Bütün zarafatlara, qayğılara, sıxıntılara, ağrılara rəğmən “Səni Sevirəm” dünyanın ən nəhəng ifadəsidir.
Bu iki sözü qarşılıqlı eşitməyin adısa – xoşbəxtlikdir.
“Yalnızlığın bal ayı” romanından
birinci filmimiz
“My Fair Lady” – “Mənim Şirin Mələyim” (1964) / ABŞ
Filmin mərkəzində qarşısıalınmaz çətin, nifrətdən eşqə çevrilən bir münasibət var. İnadkar dil bilicisi Henry Higginslə onun təcrübə üçün seçdiyi küçə qızı Eliza Dolittlenin sevgisi heyrətamizdi. Elizanın bu sınaqların hər addımında onunla eyni duyğunu paylaşaraq – Higginsin dözülməz təlimlərinə dirəniş göstərən yoxsul bir qız, ona üsulluca aşiq olan bir iş yoldaşıykən və ən sonda hüdudsuz tələblərini dəf etməyi bacaran qadınkən davranışları, rəftarı örnək alasıdır. Rejissor George Cukorun nəşəli duyğusallığıyla ərsəyə gələn filmin musiqiləri əvəzsiz dərəcədə gözəldi. İzləməyi təxirə salmamalı.
ikinci filmimiz
“Saturday Night Fever” – “Şənbə Gecəsi Atəşi” (1977) / ABŞ
Nik Cohnun sonradan uydurduğunu etiraf elədiyi “Tribal Rites of the New Saturday Night” (“Yeni Şənbə Gecələrinin Toplu Ayinləri”) adlı məqaləsinnən yola çıxaraq filmə alınmışdır. New Yorkda ya da dünyanın hər hansı bir yerindəki gecə klubları məqalənin yayımlanmasından öncə də həyatı, eşqi yaşayan və Hustle ilə (ritmik rəqs) məşğul olan gənclərlə dolu idi. Filmin qazandığı uğurun ardınca gənclər axın-axın diskotekalara üz tutdular və 1970-lərin sonunda Hustlenin məşhur bir rəqsə çevrilməsinə nail oldular. John Travolta, daha əvvəl “Wolcome Back, Kotter” adlı serialdakı rolu ilə diqqətçəkməyən bir televiziya ulduzu ikən, məhəllədəki rəqs mərkəzinin şefi Brooklynli Tony Manero rolunda ağ əlbisəsinə bürünərək heyranlarının sevimlisinə çevrilməyi bacardı. Açılış səhnəsində küçədə etdiyi yürüyüşü təqlid edildi. Trovoltanın, rejissor John Badhami yaxın çəkiliş yerinə, bəlli bir məsafədən çəkiliş aparması üçün çətinliklə razı saldığı rəqs hərəkətləriysə o zamandan bu günə qədər rəqs mərkəzlərində və filmlərdə dəfələrlə yenilənib daha da gözəlləşdi. John Travolta bu filmdəki kişi roluna görə Oscar aldı. Bərəkallah.
üçüncü filmimiz
“Strictly Ballroom” – “Hər şey Qaydalara görə” (1992) / Avstraliya
Çox bacarıqlı rəqqas Scott Hastingsin Rəqs Federasiyasının qaydalarının heç birinə məhəl qoymur. Bu onun rəqqasə anasının (Pat Thomson) qəzəbinə düçar olmasıyla nəticələnir. Oğlunu hətta övladlıqdan çıxarmağa hazırlaşan ana onu yenidən özünə bağlamaq, dizinin dibinə gətirməkçün əlindən gələn hər şeyi etməyə, bütün oyunlardan çıxmağa hazırdır. Bu dönəmdə ananın parlaq və bacarıqlı rəqqasələrindən biri olan Fran canfəşanlıqla hadisələrin mərkəzinə keçməyə başlayır. Hər baxımdan Scottla aralarında dərin uçurumlar, dağlar qədər fərq varmış kimi görünən Fran onun rəğbətini qazanmağa cəhd edir. Nəhayət bütün qınaqlara, şübhələrə meydan oxuyaraq həm səhnədə, həm də işdən kənarda bir cütlüyə çevrilməyi bacarırlar. Sürətli, romantik, komik və zəki zarafatlarla dolu olan “Strictly Ballroom” çərəz misalı, olduqca dinamik və zövqlə izlənəcək filmdir. Rejissor Baz Luhrmannın ərsəyə gətirdiyi bu ekran işi mükəmməl qurğusu və insanı özünə unutduran musiqilərindən savayı, əvəzedilməz enerjisi və dərin bir ruhu ilə izləyicini ovsunlayır. Həm xəyalpərəst, həm də dışlanmış olmanın nə anlama gəldiyini, nələrə səbəb ola biləcəyini ürəkdən hiss etdirməsi, cütlüyün nəfəskəsən final göstərişi boğazımızda düyünlənən bir zəfərə çevrilir.
