“Məni tanıyan hər kəsin sizə deyə biləcəyi kimi, mən qəbulolunmaz adamam. Pis adamları, qanun pozanları, axmaqları sevirəm. Düzgün yaşayan, tər-təmiz təraş olunmuş, qalstuklu adamlardan xoşum gəlmir. Ümidsiz adamları sevərəm, xəyalları qırıq, ağılları seyrək, yollarını sapmış adamları…”
Amerikan Ordusunun çavuşlarından biri, polyak əsilli Henrix Karl Bukovski, I Dünya Müharibəsindən sonra xidməti borcunu yerinə yetirmək üçün Almaniyaya gedir və orada tanış olduğu Katarina adlı qadınla evlənir. 16 Avqust 1920-ci ildə övladları dünyaya gəlir və onun adını da Henrix qoyurlar. Gənc cütlük 1923-cü ildə Amerikaya köçür. Əvvəl Baltimor, daha sonra Los Ancelesdə özünə gələcək axtaran Henrix, oğuluna əzab verməyə başlayır. Əvvəlcə Henri ardından imtina edib, adını Çarlz olaraq dəyişdirən Bukovski, sərt, mərhəmətsiz, üsyankar dilinə görə 6 il dayanmadan, həftədə 3 dəfə onu döyən atasına qarşı nifrətlə böyüyür.
“Həqiqətən yaşaya bilmək üçün bir neçə dəfə ölmək lazımdır.”
Los Anceles şəhərinin kənar məhəllələrindəə böyüyən, içinə qapalı, utancaq gənc, iki illik jurnalistika və yazıçılıq təhsilindən sonra Nyu Yorkda həyatını qurmağa çalışır. Asanlıqla yazıçı ola bilməyəcəyini anlayan Bukovski yenidən Qərbə qayıdır və içkiyə qurşanır. 10 il sonra ölümcül mədə qanaxmasından sonra içkinin bir xilaskar, bir mələk olmadığını başa düşsə də ondan asılığı davam edir. O qab-qacaq yuyur, yük maşını sürür, gözətçilik edir, fabriklərdə çalışır. Bədbəxtliyini, ümidsizliyini unutmaq üçün qazandığı son qəpiyi də barlarda içkiyə xərcləyir. Daha sonra nizamlı bir iş tapır, poçtalyon olur. Amma yenə işinə nifrət edir. Dəfələrlə istefa verir, sonra isə üzr isəyib geri dönmək üçün mübarizə aparır.
Bukovski 50 yaşına çatanda 5 qəpiyi olmayan, qadınların üzünə baxmadığı bir adam idi. İçindəki istək yenidən onu şeir yazmağa vadar edir. Günlərin bir günü “Black Sparrow” adlı az satılan jurnallardan birinin sahibi Con Martinlə tanış olur. Con, onun şeirlərindəki üsyanı, etirazı hiss etdiyi üçün bütün şeirlərini çap etməyə başlayır.
Poçtda işini davam etdirən, bu dəfə barlara getmək əvəzinə evə qapılıb sərxoş halda şeirlər yazan Bukovski ədəbiyyat dünyasında fərqli tərz yaratdığından xəbərsiz idi.
“Bəzən yataqdan qalxıb bu dəfə alınmayacaq deyə düşünər, lakin keçmişdə neçə dəfə belə düşündüyünüzü xatırlayar, gizli-gizli gülümsəyərsiniz.”
Bukovskinin ilk hekayələri kobud seks və zorakılıq səhnələrindən ibarət idi. Gəncliyində yaşadıqları ona küçənin dilini yaxşıca öyrətmişdi. Hər gördüyünü senzurasız yazma bacarığına sahib idi. Oxucularını ədəbsizliklə, arqoyla, məsuliyyətsizliklə ovsunlaya bilirdi. Hətta bir dəfə Bukovskinin dili haqqında belə bir fikir deyilib: “Bir az zəhmətkeşlik, tək-tük seçmə söz, xarakterindən qopub gələn amansızcasına dürüstlük.”
“Bəziləri heç vaxt axmaqlıq etmirlər. Onları qorxunc həyat gözləyir.”
Əlli üç yaşında, hələ şeir dünyasında yeni-yeni tanınmağa başladığı vaxt ilk müsahibəsini verir və özünün dünyadan gizlənən bir keşiş olduğunu bildirir. “İnsanları niyə sevmirəm?” deyə sual verir və “Kim insanları sevir ki?” deyə öz sualına cavab verir.
Növbəti illərdə “Solçuların sizdən xoşu gəlmir” deyən bir müxbirə, “Amerikadakı solçulardan bəhs edirsinizsə onlar duzsuz tiplərdir. Əsas dərdləri daha yaxşı bir iş tapmaq ya da narkotik çəkməkdir… Avtomobillərinə yeni şin almaq, kokain tapmaq və diskotekada beyinlərini dincəltməkdən başqa problemləri olmayan şüar uşaqlarıdırlar. Media onları çox şişirdir. Əslində həyat mübarizəsi nədir bilməyən tiplərdən bəhs edirik” deyə cavab verir. “Onları çox yaxşı tanımadığınız müddətdə insanları təbii ki, sevə bilərsiniz.”
