75 nömrəli məhbus məhkəmə zalına! – deyə hakimin zəhmli səsi eşidildi. Qara hərbi geyimli və silahlı iki əsgərin əhatəsində məhbus içəri addımladı. Əynində bəyaz və gen bir kofta və eyni formada və rəngdə bol şalvar var idi. Sanki balaca bir uşağa bir neçə ölçü böyük paltar geyindirmişdilər. Gen-bol kətan paltarın sol sinə hissəsində qara dairə içində 75 rəqəmi gözə çarpırdı. Əl və ayaq biləklərində elektron qandallar olan məhbus ayağındakı rezin ayaqqabıları sürüyərək zaldakı yerini aldı. Başını qaldırmadan ancaq zalın naxışlı pol örtüyünü izləyən məhbus, görünür, günahkar olduğunun fərqində idi. İndi də gec də olsa, içində bir peşmançılıq dənizi coşub çağlayırdı. Məhkəmə salonunda adam az idi. Bir tərəfdə ittihamçılar, digər tərəfdə isə müttəhimlər tərəfinin adamları, yaxınları və ailə üzvləri dayanmışdı. Məhbusun arvadı və iki övladı – oğlu Ceymi və balaca qıvrım saçlı qızı Marina onu seyr edirdilər. Arvadı Alina və Ceymi olanların fərqində idi, onlar da üzgün halda məhbusa baxır, hadisələrin sonunun intizarını çəkirdilər. Balaca Mari isə hər şeydən xəbərsiz gözlərini böyük zala, adamlara gəzdirir, atasını görəndə ona tərəf dartınır, əlini tutan Ceymi isə buna imkan vermir, ona göz ağardıb sakit olmasını işarə edirdi.
– Məhbus nömrə 75, Samuel Kleyn. Yüksək sürətli şəhərkənarı magistral yolda qəza törətmisiniz. Yolda mobil nəqliyyat vasitəsinin avtonom rejimdə olmalı olduğunu bildiyiniz halda qaydalara zidd olaraq manual idarə rejiminə keçmiş və nəticədə idarəetməni itirərək başqa bir nəqliyyat vasitəsi ilə toqquşma halına səbəbiyyət vermişsiniz. Təəssüflə bildirmək istəyirəm ki, qəza nəticəsində bir nəfər həyatını itirib. Yalan detektoru və emosional testlər nəticəsində qəzanı bilərəkdən törətmədiyiniz aşkara çıxıb. Sizin köhnə avtopilot olduğunuz məlumatı da var əlimizdə. Qarşı tərəfin də şikayət ərizəsini və digər hüquqi halları nəzərə alaraq sizə 10 illik mental sürgün cəzası verilir. Məhkəmənin yekun qərarı ilə bağlı etirazı olan varsa, indi desin…. – qərar açıqlandı və zalı sükut bürüdü. Görünür, hər iki tərəf, hətta məhbus da bu qərar ilə razı idi.
Zaldan çıxarkən məhbus ailə üzvləri ilə görüşüb vidalaşdı. Alinanın gözü yaşlı, Ceymi üzgün idi. Mari isə yenə də atasına tərəf dartınır, onu qucaqlayan atasından ayrılmaq istəmirdi. Ancaq getmək zamanı idi. Həmin qara zirehli geyimdə olan silahlı əsgərlər məhbusu apardılar. Gedərkən son bir dəfə geri dönüb ailəsinə baxdı. Bu anları sözlərlə ifadə etmək mümkün deyil. Məhbusun gözündən axan yaş yanağından süzülərkən üzündəki sıyrıq və yaralara dəyib sızıldatdı.
