Yıldız Tilbənin məşhur bir mahnısı var. Darıxanda zümzümə eləyirəm:
“Səni andım bu gecə,
Kulakların çınlasın.
Şimdi darğınız seninle
İnan, sən hər kəsdən başkasın”…
Uşaq vaxtı qulaqlarım gedib-gəlib cingildəyərdi. Bilmirəm ilk dəfə qulaq cingildəməsi ilə necə tanış olmuşam. Qulağım cingildəyəndə, nənəm ayin kimi bir söyüş söydürərdi mənə:
“Dalımca danışanı belə olsun, qabağımca danışanı elə”. Təbii ki, mən o söyüşü burda abıra salmışam. Rasim Qaracanın “Arqodeyimlər” kitabına düşəsi söyüşdür halbuki.
Nənəm deyirdi, qulaq cingildəyəndə, qeybətcil biri arxanca danışır. Bu ayin kimi söyüşü söyəndə, adamı susdurursan.
Özü də qulağım cingildəyəndə nənəm soruşardı:
-Sağ qulağın cingildəyir, sol qulağın?
Əgər sağ qulağım cingildəyirdisə, söyüş söymürdük. Çünki qaydaya görə, sağ qulağın cingildəyirsə, sənin xeyrinə, yaxşı əməllərindən, yaxşı keyfiyyətlərindən danışırlar, sol qulağın cingildəyirsə, pisinə danışırlar.
Bilmirəm, niyə sağ qulaq – xeyir qulağı, sol qulaq – şər qulağı sayılardı. Yəqin ki, bu sağ çiynimizdə oturub xeyir əməllərimizi, sol çiynimizdə oturub şər əməllərimizi yazan o məşhur mələklərlə bağlı idi.
Uşaqlıqdan bəri qulaq cingildəməsi haqqında çox sadə düşünmüşəm. Hətta universitet tələbəsi olanda belə, qulağım cingildəyərkən, o söyüşcül ayini icra eləmişəm.
Heç vaxt ağlıma başqa bir şey də gəlməyib. Heç zaman qulaq cingildəməsinin əsl səbəbi barədə düşünməmişəm. Bu məni narahat da eləməyib. Mənə elə gəlib ki, kimsə qeybətimi qırır, mən də ona söyüş göndərərək, onu susdururam. Bütün uşaqlığım boyu qulağım cingildəyib. Amma yetkin yaşlarda bu halla az-az rastlaşmışam.
Bu günlərdə 9 yaşlı oğlum içəri otaqdan qışqıra-qışqıra gəldi.
“Ana, qulağım, qulağım, qulağıma nəsə oldu!”
Qorxumdan dik atıldım, düşündüm ki, qulağını harasa çırpıb, yaxud nəsə yad cisim salıb.
Uşaq gəlib yanıma çatanda, sakitləşdi, ürəyi yerinə gəldi, dedi ki, onu narahat edən hər nə idisə, keçdi getdi. Təbii, uşağı dilə tutdum, öyrəndim ki, sadə bir qulaq cingildəməsiymiş. Və bu halla ilk dəfə rastlaşdığına görə qorxubmuş. Güldüm xeyli, sonra da istər-istəməz nənəmin qədim söyüş ayinini xatırladım. Ancaq şeytan məni qıdıqladı. Qəfil düşünməyə başladım: “görəsən, qulaq cingildəməyinin əsl səbəbi nədir?”
Eləmə tənbəllik, google-da axtarış verdim. İlahi, kaş verməsəydim o axtarışı. Tibbi bir saytda qulaq cingildəməyinin elə səbəblərini yazmışdılar ki!
İlk başda bu gəlirdi: “Qulaq cingildəməsi qulaq törəməsi kimi ciddi bir xəstəliyin səbəbi ola bilər!” Bundan başqa bir çox xəstəliklərin səbəbi kimi özünü büruzə verə bilər. Bu sırada beyin-damar xəstəlikləri, ürək və damar xəstəlikləri, qulaq zəri dəlikləri, orta qulaq iltihabı, depressiya, yorğunluq, stress və s onlarla xəstəliklər.
Telefonu əlimdən buraxıb bərk-bərk oğlumu qucaqladım.
21-ci əsrin, internet əsrinin insanı 20-ci əsrin insanı qədər hüzurlu ola bilməz. İstəsə də bunu bacarmaz! İnternet, bu qədər informasiya bolluğu əslində rahat və qayğısız həyatımızın sonudur. Nənəm nə qədər qayğısız yaşayıb, nəvəsinin qulağı az qala hər gün, özü də ən az gündə iki-üç dəfə cingildəyən nənə bir dəfə də nəvəsində hər hansı xəstəliyin olub-olmamasını ağlına da gətirmirmiş. Və ona kiçik söyüşlü bir ayin öyrədirmiş qulaq cingildəməsinə qarşı.
Yeniyetmə illərində isə sevimli müğənnim Yıldız Tilbənin mahnısına qulaq asar, romantik xəyallara qapılardım.
Amma indi, illər sonra, artıq internet deyilən bir şey varkən, qulaq cingiltisindən sonra nə romantik xəyallar qura bilirəm, nə məzəli söyüşlər söyə bilirəm.
Çoxbilmişlik, lazım olduğundan çox informasiya qəbul eləməsi insanın hüzurunu qaçırır, xoşbəxtliyini əlindən alır. Adamlar paranoyak olublar, heç kim heç kimə inanmır, internetdə o qədər xəbər çıxır ki, qardaş öz arvadını qardaşa əmanət eləməyə qorxur. Asqıran kimi internetdə bunun səbəbini axtarırıq, elə səbəblər tapırıq, həyatımız günlərlə cəhənnəmə dönür.
Bilmirəm bütün bunlarla necə başa çıxmaq olar? Əvvəlki hüzurumuzu, xoşbəxtliyimizi necə geri qaytarmaq olar? Qulağımız cingildəyəndə, xəstəliyə düçar olduğumuzu düşünmək yerinə, kiminsə bizi yadına saldığını xatırlayıb necə xoşhal olmaq olar?
Karonavirusla bağlı söhbətlər çıxandan bəri isə həyatımız əməlli-başlı cəhənnəmə dönüb. İndi bizi asqırmaq da, öskürmək də, qulaq cingildəməsi, qarnımızın quruldamağı, əsnəmək belə qorxudur. Tragikomik vəziyyətə düşmüşük.