Ìstənilən dövrdə yazıçılar uşaqlıq mövzusuna laqeyd qala bilməyiblər. Uşaq dünyası yazıçıları daima həyəcanlandırıb, düşündürüb, yazmağa sövq edib.
XIX əsrin ortalarında uşaq mövzusu rus qəzet və jurnal səhifələrində geniş müzakirə olunurdu. Diskussiyalara tanınmış psixoloqlar, pedaqoqlar və yazıçılar da qatılırdılar. Müzakirələrdə müasirlərinin sosial və əxlaqi nöqsanlarını açmaq üçün cəmiyyətin diqqətini uşaqların saflığına, məsumluğuna çəkməklə göstərməyə çalışıblar.
Bir çox yazıçılar uşaqlar haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən yaxşı halda böyüklərin zərif yumorunu qatmaqla yazsalar da, onların daxili dünyasının dərinliyinə nüfuz edə bilməmişdilər. F.M. Dostoyevski isə öz əzərlərində uşaq ruhuna daha da yaxınlaşmaqla, onların daxili dünyasına yol tapmağa nail olmuş yazıçılar sırasındadır. Yazıçının bu incə qabiliyyətini ilk dəfə «Karamazov qardaşları» əsərini (mənə görə İlyuşa Sneqirov obrazı Dostoyevskinin yaratdığı şedevr uşaq obrazıdır) mütailə edərkən kəşf etsəm də, digər əsərlərini də oxuyaraq bu məsələdə yanılmadığıma əmin oldum.
«Uşaqlıq mövzusu» Dostoyevski yaradıcılığında xüsusi mövzulardan biridir. Hələ 1876-cı il, «Yazıçının gündəliyi»nin fevral buraxılışında yazırdı: «Qulaq asın: biz uşaqlar qarşısında özümüzü çəkməməliyik, biz onlardan daha fənayıq». <… > onlar bizə çox şeyi öyrədirlər və <… > sadəcə bir ünsiyyətlə bizi yaxşı təsir edirlər. Aramızda olmaqla ruhumuzu insaniləşdirirlər. Ona görə də onların mələkliyinə, məsumluğuna, hətta ən qüsurlu vərdişinə, məsuliyyətsizliyinə və mütəəssir edən müdafiəsizliyinə hörmət etməliyik”.
Dostoyevskinin demək olar, elə bir əsəri yoxdur ki, orda sevimli uşaq obrazı olmasın. Onun uşaq obrazları çox zaman kasıbların uşaqlarıdır. Əzablar onların üzündə əks olunur və onların daxili iztirabını oxucu da hiss edir. Bu obrazlar istənilən situasiyada, istər 1879-cu ildə “Ədəbiyyat səhəri” qəzetində dərc edilmiş «Milad ağacındakı oğlan» hekayəsindəki balaca qəhrəmanın başına gələn əhvalatda, istərsə də digər əsərlərdəki Netoçka Nezvanova, İlyuşa Sneqirov situasiyasiyalarında, hər biri ayrılıqda oxucunu bir başqa kədərləndirir, dünyaya uşağın gözündən baxmağa sövq edir, öyrədir, dərs verir. Dostoyevski yaradıcılığında «uşaqlıq mövzusu»nun işlənməsinin digər rus yazıçılarının yaradıcılığındakı obrazlardan fərqlənirdi. Çünki Dostoyevski uşaq mövzusuna ənənəvi anlayış və baxış müstəvisindən sıyrılıb, uşaqlıq probleminə öz orijinal, fərqli baxış bucağından baxmağı təqdim edir. Onun yaradıcılığında vahid və tamamlanmış bədii-fəlsəfi uşaqlıq konsepsiyası zəncirinin ayrı-ayrı halqalarına nəzər saldıqda iki məsələ diqqətimizi çəkir. Yazıçı uşaqlıq mövzusuna müraciət edərkən, bir tərəfdən qəhrəmanlarının həyat mənzərəsini daha geniş aspektdə təqdim edir, xarakterlərin böyümə mühitindən və situasiyalardan asılı olmasını çatdırır, digər tərəfdən uşaqlıq mövzusuna — saflıq, təmizlik, məsumluq və pozitivlik qaynağı kimi müraciət edir. Bundan başqa uşaqlıq mövzusu yazıçının əsərlərində həm də metafora-alleqorik çalara bürünür («Bütün insanlar — uşaqdırlar»).