***
– Samuel Kleyn, zəhmət olmasa bu kresloya oturun, – deyə ağ xalat geyinmiş kişinin üzündə Arktikanın soyuğu hiss olunurdu. Bu donmuş emosiyalar onu həkimdən çox işgəncə verən manyaka bənzədirdi. Əli ilə göstərdiyi hündür kreslo metal konstruksiya və qəhvəyi rəngli dəri örtüklə üzlənmiş oturacaqlı, ətrafında çoxlu naqillər, iynələr və müxtəlif məhbusun bilmədiyi başqa tibbi ləvazimatlar olan bir masa idi. Kreslonun üstündə yanan neon lampalar onu qədim insanların istifadə etdiyi edam növü olan “elektrik stulu”na bənzədirdi. Məhbus oturan zaman qorxudanmı, masanın buz kimi soyuq olmağındanmı, bəlli deyil, içindən bir ürpərti keçdi. Birdən mexanik bir səs eşidildi və masa arxaya doğru enməyə, diş həkiminin kreslosu kimi üfüqi hal aldı. Həkimin “dərindən nəfəs alın” əmri ilə nəfəsini çəkdi, gözünü qamaşdıran neon lampalardan üzünü sola çevirəndə qoluna az qala vintaçan boyda bir iynə sancıldığını gördü. Qəribəsi isə ağrı hiss etməməyi oldu. Daha sonrasında bədəninə qoşulan və onun ürək ritmi, qan təzyiqi, beyin fəaliyyəti və s. kimi həyati dəyərlərini ölçən cihazların qoşulmağa başlandığını gördü. Yavaş-yavaş bədəninə əcaib bir rahatlıq gəlməyə, yüngülləşməyə başladı. Elə bil buludlarda uçurdu. Göz qapaqları ağır seyf qapıları kimi tədricən örtülməyə, bəmbəyaz neon lampalar qaralmağa başladı. Görüntü getdikcə səslər də uzaqlaşır, məhbus elə bil buludlar üzərində uçaraq dərin bir qoyunun dibinə enirdi… Və sonda zülmət qaranlıq…. Əbədi sakitlik…
***
Yavaş-yavaş itmiş şüuru özünə qayıdırdı, ancaq hələki nə gözlərini aça, nə də ki bədəninin bir hissəsini tərpədə bilirdi. Saniyələr ard-arda ötüb keçdikcə keyləşmiş sinir sistemi ayılırdı. Artıq nəmli torpaq üzərində uzandığını, otların əlinə və yalın ayağına toxunduğunu, havada xəfif meh əsdiyini və yellənən yarpaqların arasından süzülərək üzünə düşən günəş şüalarının istiliyini hiss edirdi. Başında, bədənində – heç bir yerində ağrı hiss etmirdi. Elə bil yuxudan oyanırdı. Yaddaşı da özünə qayıdır, çünki məhbus kimi məhkəmə otağına gəlişi, əlinə vurulan qandallar, ailəsi ilə vidalaşmağı qırıq-qırıq, film fraqmentləri kimi beynində canlanmağa başlamışdı. Hər şeyi aydın xatırlamağa başlayanda həyəcan və təşvişlə gözünü açdı, düz gözlərinə düşən günəş şüalarının təsiri ilə əlini üzünə atdı, gözünü yumub üz-gözünü qırışdırdı. Astaca dikəldi, qolunu dayaq verib yanı üstə, yarıuzanıqlı dayandı. Çaşmış halda ətrafa baxmağa başladı. Dörd tərəfi yaşıl çəmənlik idi, ətrafda müxtəlif ağaclar, başının üstündə mavi səma və günəş var idi. Nə bir insan, nə də heyvan səsi gəlirdi. Əsən mehlə yellənən budaqlardakı yarpaqların pıçıltısından başqa heç bir səs-səmir gəlmirdi. Bura meşənin ortasında kiçik bir tala idi. Həbsə məhkum olunmuş birinin meşədə nə işi vardı? Bura hara idi? Ümumiyyətlə, bura necə gəlmişdi? Onu kim, kimlər gətirmişdi? Ətrafa nəzər saldıqca gördüyü meşəlik kimi beynində əmələ gələn suallar, fikirlər böyüyür, bir-birinə dolaşır, keçilməz bir fikircəngəlliyi yaradırdı. Gücünün tam özünə qayıtdığının fərqinə vardıqdan sonra ayağa durdu, təsadüfi bir istiqamət seçib yeriməyə başladı.