dördüncü filmimiz
“42nd Street” – “42-ci Küçə” (1933) / ABŞ
“Sawyer, bir uşaq olaraq gedirsən, amma bir ulduz olaraq geri dönməyə məcbursan!” Səhnə müzikllarının “babası” cazibəsindən və ovsununlamasından hələ də heç nə itirməmiş, amma bundan başqa, bir çox vazkeçilməz səbəbdən ötrü film tarixində özəl bir yerə sahib filmdir.
New Yorka yeni gələn rəqqas Peggy Sawyer “Pretty Lady” adlı bir müziklın heyətində özünə iş tapır. Nümayişin əzmkar baş rol ifaçısı Dorothy Brock səhnəyə çıxacaqları gündən bir gün əvvəl biləyini zədələyir. Buna görə də baş rol Peggyyə həvalə olunur. O, canfəşanlıqla hazırlaşır və hər şeyin çiyinləri üzərində olduğunun məsuliyyətinə vararaq səhnəyə çıxır. Nümayişiylə zaldakı bütün tamaşaçıları özünə heyran edir. 70 il sonra bu hekayə saflığın, qarşısıalınmaz inadkarlığın və özünübəyənmiş hazırcavablığın ovsunlayıcı və ramedici bir ahənginə çevrilir.
Hər biri ayrıca prototiplər olan qəhrəmanlar drama həyat verir: stresli və xəstə rejissor (Warner Baxter), usanmış rəqs direktoru (George E.Stone), ədalı və zarafatı sevən xor qızları (Una Merkel və Ginger Rogers), baş rol ifaçısı ilə bağlı özəl planlar quran, imkanlı və şorgöz mühafizəçi (Guy Kibbe) və şansı tərsinə dönmüş müzikl oyunçusuyla (George Brent) gizli bir münasibətdə olarkən, bir yandan da şorgöz mühafizəçi ilə könlünü əyləndirən baş rol ifaçısı.
beşinci filmimiz
“Abre Los Ojos” – “Aç Gözlərini” (1997) / İspaniya, Fransa, İtaliya
Rejissor Alejandro Amenabarın bu filmi daha çox Cameron Crowun, Tom Cruisela 2001-ci ildə “Vanilla Sky” adıyla yenidən çəkdiyi İspaniya filmi olaraq tanınsa da, peşəkarlığı, keyfiyyətli və həyacanından dolayı daha öndə olan bir filmdir. Bu film “eXistenZ”, “The Matrix”, “Fight Club”, “The Sixth Sense”, “Memento” və “Mulholland Dr.” kimi labirintvari süjeti olan, paranoya yaradan, insanın kimliyini xüsusi bir performans ya da sənət təcrübəsinin məhsulu olaraq təqdim edən, zamanın və gerçəkliyin iç üzünü sorğuya çəkən və ən azından iki dəfə izlənilməsi lazım olan çoxqatlı psixoloji məqamlara malik filmlərin öndə gedəni olaraq izlənilməlidi.
“Aç Gözlərini”, özünübəyənmiş, imkanlı Cesarın xəyallarındakı qız – Sophia ilə tanış olub birgünlük münasibət yaşadığı, son sevgilisini tərk etməsi və ən yaxın dostuna xəyanət etməsiylə başlayır. Səhəri günsə üzünü tanınmaz hala gətirən avtomobil qəzasından sonra bir həbsxananın psixatria kamerasında gözlərini açıb özünü cinayətdə suçlanmış tapır. Cesar həbsxanada ruhsal çöküş yaşayır – təfəkkürü gerçək yaşamla yuxularını ayırd edə bilməyəcək qədər korşalır. Ta ki, gözlənilməz dəyişikliklərin və gün üzünə çıxan həqiqətlərin, daha öncə baş vermiş hər şeyin “gerçəkliyini” mübahisə masasına gətirdiyi finala qədər. Həyəcanla izləyəcəksiniz.