Uşaqlıq mövzusu oxucunu bütövlükdə Dostoyevskinin bədii konsepsiyasını başa düşməyə yaxınlaşdırır. Fyodor Mixayloviçi narahat edən, əzab verən bütün əsas ideyalar: xristian insan konsepsiyası və İsa obrazı, yaxşılıq və pislik, hər şeyi bağışlamaq, şəfqət və mərhəmət, «insanda insan axtarışı», “ölü insanın dirilməsi” və bu kimi başqa «böyüklərin ədəbiyyatında» qabardılan məsələlər öz həllini uşaqlıq mövzusunda tapır. Dostoyevskinin personajları uşaqlıq dövrü yaddaşında qalmış uzaq epizodlara tutunaraq xilas yolu axtarır (Raskolnikovun yuxusu). Dünya günahlarıyla çirklənmiş böyüklər şüuraltı olaraq uşaqlıqdakı rahatlığı, təmizliyi, həyata sağlam tutunmağı sarılırlar.
Dostoyevksiyə görə «Dünyanın bütün harmoniyası əzab çəkən körpə bir damla göz yaşına dəyməz» (İvan Karamazov obrazının dilində), uşaqları ölən dünyanın mövcud olmağa haqqı yoxdur.
“İnsanlar arasında günah həmrəyliyini başa düşürəm, cəza və mükafat həmrəyliyini də anlayaram, ancaq uşaqları günahlara şərik etmək, onları atalarının bütün pisliklərinə ortaq etmək məsələsi bu dünyada deyil və bunu anlamıram. Bəlkə də, təlxəyin biri qalxıb deyəcək ki, uşaq da böyüyüb günah sahibi olacaq, amma o böyümədi, onu səkkiz yaşında itlərə yem etdilər” («Karamazov qardaşları»).
Kasıblıqdan ölən uşaq obrazlarıyla yazıçının yaradıcılığının ilk mərhələsində də Milad ağacındakı oğlan” hekayəsi və ilk romanı «Yoxsul insanlar»da (iki ailə- Pokrovskilər və Qorşkovlar öz oğullarını dəfn edirlər) qarşılaşırıq. Bu əsərlərindən göründüyü kimi, Dostoyevski uşaq problemlərinə özü də çarə axtarırdı, hələ həll yolunu göstəmərsə də, bu problemlərin mövcudluğunu təsvir edirdi.
Sonrakı dövr əsərlərində isə uşaqlıq probleminin həllini İncil ənənələrindən faydalanaraq jest vasitəsiylə təqdim edir. 1876-cı ildə «Yazıçının gündəliyi» buraxılışına hazırlıqlar zamanı Dostoyevski qeyd edirdi: “İncildə İsa Məsihin uşaqlarla görüşüb, xeyir-dua verməsi səhnəsi olmasaydı, buna təəccüblənərdim”.
İsa Məsihin uşaqların əhatəsində təsviri “İdiot” romanında da öz əksini tapıb. Knyaz Mışkin fərqində olmadan Nastasya Filippovna və Roqojini xilas etmək üçün onların başlarını oxşayır. Əsərdə belə səhnə var; Aqlaya Nastasya Filippovnanın evindən qaçdıqdan sonra, o isə Roqojini axırıncı dəfə qovduqdan sonra, «knyaz… gözünü ondan çəkmədən başını oxşayırdı və hər iki əliylə balaca uşaq kimi üzünə sığal çəkirdi. Knyaz onun gülüşünə gülür, göz yaşlarına ağlamağa hazırdı. O, <…> çətin ki, nəsə anlayırdı, amma sakit gülümsəyirdi».
«Dostoyevskinin maraqlı bir fikri var: deyir, əgər mənə təsdiq etsələr ki, İsa Məsih həqiqətən kənardır, mən yenə də İsa Məsihlə qalmaq istərdim, nəinki həqiqətlə. Yəni, İsa onun üçün həqiqətdən də üstündür, ən böyük həqiqətdir. Dostoyevski həqiqəti elmdə yox, fəlsəfədə yox, məhz dində tapır. Bax ona görə də din insanı yaşamağa sövq edir. Elm ölümün labüdlüyünü, din isə həyatın əbədiliyini sübut edir. Elm həyatı, din isə ölümü unutdurur. Dostoyevskini də dinə bağlayan bu idi. Ona görə də dini həqiqət onun üçün fəlsəfi, elmi həqiqətdən üstün idi» (Məmməd Qocayev — Kaspi.az qəzeti, 2017, 11 mart).