Meşənin içi ilə getdikcə bur tərəfdən ətrafa nəzər salır, bir tərəfdən də beynində müəyyən bir məntiqli izah axtarırdı düşdüyü bu vəziyyət üçün. Ətrafda ağaclardan başqa bir şey görmək olmurdu, elə bil meşənin ucu-bucağı yox idi. Hər yer o qədər bənzər idi ki, Samuel, bəlkə də, bayaqdan eyni yeri gəzib dolandığını düşünməyə vadar olurdu. Günəş zeniti keçmiş, əsən meh daha da sərinləmişdi, artıq hava qaralmağa doğru gedirdi. Deyəsən, gecəni bu meşədə keçirməli olacaq. Bunun üçün uyğun bir yer tapmalı, yaxud özünə bir sığınacaq düzəltməlidir. Uzun müddət yeriməkdən ağrımağa başlayan ayaqlarını və gecənin meşəyə gətirə biləcəyi təhlükələri düşünərək əlverişli bir ağaca dırmanıb orada yatmağı qərara aldı. Gedə-gedə ətrafı nəzərdən keçirib belə bir ağac tapdı. Bu, deyəsən, palıd ağacı idi, yoğun və hündür bir palıd ağacı. Ağaca dırmanıb haça budaqlardan birində özünə yer hazırlamağa başladı. Bir-iki yaş budaq qırıb gecə yuxulu-yuxulu yıxılmamağı üçün ətrafına bağladı, beləliklə, durduğu ağac haçası ətrafı bağlı bir yuvacığa döndü. İçinə incə budaqlardan, quru otlardan və yaşıl yarpaqlardan yığıb qu tükündən hazırlanmış döşək qədər yumşaq bir yataq əldə etdi. Bütün bunlar onun bir neçə saat vaxtını aldı. Artıq alatoranlıq idi və getdikcə görmə məsafəsi də azalırdı. Hazırladığı yatağa uzananda onu bürüyən səssizliklə birgə başına gələnlər – gözlənilməz qəza, məhkəmə prosesi, sürgün olunması və gedirdə qoyduğu ailəsi bir-bir gəlib gözü önündən keçməyə başladı. Uşaq kimi bükülüb dizlərini qarnına çəkdi və göz yaşları içində yuxuya getdi.
***
Günəş hələ üfüqdən boylanmamış yuxudan oyandı. Göyün üzü sarı, qırmızı, mavi və tünd-göy rənglərin qarışığından ibarət bir rəssam palitrasını xatırladırdı. Yarpaqların, otların və çiçəklərin üzərindəki şeh damlaları parlamağa başlayan günəşin şüaları altında üzük qaşındakı brilyant daşlar kimi nur saçırdı. Ancaq hər yerdə qəribə bir sükut hökm sürürdü. Samuel artıq bir həftədən artıq idi ki, bu meşədə idi və ətrafa adaptasiya olmağa başlamışdı deyə bu sükut onu elə də narahat etmirdi. Kilometrlərlə yol getsə də, ən hündür ağaclardan birinin başına çıxıb ətrafı nəzərdən keçirtsə də, hər yerdə yaşıl ağac dənizindən başqa bir şey görməmişdi. Yolda rast gəldiyi kiçik bir çay boyu getmiş, on-on beş metrlik bir şəlaləyə və şəlalə dibində bir mağaraya rast gəlmişdi. Meşədə yediyi yabanı meyvə və kol bitkiləri dadlı olmalarına baxmayaraq onun mədəsini bir qədər pozmuşdu. Ona görə də çayda üzən balıqları görəndə çox sevindi. Qayalıqda tapdığı kəskin kənarlı qaya parçaları ilə bir neçə nazik budağı yontub nizə hazırladı. Eynən ibtidai əcdadları kimi balıq ovlamağa başladı. Ancaq aradan milyon illər keçdiyi üçün praktik qabiliyyətləri bir xeyli korşalmışdı. Ov onun bütün gününü aldı. Nəhayət, günbatımına yaxın bir neçə balıq ovlaya bildi. Əsas problem isə ocaq olmaması idi. Məcburən balıqların bir-ikisini çiy-çiy yedi, bir neçəsini də gündə qurutmaq fikri ilə sabaha saxladı. Məhbuslar kimi mağara divarına günlərin sayını cızıq