Müasir sənətsevərlər onu köhnə videofilm kadrlarından xatırlayırlar. Üzündəki baməzə ifadəsi ilə tamaşaçılara bir anlıq təbəssüm hissi bəxş edən bu insan Azərbaycan milli teatr sənətinin məhək daşlarından biri olub. Söhbət yaratdığı obrazları iləsənətin zirvəsinə ucalmış görkəmli aktyor Mirzağa Əliyevdən gedir.
O, 1883-cü ilin yaz günlərinin birində Abşeronun cənubundakı Hövsan kəndində kasıb Əli kişinin ailəsində dünyaya göz açıb. İlk təhsilini mədrəsədə (1892) və rus-tatar məktəbində (1895) aldıqdan sonra sənədlərini peşə məktəbinə versə də, maddi sıxıntılar səbəbilə təhsilini davam etdirə bilməyib. Mirzağa Əliyevdən
Milyonçu Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində usta köməkçisi olan Mirzağa Əliyevin qəlbində sonralar o zamanın təbiri ilə desək, “oyunçuluq” (aktyorluq) sənətinə böyük meyl və həvəs yaranır. Aktyor Murad Muradovla tanışlıq onu müsəlman həvəskar teatr truppasına gətirir. Teatr səhnəsi ilə ilk görüş doktor Nəriman Nərimanovun “Dilin bəlası” tamaşasında gerçəkləşir. Daha sonra böyük dramaturq Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində Şahmar bəy rolunu ifa edən gənc Mirzağa Əliyev tamaşadakı çıxışı ilə dövrün bir çox teatr xadimlərinin diqqətini cəlb edir.
Keçən əsrin əvvəllərində Azərbaycanda, xüsusən Bakıda bir-birinin ardınca müxtəlif müsəlman həvəskar teatr truppaları yaradılırdı. Belə truppalardan biri olan “Həmiyyət”i isə bu sənətə yenicə qədəm basmış gənc Mirzağa Əliyev yaratmışdı. Qısa müddətli fəaliyyətinə baxmayaraq, Qaraşəhər, Bayıl və Sabunçu kimi fəhlə qəsəbələrində böyük maraqla qarşılanan truppanın tamaşalarında baş rolları elə özü ifa edirdi. Ümumiyyətlə, M.Əliyevin aktyorluq istedadı bir çox truppa rəhbərləri tərəfindən bəyənilir və qoyulan tamaşalarda iştirak etmək üçün dəvət edilirdi. O, bir çox görkəmli səhnə ustaları ilə bərabər Tiflis, İrəvan, Naxçıvan, Gəncə, Batum, Həştərxan, eləcə də İranın Tehran, Təbriz, Rəşt və Ənzəli şəhərlərində qastrol səfərlərində olmuş, çıxışı ilə yerli tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı.
