“Yerfililər”, “Yerfi töhfələri” kitablarının və bir çox məqalələrin müəllifi Tahir Həsənli yaşadığı ərazi ilə bağlı axtarışlarının davamı kimi bu günlərdə XX əsrin əvvəllərində Azərbaycanın şimal bölgəsində igidliyi və rəhbərliyi ilə tanınmış, Qaçaq Mayıl adı ilə məşhurlaşmış şəxsiyyətin fəaliyyəti ilə bağlı “Qaçaq Mayıl dastanı” adlı əsərini tamamlamışdır. Mücrü ART oxucu marağını öyrənmək məqsədilə on iki hissədən ibarət əsərin birinci hissəsini oxuculara təqdim edir.
QUDURĞAN BƏYLƏRLƏ ÜZ-ÜZƏ
Bəy dediyin nədir, bəyənməyin nədir?
Atalar sözü
Kəndin hər tərəfdən görünən yüksəkliyindən “Cəngi” çalınırdı. Çalğıçılar toyun başlanma xəbərini musiqi sədaları ilə hər bir ailəyə çatdırırdılar. Qara zurnanın zil səsi sanki ətrafdakı təpələrə dəyib kəndin üzərinə çilənirdi. Vəlvələ çayının səsi də bu musiqiyə qarışıb fərqli bir ahəng yaradırdı. Musiqini eşidən hər kəs sevinir; uşaqlar xatirələrində qalacaq günlər yaşayacaqlarını, gənclər öz sevgilərini axtararacaqlarını, qocalar isə yaddaqalan nəsihətlər eşidəcəklərini düşünür,daxilən xoşhallanırdılar. Toyun ilk günü idi. Bu gün çay süfrəsi veriləcəkdi. Kəndin bütün əhli məclisdə görünəcək, çay içəcək,yüngül yemək yeyəcək,aşıq musiqisinə qulaq asacaqdılar. Bir az sonra iki gənc oğlan qapı-qapı gəzəcək, kənd camatına çay süfrəsinin başlanma vaxtını bildirməklə toy sahibinin dəvətini çatdıracaqdı.
Toy həyətində bir canlanma var idi. Bir dəstə cavan çay süfrəsinə hazırlıq görür, başqa bir dəstə isə sazandalar üçün süfrə hazırlayırdı. Qaynayan qazanlardan qalxan buğ ətrafa yayılır, xörəyin xoşagələn qoxusu insanda xoş əhval yaradırdı. Toy sahibi ilə birlikdə qohum-əqrəba, qonum-qonşu da sevinirdi. Birdən evin ikinci mərtəbəsindən bir haray qopdu. Hamı həyəcanla əlindəki işini qoyub pilləkənə sarı yüyürdü. Öndə gedənlər pilləkənin ayağında zarıyan oğlanın qolundan tutub qaldırdılar. Oğlan ufuldayır, axsayırdı.
İkinci mərtəbədən əlində dolu məcməyi ilə aşağı düşən, məclisdə ayaqüstü olan oglan tələsdiyindən daş pilləkənin ikinci pilləsindən müvazinətini itirib yıxılmışdı. Məcməyidəki qablar daş pillələrə dəyib qırılmış, ayaqüstülük edən oğlan isə yumbalanmışdı.
Toy sahibi, ağsaqqallı qoca Xəlfə kişi də özünü oğlana çatdırdı.
– Haran əzilib bala? Qolun, qıçın salamatdı?
– Baba, belim ağrayır, baş barmağım da əyilib…
– Təcili usağı sınıqçıya aparmaq lazımdır.
Bu zaman doqqazda bir atlı göründü. İri cüssəli, burnundan uzaqlaşdıqca nazıkləşən qara bığlı, iti baxışlı, 30-35 yaşlı bir kişi cəld atdan enib toy sahibinə yaxınlaşdı.
– Əmi, həmişə şadlığa gələk. Allah mübarək eləsin. O gün olsun ki, nəticələrini gö-rəsən.