altıncı filmimiz
“Yuen Ling-Yuk” – “Aktrisa” (1992) / Honq Konq
Filmin rejissoru Stanley Kwannın Çin filminin ulduzu Ruan Ling-yunun (1910-1935) həyatını ekranlara daşıyaraq bu bioqrafik filmi ərsəyə gətirmişdir. Kwan, Ruanın kim olduğunu və nə üçün intihar etdiyi haqqında dönüb-dolaşan şübhələrin labirintini çözmüşdür.
yeddinci filmimiz
“The Notebook” – “Qeyd Dəftəri” (2004) / ABŞ
Ən gözəl məhəbbət filmlərdən biri olan “Qeyd dəftəri”ndə Allie və Noahun yaşadığı sevgi macərası əks olunmuşdur. Yaşlı bir adamın qeyd dəftərindən hekayəyə alınan bir eşq hekayəsidir. Ailəsi ilə istirahətə gedən Allie və orada yaşayan Noahın bir-birinə isinişməsi ilə başlayır hər şey. Aralarındakı sinfi fərqə baxmayaraq birlikdə olmağa davam edən cütlük 2-ci Dünya Müharibəsinin gəlməsiylə ayrılmaq məcburiyyətində qalırlar. Nick Cassavetesin rejissorluğu ilə çəkilən bu ekran işi eşq filmlərini sevənlərçün vazkeçilməzdir. Filmin sujet xətti olduqca təsirlidir. Gerçək sevginin qarşısını heç kim ala bilməz – Nicholas Sparksın eyniadlı romanı əsasında ərsəyə gələn filmin əsas qayəsi budur.
səkkizinci filmimiz
“The Vow” – “Yəmin” (2012) / ABŞ
Yeni evlənmiş bir-birini sevən Paige və Leo bir gecə maşınla evə qayıdarkən yol qəzası keçirirlər. İkisinin də sağ olmasına baxmayaraq, Paige oyandığında Leo böyük bir şok yaşayır. Həyat yoldaşını həkimi sanan Paige ağır yaddaş itkisi keçirir və əvvəlki həyatına dair çox az şey xatırlayır. Leo hər şeyə sıfırdan başlayaraq Paigein sevgisini yenidən qazanmağa, bütün xatirələrini, birlikdə yaşadıqları anları geri gətirməyə çalışacaq. Gerçək həyat hekayəsi əsasında yazılmışdır.
doqquzuncu filmimiz
“The Best of Me” – “Mənim Ən Yaxşım” (2014) / ABŞ
Bu yalnız sevgi hekayəsi deyil, həyatın bütün hisslərini özündə əks etdirən filmdir. Dawson və Amanda məktəb illərində bir-birlərinə vurulan, lakin yolları ayrıldıqdan sonra bir daha görüşməyən iki köhnə sevgilidir. Məktəb illəri bitmiş və aradan 20 il keçmişdir. İndi ən sevdikləri dostlarından birini itirmiş, cənazə mərasimi üçün birlikdə böyüdükləri qəsəbəyə geri dönürlər.
onuncu filmimiz
“Dear John” – “Əziz Con” (2010) / ABŞ
Həqiqi sevgi haqqında çəkilmiş emosianal və təsirli filmlərdən biri. Yazıçı Nicholas Sparksın eyni adlı əsərinə uyğunlaşdırılan filmdə John adlı gənc orduya yazılır. Bundan az əvvəl isə o, Savanna adlı universitet tələbəsinə aşiq olar və çox keçmir ki, qızın sevgisini qazanır. Lakin orduya gedən John sevgilisi ilə yalnız məktublaşmaqla ünsiyyət qurur.
on birinci filmimiz
“Pride & Prejudice” – “Qürur və Önyarğı” (2005) / Fransa, Böyük Britaniya, ABŞ
Jane Austenin eyni adlı romanı əsasında ekranlara gətirilən film Joe Wrightın rejissorluğu ilə çəkilmişdir. Filmin baş rollarında Keira Knightley və Matthew Macfadyen yer almışdır. Bennet ailəsinin 5 qızının həyatından bəhs edən filmin ana xətti sevgi və fərqli həyat dramlarıdır.
