“Hoçaz” (Hekayə) – Xanım Anela
Bakı, 2018-ci il, Şəhidlər Xiyabanı…
Təxminən 43-45 yaşında olan bir kişi 9-10 yaşında bir uşağın əlindən tutub, şəhidləri ziyarət edirdi. Bu adam Qarabağ qazisi, müharibənin amansız və sərt üzünü görmüş Ərşad Hüseynov idi. Bir qədər gəzdikdən sonra bir məzarın yanında dayanıb aşağı oturdu və məzarı sığallayaraq dərindən ah çəkdi. Uşaq ona yaxınlaşdı:
– Ata! – əlini onun çiyninə qoydu.
Ərşad dönüb oğlunun üzünə baxdı, əlilə başını sığallayıb dedi:
– Gəl sənə bir hadisə danışım.
26 il bundan əvvəl, yəni çox illər bundan qabaq mən və bir neçə dostum işğalda olan vətənimiz uğrunda mübarizə aparırdıq…
Laçın, 1 avqust 1992-ci il
İsti yay günüdür. Əsgərlər tər içində irəliləyirdilər. Bölük Alxaslıdan Hoçaza tərəf irəliləyir. Hoçaz hərbi əməlliyatlar üçün əlverişli olduğuna görə, Vaqif müəllimin komandirliyi altında, bölük Hoçazın ətrafında möhkəmlənmək istəyir. Əsgərlərdən biri Ərşada yaxınlaşaraq gileyləndi:
– Hələ çox var? İstidən bişdim…
– Az qalıb, döz, – deyə Ərşad cavab verdi.
Sonasar kəndi, təxminən saat 12:00 radələri
Birdən ayaq səsləri eşidildi, qarşıda gedən komandir Vaqif müəllim əli ilə aşağı oturmalarını işarə verdi. Hamı aşağı əyildi. Birdən Ərşad dilləndi:
– Vaqif müəllim, bu bizim uşaqlardı.
– Hansı uşaqlar? – deyə əsgərlərdən biri sakit səslə soruşdu .
– Kəşfiyyatın uşaqları. Dünən Vaqif müəllim göndərib Hoçaza.
– Niyə komandirə müəllim deyə müraciət edirsiz? – əsgər maraqla soruşdu.
– Çünki müəllimdi, – Ərşad gülümsəyərək cavab verdi.
Davam elədi:
– Tarixçidi. Vağazdakı orta məktəbin direktorudu. Dünən Hoçaza 5 nəfərlik kəşfiyyatçı qrupu göndərib.
Kəşfiyyat uşaqları bir işarət kimi fit çaldılar. Ərşad da onlara cavab olaraq fit çaldı. Gəlib bölüyə çatdılar.
Komandir, yəni Vaqif müəllim təlaşla soruşdu:
– Nə xəbər?
Kəşfiyyatın uşaqlarından biri – ordadılar, – deyə cavab verdi.
– Çoxdular? – Vaqif müəllim xəbər aldı.
– Diri bölük… 90-100 nəfər olarlar. Yerləşirlər, hazırlıqlar görürlər.
– Həə… Deməli mövqelərini möhkəmlədirlər.
– Nə edək? – Ərşad, Vaqif müəllimə baxaraq soruşdu.
– Deməli belə. Plan quraq və hücuma keçək, – Vaqif müəllim xeyli qərarlı cavab verdi.
– Bəs yuxarıya xəbər verəcəyik?
– Yox. Kəşfiyyat xarakterli bir döyüş olmalıdı.
Qısa müzakirədən sonra qəti qərar alındı ki, ləngitmədən düşmənə zərbə vurulsun.
– Hazırlaşın, yola davam edirik! – deyə komandir əmr etdi.
Hamı yavaş-yavaş qalxıb yola davam etdi. Artıq Hoçaz dağın yamacına çatırlar. Komandir Cəmili yanına çağırdı:
– Cəmil, ən cəsur uşaqlardan ibarət 14-15 nəfərlik qrup topla. Dağdan üzü aşağı düşəcəksiniz. Kəndin cənubuna… Arxa tərəfdən gəlin siz.
