Ana nənəm İzafənin xatirəsinə
Gecənin üzü yaslı idi. Heç kim heç kimin qapısını açmayan vaxtda gecə evlərə ölüm gətirirdi. Nə məsələ idisə, ən çox ölümlər gecə olurdu.
Daha ölənləri ağlamırdılar. Heç qəbir qazmağa gücdə qalmamışdı. Ədəb-ərkanla qəbir qazmaq, əhləd açmaq, ölünü kəfənləmək kimi qaydalar yada düşmürdü. Babat çuxur qazır, ölünü paltar-palazlı ora qoyur, üstünü torpaqlayırdılar.
Yas mərasimi-filan da olmurdu. Kəndlər özü boyda yasxana idi.
Danışırdılar ki, Arazın o taındakı kəndələrdən birində bütün kənd batmışdı. Qonşu kəndlərin adamları gəlib kəndin ölülərini basdırmışdılar.
Belə gecələrin birində gənc gəlin qayınatasının xırıltılı səslə onu çağırdığını eşidib ayıldı. Əri hələ də gəlib çıxmadığından onsuz da səksəkəli yatmışdı. Kişi yatan səmtə boylansa da, daxmanın qapısı tərəfdəki köhnə-külüş taxta-tuxtadan düzəldilmiş kürsüdə uzanan qocanın dediklərini güclə başa düşdü:
– Qızzzım, uşşşaxlarıı daaaa… ggggöötür…. eeeevdən çıııx… Get dədəngilə…Mmmmən ööölürəm… Siz tttutmayıııın… bu azarııııııı…
Sonra kişi inildəməyə başladı.
Gəlin məsələnin ciddiliyini anlayıb iki körpəsinin qanadından qaparaq çölə çıxdı, amma ərinin gəlməməsi, qayınatasının can üstə olması onu dayandırdı. Bəs nə etsin? Bir həftədir vəba Arazı keçib-keçməyib, kənddə qırxacan adam ölüb. Tərslikdən çərçi* əri neçə gündür Üçdibinə mal gətiriməyə getsə də, hələ qayıtmayıb. Amma anladı ki, daha dayanmağın adı yoxdur. “Ay allah, sən ki, şahidsən, mən balalarımı ölümün əlinnən qaçırdıram, keç günahımnan” deyib uşaqlarının birini sinəsinə sıxdı, o birini qoltuğuna vurub özünü zil qaranlığa atdı…
Gəlin öz kəndlərinin girəcəyində bir hənirti eşitdi. Qorxsa da, özünü hənirtiyə tərəf verdi.
– Gülsüm? Bala sənsən? Mən də sizin dalınızca gəlirdim…
Atası idi. Kişi uşağın birini qızından aldı.
– Bizə getmiyək… Anan da tutub… Kənddə dünənnən beş adam ölüb… Su dərəsinə tərəf gedin. Orda Vəlinin armudunun dibində uşaxlarla oturun… Bu da palaznan cecim**, salın üstünüzə… Kürkümü gey, sən ikicanlısan. (Qadın ağır ayaqlı hamilə idi.) Mən gedirəm Məti kişigilə. Görüm onun məsləhəti nədi? Dünənnən məşvərət eliyirlər…
Gülsüm duruxdu:
– Dədə, bəs sən gəlmiyəssən?
Kişi qaranlıqda itə-itə ağlamsındı:
– Ananı heylə qoyub… Siz aralanın… Girmiyin bu xarabaya… Məti kişinin bir ağzın arayım… Sizə şələ-şülə də tutmuşam… Gələmməsəm, yolluyacam…
Məti kişi təkcə Qaracalının yox, bütün çayparanın başbiləniydi. Hələ 1905-1907-ci illərdəki erməni-müsəlman davası zamanı qardaşları ilə ermıni daşnaklarının qarşısını kəsmiş, təkcə öz beşaçılanı ilə onacan erməni silahlısını öldürmüşdü. Qaçaq Fərzalının dəstəsi gəlib çıxandan sonra erməniləri qovub kənddən uzaqlaşdırmışdılar. Bununla Mətinin adı təkərə minmiş, adamların ona inamı artmışdı.
