Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabr ölkəmizdə ilk dəfə olaraq Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olan “Anım günü” kimi qeyd olunur.
Bu münasibətlə Oğuz şəhərində və Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanlarında rayon ictimaiyyətinin, şəhid ailələrinin üzvlərinin, qazilərin, idarə və müəssisələrin, pedaqoji və şagird kollektivlərinin iştirakı ilə Anım tədbirləri keçirilmişdir.
Tədbirlərdə Oğuz rayon İcra Hakimiyyətinin Başçısı cənab E.Qurbanov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nail İbrahimlinin anası Aqubət xanım, şəhid Anar Əliyevin anası Kişvər xanım çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı zəfərdə ölkəmizin hər bölgəsindən olduğu kimi, Oğuz rayonundan olan yüzlərlə çağırışçı və könüllülər də düşmənə qarşı mərdliklə döyüşdülər. Vətənin azadlığı üçün öz ömrünü qurban verən şəhidlərimiz məzarda o zaman rahat yatır ki, tökülən qandan nəsillər müdrikləşir, tarixdə, xalqın qan yaddaşında ondan iz qalır. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Şəhid anaları öz çıxışlarında şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Oğuz şəhər 3 nömrəli məktəb-liseyin və Xaçmaz kənd 2 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Anım Gününə həsr olunmuş kompozisiyalar səsləndirilmişdir. Tədbirlər şəhid məzarlarının üzərinə gül dəstələrinin qoyulması ilə başa çatmışdır.