on ikinci filmimiz
“If only” – “Əgər Sadəcə” (2004) / ABŞ, Böyük Britaniya
Macəra, sevgi, dram və həyacan dolu film. Jennifer Love Hewitt və Paul Nichollsın baş rollarını paylaşdığı film sevincə qarışmış kədəri ilə izləyicini kövrəldir. İngilis iş adamı və onun musiqiçi sevgilisinin başına gələnlər filmə baxarkən zamanı unutdurur. Filmin soundtracki sadəcə mükəmməldir.
on üçüncü filmimiz
“The Fault in Our Stars” – “Ulduzlarımızın Günahı” (2014) / ABŞ
John Greenin 6-cı romanı əsasında çəkilmiş bu filmin kitabı da ən çox oxunan kitablar siyahısında yer almışdır. Film Hazel Grace və Augustus Waters arasında yaşanan sevgidən bəhs edir. Onları birləşdirən tək sevgi hissləri deyil, həm də xəstəlikləridir. Film insanı həm kədərləndirir, həm də yaşadığı həyat haqqında bir daha düşünməyə vadar edir.
on dördüncü filmimiz
“The Longest Ride” – “Bitməyən Yol” (2015) / ABŞ
Film öküz döyüşlərində iştirak edən matador Luke və arzusu New Yorkda təhsil almaq olan Sophiaın sevgisini izləyicinin gözləri önünə sərir. İkinci plandakı süjet xətti də eşqi anladır – İra və Ruthun eşqini.
on beşinci filmimiz
“Me Before You” – “Səndən Öncə Mən” (2016) Me Before You / Böyük Britaniya, ABŞ
Jojo Moyesin eyni adlı əsəri əsasında çəkilmiş film Louisa Clarkın 6 il işlədiyi kafedən çıxarılması ilə həyatında baş verən yeniliklərlə başlayır. Pərişanlıqdan uzaqlaşmalı, motivasiyanı seçməli və baxmalı – filmin, ələlxüsus sevimli soundtracklərinin diktəsi belədi.
on altıncı filmimiz
“A Walk to Remember” – “Sevgiyə tələs” (2002) / ABŞ
Nicholas Sparksın romanı əsasında çəkilmiş filmin qəhrəmanı Lendon Karter məktəbdə hamıdan fərqliyi ilə seçilən və məşhur bir gəncdir. Təsadüf nəticəsində Ceymi Sallivan adlı utancaq qızla tanış olur. Bundan sonra onların həyatı heç də əvvəlki kimi olmayacaq.
on yeddinci filmimiz
“Eternal Sunshine Of The Spotless Mind” – “Sil başdan” (2004) / ABŞ
Joel Barish keçmiş sevgilisi Clementinenin yaşadıqları iki illik münasibətə dair bütün xatirələri tibbi müdaxilə yolu ilə beynindən sildirdiyini öyrənir. Əlbəttə, çox üzülür. Eyni proseduru öz üzərində gerçəkləşdirir. Bunu edərkən çox yaxşı başlayan, lakin sonradan dadı-duzu qaçan münasibətlərini izləmə şansı qazanır. Joe özünü o qədər inanılmaz gəldi ki, hətta əməliyyatı dayandırmağa çalışdı.
Filmin adı tanınmış şair Alexander Popenun yazdığı “Eloisa to Abelard” adlı şeirinin bir bəndindən götürülmüşdür. Eyni şeir rejissor-ssenarist Charlie Kaufmanın “Being John Malkovich” filmində də istifadə edilmişdir.
on səkkizinci filmimiz
“Wall-E” – “Voll-E” (2008) / ABŞ
İnsanoğlunun aşırı çirklənmə səbəbiylə dünyanı tərk etməsindən sonra tullantılarla dolu dünyanı təmizləmək sevimli robot Wall-E-nin ümidinə qalır. Təkbaşına qalan Wall-E bu zibillərdən özünə yeni bir dünya yaradır. Ancaq tənhalığı başqa bir robotun – Evenin gəlməsi ilə başa çatır.