Məti kişi həm dəbu çayparanın yazı-pozu biləniydi. Əvvəlcə Baharlı məsçidinin mollaxanasında oxumuş, sonra elə həmin kənddəki üç sinifli rus-tatar məktəbini bitirmişdi. Elə bu məktəbdə oxuduğuna, rus dilində danışdığına və sərhəd qoruyucuları kazaklarla dil tapıb o tya, bu taya keçə bildiyinə görə, xurafatçılar onu gözdən salmaq üçün adını Qazax Məti qoymuş, arxasıncan min cür böhtan uydurmuşdular. Elatın inanılmış adamları Qaçaq Fərzalı, Yapon Səməd ilə yaxınlıq etdiyindən, bir də o məşhur erməni davasında ad çıxartdığından camaatın Mətiyə inamı nəinki azalmış, artmışdı.
Məti qardaşlarını da başına toplamış, İrandan mal gətirərək geniş ticarət şəbəkəsi qurmuş, Təbriz, Şuşa, Gorus istiqamətlərində alver edərək yaxşı nəf etmiş, gəlir sahibi olmuşdu. Vəbanın tüğyan elədiyi belə ağır günlərdə Məti kişi adamlara əl tutur, Təbrizdən həkim, Əbdüssəməd bəyin Zəngilan kəndindəki aptekindən dərman gətirdərək camaatı xilas etməyə çalışırdı. Amma epidemiyanın sürətlə yayıldığını görüb baş sındırır, oxuduğu kitablardan nəsə öyrənməyə çalışır, Bəsid çayı boyunca olan əhalinin xilası üçün yollar arayırdı. Vəba isə ağzın ac qurd kimi açıb insanları amansızlıqla udurdu. Nəhayət, o, Yapon Səmədlə, Qaçaq Fərzalı və Baharlı məsçidinin axundu Molla Ağa ilə məşvərətdən sonra belə təklif irəli sürdü:
– Bəhlul Əfəndiyə də yazdım, indi qəbul edəcəyim qərarla o da razılaşıb. Hər evdən bir, iki uşaq, üç evdən bir cavan ər-arvad və on evdən bir dünyagörüşü olan yaşlı ağsaqqal, ağbirçək götürüb atlara minir, Miyandərə səmtə yollanırıq sübh çağı. Hamı bir yerə yığılmayacaq. Qabaqcadan danışdığımız kimi hər dəstənin başçısı dəstəni köhnə bir yurd yerinə çıxardacaq. Kəndə yaxın köhnə binələrimizdə yurd salıb evdən apardığınız ərzaqla birtəhər dolanacaqsınız. Yalnız bir ayın tamamında, istilər düşəndə – tam arxayın olandan sonra ki, içimizdə vəbalı yoxdur – Miyan dərənin Ördəkli düzündə toplanacağıq. Orda da bir ay qalandan sonra bir adam xəbər üçün kəndə dönəcək, vəbanın səngiyib-səngimədiyini öyrənəcək, tam əmin olandan sonra kəndə qayıtmaq olar… Xilas yolumuz budur… Bu, həm də əmrdir! Əmri pozanlar Fərzalının silahlıları tərəfindən ciddi cəzalandırılacaqlar!..
…Yazbaşı təbiətin damarı boşalmış, ilıq hava pöhrələrin arasından boy verən yabanı badam, alça ağaclarını tərpədib oyatmış, çiçəkləri buraları ətirləndirmişdi. Əlik çəhlimi ilə irəliləyən naümid insanlar bu çiçəkləri görcək ümidlənir, ayaqlarını yerə daha bərk basır, sonu görünməyən bu yolun ucundan tutub arxada qoyduqları dərdin əlindən qaçırdılar. Saf hava, kolların arasından qalxan yemlik, quzuqulağı bu qaçqın dəstəsinə dərman kimi gəlir, ruhlarını təzələyirdi.