xətlərlə qeyd edirdi, əgər hesabı düzdürsə, onuncu günə az qalırdı. Uzanıb yuxuya dalarkən bir zamanlar oxuduğu qədim bir kitab yadına düşdü: kitabda gəmi qəzasından sonra kimsəsiz adaya düşən Robinzon adlı bir nəfərin başına gələn əhvalatdan danışılırdı. Heç cür ağlına gəlməzdi ki, bir gün onun da başına romanda oxuduğu hadisəyə bənzər şeylər gələr. Əcaib düşüncələr içində dərin yuxuya getdi. Gecə yarısı çaxan şimşək və guruldayan zülmət səma onu yuxudan oyatdı. Mağaranın eşiyinə gələndə əsən güclü külək, leysan or Zevsin şimşək oxları onu qarşıladı. Lakin bütün bunlar onu qorxutmadı, əksinə sevindirdi, çünki şimşək yaxınlıqdakı ağaclardan birini vurmuş və yanğuna səbəb olmuşdu. Ağacı bürüyən al-qırmızı alovlar ona Zevsin göndərdiyi bəxşiş kimi göründü.
Saçı saqqalına qarışmağa başlayan Samuel xaricən düşdüyü mühitə uyğunlaşmış kimi görünsə də, əslində qəlbində əzab tufanları əsir, içindəki kədəri fırtınalı dəniz kimi coşub-çağlayır, ən çox da ailəsinin həsrəti qurdun ağacı içdən gəmirdiyi kimi gəmirirdi. Hesablamaları doğrudursa, bir aydan bir neçə gün keçmişdi. Zevsin ona bəxş etdiyi alovu qorumaq, həm də məkana uyğunlaşmağa başladığı üçün bu yeri tərk edib getmək istəmirdi. Çaydan tutduğu balıqlar, meşədən topladığı meyvələr onu tam təmin edirdi. Ancaq buranı tərk edib bir çıxış yolu tapmaq, ailəsinə, əvvəlki həyatına qayıtmaq, başına gələn bu müəmmalı hadisəyə bir aydınlıq gətirmək də beynini qurcalayan məsələlər idi.
Meşədə tapdığı lyanaya bənzəyən bitki və cavan ağac pöhrələrinin qabığından kobud formada da olsa, özünə iki səbət hazırladı. Onlarda uzun məsafəyə rahatlıqla ərzaq daşımaq olardı. Bircə su məsələsi qalırdı, onu da təsadüfən rast gəldiyi bambuk ağacı həll etdi. Bir Çin filmində görmüşdü, bambukun içinin boş hissəsini su qabı kimi istifadə edirdilər. Bir neçə günlük əziyyətin ardından səfərə çıxmaq üçün kifayət qədər ərzağı və bu ərzaqları daşımaq üçün lazımi yük “çantaları” var idi. Dördüncü ay idi ki, bu lənətə gəlmiş yerdə yaşamağa məcbur olmuşdu. Dəyişən heç nə olmadığı üçün özü hərəkətə keçməyə qərar vermişdi. Bir yandan da ailəsinin həsrəti, sivil həyatdan uzaqlıq, tənhalıq ona əzab verir, bir çox gecələr ağlayır, qışqırırı söyüşlər söyür, mağaranın divarlarını yumruqlayırdı. Artıq günlərin sayını da itirmişdi. Hərdən gündüzlər və gecələr yemədən, içmədən yatır, psixoloji sarsıntı keçirir, ruhi ağrılar və əzablarla boğuşurdu. Ancaq bir neçə gün əvvəl gördüyü bir yuxu ( bunun yuxumu, ya həqiqətmi olduğunu kəsdirə bilməmişdi ) onu yenidən özünə gətirmiş və yola çıxıb bu meşədən qurtulmağı qət etmişdi. Yuxuda meşənin dərin, qaranlıq bir yerində olduğunu və gah oğlu Ceyminin, gah balaca Marinin, gah da arvadının onu çağırdığını, duman, ala-qaranlıq içində qarışıq siluetlər gördüyünü, nə qədər qaçıb onlara çatmaq istəsə də, çata bilmədiyini, bəzən də ayaqlarının betona döndüyünü, yerindən tərpənə bilmədiyini, bağrı çatlayana qədər bağırdığını görmüşdü. Bu dəhşətli yuxudan ayılan kimi səfərinin planını cızmağa başlamışdı.
