Qatillər haqqında yazdığı 40-dan çox kitabı milyonlarla tirajla satılan məşhur fransız yazıçısı Stefan Burqan bütün kariyerasının yalanlar üzərində qurulduğunu etiraf edib.
Burqan Çarlez Manson ilə tanış olması və olmayan həyat yoldaşının öldürülməsi daxil olmaqla bəhs etdiyi bütün təcrübələri özündən uydurduğunu bildirib.
Yazdığı kitablar, sənədli filmlərlə Fransada adı “qatil mütəxəssisi” kimi məşhurlaşan 67 yaşlı yazıçının yalançı olduğu ortaya çıxıb. Onun keçmişindən şübhələnən anonim təşkilat 2019-cu ildə yazıçı haqqında araşdırma həyata keçirir. Bütün dəlillər Burqanın yalan söylədiyini göstərirdi. Aparılan araşdırmalar nəticəsində Burqanın heç vaxt FBI-da təhsil almadığı, Çarles Mansondan müsahibə almadığı, söylədiyindən daha az qatil ilə görüşdüyü, kitabları üçün ingilis dilində yazılan kitablardan plagiatlıq etdiyi, hətta öldürüldüyünü söylədiyi bir həyat yoldaşının heç vaxt olmadığı ortaya çıxıb.
Stefan Burqan yalanlarını etiraf edərək müsahibəsində: “Yalanlarım mənə yük olur. Bir müsahibə vermək zamanı gəlib” deyib. O “La Parisien” qəzetinə müsahibə verərək onda mitoman, yəni yalan xəstəliyinin olduğunu etiraf edib:
“Səhvlərimi etiraf edirəm. Yalan söylədiyim və bütün bunları illərdir gizlətdiyim üçün utanıram” deyib.
Burqan həyat yoldaşının öldürülməsi hekayəsində, ABŞ-da tanış olduğu Susan adlı barmen qadından təsirlənərək yazdığını qeyd edib. Susan 1975-ci ildə 24 yaşında Gerald Stan adlı bir qatil tərəfindən öldürülmüşdü. 41 qadını öldürdüyünü etiraf edən Stan 1998-ci ildə edam edilmişdi.
Burqan psixoloji köməyə ehtiyacı olduğunu, həqiqətən də sevildiyini hiss etmədiyi üçün bu cür yalanlar uydurduğunu və hadisələri şişirtdiyini söyləyib. \\kulis.az\\