ARZU
O gün vərdiş elədiyim qrad səsinə diksinib oyananda bildim – mərmi böyük tut ağacımızı aşırmışdı. Altı yaşım vardı…
Yadımdadır, nənəm ağaca ağı deyib ağlayırdı. Sonra özünə təsəlli verdi:
– Əsas balalarım sağdı, bir ağacla heş zad olmaz.
Ancaq o ağacın meyvələrindən süfrəyə qoyulanda təkcə nənəmlə mən yemirdik. Onun niyə yemədiyini bilmədim, mənsə nənəmin o ağaca dil deyib ağladığını gördüyümçün yemirdim.
Qaçqın gəldik. Sumqayıta müvəqqəti yerləşdiyimiz evin həyətində nənəm yenə tut ağacı əkmişdi. Böyüdü, qol-budaq atdı. Qradla vurulan həmən ağacla eyni yaşdadır indi. Babamla nənəm qəlbi vətən həsrətindən yanıb bir ovuc külə dönə-dönə köçdülər bu dünyadan.
Mənim ən böyük arzum, burdakı tutdan bir budaq qoparıb Qarabağda öz həyətimizdə əkmək idi. Nə xoşbəxt mənə ki, arzum gerçəkləşdi. Bu günə qismətmiş…