1.
Laqeyd ulduzlar altında,
Təkcə qurbağalar oyaqdır.
Gölməçə susuzdur.
2.
Siçanlar gəmirir döşəməni
Zülmətdə bom-boz görünən,
Qonşumun tərkedilmiş evində.
3.
Geri dönmə artıq.
Tənhalığımın
İlk dolusu da düşdü…
4.
Ay aman!
Sevgiləri yalan dünyada
Hələ də çobanyastığı çiçəkləyir.
5.
Yağışın yağmağı azmış kimi,
Qızılgüllər də ləçəklərini tökür
Quşları susmuş bağçada.
6.
Ayrılıq əzabı.
İztirablı yay gecəsində,
Nəğməsi susub dağ çayının.
7.
Əl saxladı dilənçi,
Qoparmadı
Çobanyastığının son ləçəyini.
8.
Tənhalıq eynidir hər yerdə,
Külək əsəndə,
Qapıya qaçırsan.
9.
Dolu yağdı.
Yerdə
Alça çiçəkləri açdı.
10.
Qızım çələng hörür çiçəklərdən,
Külək
Saçlarını dağıdır.
11.
İndi yanağımdan düşən göz yaşı
Bəlkə on il sonra
Yağacaq məzarımdakı çiçəklərin üstünə.
12.
Yağdı yaz yağışı,
Yudu yol kənarındakı
Ağacın tozlu yarpaqlarını.
13.
Heç vaxt olmadığın bu bağçada
Nərgiz çiçəkləri
Ölümə bənzəyir.
14.
Quşlar hay-küy salır.
Alma çiçəklərini üşüdür
Yaz qarı.
15.
Sən heç bilirsənmi, külək
Bu boş evdə
Necə səs salır?
16.
Sükut və gecə.
Ay boylanır
Budaqların arasından.
17.
Ovçu tətiyi çəkdi.
Cüyür hürkdü.
Üç-beş damcı qan çiləndi kəklikotunun üstünə.
18.
Qızım üzünü turşudur,
Yanağından süzülür
Quzuqulağı şirəsi.
19.
Payızdır.
Boş qalmış evin
Zivəsində quşlar yellənir.
20.
Palıdın budaqlarında
Titrədi iki yarpaq.
Qucağını açdı torpaq.
21.
Əvvəlcə bir dəstə nərgiz çiçəyi
Sonra
Ürəyini vermişdi mənə.
22.
Yağışdan islanmış sərçə balası
Ac pişikdən gizlənir
İslaq kolun dibində.
23.
Cücələr
Bölüşə bilmir cücünü.
Otların dibinə sürünür soxulcan.
24.
Biçilmiş zəmidə
Son nəğməsini oxudu torağay.
Qəfil yağış başladı.
25.
Uşaqlar arzu tutub
Yolur çobanyastığının yarpaqlarını.
Kəpənək kədərlə vurnuxur.
26.
Elə ki, unutmağa çalışıram,
Yaz yağışı başlayır.
Torpaq qoxusu dolur evimə.
27.
İtlər hürüşüb susdu.
Kimsə,
Sabah namazına tələsir küçədə.
28.
Bir at kişnəyir yamacda,
Yovşan qoxuyur nəfəsi,
Çidarını qırır…
29.
Gün batır,
Qaranquş vurnuxur eyvanda,
Balaları ağzını açıb.
30.
Ay əriyir.
Qaranlığı soyunur gecə,
Günəşlə sevişəcək.
31.
Çay kənarında atılmış
Uşaq ayaqqabısına qonur kəpənək.
Göz yaşını silir qadın.
32.
Azan səsi pozur gecənin sükutunu,
Köpəklər hürüşür,
Ulduz axır.
34.
Duman çəkilir dağdan.
Maral böyürür
Palçıqlı yaylaq yolunda.
35.
Arılar çiçəyə qonur.
Masanın altındakı qəndə,
qarışqalar daraşıb.
36.
Yaydır.
Otu biçilmiş bağçada
Daş üstündə günəşlənir kərtənkələ.
37.
Mən iztirab çəkirəm,
Nərgizlər açanda da,
Hətta onda da…
2012-2019