Dördüncü günün axşamına yaxın idi ki, yol gedirdi. Getdikcə meşə seyrəkləşir, ağacların boyu qısalır, kol-kos artır, otlar da azalır, seyrəlir, qara torpaq sarı qumla əvəz olunurdu. Bir tərəfdən kölgəliyin azalması, bir tərəfdən də temperaturun artması, həm də götürdüyü ərzağın ağırlığı Samueli tamam yorub əldən salmışdı. Buna görə də rastına çıxan ilk böyük kölgəlikdə istirahət etmək qərarına gəldi. Hava qaralmağa doğru gedir. Səbətdə daşıdığı közlə ocaq qaladı və axşam yeməyi hazırlamağa başladı. Qürub edən günəşin möhtəşəm bir sənət əsəri kimi rəngarəng tabloya sevirdiyi səmada adda-budda ulduzlar görünməyə başlayırdı. Samueli bir tərəfdən yorğunluğ hissi, bir tərəfdən də doğmalarının həsrəti bürüyürdü. Fiziki olaraq sağ olsa da, mənəvi cəhətdən çökdüyünü, öldüyünü hiss edirdi. Ara-sıra ailəsinin, doğmalarının simasını bel unutmaq dərəcəsinə gəlib çatırdı. Bu da daxilən ona əzab verir, çəkdiyi bu mənəvi işgəncənin təsiri ilə yaralı vəhşi heyvan kimi sağa-sola qaçır, qışqırır, bağırırdı. Əldən düşüb sakitləşdikdən sonra uzanıb saatlarla boş səmada üzən buludlara yaxud sayrışan ulduzlara baxırdı. Bu ritual sanki onu rahatladır, ruhi sakitlik bəxş edirdi.
Danışmağı, deyəsən, yadırğamışdı. Bir ilə yaxınlaşan bu əsirlik, sürgünlük dövründə o qədər tənha qalmış və öz-özü ilə danışmışdı ki, indi realda danışdığını, yoxsa fikrində özü ilə söhbət etdiyini ayırd edə bilmirdi. Ölü kimi arxası üstə uzanıb qalmış və qarşıda onu gözləyən səhra ilə bağlı götür-qoy edirdi. Kənardan bir görən olsa, onun dəli ( saçı-saqqalı bir-birinə qarışmış, üst-başı çirkab və pal-paltarı cırıq-cırıq idi. ) və ya ölüm ayağında sayıqlayan biri olduğunu zənn edərdi. Vəziyyəti, həqiqətən, acınacaqlı idi.