– Çox sağ ol, ay Mayıl, dayanma. Ayaqüstülük eləyən usaqlardan biri pilləkəndən yıxılıb. Onu Ağabalaya çatdır.
Ağabala balacaboy bir kişi idi. Balaca əlləri ilə oğlanın ağrıyan yerlərini yoxladı.
– Qorxmayın, heç nə yoxdur. Bir az əzilib. Bir neçə günə sağalar. Əlinin baş barmağı çıxıb, yerinə saldım. Bu saat onu bağlaram.
Türkəçarə ilə məşğul olan Ağabala iki yumurta, bir az keçi tükü gətirdi. Yumurtanı sındırıb sarılarını qarışdırıb barmağına sarıdı.
– Bir az incidəcək, amma düzəlib gedəcək. Qoy evə gedib dincəlsin. Ayaqüstülüyə yaramaz, amma tamaşaya gedə bilər.
Mayıl oğlanı tərkinə mindirib toy evinə qayıtdı.
***
Mayıl Zahir oğlu Xası kəndində yaşayırdı. Hamı kimi o da təsərrüfatı ilə məşğul olur, diribaşlığı ilə başqalarından seçilirdi. Öz zəhməti ilə təsərrüfatını artırmış, bir müddət sonra bir adamın öhdəsindən gələ bilməyəcəyindən özünə naxırçı, nökər tutmuşdu. Mayıl ayıq adam idi. Gözləmə mövqeyi tutmaz, qarşısına çıxan çətinlik-likləri özü ləğv etməyə çalışardı. Allahdan qorxsa da bəndədən çəkinməzdi. Haqsızlıq edənləri cəzalandırmasa rahat ola bilmirdi. Elin adətini , qayda-qanununu pozanı şiddətli cəza gözləyirdi. Hətta qardaşı Tahirin belə günahından keçməyib cəzalandırdığı üçün Mayılı tanıyan hər bir kəs ondan ehtiyat edir, ona hörmətlə yanaşır, çətinə düşən hər bir nəfər ona güvənirdi. Mayılın belə rəftarı qonşu kənd-lərdə də söylənir, hamı öz üzərində onun nəzarətini hiss edir, hər bir kəs öz ya-şayışının nizamını gözləməyə çalışırdı. Hətta onu görməyən, tanımayanlar da ondan ehtiyatlanırdı.
Mayıl evli idi. Utuqlu qızından beş oğlu vardı: Xankişi, Ömər, İbrahim, Osman, Səməndər. Ailənin ən kiçiyi, əziz giramisi Səməndər idi. Hamı onun xətrini çox istəyirdi. Xüsusilə böyük qardaşı Xankişi Səməndəri öz usağı kimi sevir, onunla oynayır, əzizləyirdi. Əli iş tutan böyük qardaşlar təsərrüfat işlərində atalarına yaxın köməkçı idilər. Odur ki, Mayıl təsərrüfatını ildən-ilə böyütmüş, biçənək, otlaq, yaylaq sahələrinə də yiyələnmiş, ətraf kəndlərdə də həm təsərrüfatı, həm də davranışı ilə nüfuz sahibinə çevrilmişdi. Buna görə də özündən yaşca böyüklər, vəzifə sahibləri də Mayıla hörmətlə yanaşırdı.
***
Toyun ikinci günü toy süfrəsi verilirdi. El, camaat çağrılmış vaxtda süfrəyə gəlir, yeyib-içir, yeni qurulan ailəyə səadət, xoşbəxtlik arzulayır və hər kəs öz imkanına görə yardım edirdi. Günorta üstü toya gələnlər arasında kəndin bəyləri də var idi. Bəylər həyətə girəndə toy sahibi onları qarşıladı.
– Xoş gəlmisiz, buyurun, a bəy, – deyərək Xəlfə kişi qabaqda gələn Sadıq bəyi həyətdəki boş süfrələrdən birinə dəvət etdi. Sadıq bəy üzünü turşutdu.
– Bura bizim yerimiz deyil. Evində yer yoxdur?
