Nəriman Əbdülrəhmanlının “Qurban” romanı haqqında
“Əli və Nino” əfsanəsi
İlk dəfə 1937-ci ildə Vyanada alman dilində nəşr olunan “Əli və Nino” romanının müəllifi barədə mübahisələr illərdir davam edir. İndiyədək 33 dilə tərcümə olunan bu romanın dünyada məşhurluq qazanması mübahisələri daha da dərinləşdirib. “Əli və Nino” romanının qazandığı populyarlıqdan sonra, romanın müəllifini aşkara çıxarmaq istəyən tədqiqatçılar geniş araşdırmalar və təhlillər aparıb. Tədqiqatçıların bir qismi əsərin ilk nəşrində müəllif kimi göstərilən Qurban Səidin Bakı yəhudisi Lev Nissembaumun təxəllüsü olduğunu, digərləri isə bu imzanın Yusif Vəzir Çəmənzəminlinin gizli təxəllüslərindən biri olduğunu düşünür. Qərb tədqiqatçıları və naşirləri “Əli və Nino”nun XX əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum tərəfindən yazıldığını düşünsə də, bu versiya çoxlarını qane etmir. Almaniyada yaşayan tədqiqatçı, şair Nuridə Atəşi isə əslində Lev Nissembaumun Bakıda müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu, Qurban Səid imzasının da ona məxsus olduğunu iddia edir. Bu qalmaqala ən maraqlı münasibəti Azərbaycan Yazıçılar Birliyi sərgiləyib. 1993-cü ildə AYB romanın Yusif Vəzir Çəmənzəminli tərəfindən yazıldığını qərarla rəsmiləşdirib. Alman reyestrlərində isə “Qurban Səid” imzasının Avstriya baronessası Elfrida fon Ehrenfelsə aid olduğu təsdiqlənib. Romanın müəllifi ilə bağlı mübahisələr və iddialar demək olar ki, hələ də davam edir. Avropalı naşirlərin də, AYB-nin də, tədqiqatçıların da versiyaları sadəcə ehtimallar üzərində qurulduğu üçün mübahisələr bitmək bilmir. Önəmli məqam isə, Azərbaycandan bəhs edən “Əli və Nino” romanın populyarlığıdır.
20 illik araşdırmanın nəticəsi – roman-xronika
Bu sahədə uzun illərdir tədqiqat aparan şəxslərdən biri də yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlıdır. Müəllif 20 illik araşdırmalarını və tədqiqatları bədiiləşdirərək, son illərin ən maraqlı və qeyri-adi janrlı romanını ərsəyə gətirib. Ötən il “Qanun” Nəşrlər Evində işıq üzü görən “Qurban” roman-xronikası Qurban Səid imzasıyla çap olunmuş, dünya bestsellerinə çevrilmiş “Əli və Nino” romanın və onun müəllifiliyinə iddialı olan insanların taleyinə işıq tutur. Əsərin müəllifi olduğu iddia edilən şəxslər həm də romanın əsas qəhrəmanlarıdır. Yusif Vəzir, Lev Nussimbaum (Muhammad Əsəd bəy), Leopold Veys (Muhamməd Əsəd) və Elfrida fon Ehrenfelsin həyat yoluna işıq tutan bu romanın mövzusu, əhatə etdiyi tarixi dövr olduqca maraqlı, gərgin, iğtişaşlı zaman kəsiyidir. Müasir oxucunun irihəcmli romanlara bir qədər qorxuyla yanaşdığını nəzərə alsaq, romanın həcmi ürküdücüdür. Nə az, nə çox 604 səhifə! Amma qorxmağa dəyməz, roman o qədər axıcıdır ki, əlinizdən kənara qoymaq istəməyəcəksiniz. Mövzu, müəllifin peşəkarlığı, əsərin rəvan dili, hadisələrin dramatizmi oxucunu qətiyyən yormur. Roman haqqında yekun qənaətlərimdən biri budur ki, “Qurban” roman-xronikası “Əli və Nino”nun müəllifi ilə bağlı qalmaqallara son qoymayacaq. Müəllifin qənaətləri yeni mübahisələrə yol aça bilər.
