Mücrü ART #QarabağAzərbaycandır həştəqində hazırda hərbi xidmətdə olan şair Emin Pirinin müharibə şeirlərini oxuculara təqdim edir.
Mələklərə atılan mərmilər…
Toplardan,
təyyarələrdən
doğan uşaqlar
yerdə bələklərdən çıxırdı.
uşaqların yerdə
batan səsləri
göydə mələklərdən
çıxırdı.
Analar saxlaya bilmirdi
bombaları
uşaqlar qaça bilmirdi
bombalardan.
hara qaçsalar da
bombalar tuturdu uşaqları.
şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini.
qoparmışdı
əllərindən mərmilər.
bir qolu balasında
biri özündə qalmışdı ananın…
itkin qoluna yalvarıb,
itkin balasını tapşırırdı ana:
“yaxşı bax balama
ağlayanda
əllərindən tut,
bir az güldür.
qulağı üşüyəndi
qulağını yaxşı ört”.
Balasıyla itən
qolunu günahlandırıb,
geri qayıtmayan
əlinə ağlayırdı.
itirdiyi qolunun
yerinə baxıb
yarasını danlayırdı,
ana.
bu dağılmış şəhərin
hər daşını qaldırıb,
axtarırdı yavrusunu.
daş qaldırmaqdan
daşa dönmüşdü təklənmiş əli.
ancaq bala vermirdi
daşlar…
on altı il keçsə də
ana balasını axtarırdı
altı aylıq körpələr arasında.
Sağ qalan varmı?!…
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər…
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib
“üşüyürəm, ana
odun atıram sobaya” …
Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu…
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!
Ayağım özümdən qeyrətli çıxdı
çiçək açırdı
torpağa basdırılan
minalar
toxunanda ayaqlar.
çiçəklər yara açırdı
yaralar
anaların yuxusuna qaçırdı.
yuxular qara xəbərin
ardınca qaçırdı.
Qəlbinə qara xal düşən qızların
gözünün altından
öpüş yerini
səhər eşitdiyi xəbərlər yuyar.
evli xanımlar
yatağında yox,
torpaqda
əriyçün dərin yer salar.
…O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ ayağının addımını.
arxada can verən
addım səsinə
qayıdıb
itmiş ayağını aldı əlinə.
Bir vaxt sevgilisinə
gül verən əllər
bu gün nə aparacaqdı?!
cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol ayağı alıb xərcləyir!
danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.
İtirilmiş əllər
Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin cəbhədə itirdiyi əlləri.