Xəlfə kişi üzünü oğluna tutub:
– Bəyləri ikinci mərtəbədə qonaq otağına apar.
Bəylər Sadıq bəyin ardınca yuxarı qalxdılar. Cavanların bir neçəsi bəylərə qulluq üçün ayrıldılar.
Bir azdan bəylərin səsi həyətdə də eşidilirdi. Xəlfə kişinin imkanını düşünmədən müxtəlif sifarişlər verirdilər:
– Çayçıya deyin, bizimçün çayı yemşan gülü ilə dəmləsin.
Sadıq bəyin də rəiyyətinin toy məclisi olduğundan kefi ala buludda idi. Ayaqüstülərdən birinə səsləndi:
– A gədə, kababçıya de ki, Sadıq bəy erkəklərin “adı gözəl”lərinin kababını istəyir.
Ayaqüstülər “baş üstə” deyir və sifarişləri çatdırırdılar. Sakitcə hamıya göz qoyan Mayıl bəylərin qudurğan hərəkətlərinə diqqət kəsilir, daxilən qeydə alırdı. Mayılın ağlı kəsəndən bəylərdən zəhləsi gedirdi. Çünki bunlar heç bir işlə məşğul olmayan, hazıra nazir olan, hamını özlərinə borclu bilən adamlardı. Məzlum kənd adamları da onların xarakterini belə bildirirdilər: ”Çalış ək-biç, aparsın bəy, evin qalsın dəyirman tək.”
Bir azdan keflənmiş bəylər yeməklə qurtarıb toyxanaya gəldilər. Hamı ayağa qalxıb bəylərə yer göstərdi. Bəylər yuxarı başda cərgə ilə əyləşdilər. Sir-sifətləri qızarmış bəylər “Heyvagülü” çaldırıb Sadıq bəyi də ortalığa çıxardılar. Oynamaqla qurtarıb “aşıq gəlsin” dedilər. Qonşu kənddən çağırılmış Aşıq Eynal məclisə gəlib salamlaşdı. Sazını səsləndirib oxumaq istəyəndə bəylərdən biri:
– Aşıq, Xaltanlı Tağıdan oxu, – dedi.
Aşıq bəylərə üz tutub oxudu:
Gərək olmayasan ağıl möhtacı,
Olsan bu dünyada əziyyətin var.
Qaldırsan yıxlanı, doydursan acı
Sanarsan Kəbəyə ziyarətin var…
Kənardan bunları seyr edən Mayıl görürdü ki, aşıq bəylərə nəyisə başa salmaq istəyir. Bəylər də özlüyündə güman edirdilər ki, onlar ağıllı insanlardır, kasıba əl tutanlardır. Əslində isə son vaxtlar bəylər hökümətin onlara verdiyi imkanlardan xeyli kənara çıxır, nəfslərinin quluna çevrilirdilər. İnsan ağzından və ədəbsiz yerindən nəfsini qoruya bilsə, cəmiyyətin eybəcərliyi xeyli aradan qalxar. Bəylər isə həm acgöz, həm də pozğundurlar. Öz nəfslərini qoruya bilmədiklərindən şeytana qulluq edir, şeytan nökərinə çevrilir, sonda şeytan ruhunu daşıyırdılar.
Mayıl özünü saxlaya bilməyib toy məclisini poza biləcəyindən ehtiyatlanaraq həyətdən çıxıb Vəlvələ çayının sahilində dolaşmağı münasib bildi.
***
Toyun üçüncü günü isə bəy süfrəsi verildi. Bəydurma şənliyindən sonra at yarışı, pəhləvanların güləşi keçirildi. El şənliyinə çevrilən toy məclisinin sevincindən hər bir ailəyə, hər bir kəsə sevinc payı düşürdü. At yarışında, pəhləvanların güləşində qaliblərə verilən xonçalar, xələtlər, uşaqlar üçün atılan şirniyyat tamaşaçıların da sevincinə səbəb olurdu. Toyxanada aşığın, xanəndənin oxuduqlarını dinləyən camaatın düşüncələri bir anlığına havalanır, sanki pərvaz edib dincəlirdi. Xanəndə Xaltanlı Tağının şeirlərindən oxuduqca bu şeirlərlə tanış olan, az-çox əzbərləmiş adamların da dodaqları tərpənirdi:
Oyan, ey əhli dünya, dur, bu dünyadan nə istərsən?