Cümhuriyyətin səfirinin acı taleyi
Şübhəsiz ki, romanın əsas qəhrəmanı, diqqətinizi çəkəcək, faciəsinə köks ötürəcəyiniz yazıçı Yusif Vəzir Çəmənzəminlidir. 1918-ci ildə qurulmuş ilk demokratik respublikanın səfiri işləmiş böyük yazıçının ömür yolu çox acınacaqlı və faciəlidir. Valideynlərini və böyük qardaşını erkən itirən Yusif Vəzir bütün sıxıntılara baxmayaraq təhsil alır, “Müsavat” firqəsinin Kiyev özəyini yaradır, heç bir maddi qarşılıq almadan aylarla yeni yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin təmsilçiliyini edir və nəhayət canından çox sevdiyi vətənini İstanbulda təmsil etmək üçün görəvləndirilir. Vətəninə, müstəqillik ideyalarına səmimi qəlbdən bağlı olan Yusif Vəzir qarşısına çıxan çətinliklərə boyun əymir, sona qədər dövlətinin şərəfini düşünür. Amma Cümhuriyyət dövrü də kifayət qədər qarmaqarışıq dövrdür. Ziddiyyətlər, fikir ayrılıqları, yeni yaranan cümhuriyyətin iqtisadi gücünün olmaması Yusif Vəzirin çətin duruma salır. Cümhuriyyətin süqutundan sonra vəziyyəti daha da ağırlaşan Yusif Vəzir Fransaya yollanır. Fransada təhsil alan xəstə qardaşını xilas etmək üçün sabiq səfir var gücü ilə çalışır, mühacirətdə olan Azərbaycan ziyalılarına kömək üçün müraciət edir. Ceyhun Hacıbəyli Yusif Vəzirə bacardığı qədər kömək etməyə çalışsa da, Əlimərdan bəy Topçubaşov köməkdən boyun qaçırır, Məmməd Əmin Rəsulzadə isə ehtiyac içində başını itirmiş yazıçıya cəmi 3 dollar pul göndərir. Canından çox sevdiyi ölkəsini səfir kimi təmsil etmiş yazıçı ən çətin və ağır işlərdə çalışmağa, fəhləlik etməyə məcbur olur. Mühacirətdəki dövlət rəhbərlərindən heç bir kömək ala bilmədiyi, aralarındakı fikir ayrılıqlarının dərinləşdiyi üçün “Müsavat”dan istefa verir, ağır xəstəliklə çarpışan qardaşı Mir Abdulla vəfat edir. Mətanətini sona qədər qorumağa çalışan böyük yazıçı qürbətdə yaşadıqlarına dözmür, vətəninə qayıtmaq üçün müxtəlif yollara əl atır. Nəhayət Sovetlər ona geri qayıtmaq üçün icazə verir. Vətənə qayıtmaq üçün qiymətli və vətənə aparmağa çəkindiyi əlyazmasını Avstryalı naşir Piter Tala başqa imzayla, 400 franka satır.
