Həyatda çox az adamın bacara bildiyi iki çətin iş var. Həmcinsləri arasında bir nəfər də düşmən qazanmadan yaşamaq və daxili azadlığı sayəsində bu yer üzünün ən böyük gücü olan pula boyun əyməmək.
Belə bir insanla tanışlığım çox sadə bir şəkildə baş tutdu. O dönəmdə kiçik bir şəhərdə yaşayırdım və bir gün axşamüstü itimi gəzdirməyə çıxmışdım. Birdən-birə it əcaib hallara düşməyə başladı: Dəlicəsinə yerdə eşələnir, zingildəyir, ulayır, ağaclara sürtünürdü.
“Heyvana nə oldu” deyə düşünürdüm ki, yanımda birinin addımladığının fərqinə vardım: Otuz yaşlarında, yoxsul görkəmli, qalstuksuz, başıaçıq bir adam idi. Dilənçi hesab edib, əlimi cibimə aparmaq istədim. Lakin yad adam, köhnə bir dostunu görmüş kimi açıq mavi gözləriylə mənə sakit-sakit gülümsədi. İti göstərərək:
– Yazığa gənə yapışıb, dedi. Gəl, qoparaq.
Köhnə dostlar kimi mənimlə “sən”lə, “mən”lə danışırdı, lakin o qədər şirin baxışı vardı ki, buna fikir vermədim. Bir taxta skamyaya doğru getdik, yanında əyləşdim. Uzun bir fit çalıb, iti çağırdı.
Qəribədir, yad adamlardan çəkinən Kaspar bu dəvəti xoş qarşıladı: Gəlib başını yad adamın dizinə qoydu, o da, uzun həssas barmaqlarıyla heyvanın dərisini yoxlamağa başladı. Nəhayət məmnun bir ifadəylə, “Aha!..” dedi və əməliyyata girişdi. İt ağrı hiss etdiyi üçün bir neçə dəfə zingildədi. Amma qətiyyən qaçmağa çalışmadı. Birdən-birə adam onu buraxdı.
Gülə-gülə əlini havaya qaldırıb bir şey göstərərək:
– Bax belə, dedi, indi qaça bilərsən balaca!..
İt atılıb-düşməyə başlayınca, yad adam qalxdı və baş işarəsiylə xudahafizləşərək getdi. Gedişi o qədər ani oldu ki, zəhmət haqqı olaraq nə isə verməyə, hətta təşəkkür etməyə belə vaxt tapa bilmədim. Gəldiyi kimi, eyni sakit və inamlı əhvalla səssizcə uzaqlaşmışdı.
Evə dönənə qədər, bu adamın əcaib hərəkətini düşünürdüm. Bu hadisəni qoca aşpazıma danışdım.
Aşpaz:
– Antondur. Özünü hər şeyə yetirir.
Peşəsinin nə olduğunu, dolanışıq üçün nə iş gördüyünü soruşdum. Aşpaz əməlli-başlı çaşdı:
– Heeeç, cavab verdi. Peşə? Peşə onun nəyinə lazımdır?
– Canım, dolanmaq üçün hər kəsin bir peşəyə ehtiyacı yoxdurmu?
– Antonun yoxdur. Ona lazım olan şeyləri hamı könüllü verir. O pula qiymət vermir. Pula ehtiyacı yoxdur.
Doğrusu, qəribə iş idi. Dünyanın bütün başqa şəhərlərində olduğu kimi qəsəbəmizdə də bir dilim çörəyin, bir stəkan suyun qarşılığında pul ödəmək vacib idi. Bir yataqda yatmaq, kürəyini örtmək üçün də pul lazım idi. O köhnə şalvarlı adam belə bir qanuna qarşı çıxıb dərdsiz, qayğısız yaşamağı necə bacarırdı?