Bu dünya çox bivəfadır, bivəfadan nə istərsən?
Hamının üzü güldüyü bu məclisdə Mayıl əmisinin nə üçünsə bikefliyini, süstlüyünü gördü. Elə əmisi oğlu da fikirli kimi görünürdü. Axşama az qalırdı. Hava qaralınca gəlin gətirməyə gedilməli idi. Lakin ev sahibləri ləng tərpənirdi. Mayıl nəsə duymuş kimi əmisini bir kənara çəkdi.
– Əmi, niyə bikefsən, qohumla söz-söhbətiniz alınmır, yoxsa nəsə var?
– Yox, ay Mayıl, danışılası deyil. Sadıq bəy xəbər göndərib ki, gəlin bu gecə üçün onun evinə aparılmalıdır.
Mayılın bir anda bütün sifəti pörtdü. Hirsini boğub dayandı. Dinməz yaxınlıqdakı kötüyün üstünə əyləşdi. Bir neçə dəqiqəlik sükut çökdü. Əmi, bala heç birindən səs çıxmadı. Mayıl fikrə getdi; ürəyində qərarını qəbul etdi: “Namus alınıb satılmaz.”
Nəhayət, Mayıl özlüyündə qərarını qəbul eləyib dedi:
– Əmi, narahat olma, gəlin bu gecə bu evə gələcək. Arxayın ol. Hazırlaşın, gedin gəlini gətirin. Mən gedirəm, qohumun həyətində gözləyəcəm.
Mayıl atını minib kəndin yuxarı məhəlləsinə sürdü.
Bir azdan çalğıçılar, qız-gəlinlər, uşaqlar qohum qapısında idilər.Uşaqlar oyna- yanları yaxşı görə bilmək üçün çəpərlərə qalxmışdılar. Mayıl camaatdan bir az kənarda durub tamaşa edirdi. Sanki kimisə gözləyirdi. Bu an yaşmaqlı, gen tumanlı, örtdükləri şalın altından yalnız gözləri görünən iki qadın həyətə daxil oldu. Mayıl gəlinin atasına yaxınlaşıb dedi:
– Bu qadınları gəlinin yanına apar. Gəlini bəzəməyə gəliblər.
Gəlinin atası bir qədər ehtiyatlansa da dinmədi. Sadıq bəyin sifarişindən xəbəri vardı. Qadınların qabağına düşüb getdi. Bəyin adamları da gəlib bir tərəfdə gəlinin çıxmasını gözləyirdilər.
Gəlini bəzəməyə gələn qadınların biri gəlinin otağına daxil olan kimi ucadan səs-ləndi:
– Gəlinə təzə paltar gətirmişik. Çıxın bayıra gəlin paltarlarını dəyişsin.
Qız-gəlin o biri otağa keçirildi. Yengəni də gəlinin yanında saxladılar. Gəlin bəzəməyə gələn qadınlardan biri üzü pəncərəyə dayanmış və dinməyirdi. Digəri gəlinin göz yaşlarını silib astadan dedi:
– Qızım,qorxma, indi nə görsəniz, nə eşitsəniz, hesab eləyin ki, karsız eşitməmisiz, korsuz görməmisiz. Gəl paltarlarımızı dəyişək. Sən yengənlə üz-gözünüz örtülü çıxıb qız-gəlinə qarışın, hava qaranlıqlaşır, qorxmayın, sizi tanıyan olmayacaq. Yengə, sən gəlindən muğayat ol. Bəy həyətində sakitcə evə çıxarsınız.