Gülsüm balaca qızı qucağında qabaqda irəliləyir, arxasınca gələn oğlunu da dalınca çəkib aparır, arabir də dayanıb nəfəs dərirdilər. Tərs kimi bətnindəki də ayılmış, elə bil nə baş verdiyini duymuşdu: içəridən gəlini təpikləyirdi. Arxadan gələn təpki göstərir, dayanmağın qorxulu olduğunu deyir, yenə irəliləyirdilər. Cığır dar idi deyə, qırağa çıxmaq olmazd. Bir də çəhlimdən çıxmaq dəstədən qalmağa bərabər idi. Onların dəstəsində isə on beş adam vardı. Bir kəndin ümidi on beş adam. On uşaq, Gülsüm, iki ər-arvad, bir də bir qarı ilə yaşlı kişi….
Yaşlı kişi ata minmişdi, qarısı da tərkində idi. Uşaqların da bəziləri eşşəyə minmişdilər, bəziləri də at-eşşəyin yük yerində idilər, nisbətən yekələri piyada gedirdilər. Gülsümün əri atlarını Üçdibinə apardığından gəlin uşaqları ilə piyada qalmışdı. Atasının da bircə eşşəyi vardı, onu da vəbanın tüğyan elədiyi günlərdə qaçaq-quldur oğurlamışdı….(Elə bil vəba qaçaq-quldura dəymirdi. Danışırdılar ki, sahibləri ölmüş boş evlərə də girir, olub-qalanlarını silib-süpürürdülər. Gülsüm qayınatasını can üstdə qoyub evdən çıxanda qapını bağlamadığına peşman olmuşdu. Bir tərəfdən də özü bağlamamışdı ki, kişi ölüb-eləsə, qonum-qonşu xəbər tutsun. Hələ əri, bəlkə o gəlib çıxdı?.. Qoy qapını açıq görsün…)
Bir xeyli gedəndən sonra yolları ağzıyuxarı dikəlməyə başladı. Elə bil yol getmirdilər, göyə millənirdilər. Göy də ki, bu aralar göylükdən çıxmış, elə qadanı qada dalıncan göndərirdi. Bir az əvvəl çəyirtkə gəlmiş, əkin-biçini, göy-göyərtini silib-süpürmüş, bir gecədə yox olmuşdu. Dalınca da bu adı batmış vəba….
Qocanın tərkindəki qarı bir əlini göylərə tutub ağı dedi:
Bu dağlar eeeeeeeeyyyyy üzlü*** dağlar….
Daddı dağlar eeeeeeeeyyyyy duzlu dağlar….
Kəndi yiyəsiz qoyduxheyyyyyy
Baharlı, yazlı dağlar heyyyyyy….
Və qarı səsini qısıb qəhərli-qəhərli dedi:
– Mən, deyəsən mənzil başına çatmıyacam… Ay el, ay oba, gedib o dağlara, deyin ki… Burda bir qərib öldü heyyyyy… əli yaza çatmadı heyyyy….
Qarı ağısını tamamlaya bilmədi, kişinin tərkindən tappıltıynan düşüb təkər kimi yomalandı, gedib yolun altına düşdü… Bilinmədi ki, qarının ərindən əli üzüldü, ya özü əlini buraxdı…
Dəstəbir az dolayı yerə burulub dayandı. Qocanı atdan endirdilər. Gənc kişi uşaqları və qocanı Gülsümə tapşırıb, atın üstündəki yükdən bel-külüng götürdü, arvadı ilə dərəyə endi. Orada təxminən bir saata çala qazıb qarını dəfn etdilər, əllərini dərədəki suda yuyub geri döndülər. İstədilər ki, burada bir yüngülcə yemək yesinlər, amma qoca hönkürüb ağladı, əlini açıb fatihə verdi və “tez aralanaq, burda vəbanın tətiməti var, dağı aşmalıyıq” deyib gənc kişinin köməyi ilə ata mindi…
İki tap**** bir dolayını yeni aşmışdılar, qoca əlini qaldırıb dəstəni dayandırdı. Atdan enib ocaq qalamağı tapşırdı. Sonra atın yükündən bir çiriş***** çıxardıb içindəki kərə yağın yarısını qazana tökdürdü. Yağ əriyən kimi kiçik bardaqlara süzüb isti-isti uşaqlara, gənc ər-arvada və Gülsümə içirtdi. Özü isə əlini yalamaqla kifayətləndi.Bir qısmət də çörək kəsib qalxdılar.
