Nyu-Yorkdakı ilk ilimizdə uzun qara çarşabı və boneləri ilə matəmdə olan gəlinciklərə bənzəyən, xeyriyyəçi bacılarının dərs keçdiyi katolik məktəbinin yaxınlığında ev kirayə tutmuşduq. Mən onları çox sevirdim, xüsusilə də nənəm yaşında olan dördüncü dərəcəli Zoye bacını. Mənim adımın sevimli olduğunu və bütün sinifə adımı düzgün tələffüz etmələrini öyrətməyimi deyirdi: “Yo-lan-da”
Sinifdəki tək immiqrant şagird olduğum üçün mənə pəncərə önündə birinci cərgədə, digər uşaqlardan azca aralıda xüsusi yer ayırılmışdı ki, Zoye bacı mənə onları narahat etmədən dərs öyrədə bilsin. O, yeni sözləri sakitcə təkrar edirdi- camaşırxana, qarğıdalı, metro, qar
İngilis dilini havada fəlakət olduğunu anlamağıma yetəcək qədər tez bir zamanda öyrənmişdim. Zoye bacı gözləri bərəlmiş sinifə Kubada nə baş verdiyini izah etdi. Rusiya raketləri guya ki, təlim məqsədi ilə Nyu York şəhərinə tuşlanırdı.
Prezident Kennedi də televiziyada təlaşlı idi və izah edirdi ki, ola bilsin biz komunistlərə qarşı savaşmalı olarıq.
Məktəbdə hava hücumu ilə bağlı təlim keçirildi – uğursuz zəng çalınacaq və zala keçəcəyik, döşəməyə uzanacağıq, başımızı paltomuzla örtəcəyik və tökülən saçlarımızın, boşalan qollarımızın xəyalını quracağıq.
Evdə anam, bacım və mən dünyada sülh üçün dua etdik.
Mən yeni sözlər eşitdim – atom, bomba, radioaktiv qalıq, sığınacaq.
Zoye bacı bunun necə baş verəcəyini bizə izah edirdi. O, lövhədə göbələk rəsmi çəkdi və bizi öldürəcək qalıqların qırıntıları kimi də təbaşirlə bir topa nöqtələr qoydu.
Aylar geşdikcə hava soyuyurdu, noyabr, dekabr. Mən səhər yuxudan duranda hava qaranlıq idi, məktəbə nəfəsimin izi ilə gedirdim, şaxta idi.
Bir səhər parta arxasında pənəcərəyə baxıb xəyala dalmışdım ki, ilk öncə havada Zoye bacının lövhədə çəkdiyi tozlar kimi seyrək dənəciklərin uçuşduğunu gördüm. Daha sonra çoxaldılar, çoxaldılar…
Mən “Bomba! Bomba!” – deyə qışqırdım.
Zoye bacı mənə sarı qaçdı. Qara plaşı şar kimi şişərək ətrafı görünməz etdi. Kiçik qızlar ağlamağa başladı.
Lakin Zoye bacı üzündə çaşqın ifadə ilə:
– Yolanda əzizim, bu… bu ki, qardır.
O güldü.
– Qar
– Qar , – mən təkrarladım. Mən böyük maraqla pəncərədən boylandım. Bütün həyatım boyu qışda Amerika səmasından yağan bu ağ kristallar haqda eşitmişdim.
Stolumun arxasından səkiyə və park edilmiş maşınların üzərinə yağan ağ qar dənəciklərini müşahidə edirdim.
Hər lopa fərqli idi.
– Əvəzedilməz və gözəl, insan kimi… – Zoye bacı dedi.
İngilis dilindən tərcümə edən: Vəfa CAN