstünlük verirsən.
Durub sağollaşanda səni qucaqlayır, otağın qapısına qədər yola salır, yenə də əl çəkmir, dəhlizə qədər çıxır, təzədən səni tərifləyir, yenə deyir ki, bu həftə bizə nə verirsən?
Ayrılıb evə gedəndə “mənəvi rahatlıq”, “irfani dinclik” tapırsan. Özünü qonorarını almış kimi hiss edirsən. Beləcənə mənəvi qonararın nə olduğunu başa düşürsən, itəhası, abırsız olduğundan yenə də yazırsan. Bir gördün “Əzabkeş Georgi” qəfil zəng edib deyir: – Bu həftə bizə nə verirsən…