Saat 16 :00 radələri
Bölük düşmənlərin bütün mövqelərini aydınlaşdırmışdı. Artıq hər kəs nə edəcəyini bilirdi. Cəmil 15 nəfərdən ibarət olan bir qrup götürüb kəndin cənub tərəfinə getdi. Vaqif müəllim yarım saat sonra ilk atəşin açılacağını bildirdi. Döyüş deyildiyi zaman başladi. Güclü döyüş gedirdi. İlk öncə yaxınlıqlardakı mövqelər bir-bir məhv edilməyə başlandı. Düşmənlər qaçmağa çalışırdılar, lakin qaçmaq asan deyildi. Erməni əsgərinin birinin qaçdığını görüb əsgərlər ona atəş açmaq istədilər. Polad adlı bir qorxmaz əsgər ayağa qalxıb qışqırdı:
– Ə, sürək edin, mən vuracam! – elə bunu demişdi ki, üzündəki xoş təbəssüm donub qaldı. Düz ürəyindən iki güllə yarası almışdı. Üzü üstə alça ağacının yanında yerə yıxıldı.
– Asəf, qaçırlar! – Ərşad qışqırdı. Asəf ayağa qalxıb avomatını düz düşmənlərə tərəf tuşlayıb qışqıraraq atəş yağdırmağa başladı:– Haraaaaaa?! Haraaaaaaaa?!
İki-üç düşmən əsgəri bir evdə daldalanmışdı. Təslim olmaq istəmirdilər. Evin çəpəri tikanlı ot olduğundan dəqiq heç nə görsənmirdi. Asəfin qardaşı Kamil döyüş yoldaşlarına tərəf çevrilib təngənəfəs halda dedi:
– Mən yaxınlaşıram, başqa yolu yoxdu.
Yoldaşları onu dayandırmaq istədilər. Onları eşitməyib irəlilədi və bir neçə addım atmışdı ki, düşmənin gülləsinə tuş gəldi. Bunu uzaqdan görən Asəf dəli kimi bağırmağa başladı:
– Kamil!!! – qardaşına tərəf qaçmaq istədi.
– Asəf, dur! Səni də vuracaqlar! – Ərşad qışqırdı.
Yoldaşları hərəsi bir tərəfdən onu tutmağa çalışsalar da, mümkün olmadı. Asəf heç kəsi eşitmirdi və onların əlindən çıxıb özünü qardaşına tərəf atdı. Asəf, sanki, qardaşının ölmədiyini və ona kömək edə biləcəyini düşünürdü. Qardaşına yaxınlaşıb ona sarıldığı an həyatının sonuna çatdı. O da qardaşı kimi düşmənin gülləsinə tuş gəldi.
– Asəf! – Ərşad bütün səsi ilə bağırdı.
Düşmənin bütün mövqeləri tam nəzarətdə idi. Onlar yenə də qaçmağa çalışırdılar.
– Odeey Cəmilgil… – Vaqif müəllim dedi.
Cəmilin dəstəsi özünü yetirdi. Düşmənin bütün yolları kəsilmişdi. Qaçış yolu yox idi. Uşaqlar daha da çox ürəklənib irəliləməyə başladılar. Hər yer meyitlə dolu, qan içindəydi. Düşmənlərdən biri avtomatını Cəmilə tərəf yönəltdi, amma Cəmil onu düz göz bəbəyindən vurdu. O biri düşmən əsgəri bunu gördükdə çox qorxdu, dizləri üstə çöküb yalvarmağa başladı:
– Ne ubivay!.. Pojaluysta ne ubivay! Aaa.. – bağıraraq ağlayıb yalvarırdı.
Cəmilin dəstəsi onu əsir götürdü. Güclü atışma gedirdi. Düşmənlər bir-bir məhv edildi. Təxminən iki saat çəkən döyüşdən sonra ermənilər tərəfdən artıq bir atəş də yox idi. Düşmənin mövqelərinə gəldikdə isə, hər tərəfə meyitlərin səpələndiyi bir mənzərə vardı. Onların təkcə döyüş meydanında qoyduğu cəsədlərin sayı 45-50 civarında idi. Vaqif muəllim Ərşada baxaraq soruşdu:
– Vəziyyət necədi?
– Onların bölüyü tamamilə məhv edilib.
– Bizim uşaqları göndərmək lazımdı, – Vaqif müəllim üzünü şəhid olmuş əsgərlərə tərəf tutaraq dedi. Və davam elədi:
– Ancaq səhər…
– Anladım, – cavab verdi Ərşad.