Yazıçılığa 50 yaşında, “Black Sparrow” jurnalından aldığı bir neçə yüz dollarla başlayan və poçtdakı işindən son dəfə istefa verən Bukovskinin ilk romanı on il sonra “Post Office”(Poçt) (1971) adıyla nəşr olunur. Daha sonra “Factatum” (1975), “Qadınlar” (1978), “Çörək Arası” (1982), “Hollywood” (1989) və “Pulp” (1994) romanlarını yazır.
“Demokratiyada əvvəlcə səsinizi verərsiniz, sonra əmr edərlər, diktaturada isə səs verməyinizə ehtiyac qalmaz.”
Yazdıqları milyon tirajla satılmağa başladığı illərdə yaxın dostu aktyor Şon Penə müsahibə verən Bukovski artıq yetkin dövründə idi. Şeir və şairlər haqqında nə düşündüyünü dostuna belə açıqlayır: “Məktəbdə uşaqların həmişə şeirlə məzələndiyini görərdim. Niyə? Çünki şeir məcburi bir istehsaldır. Əsrlər boyu modabazca bir məşğuliyyət olaraq qalıb. Çox incə, çox qiymətli. Əslinə baxsan bir çoxu zir-zibildən ibarətdir. Bəlkə Ezra Pounddan, ya da T. S. Eliotdan bəhs edə bilərik. Onlar da artıq yoxdurlar. Şairlər əsas etibarilə döyüş, səs-küy sevməyən, yarı homoseksual varlıqlardır. Çəkmələrini çıxarıb küçəyə atsan, o şairlərin çəhrayı arxalarını şaplaqlayarlar. Mən evinə gedən fabrik fəhləsinə çığırıb-bağıran qadınları, gündəlik həyatın sadə detallarını yazıram şeirlərimdə. Əsrlərdir dilə gətirilməmiş gerçəkləri…”
Müsahibə verərkən özünü narahat hiss etdiyini deyən Bukovski; “Utanıram, buna görə də bəzən yalan danışıram. Məni tanımaq istəyirsinizsə bu müsahibəmi də oxumayın. Yox hesab edin…” deyərmiş hər dəfə.
Şeirlərini necə yazdığını soruşanlara isə “daim sərxoş başla” deyə cavab verir. “Yazı maşını arxasında oturub pulemyot kimi yazmağa başlayıram. Haradan başlayacağımı düşünmürəm. O anda içimdən nə gəlirsə onu yazıram.”
“Bəzi insanlar ağılını itirər və yalnız ruh olarlar - yəni dəli. Bəziləri ruhunu itirib, sırf ağıldn ibarət olar - yəni intellektual. Bəziləri ikisini də itirər və özü olar.”
Son illərində Bukovskinin həyat tərzində bəzi dəyişikliklər baş verir. Məsələn, “Artıq barlara gedib bazlıq edəcək yaşı keçmişəm” deyir. “Bar görəndə az qala qusmağım gəlir”. Niyə yazarkən daimi olaraq içdiyini soruşanda isə; “Spirtin gec-tez dağıdıcı tərəfi olması açıq-aydındır… Amma mən utancağam. Ancaq sərxoş olanda azad ola bilirəm” deyə cavab verir və belə davam edir: “Siqaret çəkməyi də sevirəm. Spirt və siqaret bir-birini tarazlaşdırır. Siqaret çəkməkdən barmaqlarım saralıb, İlhai, gör ciyərlərim nə gündədir!”
“İki nöqtə arasındakı ən qısa məsafə çox vaxt dözülməzdir.”
Şöhrətin zirvəsinə qalxdıqdan sonra həyatında neçə qadın olduğunu unudan Bukovskinin, qırx yaşındaykən Françes Smit adlı sevgilisindən bir qızı dünyaya gəlib. Ümumiyyətlə qadınlarla uzunmüddətli əlaqələr qura bilməyən məşhur şair altmış altı yaşında Linda Bleyr ilə tanış olub. Ömürünün qalan hissəsini Linda ilə keçirən dəli adam, son sevgilisiylə 1985-ci ildə evlənir və Kaliforniyada qan xərçəngindən ölənə qədər bu evlilik davam edir.
Şeirlərində, hekayələrində, romanlarında daim qaydasızlığı, məsuliyyətsizliyi, zorakılığı ön plana çıxaran, işsizləri, işini itirənləri müqəddəs hesab edən Bukovskinin həyatı boyunca ən çox əsər yazan yazıçılardan, şairlərdən biri olması və özünü intizamlı, vasvası və fədakar bir şəkildə işinə həsr etməsi sanki ironik bir tablo meydana gətirir.
Minlərlə şeir, yüzlərlə hekayə və altı roman müəllifi Bukovski həyatı boyu nizamlı, ağ yaxalıqlı, iş həyatının eqoist üsullarına qarşı çıxdıqdan sonra, adına qurulan internet saytı alış-veriş vasitəsi kimi işə başlayır. Gələcəkdə hər söylədiyinin, hər yazdığının pula çevrildiyi bir virtual marketin satış siması, markası halına gələcəyini bilsəydi, illərini barlarda keçirən gənc Çarlz görəsən nə hiss edərdi?
“Dünyanın əsas problemi, ağıllı insanlar şübhə edərkən axmaqların son dərəcə özündən əmin ola bilməsidir.”
Tərcümə edən: Cəlil Cavanşir