İkinci dağı da aşandan sonra qoca kişi üzünü göyə tutub qarısı kimi bayatı çağırdı, adamın iliyinə işləyən səslə gumuldandı, gumuldandı və eyzən qarısı kimi atdan aşıb yerə düşdü. Gənc kişi onugöydə tutub qibləyə uzatdı. Səsi öləziyən qoca gənc kişini yaxına çağırıb bir az aralı dayanmasını tapşırdı və güclə ağzından çıxan bu kəlmələri deyə bildi:
-Məni basıranda əlini bədənimə vurma… Nişana qoy ki, sonra gələndə qəbirimi tapa biləsən…
Qocanın gözləri yol çəkdi. Sonra “uşaxları burdan tez uzaxlaşdırın” deyib gözlərini yumdu…
İndi dəstənin başçısı gənc kişi idi. O az vaxtda xeyli yaşlaşmış, qaradinməz olmuşdu. Çox hirsli və bir az da zəhmli görünürdü. Bir iş düz getməyəndə arvadına acıqlanır, erkək at cilov gəmirən kimi sallaq bığlarını çeynəyirdi. Dəstədəki iki uşağın atası olsa da, indi hamı ona ata kimi baxırdı. Elə o da ayrı-seçkilik eləmirdi.
Gənc kişinin göstərişi ilə yenə yola düşdülər. Bir qədər gedəndən sonra kişi Gülsümün balalarını piyada yerimək əzabından qurtardı. Daha onlar da ayaqla getmirdilər. Ölən qocaların atına minmişdilər. Anaları isə bir az piyada getsə də, sonra yerə çöküb inildədi. Arvad ərinə baxıb başını buladı. Onlar köməkləşib boylu gəlini yüklü atın belinə qaldırdılar…
Bu yol heç bitənə oxşamırdı…
Dəstə dördüncü gün Dumanlı gədiyə çatdı. Burdakı köhnə yurd yerlərində iki alaçıq qurub böyük bir ocaq qaladılar. Bu qarşıdakı təpəyə düşmüş ikinci dəstəyə işarə idi, yəni biz gəlib çatmışıq…
Bir həftənin tamamında Yelli gədikdən xəbər gəldi ki, salamatçılıqdır. Hətta Məti kişinin adamları Qaçaq Fərzalının qaçaqlarından onlara yeyəcək şeylər də göndərmişdi. Onu da bildirmişdilər ki, Qaracallarda, Baharlılarda yavaş-yavaş vəbanın kökü kəsilmədədir. Axırıncı Qaçaq Fərzalı tutubmuş, onu da yuxarıda allah, aşağıda da anası Yetər arvadın türkəçaraları xilas edib…
Gülsüm ananın qızı hələ çox balaca idi, olub-bitəni qanmırdı. Amma oğlunun yeddi yaşı vardı. O anasına tez-tez suallar verir, ən çox da atasını soruşurdu. Bir də Gülsümün qarnı o qədər yekəlmişdi ki, bir yerdən başqa yerə getmək üçün kimsə qoluna girməliydi. Ayaqları da şişmişdi….
***
Bir ayın tamamında, yəni mayın ortalarına doğru köç yerindən oynadı. Gülsüm nə piyada gedə bilirdi, nə də ata mindirmək mümkün deyildi. Ona görə ağır ayaqlı qadını Yelli Gədikdən göndərilən at arabasına qoydular, uşaqlarını da yanına uzatdılar. Beləcə, köç iki gün də yol gedəndən sonra gəlib Gülü yastanına çatdı. Həm Yelli gədikdəki dəstə, həm Alçalı taladakılar da bura yığışmışdılar. Adamlar ağlaşa-ağlaşa, sevinişə-sevinişə qucaqlaşdılar, qol-boyun oldular. Gülsümün anası ölsə də, atası gəlib çıxmışdı. O da qızını, nəvələrini görüb sevincindən ağladı.
Burada onlar üçün qurulmuş alaçıqda gecəni bir təhər keçirdilər, amma sübh çağı Gülsümün sancısı tutdu. Elatın mamaçası olan qoca qarı yarı yolda ağı deyə-deyə özünü ərinin mindiyi atın tərkindən buraxmış, obasını məəttəl qoymuşdu. Dəstənin başçısı olan ağsaqqal da qarısından sonra gözünü yummuşdu. Bəs nə etməli?
