… Yoxa çıxdı
məsafələr,
itdi şəhər hissə – hissə.
Məndən düşüb
qalan işıq
ipucu oldu polisə.
Ağaclar da dindirildi,
şahid oldu
quş yuvası.
Dəydi hamının üzünə
güllələnmiş söz havası.
Batırılmış səs tapıldı
qatar yolundan aralı.
Üzə çıxdı
beş – on şeir,
bütün sözləri yaralı.
Göndərdilər analizə
qafamın
işlək vaxtını.
Götürdüm
öz üzərimə
bu qanlı terror aktını…
***
… Yaranışından əvvələ
bir qayıdışdı bu gediş.
Sənə yoluxmaq
çox asan,
səndən sağalmaq
çətin iş.
Təmizlədin
küçə – küçə
öz içindən bu şəhəri.
Çıxarıb dərini,
keçdin
addımlarından içəri.
Tək – tək gedib duruşundan,
geriyə döndün bir sürü.
Girib yaşamadın
heç vaxt,
yola verdin bu boş ömrü.
Ayrılıqda əzbərləyib,
danışdın
hamını birdən.
Yazdıqların
cümlə – cümlə
dirildi öldüyün yerdən.
Birləşmək
çətindən çətin,
yumrudu Yerin
hər küncü.
Düşməyən
yerisən şəklin –
boşluğun sağdan üçüncü.