QALİB XALQIN YAZIÇISI
Müharibə başlayan gündən düşmən çoxlu itkilər verərək geri çəkilməkdə idi. Demək olar ki, hər gün bir qəsəbə, bir neçə kənd işğaldan azad olunurdu. Düşmən hərbi texnikalarını, silahlarını döyüş meydanında qoyub qaçırdı. İgid Vətən oğulları Qarabağ torpağını işğalçılardan təmizləyirdilər. Azərbaycan xalqının haqq səsi bütün dünyanı silkələməkdə idi: Qarabağ Azərbaycandır!
Dağlar sanki kürək-kürəyə verib igidləri şaxtadan-sazaqdan qoruyurdu. Hər açılan barıt qoxulu səhər Ordumuzu qələbəyə yaxınlaşdırırdı. Dronlar vulkan kimi püskürdükcə düşmənlərin ayağı yerdən qopurdu. İşğaldan azad olunan torpaqlarımıza üçrəngli bayrağımız sancılırdı. İlahi, bu nə xoşbəxtlik! Biz qalib xalqın övladlarıyıq!
Yazıçı bu sözləri yazıb köks dolusu nəfəs dərdi. O, bu cümlələri yazmaqdan ötrü nə az, nə çox, düz otuz il gözləmişdi! Silahlar sözünü dedi! İndi növbə qələmindir, – deyə düşündü.
Yazıçı növbəti yayı Şuşada keçirməyi planlaşdırdı. Orda “Zəfər” romanını yazacaqdı.