***
Zaman – Adəm oğlunun uydurduğu ən böyük yalan. Zaman məfhumu ilə özünü qəfəsə, çərçivəyə salan yeganə canlı yəqin ki insandan başqası deyil. An, saniyə, dəqiqə, saat, gün, ay, il, əsrlər və s. bütün bu qəliblər sonradan həyatımıza daxil edilib və bizi bir çox məhdudiyyətlərə məruz qoyub. Məsələn, zaman anlayışı olmasa, ömür daha uzun, daha dolu, daha xoşbəxt yaşanardı bəlkə də. Və ya zaman deyə bir şeyin mövcudluğu uşaqlıqdan beynimizə yeridilib zehnimizi dörd tərəfdən hasara almasa, gün, ay, il, yaş məfhumları olmazdı, okeanda yaşayan balığın sudan xəbərsiz, şad, xürrəm yaşadığı kimi yaşayardıq. Ancaq həyatda (məncə, nə yaxşı ki,) bəzi hallarda insan zaman anlayışını qısa müddətə də olsa, itirir. Bu çox xoşbəxt və ya çox bədbəxt olduğu anlarda olur. Samuel də idi belə bir vəziyyətdə idi. Köz kimi qaynar qum, cəhənnəm odu kimi istilik saçan günəş, günəşin yandırıb suluqlar yaratdığı, qızarıb qabığı soyulmağa başlamış bədəni və onun ağrısına qarışmış mənəvi ağrılar ilə birgə son iki gündür ki, ac, susuz səhrada azmış dəvə kimi yol gedirdi. Onun üçün artıq zaman deyə bir şey qalmamışdı. Bir günmü, bir əsrmi keçdiyi bəlli deyildi onun üçün. Bəlkə də, doğulduğu andan başlayaraq bu əzab aləmində idi, bəlkə də, çoxdan ölmüşdü, indi də günahlarının əzabını çəkirdi. Bəlkə də, heç doğulmamışdı Tək bildiyi zehninin dərinliklərində bir heykəltəraşın hələ tam bitirmədiyi heykəllər kimi simasız, qeyri-müəyyən formada üç fiqur vardı. Hər an bu dondan-dona, cilddən-cildə düşən fiqurlar – bəzən tanış bir necə sima görünürdü onların çöhrəsində, tanıyıb da heç cür yada sala bilmədiyi simalar, – onun gözü önündə dolanır, onu hərəkət etməyə, irəliləməyə sövq edirdi. Günəşin qürubda qırmızı donunu geyib gözdən itməyə başladığı bir vaxtda yenə həmin fiqurlar qızıl qum təpələrindən birinin üzərində gözünə göründü. Son qüvvəsini toplayıb təpənin başına dırmandı. Gah yıxıldı, gah durdu, axır ki, qızıl qumlu Everesti aşdı. Fiqurlar yox idi, amma təpənin ardında bomboz qayalıqlar, ardınca da hündür, zirvəsində bəmbəyaz qar gözün silsilə dağlar uzanıb gedirdi.
Göz işlədikcə uzanıb gedən ucsuz-bucaqsız, yandırıcı günəş və köz kimi qaynar qızıl qumlu səhra geridə qalmışdı. Samuel indi vəhy gəlmiş peyğəmbər kimi üzü dağlara tərəf gedirdi. Atdığı hər addımda havanın temperaturu sanki bir neçə dərəcə soyuyur, bədənini yaydan payıza keçəndə hiss edilən xoş üşütmə, ürpərti bürüyürdü. Getdikcə ətrafda ağaclar, kol-koslar gözə dəyirdi. Kiçik, qayalı bir təpəni aşanda qayaların arasından şırıldayıb axan kiçik bir bulaq və ətrafını basan kolluqda qara, qırmızı rənglərdə giləmeyvələr gördü. Günlərdir ac-sussuz qalmış biri üçün bu cənnətin mənzərəsi idi. Görünür, hələ irəlidəki bir neçə gününü bu bulağın başında keçirəcəkdi.
Doyunca yeyib-içdikdən sonra rahat bir ağac kölgəsində uzanıb yatan Samuel bir də növbəti günün günortası ayıldı. İçindəki mənəvi boşluq ilə bədənində, xüsusilə ayaqlarındakı ağrı, sızıltı səbəbi ilə bir xeyli yerindən dura bilməyib yarpaqların arasından bərq vuran günəşə baxmağa çalışanı qamaşan və yanam gözləri ilə. Həyatında etdiyi bütün səhvlər, günahlar, halbuki əvvəllər o qədər də günah sahibi olduğunu düşünmürdü, burada bir-bir yadına düşmüşdü. Hətta son zamanlar (təxminən üç, ya dörd il keçmişdi, bəlkə də daha çox) etdiyi səhvlər – ən adisindən ən böyüyünə qədər, hamısı bir teatr əsəri kimi gözü önündə canlanırdı. Adlar, şəxslər tamamilə bir-birinə qarışsa, yaddan çıxsa da, özünün etdiyi səhvlər yaxşıca yaddaşına həkk olunmuşdu. İnsan həmişə etdiyi şeylərin yox, etmədiyi şeylərin peşmançılığını daha çox çəkərmiş deyiblər. Ancaq Samuel burada o qədər peşmançılıq və günahkarlıq hissi keçirmiş, o qədər qarışıq hiss və duyğulara qapılmışdı ki, indi sinir sistemi keyləşmişdi elə bil. Artıq heç nə hiss etmirdi.