Bundan başqa hamıya qarşı sonsuz və təmənnasız sevgi, yaxşıya və pisə qarşı eyni sevgi, bu, yalnız peyğəmbərlərə və müdrik insanlara bəxş edilmiş qeyri-adi bir duyğu məhz knyaz Mışkin obrazında vardı. Bu mənada əsərin final səhnələrindən biri çox simvolikdir. Hər iki dost Mışkin və Roqojin sevdikləri qadının cəsədiylə birlikdə otaqda, ağılsızlığın sərhəddində, sanki iki uşaq kimi bir-birilərinə sığınırlar: «Roqojin <…> qışqırıb gülürdü, <…> belə hallarda knyaz titrək əlini ona sarı uzadır, ehmallıca onun başına, saçlarına toxunur, yanaqlarını sığallayırdı… Bundan artıq heç bir şey edə bilmirdi! O, <…> üzünü Roqojinin solğun və hərəkətsiz üzünə dayadı; onun gözlərindən Roqojinin üzünə gözyaşı damcıları süzülürdü, lakin ola bilsin, o <…> bu göz yaşlarından tamam xəbərsiz idi».
Dostoyevskiyə görə uşaqlar heyrətləndirici intuisiyaya və instinktiv olaraq xeyrə çəkmə qüvvəsinə malikdirlər, amma tam formalaşmamış xarakterləri, inkişaf etməmiş intellekt, iradə, həyat təcrübələri zülm, qəddarlıq qarşısında onları aciz və üzüyola edir.
Yazıçının təsvir etdiyi uşaqlar həm də — çətin uşaqlardır. Onların «qəribə qürur»u, «sərtliyi və inamsızlığı» var. Uşaqlar hələ öz daxili işıqlarını tanıya bilmədikləri üçün kütləvi şəkildə knyaz Mışkinin və Alyoşa Karamazovun ardınca gedirlər, yaxud asanlıqla mənfi şeylərin təsiri altına düşürlər. Onlar zəifi acıqlandırır və zəhərləyirlər («Karamazov qardaşları»nda İlyuşanı). Bu mənada yeniyetmələr böyüklərdən də aqressiv olurlar. Liza Xoxlokova Alyoşa Karamazovu Qruşenkadan daha pis acıqlandırır. “İdiot” əsərindəki 16 yaşlı İppolitdə obrazı kor və amansız eqosentrizmin təzahürlərini görürük. Dostoyevskinin yeniyetmələri qisassız qalmış əzablarla davam etmək istəmirlər, onlar intiqam arzusuyla yaşayırlar. Buna baxmayaraq, Dostoyevski yenə də bu cür uşaqları sevir, ona görə yox ki, onlar daxilən məsumdurlar, mələkdirlər, ona görə ki, onların xarakterləri hələ tam olaraq oturmayıb, formalaşma tamamlanmayıb. Onlar hələ daxili dünyalarının hansı istiqamətdə yol aldığından xəbərsizdirlər, buna görə də bəzən böyüklərdən də qəddar, həm də böyüklərdən də mərhəmətli ola bilirlər.
Dostoyevski əbədi xeyir və şər, «alçaldılmış və təhqir edilmişlər» problemini həm də uşaq mövzusu üzərindən açır. Yazıçı əbədi ədalət axtarışını varlığının bütün qüvvəsiylə qorxuları yenib, «hücumçu» mövqeyi tutmuş, bütün dünyaya öz ləyaqət və şərəf haqqının sübutunu balaca qəhrəman İlyuşanın obrazında göstərir. Nəticədə İlyuşa ölür və ölərkən Alyoşaya «hücumunun» və Smerdyakovun təhrikiylə iynə batırılmış bir tikə çörəyi küçə itinə atmasının peşmanlığını çəkir. O böyük dostu Alyoşa Karamazov, atası və dostlarıyla halallaşaraq sakitcə gözlərini yumur. Bəlkə də onun ölümüyülə Dostoyevski uşaqların Allahla əzəli yaxınlığı fikrini təsdiq etməyə çalışıb. Doqquz yaşlı «günah işləmiş» uşaq ölümüylə doğmalarını, “ənənəvi” uşaq qəddarlığını unutmuş dostlarını duruldur, ətrafındakıları ucaldır. Beləliklə, uşaqlıq bir daha saflığın qaynağı kimi göstərilir.