Bu gün Şuşanın işğal edildiyi gündür.
Salam, Şuşam, iki gözüm, əzizim!
Sürünüm yollarında mən dizin-dizin.
Sürtüm üz-gözümü “sürünçək” daşlarına,
Açım qollarımı gur sel yağışlarına,
Küləklərin oxşasın pərişan tellərimi,
Haraylayım, haylayım didərgin ellərimi.
Salam, Şuşam, mənim şəhdim, şəkərim!
Salam, Şuşam, mənim şəhid şəhərim!
Salam, Şuşam!
Oğulları qırılmış, kişiləri vurulmuş,
Od içində boğulmuş, qan içində yuyulmuş,
Buludları doluxmuş, çiçəkləri soluxmuş,
Körpələri qocalmış, qocaları yorulmuş,
Qananı “nadan” olmuş, nadanı “qanan” olmuş
Üfüqləri qaralmış, adamları saralmış,
Salam, Şuşam, tale ülkərim, salam!
Var ikən yox olan şəhərim, salam.
Salam Şuşam!
Xanimanı dağılmış, oy… yurdu yağmalanmış.
Sarayları sökülmüş, var-dövləti talanmış,
Min illik xəzinəsi tonqallara qalanmış,
Min cür böhtan, yalanla günahsız damğalanmış,
Uğrunda övlad qanı sellənmiş, laxtalanmış,
Ramizini itirmiş, çalın-çarpaz dağlanmış,
Salam, Şuşam, unudulmuş şəhərim!
Haqqına daş basılmış susdurulmuş şəhərim!
Salam, Şuşam!
Keçəydim yollarından elə payi-piyada,
İçəydim sularından min ləzzət dada-dada.
Qucaydım dağlarının başında buludları,
Görəydim mən ölməmiş o doğmaca yurdları.
Topa-topa daşlara lopa-lopa qar yağa,
Xizəkli körpələrin şütüsünlər sol-sağa.
Qarqar daşsın yaz ağzı, sellər, sular hayqırsın,
Şimşəklərin kişnəsin, qartalların qıy vursun.
Salam, Şuşam, basılmış basılmazım!
Gözgörəti satılmış basılmazım!
Salam, Şuşam!
Salam, Şuşam, siyasətin qurbanı!
Aman! Şuşam-xəyanətin qurbanı!?
Şuşasız bu ölkə Vətən deyilmiş,
Sənə bu dünyada da heç tən deyilmiş,
Gələcəm qoynuna dizlərim üstdə,
Ölsəm, Xarıbülbül məzarım üstdə,
Qalsam, bir daş kimi yonsunlar məni,
Uçuq divarına qoysunlar məni.
Salam Şuşam, iki gözüm, əzizim!
Sürünüm yollarında mən dizin-dizin…
Bakı 1993