Yenidən vətəninə qayıdan Yusif Vəzirin əzabları bitmək bilmir. Sovet rejimin ədəbiyyat adamlarına qarşı yürütdüyü represiya siyasəti onu daima xof altında saxlayır. Mühacirət illərində can atdığı Bakı da ona rahatlıq vermirlər və yazıçı bu dəfə iş üçün Özbəkistana üz tutur. Özbəkistanda əvvəlcə işləri qaydasında getsə də onu həbs edib, sürgünə göndərirlər. Vətəni üçün yorulmadan çalışan Yusif Vəzir sürgündə uzun sürən ağır xəstəlikdən sonra əzablar içində yaşadığı həyatla vidalaşır…
Yəhudi avantüristin kədərli sonu
“Əli və Nino” romanın müəllifi olduğu iddia edilən yəhudi əsilli yazıçı-jurnalist, Lev Nussimbaumun da həyatı kifayət qədər faciəlidir. Yusif Vəzirdən fərqli olaraq yəhudi Lev Nussimbaum avantüristdir. Özü haqqında əfsanələr uydurmağı, özünü şahzadə, əsilzadə kimi təqdim etməyi, ədəbi fırıldaqlarda fəal iştirak etməyi sevir. Levin anası Berta məşhur inqilabçılardandır. Stalin və Krasinlə dostluq edir, əri Abram Nussimbaumun qadağalarına baxmayaraq fəal inqilabi fəaliyyətlə məşğul olur. Abram Bertanı qorumaq üçün Tiflisdən Bakıya köçsə də, o inandığı əqidəsindən əl çəkmir. Hətta ən təhlükəli inqilabçı hesab olunan Kobanı – Stalini evində gizlədir. Oğlunun tərbiyəsi ilə məşğul olmaq Berta üçün maraqlı deyil. İnqilabi fəaliyyətini pərdələmək üçün evləndiyi yəhudi Abramın nüfuzu ona təhlükələrdən qorunmaq üçün lazımdır. Lev Nussimbaum dayəsinin himayəsində böyüyürdü və ana qayğısından məhrum idi. Günlərin birində Berta zəhər içərək intihar edir. Lev anasız qalsa da, Abram inqilabçı həyat yoldaşından xilas olduğuna sevinir. Amma bu sevinci uzun sürmür. Azərbaycanda sovet hakimiyyəti qurulanda Abramı bir şərtlə güllələmirlər ki, Sovetlərə xidmət etsin. Yeni rejimin bacarıqlı mütəxəsislərə ehtiyacı vardı. Abram isə təhlükənin uzaqda olmadığını anlayır və ilk fürsətdə oğlunu da götürüb ölkədən qaçır. Mühacirətdə müflisləşən yəhudi oğlunun təhsil alması üçün əlindən gələni edir. Amma Lev Nussimbaum şöhrət qazanmaq, tanınmaq, dəbdəbəli həyat yaşamaq istəyirdi. Avantürist Lev buna nail olur. Qəzetlərdə Şərqlə bağlı sirlərlə, uydurmalarla dolu yazılar yazmağa başlayır. Və gənc yaşında şöhrət qazanmağın yolunu tapır, 16 ilə 15 kitab yazır…
Amma bu şöhrətin dadını çıxarmaq Levə nəsib olmur. Nasistlər onun kitablarını qadağan edir. Avantüralarının qurbanına çevrilən Levi saxtakarlıqda, oğurluqda, plagiatda ittiham edirlər. Şöhrət qazandığı yerlərdən qaçmağa məcbur olan yazıçı, nadir rast gəlinən sümük xəstəliyinə tutulur və sonuncu kitabını tamamlamadan 37 yaşında vəfat edir.
Müsəlman aləmindəki yəhudi casus
“Əli və Nino” romanının müəllifliyinə iddialı olan Leopold Veys və Elfrida fon Ehrenfelsin həyatı da kifayət qədər kəşməkeşlidir. Yəhidi Leopold Veys də Lev Nussimbaum kimi jurnalistdir. Şöhrəti dillərdə gəzən gənc yəhudi bir gün dayılarının köməkliyi ilə gələcəkdə İsrailin ilk prezidenti olacaq, yəhudilərin ideoloqu Haim Veysmanla tanış olur. Haim Veysman Leopolda islamı qəbul etməyi tövsiyə edir və onun islam ölkələrində fəaliyyət göstərməsi üçün maliyyəni tapmağı boynuna götürür. Muhəmməd Əsəd adını götürən Leopold Pakistan dövlətini qurulmasında iştirak edir, Pakistanı BMT-də təmsil edir, müsəlman dünyasında böyük şöhrət qazanır. Ömrünün sonlarına yaxın İslam aləmində qazandığı nüfuzdan istifadə edib missiyasını tamamlamaq üçün Quranın təfsirinə girişir. Qazandığı etimad sayəsində onun təfsiri yüksək tirajla çap olunur və avropadakı müsəlmanlara paylanılması nəzərdə tutulur. Kitabın çapından sonra məlum olur ki, Leopold Veys – Muhamməd Əsəd Quranın şərhində səhvlərə yol verib. Quranda yəhudilərlə bağlı ayələri qəsdən yanlış təfsir etdiyi üçün yüz min tirajla çap olunan kitaba qadağa qoyulur və müəllifə ödənən qonararın geri qaytarılması tələb olunur.