O biri evdən oxuyan qızların səsi gəlirdi:
Çinar, gəl eyvan altına əyim budaqlarını,
Babadağdan əsən külək töksün yarpaqlarını…
Bayaqdan işləri yoluna qoyan qadın indi yengə rolunu oynamalı oldu, gülümsünərək üzü pəncərəyə durmuş qadına dedi:
– Qubad, dön bəri, tez ol geyin.
Köməkləşib geyindilər. Yengə geyindirdiyi gəlinin başına duvaq atıb oturtdu. Eyvandakı qızlar da evdəkilərlə səs-səsə verib oxuyurdular:
Ağ at gəlir enişdən,
Gəl-gəl açım düymələrin bəndini.
Üzəngilər gümüşdən,
Gəl-gəl açım düymələrin bəndini.
– Gəlin, a qızlar, gəlin hazırdır, apara bilərik, – deyə yengə ucadan səsləndi.
Həyətdə gözləyən çalğıçılar neçənci dəfə idi ki, “Vağzalı” çalırdılar. Doluxsunmuş, həm də hirsindən boğulan ata içəri girib gəlinin qolundan tutaraq çölə çıxardı. Xeyir-dua verməyə dili də gəlmirdi. Bəyin adamları bəzədilmiş atı qapıya çəkdilər. Yengəsi gəlinə kömək edib ata mindirdilər.
Ağlı kəsənlər məəttəl qalmışdılar. İndi hansı qapıya gedəcəkdilər?
Bu zaman Mayılın gur səsi eşidildi:
– Camaat, məclisimiz pozulmayacaq. Bəyin adamları qoy gəlini aparsınlar. Qadınlar, qızlar imkan olduqca at arabalarına minsinlər. Uşaqlar bir az kənar olub gələrlər. Toyumuz hələ qurtarmayıb.
Gəlin aparmağa gələnlərin arasında olan beş-on ağlı kəsən Mayılın sözlərinə ikrahla yanaşırdı: “Ə, nə toy, nəyə sevinirsən? Gəlin özgə qapıya gedir, sən hələ çalıb-oynayacaqsan da!” Düşündüklərini dilə gətirməyib susur, adamlara qarışıb gedirdilər. Həyətdən çıxandan bir az sonra Sadıq bəyin adamları camaatdan aralanıb bəyin evinə sarı getdilər.
Mayıl atın üstündə ən qabaqda gedirdi. Onun arxasınca çala-çala sazandalar, arxadakı iki arabada qız-gəlinlər gəlirdilər. Toy evinə yetişəndə Mayılın tapşırığına
görə uşaqlar onları şamlarla qarşıladılar. Qaranlıq düşdüyündən həyətdə bir neçə
fanarı yandırıb paltar sərmək üçün çəkilmiş məftildən asmışdılar. Çalğıçılar həyətə girəndə Mayıl səsləndi:
– Oyun havası çalın, qoy hamı oynasın. Əmi, bir şirni xonçası gətir.
Qadınlardan biri evdən bir xonça şirniyyat gətirib Mayıla verdi. Mayıl şirniyyatı ovuclayıb qız-gəlinin başına səpələdi. Oğul-uşaq şirniyyat yığmağa başladı. Həyətdə xoş bir ovqat, qarışıqlıq yarandı. Mayıl gözləri ilə yengəni arayıb başı ilə gedin işarəsi verdi. Yengə gəlinin qolundan tutub ikinci mərtəbəyə qalxan pilləkəndə görünməz oldu.
Bir neçə dəqiqədən sonra Mayıl əmisinə yaxınlaşıb astadan dedi:
– Əmi, gəlin evdədi, arxayın ol. Sazandanı, qız-gəlini yola sal getsinlər. Həyət-bacada sakitlik yaradıb arxayın yatın. Mən getdim.
Mayıl qaranlıqda atını minib Xaşıya tərəf yola düşdü. Yavaş-yavaş uzaqlaşan yorğa atın ahəngdar nal səsləri bir azdan eşidilməz oldu. Bir saatdan sonra toy həyətində sakitlik çökmüş, qaranlıqda heç nə görünmürdü. Hərdənbir ulduzlara baxıb hürən itlərin səsləri sakitliyi pozurdu.