Andrew Stantonun çəkdiyi bu romantik animasiya filmi ən yaxşı film kateqoriyasında Oscar alıb.
on doqquzuncu filmimiz
“Sevmek Zamanı” – “Sevmək Zamanı” (1965) / Türkiyə
Adada yaşayan Halil ustası ilə birlikdə rəngsazlıq edir. Bir gün boyamağa getdiyi köşkün divarında bir foto görür və aşiq olur. Bir il boyunca köşkə gedərək şəkli seyr edir. Belə səfərlərin birində şəklini gördüyü qadın – Meral, Halili dərin düşüncələr içində öz şəklinə baxarkən görür. Ancaq Halil əslində Merala deyil, şəklinə aşiq olmuşdur. Rejissor Metin Erksanın işi türk filminin ən önəmli əsərlərindən biridir.
iyirminci filmimiz
“Ghost” – “Xəyalat” (1990) / ABŞ
Bir-birinə dəlicəsinə aşiq olan cütlük – Sam və Molly New Yorkda o gözəlim həyatlarına davam etməkdədi. Bir gün yolda tüfeylilərin hücumuna məruz qalırlar. Və davada ölür… Hər şey də bundan sonra başlayır. O, ölsə də, yaşamını bir xəyalat olaraq davam etdirir. Hədəfi sevgilisni təhlükələrdən uzaq tutmaq və öz ölümünə səbəb olan adamları taparaq gerçəkləri öyrənməkdir. Əlbəttə, Sam bununçün insanlarla əlaqəyə keçməlidir…
90-ların ən çox sevilən filmlərindən olan “Ghost”un rejissorluğu Jerru Zuckerə aid idi.
iyirmi birinci filmimiz
“Bin Jip” – “Boş Ev” (2004) / Cənubi Koreya, Yaponiya
Tea-suk uzun müddətdir səyahət, xəstəlik, ya da iş səbəbi ilə evində yaşamayan insanların mənzillərini gözaltı eləməyə başlayır. Və xəlvəti həmin mənzillərə baş çəkir. Bir şey etmir – oğurluq, ya da əclaflıq – sadəcə orda gecələyir, vəssalam. Qarşılığında isə “qonaq gəldi” mənzildəki xarab olan məişət avadanlıqlarını təmir edir – Tea-suk olduqca bacarıqlıdı. Ancaq… hə, bu ziyarətlərinin birində evdə yalqız olmadığının fərqinə varır.
Əcaib süjeti var, eləmi? Elə buna görə də “Bin Jip” Uzaq Şərqin ən öncül təmsilçilərinnə birinə – Kim Ki-Duka Venedik Film Festivalında Ən Yaxşı Rejissor mükafatını qazandırıb. Sevginin kristal, maye, buxar halı var, bilirsən də, hə? “Bin-Jip” üçün “Sevginin Uzaq Şərq” halı desək, haqqını vermiş olarıq.
iyirmi ikinci filmimiz
“Her” – “O” (2013) / ABŞ
Elə bir dönəmdi ki, indi insanların çoxu tənbəlləşib işlərini özləri görmək əvəzinə kompüter proqramlarına həvalə edirlər. Qorxma, Theodore Twomblyin də bu dövrün adamı. Və onun həyatını bir reklam dəyişib – gözlənilmədən, qəfil deyək. Bir zəka proqramı sayəsində o, Samantha ilə tanış olub. Bu tanışlıq Theodorenun həyatına bitməz-tükənməz yeni suallarla birlikdə vaz keçə bilmədiyi bir sevgi qığılcımı da bəxş edib. Ancaq… İşin əcaib tərəfi də budur – Samantha yalnız bir səsdən ibarətdir!.. Sərsəricəsinə heyrətamiz deyil səncə?
Scarlett Johansson sir və müəmmalarla dolu bu computer oyununa seksi və təsiredici bir həyat verdi. Və bunun nəticəsidi – film Oscar aldı. Əfsanə rejissor Spike Jonezun “Her” filmi kinoteatrlara gəlməsiylə gələcəklə bağlı ikili münasibətlərin alacağı qiymət haqqında yüzlərcə sualı da özüylə birlikdə gətirdi.
iyirmi üçüncü filmimiz
“Gegen Die Wand” – “Divara Qarşı” (2004) / Almaniya, Türkiyə
Uğursuz intihar cəhdindən sonra xəstaxana odasında tanış olduğu Cahitlə, ailəsinin təzyiqləri altında bir evliliyə razı olan Sibelin hekayəsidi bu.