Elfrida fon Ehrenfels zəngin həyat yaşasa da, o da Lev Nussimbaum kimi avantürist idi. Roman yazmaq, məhşurlaşmaq, tanınmaq üçün əlindən gələni etsə də istəklərinə nail ola bilmirdi. Piter Talın qızıyla tanışlığı, Yusif Vəzirin nə vaxtsa nəşriyyata verdiyi əlyazmanın onun əlinə düşməsi onu ümidləndirir. Pul xatirinə ədəbi fırıldaqlardan çəkinməyən, dəfələrlə plagiatda, oğurluqda ittiham olunan Lev Nussimbaum onun üçün ideal tərəfdaş idi. Birlikdə çıxdıqları yolda bir-birlərini aldatmaqdan çəkinməyən iki fırıldaqçının əməkdaşlığı çox gözəl alınırdı. Amma faşistlər Elfrida fon Ehrenfelsin də həyatını məhv edir. Ərinin qaçmaq təklifini qəbul etməyən qadın ömrünü tənhalıqda keçirməyə məhkumdur. Başına gələnlərdən dərs çıxarmayan Avstriya baronessası “Əli və Nino” romanın müəllifi kimi resytrdən keçməyi bacarır.
“Qurban”a bəzi iradlar
Əsərdə obrazı yaradılan tarixi şəxsiyyətlərin çoxluğu, informasiyanın bolluğu əsəri daha da oxunaqlı və maraqlı edir. Azərbaycan Cümhuriyyətinin mühacirətdəki liderləri, tanınmış şairlərin, yazıçıların obrazları olduqca canlıdır. Ceyhun Hacıbəylinin və Abdulla Şaiqin yaddaqalan obrazları bu ziyalılarımızı mənə yenidən sevdirdi. Kitabın verdiyi informasiya, tarixi məlumatlar həddindən artıq çoxdur. İnformasiya və faktologiya ilə dolu bir romanın əslində yorucu olması gərəkdiyi halda, müəllif bunu ustalıqla və peşəkarlıqla həll edib. Qeyd etdiyim kimi kitab axıcı və rəvan dildə yazılıb. Ümumiyyətlə Nəriman Əbdülrəhmanlı son illərin ən məhsuldar və ən ciddi imzalarındandır. Müəllifin tərcümə yaradıcılığının da məhsuldarlığını göz önünə gətirəndə onun zəhmətkeşliyinə və yorulmazlığına heyrətlənməmək olmur.
“Qurban” roman-xronikasında müəllifin nəzərəçarpan qüsurlarını da qeyd etmədən keçmək olmaz. Romanda bəzən kommunistlər, faşistlər, yəhudilər, massonlar haqqında “şəhər əfsanə”ləri də tarixi, bədii faktlar kimi təqdim olunur. Müəllifin peşəkarlığına, bilgilərinə zərrə qədər şübhəm yoxdur, amma müəyyən məqamlarda müəllifin oxuduqlarına və eşitdiklərinə sadəlövh inancı məni heyrətləndirdi. Massonluq, yəhudilərin dünya ağalığına iddiları və s. kimi məsələlərin uydurma və ya şişirdilmiş olduğuna şübhəmiz yoxdur. Ola bilsin ki, müəllif mənimlə razılaşmasın amma müəyyən məsələlərdə müəllifin diktəsi də qəbuledilməzdir. Çox gözəl olardı ki, Nəriman Əbdülrəhmanlı “Əli və Nino” romanın müəllifinin kimliyi məsələsində əminlik nümayiş etdirməz, bunu açıq saxlayıb seçim etməyi oxucunun ixtiyarına buraxardı.
Sonda, oxucularımızın bu gözəl romanı oxumasını tövsiyə edərdim. “Qurban” bütün məziyyətləri ilə diqqətəlayiq və maraqlı romandır. Mən isə, Nəriman Əbdülrəhmanlıya 20 illik əziyyətinə görə təşəkkür edirəm və yeni kitabının yolunu səbirlsizliklə gözləyirəm…