Oynadığı tamaşaların böyük əksəriyyətində komik rolların əvəzolunmaz ifaçısı olan usta sənətkar yaradıcılığında həmişə dramatizmdən çox komedizmə üstünlük veriridi. Buna səbəb xalqın şüurunda kök salmış cəhalət və mövhumat qorxusu və eləcə də yaşadığı dövrün ictimai-siyasi mühitindən törəyən naqisliklər idi. Görkəmli sənətkarı hər zaman narahat edən bu neqativ xüsuslar onun yaratdığı komik obrazların əsas vəsaitinə çevrilirdi. Bütün çıxışlarında satiranın “öldürücü gülüş” silahından qorxmadan, çəkinmədən istifadə edən istedadlı səhnə ustasının başı az bəlalar çəkməmişdi. Sürgün həyatı, həmkar xəyanəti və sairə…
1918-ci ildə Azərbaycanda dövlət müstəqilliyinin elan edilməsindən sonra bütün sahələrdə olduğu kimi, teatrda da islahatlar aparılmağa başlandı. 1919-cu ildə Bakıda fəaliyyət göstərən bütün teatr truppaları birləşdirilərək, Türk Hökümət Teatrı yaradıldı. Həmin ilin oktyabr ayının 24-də görkəmli ictimai-siyasi xadim İsabəy Aşurbəyovun qələmə aldığı “Azərbay və Can” pyesinin tamaşası ilə teatrın açılışı bayram edildi. Teatrın yaradıcı heyəti olduqca zənginliyi ilə seçilirdi. Bu zənginlikdə Mirzağa Əliyevin özünəməxsus yeri var idi. Azərbaycan sovetləşəndən sonra 1921-ci ilin noyabrında hökümət tərəfindən Bakı Türk Azad Tənqid-Təbliğ Teatrının yaradılması qərara alınır. Direktor təyin olunan Hacağa Abbasov yaxın sənət dostu Mirzağa Əliyev ilə birgə yaratdıqları bu teatra Əzizə Məmmədova, Sidqi Ruhulla, Əhməd Qəmərlinski, Mirmahmud Kazımovski, Məmmədəli Vəlixanli, Ələkbər Süheyli kimi istedadlı səhnə ustalarını cəlb etmişdilər. Xalq arasında “Hacımirz” və ya “Hacımirzə teatrı” deyilən bu kollektiv bir çox uğurlu tamaşalara imza atmışdı. Bu tamaşalardan biri də Ələkbər Süheylinin rejissorluğu ilə səhnələşdirilmiş Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşası idi. Teatrsevərlər tərəfindən bəyənilmiş tamaşada İskəndər rolunda M.Əliyev, Şeyx Nəsrullah rolunda isə H.Abbasov iştirak etmişdilər.
1924-cü ildə yenidən doğma teatrına – bugünkü adı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qayıdan istedadlı səhnə ustası ömrünün sonunadək bu sənət məbədində yüzdən çox obraza həyat verib.
Mirzağa Əliyevin yaratdığı Kəblə Qubad, Soltan bəy, Vəzir, Məşədi İbad (“Ər və arvad”, “Arşın mal alan”, “Şah Abbas və Xurşid Banu”, ”O olmasın, bu olsun” – Ü.Hacıbəyov), Atakişi, Mirzə Səməndər, Əmiraslan bəy Salamov, Əmirqulu, Oddamdı, Balaxan (“Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar”, “Od gəlini” və “Aydın” – C.Cabbarlı) İskəndər (“Ölülər” – C.Məmmədquluzadə), Osip (“Müfəttiş” – N.Qoqol), Hacı Qara (“Hacı Qara” – M.F.Axundov), Skapen (“Skapenin kələkləri” – Y.V.Molyer), Kərimov, Bərbərzadə (“Toy”, “Xoşbəxtlər” – S.Rəhman), Hacı Salman (“Dumanlı Təbriz” – M.S.Ordubadi), Ser Tobi (“On ikinci gecə” – V.Şekspir), Qraf Almavno (“Fiqaronun toyu” – P.Bomarşe), Poqanel (“Kapitan Qrantın uşaqları” – J.Vern), Həmzə bəy, Mirzə Qoşunəli (“Köhnə dudman”, “Bəxtsiz cavan” – Ə.Haqverdiyev), Orduxan bəy, Güloğlan (“Əlli yaşında cavan”, “Aşıq Qərib” – Z.Hacıbəyov) rolları Azərbaycan milli teatr sənətinin ən parlaq səhifələrindəndir.
İlk film çəkilişinə 1916-cı ildə dəvət alan Mirzağa Əliyev rus kinorejissoru Boris Svetlovun Azərbaycanda 30-a yaxın kino işindən biri olan “Arşın mal alan”da Süleyman bəy rolunu canlandırıb. Filmin ssenarisi Üzeyir bəy tərəfindən hazırlanmışdı. Filmdə Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Yunis Nərimanov (Cahan xala) və Hənəfi Telequlov (Vəli) kimi tanınmış aktyorlar çəkilib.