Almaniyada yaşayan türklərin həyatı çılpaqlığıyla gözümüzün önündə canlanır. Sevgi sərhəd tanıyır? Bəs azadlıq, azadlığın sərhəddi, ya da bir cizgisi varmı? Eşq və azadlıq qavramlarına heç zaman boylanmağı ağıl eləmədiyimiz bir pəncərə düşünün. Bari o pəncərədəki nəfəslikdən bircə dəfə boylanmaq istəyərdiniz, etiraf edin. Bu, baxmaqçün boylandığınız həmin nəfəsliyin filmidi. Türk əslli alman rejissor, aha, doğru təxmin, sevimli Fatih Akının çəkdiyi deyil, büsbütün içdiyi bu film Berlin Film Festivalında “Qızıl Ayı” alıb 1964-də “Suzuz Yaz”dan sonra Türkiyənin Berlindəki ikinci mükafatı, ikinci qələbəsi oldu.
iyirmi dördüncü filmimiz
“La vie d’Adèle” – “Adelin Həyatı” (2013) / Fransa
Adelin vur-tut 15 yaşı var. Sevgilisi Emma yaşca onnan böyükdü. Və o gözəlim film başlayır. Aləm bir-birinə dəyəcək, məlum, əlbəttə, bu, həm də olduqca doğaldı. Lezbilərin eşq hekayəsimi? Əcaib! Mümkünsə susun… Lütfən…
Böyük yanğı ilə izləyəcəyiniz, fərdi zövqünüzü göyün yeddinci qatına varacaq əsərmi, yoxsa mənşəyi-əhəmiyyəti məchul gərəksiz dışlamalarmı? Birincini seçirsinizsə, davam edək…
Onca dəqiqəlik lezbiyan sevişmə səhnələri bəs edir – qadın cinsəliyyinin estetik, qarşısıalınmaz, görünməz və əlbəttə əvəzedilməz yanlarını izləyiciyə ötürməkçün. Bu səbəbdən “Guardian” ustadlarından ən yüksək xalı aldı film. Rejissorluq missiyası Abdellatif Kechichenin çiyinlərində olan “Adelin Həyatı” 2013-də Kann Film Festivalına ayaq açdı və festivalın ən yüksək mükafatını – Qızıl Palmanı qazandı.
iyirmi beşinci filmimiz
“500 Days of Summer” – “Yayın 500 Günü” (2009) / ABŞ
Belə başlayır – sevgiyəyə inanmayan bir qadın var. Və ona aşiq olan bir adam…
Hollywood filmlərindən bezib sevgi filmi axtaranlarçün gözüyumulu tövsiyə ediləcək bir filmdi. Marc Webb çəkib; baş rollar Joseph Gordon Levitt və Zoeey Deschanelin bəxtinə düşüb. 2009-da ərsəyə gələn “Yayın 500 Günü” əvəzolunmaz romantik-komediyasında Deschanelin obrazı əksəriyyət kişilər tərəfindən nifrətlə qarşılana bilər. Lakin filmi izləyəndən sonra “gerçəkdən aşiq olunacaq qadın” təsnifatında ilk beşlikdə görəcəyiniz bir qəhrəmandı.
iyirmi altıncı filmimiz
“P.S. I Love You” – “P.S. Səni Sevirəm” (2007) / ABŞ
Ölümdən sonra həyat var? Mübahisələri illər yormuş sualdı. Var, ya da yoxdu, – deyənlərin möhtəşəm, haqlı cavabları var. Bəs sevgi necə? İnsan ölənnən sonra sevgisi yaşayırmı?
“P.S. Səni Sevirəm” – bu sualları cavablayır.
Həyat yoldaşı Gerrynin ölümünnən sonra dünyası başına yıxılan Holly otuz yaşını qeyd edəcəyi bir gündə görünməz bir hadisə ilə rastlaşır. Doğum gününə sevimli Gerrysinnən tort və məktub gəlir. Və başlayır…
Aylarla davam edən məktub və sürprizlərlə qarşılaşan Holly əslində Gerrydən yeni bir gələcəyə necə addım atacağını, ölümü bir son olaraq deyil, həyatın başlanğıcı olaraq görməyi öyrənir. Richard LaGravenesenin çəkdiyi film vərdiş etdiyimiz sevginin ötəsindəki bir eşqin, ölümün və başlanğıcın filmidi əslində. “P.S. I Love You” evlilik, dostluq, ölüm və eşq anlayışlarını bir araya gətirib hərəkətli edən filmdi. Bu gün, olmadısa, sabah mütləq baxın.