Həmin bulaq başında nə qədər qaldığı haqqında tam dəqiq məlumatı olmasa da, uzun müddət vaxt keçirdiyi dəqiq idi. Çünki onu su və qida cəhətdən yaxşıca təmin edən bu məkanda fiziki cəhətdən itirdiyi gücünü geri qazanmışdı. Yenidən toparlandıqdan sonra qarşıda onu gözləyən qarlı dağları aşmaq üçün tədbirlər görməyə başlamışdı. İndi də yuxarı qalxdıqca soyuyan hava və ətrafda uçuşmağa başlayan, arada üzünə qonan qar dənələri həm onu üşüdür, həm də xoşuna gəlirdi. Sürətli addımlarla gedərək bədənini isitməyə çalışırdı. Ancaq soyuq hava, şiddətlənən qar və azalan oksigen onu tez yordu. Qarşısına çıxan ilk aşırımda qayanın küncündə külək və qar tutmayan, nisbətən quru bir yer tapdı, əşyalarını bir tərəf qoyub çiynindəki odunlardan, ciblərin yığdığı quru otlar və öləziməkdə olan köz ilə ocaq qalamağa girişdi. Soyuğun şiddətindən əlləri titrəməyə başlamışdı, barmaq uclarını demək olar ki, hiss etmirdi.
Qar qarışıq əsən şiddətli küləklə sağa-sola rəqs edən alov dillərində gördüyü simalar, insan fiqurları və ocağın cana yağ kimi yayılan istiliyi keçmişdəki xoş bir xatirə kimi yaddaşının tozlu bir küncündə öz yerini tapmışdı, halbuki cəmi bir neçə saat keçmişdi. Ağır əşyaları, odunları daşıya bilməyəcəyini anlayıb yalnız zəruri olanlarla – qida və su ehtiyyatı ilə zirvəyə olan yoluna davam etmişdi. İndi gözünə, ağzına, burnuna soxulan qar və ürək ritmini sürətləndirən təngnəfəslik onu çıxılmaza salmış kimi görünürdü. Qıyıq gözlərlə ətrafına baxmağa, nələrsə görməyə çalışsa da, görə bildiyi ancaq bəmbəyaz bir heçlik, ağappaq sonsuzluq idi. Ərzağı tükənmiş, suyu isə donmuşdu. Saatlarla, günlərlə, bəlkə də illərlə yol gəlirmiş kimi hiss edirdi. Sona yaxınlaşdığına dair qəribə bir hiss var idi içində. Bəlkə də, zirvəyə qalxdıqca Allaha yaxınlaşmağının verdiyi hiss idi bu qəribə hiss.
Zirvəni aşmağa bir neçə addım qalmış bir qaya dibinə yıxılıb qalmışdı. Artıq əl və ayaqlarını hiss etmirdi. Bədənində yüngül qıcıqlanmalar vardı. Soyuğun sirvi uclu oxları artıq ona təsir etmirdi, əksinə canına rahatlıq, ruhuna isə qorxu gətirən bir istilik hiss edirdi. Bu sonun başlanğıcı idi. Həyatının belə bir yerdə, belə bir məkanda və belə bir vəziyyətdə sona yetəcəyi heç vaxt ağlının ucundan keçməzdi. Narın qar isti yorğan kimi üstünü örtür, külək vıyıldayaraq ana nəvazişi ilə ona laylay deyir, tonlarla ağırlığa çatmış göz qapaqları “Əlibaba və qırx quldur” nağılındakı xəzinə dolu mağaranın qapıları kimi asta-asta bağlanırdı. Gözləri boz səmaya və uçuşan qar dənəciklərinə baxsa da, gördüyü mənzərə tamam başqa idi. Gözlər qazandıqca altşüur hakimiyyəti ələ alır və həyatının ta qədim dövrlərindən anlaşılmaz səhnələri canlandırmağa başlayırdı.