Azərbaycanda sovetləşmənin ilk illərində görkəmli teatr və kino xadimi Abbas Mirzə Şərifzadənin quruluşçu rejissorluğu ilə ərsəyə gəlmiş “Bismillah”(1925) və “Hacı Qara”(1928) filmlərində Molla Mirzə Əbdürrəhim və Hacı Qara rollarını, eləcə də 1945-ci ildə ikinci dəfə film həyatı yaşayan Dahi Üzeyirin məşhur “Arşın mal alan” musiqili operettasında (rejissorlar Rza Təhmasib və Nikolay Leşenko) Məşədi İbad rolunu canlandıran Mirzağa Əliyev adını kino sənəti tarixinə əbədi olaraq yazdırıb.
Azərbaycanda musiqili komediya janrının banisi olan Mirzağa Əliyevin yaradıcılığı çoxşaxəli idi. Teatr səhnəsində olduğu kimi, kino meydanlarında da yaddaqalan obrazlar yaratmağı bacarmış görkəmli aktyor eyni zamanda dramaturgiya janrında da qələmini sınamışdı. O, “Qısqanclıq”, “Məşədi evlənir”, “Mollaxana”, “Necə qan ağlamasın?”, “Orada elə, burada belə” adlı bir pərdəli pyeslərin müəllifidir.
Yaradıcılığının əsasını realizm, təbii kolorit, emosional cazibədarlıq kimi keyfiyyətlər təşkil edən görkəmli aktyor Mirzağa Əliyev dəfələrlə dövlət tərəfindən yüksək mükafatlarla təltif olunub. 1926-cı ildə Azərbaycan SSR əməkdar, 1933-cü ildə xalq, 1949-cu ildə isə SSRİ xalq artisti fəxri adları ilə təltif olunan görkəmli səhnə ustası iki dəfə (1942,1948) dövlət mükafatına layıq görülmüş və bir çox orden və medallarla təltif edilmişdir.
1954-cü ildə Bakıda vəfat etmiş qocaman səhnə ustasının həyat və yaradıcılığına aid sənədlər ölümündən 19 il sonra (1973-cü ildə) Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib. Azərbaycan SSR Elmlər Akademiyası Respublika Əlyazmaları Fondundan (indiki AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu) qəbul edilmiş sənədlər elmi-texniki cəhətdən yenidən işlənmiş, yeni siyahısı tərtib edilərək 518 nömrəli arxiv fondunda toplanıb.
Qəbul olunmuş materiallar arasında Mirzağa Əliyevin oynadığı rolların mətnləri, radio montajları, qələmə aldığı pyeslərin əlyazmaları, bioqrafik və digər sənədlər yer almaqdadır. Mühafizə olunan əlyazmalarının çox hissəsi ərəb əlifbasındadır.
Azərbaycanın görkəmli teatr və kino xadimi, xalq artisti, dövlət mükafatı laureatı Mirzağa Əli oğlu Əliyev Azərbaycanda realist aktyorluq məktəbinin əsasını qoymuş Cahangir Zeynalovun ilk və ən layiqli davamçısı olub. O, fitri komediya istedadına, zəngin səhnə çalarlarına, ifadəli və rəngarəng yumor bacarığına malik bir aktyor idi. Heç bir teatr təhsili almadan bütün çıxışlarının xalq tərəfindən sevilməsi və alqışlarla qarşılanması onun bu sənətin zirvəsinə uzalmasının ən bariz sübutudur. Görkəmli səhnə ustası özü haqqında belə deyirdi: “Elə zirvələr fəth edəcəyəm ki, indiyə qədər yaratdıqlarım onun yanında kölgədə qalsın”.
Bəli, böyük gülüş ustası Mirzağa Əliyev özüdə fərqinə varmadan sənət zirvəsinin fatehi idi.
Cavid Məmmədli