Sadıq bəyin həyətində də sakitlik idi. Bəyin adamları gəlinlə yengəni qapıya dü-şürüb getmişdilər. Həyətdə heç kəs gözə dəymirdi. Bəy tapşırmışdı ki, axşamdan hərə öz yerinə çəkilib yatsın. Yengə gəlini bəyin otağına aparıb oturtdu. Maneçilik olmasın deyə digər otaqların cəftələrini də atdı. Sadıq bəy hələ görünmürdü . Bu gecəsini daha yaxşı keçirmək üçün ertədən hazırlaşırdı. Təzə bəy kimi özünə qulluq etmiş, hamamlanmış, qoz, halva, şirniyyat yemiş, hətta yüz qram tut arağı da vurmuşdu. Qonşu otaqda oturub yengənin çağırışını gözləyirdi. Oturduğu yerdə hərdən mürgüləyirdi. Bu vaxt qapı döyüldü, qapının bir tayı azacıq aralandı və yengənin səsi gəldi:
– Bəy, gəlin sizi gözləyir.
Sadıq bəy sevincək qalxdı, qıvraq addımlarla gəlinin olduğu otağa yaxınlaşdı. Bir-dən yavaşıdı, baxmayaraq ki, bəy artıq neçənci dəfə idi ki, belə”şərəfə” nail olurdu, yenə də ürəyi həyəcanla vurdu. Qapını astadan açıb otağa girdi. Gəlin bəyin gəldiyini bilib ayağa durdu. Bəy gəlinə yaxınlaşıb “xoş gəldin” dedi. Otaqda isıq zəif idi. Bəy duvağı qaldırıb gəlini görmək istədi. Gəlin altdan da kələyağı örtüb üzünü gizlətmişdi. Bəy sızıldadı:
– Niyə bu qədər örtülmüsən? O gözəl çohrəni gizlətmə. Mən səni əvvəlcə görüb ləzzət almalıyam. İşıq niyə belə zəifdir?
Bəy dönüb lampanın işığını gücləndirmək istədi.
– Yox, lampanı yaxına gətirəcəyəm.
O, lampaya sarı gedib onu götürməyə əyildi. Gəlin paltarı geyinmiş Qubad paltarının altında gizlətdiyi xəncəri çıxarıb arxadan bəyin kurəyinə sapladı. Bəy səndələdi, nəsə demək istəyib xırıldadı və yerə sərilmiş xalçanın üstünə yıxıldı. Qubad xəncəri çəkib: “Quduz iti öldürərlər” deyib bir də endirdi. Bəyin öldüyünə arxayın olub evdən çıxdı. Arvadı bayırda onu gözləyirdi, gülümsünərək zarafatından qalmadı:
– Nə oldu, ay gəlin, qurtardın bəylə?
– Bəy yoxdur, həyət-bacada kimsə var?
– Heç kəs yoxdur, bəy axşamdan hamısını sərbirah eləyib.
Qubad xışın-xışın: ”Gəl, getdik,” – dedi.
Gəlinlə yengə sakit addımlarla bəyin darvazasından çıxıb qaranlıqda yox oldular.
Səhər kəndə bu gecə Sadıq bəyin öldürülməsi xəbəri yayıldı. Hamı təəccüb və maraq içərisində idi. Kənd camaatı daxilən sevinir, bəylər isə eşidib xoflanırdılar. Bu, onlara da xəbərdarlıq idi.
Ən çox sevinənlərdən biri də gəlinin atası idi. Biabırçılıqdan qurtarmışdı. Bu hadisənin necə baş verdiyini anlaya bilmirdi. Yadına düşdü ki, gəlini ata mindirəndə qızı ona çox ağır görünürdü. Tez də fikrindən daşındı: “Çox dərinə getmək nə lazım? Nə olubsa, xeyrə olub.”
Ağlı kəsənlərin hamısı üstüörtülü şəkildə Sadıq bəyin ölümündən Mayılın xəbərdar olduğunu başa düşürdülər.