Pərviz Cəbrayılın “Məryəm surəsi” romanı haqqında düşüncələr…
Az qala on ildir onun sirli-sehirli cümlələrinin, insanı silkələyən mətninlərinin yoluna gözləyirəm. Ancaq işə bax ki, səbrsizliklə gözlədiyim mətnə girişməyim, kitabın “açarını” tapmağım aylar alır. Üç uğursuz cəhd. Əsəblərim qaydasında deyil. Ovuc-ovuc dərman içirəm, oxuduğum kitablara diqqətimi cəmləməyim mümkün deyil.
Nəhayət bu “qara zolaq”dan çıxıram. Üç dəfə 114-cü səhifəyə qədər oxuyub, bir kənara qoyduğum kitabı yenidən əlimə alıram, yenidən ilk səhifəsindən başlayıram və böyük zövqlə oxuyub iki günə bitirirəm. Demək olar birnəfəsə, su kimi axıb gedir kitab. Mənim üçün “mütaliə cadusu” bu romanla yenidən qırılır. Aylar sonra daxili rahatlıq tapıram, hüzura qovuşuram. Sanki qurumuş dodaqlarımı dağlardan süzülüb gələn sərin bulağın gözünə söykəyib doyunca su içirəm…
Pərviz intizarı şərəfləndirib, gözləməyə dəyərmiş bu qədər müddət…
Kitabların ruhunu anlamağa çalışıram həmişə, cümlələrin dəruni qatındakı ruhun ovuna çıxıram. Pərviz Cəbrayılın mətnlərinin dil-kültür qatını illər öncə çözdüyümü düşünürəm, onun ərazisində “ova çıxmaq” mənim üçün çətin deyil. Onun şeirlərinin, misralarındakı melodiyanın arxasınca düşüb, “Öləngi”yə, “Yad dildə” romanına qədər gəlib çıxmışam. Pərvizin mətnlərinin dilinin ağır olduğunu deyənlər məncə yanılır. “Yad dildə” romanını oxuyana qədər bu fikirlə razılaşırdım, hətta mən də belə düşünürdüm. Pərvizin mətnləri sanki oxucunu imtahana çəkir, öz mistik ağırlığı ilə səni uzaqlaşdırmağa çalışır. Ancaq mətnin melodiyasını tapanda, “giriş parolunu doğru seçəndə” mətn öz qapılarını oxucusuna açır. Pərvizin mətni kodlu-şifrəli mətndir – hansısa qutsal mətnin təfsiri kimi. Əliyalın, içiboş, ruhunda o melodiyanı hiss etmədən “Məryəm surəsi”ni də oxumağa girişmək ən yaxşı halda alınmayacaq. “Məryəm surəsi” magik-mistik haləyə bürünmüş mətndir. Sirr pərdəsinə bürünmüş cümlələri çözmək üçün mətnin daxilinə, dərinliyinə, alt qatlarına çox uzun, əzmli bir səyahət gərəklidir. İntertekstuallıq, postironik süjet, müəllifin özünün də dediyi kimi oxucudan alternativ qeyri-səlis yanaşma tələb edir. Bəlkə də müəllif bizi bilərəkdən bu əfsunlu mətnin içində azdırmağa çalışır. Romanın realist qatının şifrələri magik qatda, mistik hadisələrin açılışı realist qatda kodlaşdırılıb və ya tərsinə… Oxucunun fəhminə qalıb mətn boyu “basdırılmış minaları”- mesajları tapmaq. Müəllif yaşadığı, şahidi olduğu hadisələri romanın magik-mistik qatında elə ustalıqla gizlədir ki, bu detalları anlamaq üçün Pərvizin yaradıcılığını daha dərindən izləməli, Pərvizin oxucusu olmalısan. Onun poeziyasından, publisistikasına qədər ardıcıl izləyən oxucu “Məryəm surəsi”ni rahatlıqla “həzm edə” biləcək.