iyirmi yeddinci filmimiz
“Wristcutters: A Love Story” – “Özünəqəsd: Bir Eşq Hekayəsi” (2009) / ABŞ, Böyük Britaniya
İntihar – misilsiz vicdansız addımdı, bəlli. Bu dünyasa sadəcə intihar edən insanların getdiyi fərqli bir dünyadı. Desiree ilə ayrılmasının əzablarına dözə bilməyən Zia intihar edərək özünü bu fərqli dünyada tapır. Ancaq Desireenin də intihar elədiyini öyrənir. Qarşısına çıxan yol yoldaşlarıyla bu melanxonik dünyada Desireenin axtarmağa başlayır. Sən saydığını say misalı, gözlənildiyi kimi heç nə planlaşdırdığı kimi olmur. Belə ilginc süjetinnən dolayı film Sundance Film Festivalında Jürinin Özəl Mükafatını aldı. Ən əyləncəli sevgi filminə baxmaq lazımdısa, Goran Dukicin çəkdiyi bu olduqca fərqli dadı olan filmnən söhbət gedir deməkdi.
iyirmi səkkizinci filmimiz
“Brokeback Mountain” – “Donqar Dağ” (2005) / ABŞ, Kanada
Tayvanlı rejissor Ang Leenin üç Oscarlı bu filmi bir kəndçiylə kovboyun arasındakı duyğusal bağları azrastlanan ustalıqla izləyiciyə ötürür. Heath Ledger, Jake Gyllenhaal və Michelle Williamsın baş rolları paylaşdığı film qısa müddətdə… Yaxşısı budur, izləyin.
iyirmi doqquzuncu filmimiz
“Başka Dilde Aşk” – “Başqa Dildə Sevgi” (2009) / Türkiyə
Filin əvvəli… Gənc bir qız… Və onun eşitmə və danışma bacarığı olmayan sevgilsi… Rejissoru İlksen Başarırdı. Ankara Film Festivalında baş rol oyunçuları Saadet Işıl Aksoy “Ən Yaxşı Qadın Rolu”, Mert Fıratsa “Ən Yaxşı Kişi Rolu” mükafatlarını qazanıb. Səbəbini filmi izləyənnən sonra bilmək mümkündü.
otuzuncu filmimiz
“Atonement” – “Kədər” (2007) / İlgiltərə, Fransa
Rejissoru Joe Wright. Sevgi, ayrılıq, qısqanclıq və bağışlamanı harmoniyasını yaradan bu film Evan Makqreqorun romanı əsasında ekrana gətirilib.
otuz birinci filmimiz
“Moulin Rouge” – “Qırmızı Dəyirman” (2001) / ABŞ, Avstraliya
Parisin tanınmış əyləncə mərkəzi olan Moulin Rouege rəngarəng həyat hekayələrindən sonra hüznlü bir eşq dramına ev sahibliyi edir. Rejissor Baz Luhrmann görkəmli tərzi və müdhiş qəhrəmanları bu hekayəni izləyiciyə çox ustalıqla ötürür.
otuz ikinci filmimiz
“The Great Gatsby” – “Möhtəşəm Gatsby” (2013) / ABŞ
20-ci illərdə yazarlıq pillələrinə yenicə qədəm qoyan Nick Carrawayin yolları New Yorkda milyoner Jay Gatsby ilə kəsişir. Bununla da Nick Carraway New Yorkun gözqamaşdırıcı və başgicəlləndirici gecə həyatının içinə girir. Film dövrün bütün mənzərəsini izləyicinin gözü önünə sərməyi bacarır. F.Scott Fitzgeraldın eyniadlı romanını əsasında ekranlaşdırılan filmin baş rollarını Leonardo di Caprio, Tobey Maguire ve Carey Mulligan paylaşır. Rejissor pultunda sevimli Baz Luhrmann əyləşib.
otuz üçüncü filmimiz
“The Fountain” – “Fəvvarə” (2006) /
Keçmiş, bu gün və gələcəyi mövzuya alan film bir adamın sevdiyi qadını xilas etməkçün başına gələn min illik fəlakətləri mövzuya alır. Ayrı-ayrı səhnələrdə Tomas 15-ci əsrdə yaşayan səyyah kimi, günümüzdəki elm adamı kimi və 25-ci əsrin kosmonavtı olaraq qarşımıza çıxır. Eşqi və ölümsüzlüyü axtaran bu üç adam əslində bir-biri ilə kəsişən üç müxtəlif hekayəni özündə ehtiva edir. Darren Aronofskynin çəkdiyi bu filmdə Tomasın həyat yoldaşını rolunu Rachel Weisz canlandırır.