Gənc kişi arvadını çağırdı. Qadın da əri kimi bu keçən günlərdə xeyli yaşlaşmış, əkə-bükə qadına dönmüşdü. Kişinin sınayıcı baxışlarına ürəyində “hə, bilirəm nə deyirsən, ananın elədikləri yadımdadır” deyib alaçığa girdi.
Sübh çağından başlayan doğuş gün qalxanacan çəkdi. Gülsümün qışqırtısı bütün elatı başına götürmüşdü. Nəhayət, uzun əzablardan sonra gəlinin bağırtısını körpə çığırtısı əvəz elədi.
– Gözümüz aydın, qızı oldu! – dedi yeni mamaça. Amma gəlinin hələ də sancı çəkdiyini görüb aşağı əyildi və qışqırdı:
– Ay başınıza dönüm, biri də gəlir!..
Və az sonra Gülsüm bir qız da doğdu.
Bunu eşidən Məti kişi demişdi:
– Allaha şükür! Dişi əhli damazlıqdır… Damazlığımız kəsilmədi…
***
Dağa erkən çıxan elat əhli o ili aranda qalanların gəlməyini çox gözləyəsi olmadı. İstilər düşən kimi aranda salamat qalanlar mal-heyvanı da götürüb dağa çıxdılar. Bir də qorabişirən avqustun sonlarında aşağı endilər.
Gülsüm uşaqları ilə əvvəl atasıgilə düşdü. Bir gün sonra uşaqlarını da götürüb ər evinə yollandı.
Qapıya çatanda gözlərinə inanmadılar: evlərinin çəpəri düzəldilmiş, həyətdə əkin əkilmiş, hətta kimsə bağı lap təzəcə suvarmışdı da. Kürən atları da həyətdə qabağına tökülən otu tənbəl-tənbəl gövşəyirdi…
Bu vaxt evin qapısı içəridən açıldı, uşaqların atası gülə-gülə çölə çıxıb ailəsinə tərəf yüyürdü… (Sonradan bildilər ki, vəba səbəbilə kazaklar sərhəddi bağlayıb, o tay-bu tay gediş-gəlişini yasaqladıqlarına görə kişi evinə belə gec dönmüşdü.) Gülsüm isə atalarını qucaqlayan uşaqlara baxa-baxa ağlayır, hərdən də çığıran əkizləri bağrına basırdı…
***
Müəllifin əlavəsi
Düz yüz il bundan əvvəl, 1919-1920-ci illərdə Azərbaycanın o tayında – Qaradağ mahalında və üzbəüz Zəngəzurdakı kəndlərdə vəba epidemiyası yayılmışdı. Kəndlərin bəzisində əhali tamamilə, bəzilərində qismən tələf olmuşdu. Qaracallar camaatı kimi başbilənləri olanlar isə bu fəlakətli xəstəlikdən mümkün qədər az itki ilə çıxmışdı. Vaxtından əvvəl yaylağa çıxarılanlardan biri də mənim nənəm idi. Atası, anası, iki qardaşı vəbadan öləndən sonra dayısı Qaçaq Fərzalı onu Baharlıdan qaçıraraq təhlükəsiz yerə göndərdiyinə görə sağ qalmışdı. Bu hekayədəki hadisələri də mən nənəmdən eşitmişdim.
_________________________
* Çərçi – qapı-qapı gəzib xırdavat satan alverçi.
** Cecim – xovsuz kilim; adətən pambıqdan toxunurdu.
*** Üz – bu qədim türk sözüdür, müxtəlif mənalarda işlənir. Gözəl, dadlı; bacarıqlı, uzman; “az getdim, üz getdim” cünləsində isə say mənasındadır – az getdim, yüz getdim. Fikrimizcə, burada birinci mənadadır – gözəl dağlar.
**** Tap – yastan, təpəlik;bir dərədən o biri dərəyəcən olan məsafə.
***** Qoyun, yaxud keçi qarnını qurudub içinə yağ tökərdilər. Bu qaba çiriş deyərdilər. 4-5 kilo yağ tutardı.
31.03.2020