Cəlil Cavanşirin “Eşq və intihar” kitabı üzərinə notlar
Hamımız sığınacaqlarımıza çəkilmişik, sanki Günəşin də tax-tacı devrilib. Qara buludlar yağış vəd edir, sazaq canımızı üşüdür, parklardan, xiyabanlardan əl-ayaq çəkilib. Filmlərlə, kitablarla başımızı qatırıq. Dünyanın isə sabahı sual altındadır… Bu aralar “Cənnət alması” adında bir hekayə yazdım. O hekayənin baş qəhrəmanı Eşq idi.
Gecənin bir yarısı, sükutdan qulaq tutulur. Mən yata bilmirəm, xanımımı narahat etməmək üçün alışqanın işığını yandırıb ayağımın ucunda kitabxanama keçirəm, oxumağa kitab axtarıram. Masamın üstündə bir neçə oxuyub bitirmədiyim kitablar var. Amma nəsə başqa bir şey istəyirəm; ruhumu ovudan kitab olsun. Əlimi uzadıb bir kitab götürürəm, alışqanın işığını kitabın üzərinə tuturam: Cəlil Cavanşir – “Eşq və intihar”. “Mücrü” nəşriyyatının “Proza” seriyasından nəşr edilib. Stolüstü lampanı yandırıb masa arxasına keçirəm və… Başımı qaldıranda pəncərədə səhəri gördüm. Mən artıq kitabı oxuyub bitirmişdim.
“Eşq və intihar”ı oxuya-oxuya gözümün önündən nələr keçdi… Həyatımdan qasırğa kimi keçən eşq hekayətləri. Cəlillə sevgi, eşq mövzusunda uzun-uzadı söhbətlərimiz… Cəlil mənim çarəsiz yaşantılarımın, iztirablarımın şahididir. Xatırlayıram, Sabir bağı tərəfdəki internet klublardan birində qəfil ürəyim tutdu, o an ilk ağlımdan keçən Cəlil oldu. Əllərim əsə-əsə ona zəng vurdum və sonrasını xatırlamıram. Gözümü açanda başımın üstündə Cəlili gördüm. Mən zəng edəndə “Torqovı” tərəfdə imiş. Birnəfəsə qaçaraq özünü mənə yetirmişdi.
Ey Füzuli, bu qədər eşqə giriftar olma,
tez xilas et özünü, qalmayasan zillətdə.
Ustad bu beyti bica yerə yazmayıbmış. Özünü xilas etməsən bu yol səni intihara aparıb çıxaracaq. Çox dəhşətli bir duyğudur eşq. Əziz dostum Cəlil Cavanşir bir Eşq dərsliyi yazıb. Bu kitabı intiharın bir addımlığından dönmüş bir adam yazıb!
Bu kitabdakı etirafları qələmə almağa hər yazarın gücü çatmaz. Şəxsən mən özümdə o cəsarəti tapa bilmərəm. Kitabı oxuduqca düşünürdüm ki, həyat Cəlili çox tez müdrikləşdirib. Dostumun cəmi otuz altı yaşı var. Otuz altı illik ömürdə tale Cəlili çox ağır sınaqlardan keçirib. Bəzi insanların yetmiş-səksən yaşında yetə bilmədiyi həqiqətlərə Cəlil artıq cavan yaşında vaqif olub. Bilmirəm bu onun xoşbəxtliyidirmi ya tale onunla həddən artıq amansız davranıb… Deyə bilmərəm…
Cəlilin hisləri, yaşantıları mənə o qədər tanışdır ki… Nə gizlədim, elə anlar olub ki, tənha bir guşəyə çəkilib çarəsizcəsinə hönkür-hönkür ağlamışam. Heç vaxt bunu ayıb hesab etməmişəm. Mövlud Mövludun ölüm xəbərini eşidəndə ətrafımda beş-altı adam vardı, hamısı tanınmış simalar idi. Bu sarsıntı içimə yığılmış illərin ağrısını, hirsini, qəzəbini çölə püskürtdü. Mən həyatım boyu o cür içdən nalə çəkib ağlamamışdım. Məni sakitləşdirə bilmirdilər. Xanımlardan biri dedi ki, ona toxunmayın, qoyun ürəyini boşaltsın…