Onun sirli metodunu kəşf etməyə qərar verdim və aşpazın düz danışdığını hiss etdim. Anton dedikləri adamın heç bir konkret işi yox idi. Səhərdən axşama qədər, küçələrdə gəzməkdən başqa heç nə etmirdi. Amma gözü bağlı gəzmirdi. Arabaya səhv qoşulmuş at görsə arabaçını saxlayıb, səhvini göstərirdi. Bir taxtapuşun çürüməkdə olduğunu hiss eləsə, sahibini çağırıb boyasını təzələməyi tövsiyə edirdi. Ümumiyyətlə bu kimi işləri ona həvalə edərdilər; çünki hamı bilirdi ki, onu bura gətirən acgözlük və tamah deyil, yalnız xidmət etmək ehtiyacıdır.
Sonradan onun necə rəngarəng işlər bacardığını gördüm!.. Bir dəfə çəkməçi köşkündə oturub, ayaqqabıları təmir edərdi. Başqa bir gün, ziyafətdə şef qarsonluq etdiyinin şahidi oldum. Növbəti dəfə də uşaqları gəzməyə aparırdı. Diqqət yetirdim, kimin bir ehtiyacı olsa, dərhal Antona müraciət edirdi. Bir gün bazarda alma satdığını gördüm: zahılıq yatağında olan satıcı qadını əvəz edirdi.
Şəhərlərdə xüsusi peşələri olmayan çoxlu insan olduğunu bilirəm. Amma Anton o birilər kimi deyildi: lazım olandan çox pul almazdı. İşləri yolunda olduğu zamanlarda ümumiyyətlə heç nə almazdı.
“Ehtiyacım olsa, sonra gəlib dəyərəm”, deyərdi. O qəribə görkəmli və xeyirxah adamın özü üçün yeni bir iqtisadi sistem icad etməsinin fərqinə vardım. İnsanların dürüstlüyünə güvənirdi. Qənaət edib pul yığmaq əvəzinə, həmyerlilərinin minnətdarlıq hisslərini bank hesabı kimi istifadə edirdi. Varı-yoxu, bu gözəgörünməz qənaət hesabına toplanırdı. Qarşısındakına bir yaxşılıq edirmiş kimi, qarşılıq istəməyi düşünmədən xidmət edən bu adamın haqqını kəsmək ən sırtıq adamın da ağlına gəlmirdi.
Nə qədər hörmətli olduğunu başa düşmək üçün küçədən keçməyini seyr etmək kifayət idi. Hamı ona gülərüzlə “Salam” verər, hamı əlini sıxardı. Bu dərdsiz adam, sürtülmüş pencəyiylə küçədə, malikanəsini təftiş edən bir mülk sahibi ədasıyla gəzərdi. Ürəyi istəyən evə girə bilər, ürəyi istədiyi süfrənin başında əyləşə bilərdi: Hər şey əmrinə müntəzirdi. Sabahı düşünməməyin və tale ilə barışmağın sirrinə vaqif olan bir adamın başqaları üzərində nə qədər nüfuz sahibi ola biləcəyini heç bir zaman bu qədər yaxşı anlamamışdım.
Doğrusu, nə yalan danışım, o gənə söhbətindən sonra Antona rast gələndə mənə yad adam kimi başı ilə, ötəri salam verməsi xətrimə dəyirdi. Yəqin ki, mənə bir xidməti toxunduğunu xatırlatmaq istəmirdi. Eyni zamanda bu etinasızlıq mənə böyük bir dost çevrəsindən kənarda qaldığım hissini yaşadırdı. Ona görə nə vaxt evdə bir təmir işi çıxsa, (məsələn, təmirə ehtiyacı olan navalça) aşpaza Antonu çağırmasını tapşırmışdım.
“Haradan çağıraq”, demişdi:
– Bir yerdə dayanmır ki… Amma ona xəbər göndərərəm.
Beləcə bu əcaib adamın yeri-yurdu olmadığını öyrəndim. Amma yenə də onu tapmaq son dərəcə asan bir iş idi. Sanki simsiz teleqraf onu bütün şəhərlə əlaqəsini qururdu. Rast gəldiyiniz ilk insana “Antona ehtiyacımız var” deməyiniz kifayət idi. Bu xəbər, ağızdan ağıza gəzər, nəhayət kimsə onunla rastlaşardı.