Gecə boyu davam edən şiddətli qar fırtınası dayanmışdı, üfüqdən boylanan günəşin parlaq şüaları dağların zirvələrindəki bəmbəyaz qarı sarı, çəhrayı rənglərə boyayırdı. Günəş çıxmağına baxmayaraq havada qılınc kimi kəsən şaxta var idi. Qayanın dibində yığılıb qalmış qar topasının altından Samuelin donmuş, göyərmiş barmaqları görünür.
***
Bir anda gözünü açan Samuel batmaqdan son anda qurtulan adamlar kimi dərindən nəfəs aldı. Gözləri dumanlı da olsa, ətrafda dolanan ağ rəngli obyektləri seçə bilirdi. Bütün bədəni uyuşmuş, qulaqlarında qəribə uğultular vardı. Qorxu, ürkü ilə sağa-sola baxır, yerində çabalayır, əl və ayaqları bağlı olduğundan hərəkət edə bilmirdi.
Ətrafda bir neçə tibb işçisi mental sürgündən yeni ayılan məhbusa sakinləşdirici maddələr vurur, həyati göstəricilərini yoxlayırdılar. Məhbus şoka düşsə də, hər şey qaydasında görünürdü.
Bir-iki gün sonra özünə gələn Samuel hələ də danışıq qabiliyyəti bərpa olunmadığı üçün nə baş verdiyini soruşa bilmir, olanları anlamaqda çətinlik çəkirdi. Xəstəxana palatası kimi bir otaqda uzanmışdı. Dərin və qorxulu bir yuxudan ayılmış kimi idi. Beynində fikirlər o qədər dolaşıq idi ki, işin içindən çıxmağa cəhd belə edə bilmirdi. Birdən qapı açıldı və ağ paltarlı bir qadın və ardınca başqa bir neçə şəxs içəri daxil oldu. Samuel onları görən kimi qəlbində bir sim titrədi, beyninin qaranlıq fikir cəngəlliyində bir işartı yarandı, amma bunlar saniyənin onda biri kimi minimalistik bir zaman dilimində baş verdiyi üçün içəri daxil olanlar onun üzündə bir anlıq gəlib-keçən təəssürat kölgəsini görmədilər. Uşaqlar qaçıb atalarına sarıldılar, ana da gözləri dolduğu, kövrəldiyi üçün hər iki əlini ağzına, üzünə tutub onu qucaqlayan uşaqlarına qəribə, mat-məəttəl baxan həyat yoldaşına yaxınlaşdı. Eyni soyuq və donuq baxışlar onu da qarşıladı. Bu əsnada ağ xalatlı həkimin səsi eşidildi:
– O hələ mental sürgündən yeni qayıdıb. Yəni cismən olmasa da, zehnən on il tək-tənha “yaşayıb”. Daha doğrusu, bu onun zehnində baş vermiş bir prosesdir. Lakin Samuel hələ bunu dərk etmir. Onun yaşadıqları yaddaşında, xatirələrində real hadisələr kimi qalıb. Hər insan fərqli beyin strukturuna malik olduğu üçün onların yaşadığı sürgün ssenariləri də fərqli olur. Zamanla hər şey əvvəlki halına qayıdacaq, sadəcə ona xatirələrini “həzm etmək” üçün vaxt lazımdır. Faktiki olaraq sizi iki gün əvvəl deyil, on il əvvəl görübmüş kimi gəlir ona. Belə soyuq münasibətin səbəbi budur, – dedi. Samuel ifadəsiz baxışlarla həkimi süzürdü.