O ərəfələrdə Cəlillə tez-tez görüşürdük və məni bu dünyada Cəlildən yaxşı anlayan bir kimsə ola bilməzdi. Həmin günlərdə Cəlil və bir qadın dostumuz məni o ağır dönəmlərdən keçirdi. Cəlilə və ona bir şeir də yazmışdım:
Təkliyin damında o qədər
quş uçurmuşam ki…
tənhalığım parçalanıb, səpələnib səmaya,
quşlar yuvasına qayıtmayıb,
boş qalıb içimdəki xaraba…
qoymayın havalanım…
məni tək qoymayın, dostlar…
Şeirin yazıldığı tarixə baxıram. Səkkiz il ötür… Bu səkkiz ildə çox şeylər dəyişdi. Həyatımızdan çox adamlar gəlib keçdi. Cəlil isə dəyişmədi. Həmin saf, eşqlə dolub-daşan, gözlərindəki uşaq məsumluğunu qoruyub saxlayan, haqsızlıqla barışmayan, istedadsızların at oynatdığını görəndə sadəcə, gülümsəyib keçən… Bu təbəssüm onun ən amansız silahıdır.
“Eşq və intihar”a gələk. Mən öz yaşantılarımı gördüm bu kitabda. Anladım ki, zaman insanı dəyişmir, yaraları sağaltmır, sadəcə, onu dünya ilə barışdırır. Zaman insanı dünya qarşısında məğlub edir, eşqə uduzdurur. Bütün bunlarla bərabər, həyat gözəldir. Bu məğlubiyyətin özü belə insanı yaşamağa sövq edir. Eşqin paradoksu budur.
“Eşqin qısa tarixi” essesini maraqla oxudum. Müəllif tarixə qısa ekskurs edərək antik dövrdən ən yeni dövrə qədər eşqin insan toplumlarında, ictimai formasiyalarda yeri və rolu barədə geniş izahatlar verir. Bu yazı eşqin yasaq olduğu zamanlar haqda oxucuda müəyyən təsəvvür yaradır. Eşqin tarixi qəlbin tarixidir. Cəlil qəlbin tarixini araşdırıb və kitaba öz qəlbinin də iztirablarını əlavə edib, öz təcrübəsindən çıxış edərək eşqə fərqli baxış sərgiləyib. Kitabı oxuduqca eşqin mənə yazdırdığı şeirləri, hekayələri, esseləri xatırladım. Eşq olmasaydı, bu yazılar yazılmazdı. Eşq olmasaydı, Cəlil bu kitabı yazmazdı. Demək, müəllif haqlıdır: sənət məhz bu möhtəşəm hissin ifadəsidir. Şair demiş, “eşq olmasa, varlıq bütün əfsanədir”.
Cəlil eşqlə yaşayan insandır. Onun insanlara sevgisini taxdığı eynək belə gizlədə bilmir.
Kitabın sonundakı cümlələr məni çox mütəəssir etdi. Cəlil yazır ki, “insanlar, siz çox qəddarsınız, …çox zalımsınız. …Mən isə sizi çox sevirəm, insanlar! Nə olur olsun, çox sevirəm…”
Cəlil bu möhtəşəm sevgisiylə intiharı adlayıb, ölümə qalib gəlib. Cəlilin etirazlarında da, üsyanında da yenilməz bir sevgi var! Mən buna görə Cəlili çox istəyirəm.
Cəlilin “Eşq və intihar” kitabı eşq haqqında yazılmış ən gözəl kitabdır, esseistikamızın ən dəyərli nümunəsidir.
Əzizim Cəlil, nə yaxşı ki, sən bu kitabı yazmısan. Bu kitab gənclərin zaman-zaman sevə-sevə oxuyacağı bir kitab olacaq. “Eşq və intihar” bu narahat, səksəkəli günlərdə ruhuma dinclik gətirdi. Kitabın son cümləsini bitirib başımı qaldırdım və pəncərəmdə Günəşi gördüm. Buna görə sənə minnətdaram!
Kənan Hacı