Həqiqətən, o dəfə dərhal, həmin gün, günortadan sonra gəldiyini gördük. Hər tərəfə nəzər saldı, bağçadan keçərkən bir tingin budanılmağa, bir ağacın yerinin dəyişdirilməyə ehtiyacı olduğunu bildirdi. Nəhayət navalçanı gözdən keçirib, işə başladı.
İki saat sonra təmir işinin bitdiyini xəbər verib və heç təşəkkür etməyimə imkan vermədən çıxıb getdi. Amma bu dəfə aşpaza ona böyük miqdarda pul verməsini tapşırmışdım. Qadından, “Anton razı qaldımı?” deyə soruşdum.
“Təbii”, dedi:
– O həmişə razıdır. Ona altı şillinq vermək istədim, amma cəmi iki şillinq qəbul etdi. “Bu günə də, sabaha da çatacaq” dedi. Amma dedi ki, əgər cənabın köhnə bir paltosu varsa…
Bu adama(adamın veriləndən daha azını götürdüyünə ilk dəfə rast gəlirdim) ehtiyacı olan bir şeyi verə biləcəyim üçün nə qədər sevindiyimi izah edə bilmərəm. Dərhal arxasınca qaçdım:
– Anton!.. Anton!.. Sənə palto verəcəyəm!…
Baxışlarının sakit parıltısıyla yenidən qarşılaşdım. Bir insanın özünə gərəksiz bir paltonu, böyük ehtiyacı olan bir başqasına verməsi onun nəzərində çox təbii bir şey idi.
Aşpaza bütün köhnə paltarlarımı gətizdirdim. Anton paltar yığınını nəzərdən keçirdi, içindən bir palto seçib ayırdı, geyinib yoxladı və:
“Bu mənim işimə yarayar”, dedi.
Bu sözü, bir mağazada önünə düzülmüş mallar arasından bir dənəsini bəyənən bir cənab ədasıyla dedi. Sonra o biri paltarlara bir daha nəzər saldı:
– Bu ayaqqabıları Salsergrassedəki Fritzə verə bilərsən. Bir cüt ayaqqabıya ehtiyacı var. Bu köynəkləri də Squaredəki Jozefə versən yaxşı olar. Bir az təmir edər, vəssalam. İstəsən, onları sənin adından onlara çatdırım.
Bunları, sizə öz istəyi ilə yaxşılıq edən bir insanın əsilzadə ədasıyla söylədi. Əşyalarımı heç tanımadığım insanlara aparıb paylaması üçün ona təşəkkür etməyimin lazım gəldiyini düşündüm.
Köynəklərlə ayaqqabıları bükərkən əlavə etdi:
– Düzü, yaxşı adamsan, bunları verirsən…
Sonra çıxıb getdi.
Düzünü bilmək istəsəniz, kitablarım haqqında bəh-bəhli tənqidlərdən heç biri bu saf iltifat qədər xoşuma gəlməmişdi. Sonrakı illərdə, Antonu tez-tez düşünürdüm, həm də bir minnətdarlıq duyğusuyla. Çünki mənə onun qədər mənəvi kömək etmiş az insan var. Çox vaxt mənasız, kiçik pul məsələlərini özümə problem etdiyim vaxtlar, ehtiyacları günün zərurətlərini aşa bilmədiyi üçün gündən-günə daha sakit və etibarlı bir həyat yaşayan o adamı xatırladım. Hər dəfə də eyni nəticəyə gəldim.
“Bu qarşılıqlı etibarın sirrini hər kəs öyrənə bilsə, dünyada nə polis olardı, nə məhkəmə, nə həbsxana… Pula da ehtiyac qalmazdı. Hər fərd o adam kimi, əlindən gəldiyi qədər çox şey verən, bunun qarşısında ehtiyacı olmadan çoxu qəbul etməyən o adam kimi yaşasaydı, baş çıxarmaq mümkün olmayan iqtisadi sistemimiz bir az düzəlməzdiidimi?”
İllərdir Antondan danışıldığını eşitməmişəm. Amma haqqında bir narahatlıq da eşitmirəm: Tanrının və insanların(bu daha nadir bir hadisədir) onu əsla çarəsiz qoymayacaqlarına inanıram.
Tərcümə: Cəlil CAVANŞİR