Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündən 102 il keçir. 28 May – Azərbaycan xalqının tarixində ən şərəfli gündür. Məhz bugünkü gündə M.Ə.Rəsulzadə və silahdaşları yoxdan bir bayraq yaradaraq xalqımıza müstəqilliyin, azadlığın müqəddəs duyğusunu yaşatdılar. Sübut etdilər ki, bu xalq azad yaşamaq qüdrətindədir. Cümhuriyyətin ömrü çox qısa oldu, amma bu tarix, onun idealları xalqımızın qan yaddaşına həmişəlik həkk olundu. Və 70 ildən sonra xalqımız ikinci dəfə öz müstəqilliyinə qovuşdu. M.Ə.Rəsulzadənin böyük uzaqgörənliklə, “Bir kərə yüksələn bayraq bir daha enməz” – dediyi o üçrəngli bayrağımızı başımız üzərində yenidən dalğalandırmağın qürurunu yaşadıq.
Gerçək tariximizin şərəf səhifəsini yazanlar, bizə Cümhuriyyət bəxş edib qürur yaşadanlar, ehtiramla ruhunuz qarşısında baş əyirik!
Nə qədər ki, bu xalq var, Cümhuriyyət qurucularına, onların ideallarına olan sevgi qəlbimizdə istiqlal, vətən, millət, bayraq sevgisi ilə qovuşub əbədi bir sevgi kimi yaşayacaq!
Cümhuriyyət bayramımız mübarək, əziz dostlar!
Qeyd edək ki, Cümhuriyyət günü münasibətilə “Mücrü” nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərini yenidən nəşr edib.