Arxada qalan təlatümlü, qarışıq 10-15 ilin canlı şahidlərindən biriyəm. Müəyyən proseslərin birbaşa iştirakçısı, prosesin bir parçasıyam. Ondan əvvəlki 10 ili də rahatlıqla xatırlayıram. Eyni zamanda içində olduğum mühitin qulağıma çatan əfsanələri, əhvalatları ilə tanışlığım olduğu üçün “Məryəm surəsi”ndəki əksər məqamları zehnimdə şəkilləndirə, canlandıra bilirəm.
Gerçəklə yalanın sərhədində dayanıb yaxın tarixə boylandım, tərcüməçi Dilsuz müəllim, şair Nəsimi, qız Umay, nişanlısına azad seksin alovlu təbliğatçısı olan şairlə xəyanət edən Əsli, inqilabçı İsmi, İSA(İnsanların Sevgi Azadlığı)-dan ASİ(Azad Seks İnqilabı)-yə çevrilən təşkilatın başıpozuq tərəfdarlarının prototipləri gözümün qarşısında canlandı. Boynunda xaç, bətnində atası məlum olmayan övladıyla girinc qalan, bakirə Məryəmi taleyini yaşayan umayları xatırladım. Günahları içində boğulan Ata, talesiz Leyli – Lilit, öz ümidsizliyini qız Umaya miras qoyan Umudsuz Umay Ana, öz yolunu itirmiş bərbər(barbar) Həjar, əxlaqsızlığın girdabında boğulan Sona-Sonya, sərhədsiz Qafqaz arzuları ilə yaşayan Bakı ermənisi Vano dayı…
Pərviz Cəbrayılın bu irihəcmli romanında “təhlükəli” məqamlar çoxdur: İkibaşlı yozumu olan əhvalatlar, əsərin əvvəlində ortaya atılan “ideogiyanın” elə romanın qərəmanları tərəfindən fiaskoya uğradılması, Qarabağ probleminin yansımaları, yaxın tarixin çoxlarına gizli qalan sirləri, müqəddəs hesab etdiklərimizə alternativ və fərqli baxış və üstü açılan çoxsaylı tarixi miqyaslı xəyanətlər…
Qadın azadlığına müəllifin fərqli və özünəməxsus baxışı feministlərin diqqətini çəksə, yəqin ki, mərəkə qopar. Eyni zamanda mentalitet keşikçiləri ata-qız, müəllim-tələbə münasibətlərini, ölkəni tərk edənlər siyasi mühacirət məsələsini asanlıqla həzm edə bilməyəcək, bu dəqiqdir. Romanın ruhundakı asilik, barışmazlıq və ümidsizlik hissi oxucunu müxtəlif qarışıq, psixaloji ovqata sürükləyir. Müxtəlif obrazlarda müəllifin öz yaşantılarının izlərini görmək mümkündür. Bəlkə də Pərvizi yaxından tanıdığım üçün müəyyən obrazlara özündən ruh, nəfəs üfürdüyünü hiss edə bildim.
Bu irihəcmi, zəngin və şifrəli romanı kiçik bir yazı ilə təhlil etmək fikirindən uzağam.
Azərbaycanda heç bir ədəbiyyatşünasın, heç bir ədəbi tənqidçinin “Məryəm surəsi”ni ətraflı və ciddi şəkildə təhlil edə biləcəyinə inanmıram. Pərvizin müəllif kimi bəxti bu məsələdə gətirməyib. Ənənəvi tənqidçilər Pərvizin bu mətninə yaxın düşmək potensialında deyil. Pərvizin toxunduğu mövzular, siyasi-ictimai məqamlar bizim tənqdçilərin “boyunu aşır”. Romanın nəşrindən bir il keçsə də ədəbi kluarlarda müzakirə olunmaması, haqqında ədəbi-tənqidi yazıların yazılmaması mənim haqlı olduğumu sübut edir. Ancaq bütün bunlar şərti məsələlərdir. Bədii əsərə ən gözəl və dəqiq qiyməti əlahəzrət zaman verir. Əminəm ki, “Məryəm surəsi” romanı tarixin sınağından çıxmağı bacaraq, öz oxucusunu tapacaq. Xülasə, bu romanı tam məsuliyyətlə, könül rahatlığı ilə ciddi ədəbiyyatı sevən oxucuya tövsiyə edirəm.