MücrüART yazıçı Çinarə Ömrayın “Mücrü” nəşriyyatının “Proza” seriyasında yenicə işıq üzü görmüş “Mandarin” kitabından hekayəni təqdim edir.
Hər şeydə gülməyə bəhanə axtaran mən bu dəfə sadəcə donub qalmışdım. Bir anlıq elə bil içimdən gələn soyuq külək üzümə vurur, üşüdürdü məni. Elə bil içimdəki qış otağının qapısı açıq qalmışdı, ya da nə bilim içimdə hansısa söz buz kimi düşüb qalmışdı, dondururdu məni.
Mən beləyəmee, allah haqqı, tez təsirə düşürəm. Biri bir söz desin, həmin an inanıram. Nə edimee, adamlara inanmaq elə xoşumagəlir ki. Vallah çox gözəl inanıram, belə qəşəng, şirin, çıqqılı. Adam o inanmağın yanaqlarından dartıb öpmək istəyir.
Özüm öz inanmağımı elə sevirəm ki. O olmasa, mən yaşaya bilmərəm. Hər dəfəsində inanmağı seçirəm sonra da hər dəfə olduğu kimi belə yanılıram.
Yadımdadı nənəm bir dəfə demişdi ki, “qızım bütün insanları sevmək lazımdı. Bax allah hər birimizi sevərək yaradıb. Allahın sevərək yaratdığı bir varlıq heç vaxt pis ola bilməz. Mütləq onun içində bir yaxşılıq var. Qızım, insanlara inanmasan, yaşamaq olmaz”. Arvad bu sözləri elə bil direllə beynimi oyub yazmışdı ora. Bu qədər şey yaşadım, bu qədər zibilliklərdən keçdim, amma o sözlər silinmək bilmir ki, bilmir. Silinməsi cəhənnəm, heç üstünə toz da qonmur. Elə bil beynimin format düyməsidir. Hər dəfəsində pis nəsə bir şey baş verəndə, axşamı başımı yastığa qoyub özümə söz verirəm ki, sabahdan dəyişəcəm. Sabah oyanan kimi nənəmin cümlələrindən başqa heçnə tapa bilmirəm o başımda. O arvad sözün demək qaydasını bilirdi də. Bu günə kimi mənə nə deyib cümləbəcümlə beynimdədir.
Bu gün daha bir uğursuzluq, daha bir inamsızlıq… Heç nəyə reaksiya verə bilmirəm. O da yanımdadı bu dəfə. Danışır, məni güldürməyə çalışır, mən isə onun hər sözünü ciddiyə alıram. Gülə bilməmək elə pisdi ki…
Bir dəfə kirayə qalırdıq, anam, bacım, mən. İkimərtəbəli, taxta bina idi. O binanı həmişə nənəmin bir qəndqabısı vardı ona oxşadırdım. Bilmirəm niyə. Elə bil o qəndqabının siması vardı o binada. Bina taxtadan olduğu üçün mənə elə gəlirdi ki, çox yüngüldü. Məsələn elə bilirdim ki, babam bu binanın üstünə möhkəm qışqırsa, bina dağıla bilər. Çox şükür, qış gəlməmiş çıxdıq ordan.
Nəysə, ikiotaqlı evdə kirayə qalırdıq. Otağın birində anam, bacım, mən, digərində isə ev yiyəsi qızı ilə qalırdı. Çox qəribə qadın idi. Onu da nəsə tarakana oxşadırdım. Məndə uşaqlıqdan vərdişdir, nədənsə nəyisə nəyəsə mütləq oxşadıram. Yaşlı, arıq, amma cəld qarı idi. Arıqlıqdan və yaşlılıqdan da bir az beli bükülmüşdü. Bina taxta bina olduğuna görə evdə çoxlu tarakanlar olurdu. Bir gün anama kimsə tarakan dərmanı vermişdi. Ağ rəngdə toz idi. Anam onu biz qalan otağa səpdi, qapını da bağladı, nənəmgilə getdik. Səhəri evə gəldik. Düşünürdük ki, yəqin hamısı ölüb. Birdən anama dedim ki, bax tarakanlara ağ toza bulaşmış halda sıralanıb divarıın dibi ilə gedirdilər. Anam baxdı-baxdı dedi “bunlara baxe elə bil stansı akaradan semənti boşaldıb qayıdırlar, heç veclərinə də deyil”. Nədənsə Bəyaz nənəni (bizim ev sahibəsin) həmin tarakanlara oxşadırdım. Elə bilirdim ona zəhərli dərman da versən, heç vaxt ölməz.
Burada tualetdə unitazın üstündə taxta rəflər var idi. Bəyaz nənə o rəflərin üstünə boranı qoymuşdu. Yadımdadı, üst-üstə üç rəf idi hərəsində də bir boranı. İndi düşünürəm ki, onu tualetə niyə qoymuşdu ki?
Bir gün bacım tualetə girəndə qapını bərk örtmüşdü. Elə oturmağı ilə qışqırmağı bir oldu. “Belimdədi”, “mama, qoyma”, “biri də başıma tullandı”, “mamaa” deyib qışqırırdı. Qapını aça bilməyib sındırdıq. Daha doğrusu, qapı özü elə sınmağa həvəsli idi, anam biraz bərk dartan kimi qopdu. Gördük ki, bacım oturub boranılar da yerdədi hamısı. Yazıq qız oturan kimi boranılar bir-bir boynunun dalına, belinə düşübmüş. Təbii ki, bəyaz nənə bacımdan çox boranıya heyifsilənirdi…
Biz o hadisədən sonra o evdən çıxdıq. Bacım isə tam başqa cür olmuşdu. Mənim indiki halım kimi. Onu güldürmək üçün nə deyirdik, nə edirdiksə, eləcə soyuq-soyuq üzümüzə baxırdı. Adam özü pərt olurdu. Amma gülmürdü. Danışanda da bir az kəkələyirdi. Amma heç gülmürdü…
Necə özünə gələ bildi, bilmirəm. Sonra anamgil Qazaxıstana qayıtdılar. Birdə bacımı 3 ildən sonra gördüm. Kimsə ona yenidən gülməyi öyrətmişdi…