otuz dördüncü filmimiz
“Wicker Park” – “Düşkün” (2004) / ABŞ
Matthew iş yerinin pəncərəsindən baxarkən qarşı küçədə ən yaxın dostu Lukenin ayaqqabı dükanının vitrininə baxan bir qız görür. Və içində bir yerlərdə o gözəlim hisslər qəfil baş qaldırır…
Aşiq olduğu qızla vaxt itirmədən tanış olmaqçün bütün yolları sınaqdan keçirən Matthew nəhayət istəyinə çatır və Lisayla tanış olur. Bir-birinə aşiq olan cütlük hər ötən saat daha da bütövləşirlər. Bir gün Matthew evə qayıdanda Lisanı tapa bilmir… Aradan iki keçir. Matthew yenidən həyatını düzənə salmağa çalışarkən Lisanın sirli qeybəçəkilməsinin arxasındakı müəmma pərdəsi qalxmağa başlayır. Bura qədər bəs edər, davamına özünüz baxarsız. Bilin agah olun ki, Paul McGuiganın çəkdiyi bu film size mütləq heyrətləndirəcək.
otuz beşinci filmimiz
“My Girl” – “Qızım” (1991) / ABŞ
Vada zamanının çoxunu ən sevimli dostu ilə keçirir. Həyatından məmnundur. Amma atası Harry evlənməyə qərar verəndən sonra dünyası başına yıxılır. Xəstəliklərindən çox qorxan balaca qızın həyatı ən yaxın dostunu (Macaulay Culkin) itirməsiylə darmadağın olur. 90-larda Macaulay Culkinin ən məşhur olduğu zamanlarda çəkilmiş bu romantik. Rejissoru Howard Zieffindir.
otuz altıncı filmimiz
“Once” – “Bir Zamanlar” (2006) / Böyük Britaniya
Rejissoru John Carneydir. Film bir-birindən bacarıqlı iki musiqiçinin bir araya gəlməsi və eşq kəşf etməsini anladır. Glen Hansard, Markéta Irglová, Mal Whyte, Hugh Walsh və Gerard Hendrickin əsas rollarını paylaşdığı “Bir Zamanlar” olduqca təsiredicidi.
otuz yeddinci filmimiz
“Casablanca” – “Kasablanka” (1942) / ABŞ
Dramı 2-ci Dünya Müharibəsi ərəfəsində son dərəcə duyğusal bir sevgi hekayəsini izləyiciyə böyük ustalıqla ötürür. Rejissoru Michael Curtiz olan filmin aktyor heyətində Humphrey Bogart, Ingrid Bergman, Peter Lorre, Claude Rains, Dooley Wilson yer almışdır.
otuz səkkizinci filmimiz
“When Harry Met Sally” – “Harry Sally İlə Tanış Olarsa” (1989) / ABŞ
Dram, komediya və romantika bir arada! Rejissoru Rob Reiner olan filmin əsas rol ifaçıları Meg Ryan, Billy Crystal, Carrie Fisher, Bruno Kirby, Gretchen Palmerdir. Harry ilə Sallynin uçuş səfərində başlayan hekayələri bütün zamanların ən çox sevilən romantic komediyalarından biridir.
otuz doqquzuncu filmimiz
“Jeux d’Enfants” – “Sevməyə Cəsarətin Varmı?” (2003) / Fransa, Belçika
Çox yaxın dost olan Julien və Sophienin uşaqkən oynadıqları bir oyun həyatları boyu davam edəcək bir yarışa dönəcək. Heç gözləmədiyiniz ibrətamiz bir sonluq…
Rejissoru Yann Samuell, əsas rol ifaçılarısa Marion Cotillard, Guillaume Canet, Thibault Verhaeghe, Joséphine Lebas-Joly, Gilles Lellouchedir.
qırxıncı filmimiz
“Remember Me” – “Məni Unutma” (2010) / ABŞ
Allen Coulterin çəkdiyi bu romantik filmin əsas rol oyunçuları Robert Pattinson, Emilie de Ravin, Pierce Brosnan, Lena Olin, Chris Cooperdir.
Tyler və Allynin yeni başlayan münasibətləri ikisinin də yaxın keçmişdə yaşadıqları travmaların kölgəsində başlamışdır. Hələlik onlarçün hər cazib görünür. Tam həyatlarının öz cığırına düşdüyünü sandıqları bir zamanda gözlənilmədən baş verən hadisə münasibətlərini dərindən əsdirəcək…
P.S. Sevmək hər gün inqilab edib hər dəfəsində qalib gəlməkdir…
Hazırladı: Müşfiq XAN