2022-ci ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda, 2022-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Vətən” poemasının təqdimatı keçirilmiş, AMEA-nın prezidenti İsa Həbibəyli və digər elm xadimləri əsər haqqında geniş məruzə ilə çıxış etmişdir.
“Vətən” poemasının eyni zamanda Şuşada keçirilən Vaqif poeziya günlərində təşkil olunan sərgidə, AYB-nin Natəvan klubunda, ADPU-nun Quba filialında, “Aşıq Ələsgər Ocağı” İctimai Birliyində, bir sıra mədəniyyət və təhsil müəssisələrində təqdimatı olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi tərəfindən Azərbaycanın İstiqlal şairi Əhməd Cavadın adını daşıyan “Əhməd Cavad” mükafatı təsis olunmuş və bu mükafata “Vətən” əsərinə görə Ramiz Qusarçaylı layiq görülmüşdür.
“Vətən” əsəri İstanbulda keçirilən Beynəlxalq Ədəbiyyat Festivalında Türkiyə Cümhuriyyətinin “Ziya Paşa Büyük Ödülü”nə, Beynəlxalq Türk Müəllifləri Birliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Azərbaycan Yazıçılar Birliyinin, TÜRKSOY, İLESAM və digər qurumların dəstəyi ilə Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Nizami” medalına, Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqının və “Əmir Teymur” Beynəlxalq Xeyriyyə Fondunun “Turan Birliyi” medalına, “Aşıq Ələsgər” İctimai Birliyinin “Aşıq Ələsgər-200” medalına layiq görülmüşdür.