Artıq qaranlıq idi. Ərşad Hüseynov əsir götürülümüş erməni əsgərini düz bir saat sorğuya çəkdi. Uşaqlar çox yorğun idilər. Bəziləri ağlayırdı, şəhid olmuş qohumları və dostlarına görə canları yanırdı.
– Möhkəm olun! – dərindən ah çəkərək Ərşad onlara təsəlli verməyə çalışırdı.
Gecəni şəhidlər orda qaldı. Götürə bilmədilər, qaranlıqdı, risk etmək istəmirdilər. Amma Ərşad Hüseynov meyitləri bir-bir yoxlayırdı, bəlkə, biri sağ olar deyə. Poladın meyitini qaldıranda tükürpədən bir mənzərə var idi – ürəyindən iki güllə keçmiş Poladın üzündə təbəssüm ilişib qalmışdı. Sanki o, canını qurban verdiyi doğma torpağı gülə-gülə qucaqlamışdı.
Birdən Cəmil Ərşadı çağırdı:
– Bir bura bax! – o erməni əsgərinin meyitinin yanında oturmuşdu. Ərşad ona yaxınlaşdı:
– Nədi? Nə olub?
– Bunu bu gün mən vurdum, – Cəmil düşmənin gözünü göstərərək dedi.
– Kipriklərinə belə toxunmamısan, – Ərşad təəcüblənmədən cavab verdi.
– Həə, – Cəmilin üzü anlaşılmaz bir ifadə aldı.
Bölük mövqeyinə çəkildi. Səhər açıldı.
2 avqust…
Vaqif müəllim saçını hamarlayıb Ərşadı çağırdı:
– Hazırlaşın, gedirik!
– Hara? Hoçaza? – Ərşad soruşdu.
– Hoçaza! Hazır olun, bu it uşağı indi ordadı, – ah çəkərək qəzəblə dedi.
Ərşad hamını xəbərdar etdi. Hoçaza doğru yola düşdülər. Hoçaza yaxınlaşanda gördülər ki, ermənilər dünənki döyüşdə ölmüş meyitlərini odun parçası kimi daşıyıb yük maşınına yığırlar. Yenidən döyüş başladı. Onlar özlərini itirdilər. Meyitləri atıb gizləndilər və atəş açmağa başladılar. Təxminən 40 dəqiqəlik döyuşdə ermənilər on nəfərdən artıq itki verərək qaçdılar. Birdən uzaqdan Vaqif müəllimin səsi gəldi:
– Bu it uşağı burdadı!
Kəndin kənarındakı məktəbin binasında bir neçə düşmən gizlənmişdi. Əsgərlər Vaqif müəllimə yaxınlaşdılar və Ərşad dərhal soruşdu:
– Hardadılar?
– Məktəbin içində, – komandir cavab verdi.
– Nə deyirsiz? Necə edək?
– Mühasirəyə alaq, sonrasına baxarıq.
Məktəbi tamamilə mühasirəyə aldılar. Birdən erməni əsgərindən ikisinin qaçmaq istədiyini gördülər və elə həmin an onlar məhv edildi. İçəridə qalanlar qaçmağın mümkün olmadığını görərək müqavimət göstərdilər. Vaqif müəllimin əmri ilə atəş dayandırıldı.
– Nə oldu? Fikriniz nədi? – deyə Ərşad komandirdən soruşdu.
– Dayan görüm bir… – nəsə bir fikri varmış kimi cavab verdi. Və tam sakitlik olandan sonra rusca davam edib içəridəkilərə səsləndi:
– Dayu vam 2 minutı! Sdavaytes! Mı vas ne ubyom! (Sizə iki dəqiqə verirəm. Təslim olun! Sizi öldürməyəcəyik!)
Vaxtın tamamında ultimatumu bir də təkrarladı:
– Sdavaytes! Mı vas ne ubyom!
Komandir heç bir reaksiya olmadığını görüb dedi:
– Pəncərələrə xəbərdaredici atəş açın! Bu it uşağı başqa dildən anlamır.
Qapıya tərəf irəlilədi.
Ərşad ucadan:
– Atəşi dayandırın!
Əsgərlər hamısı dayandı və nə isə olacağını gözləməyə başladılar. Təxminən 10-15 saniyə keçdi. Birdən atəş səsi eşidildi. Sonra yenə. Əsgərlər cəld silahları atəş vəziyyətinə gətirdilər. Ərşad bunları görüb:
– Dayanın görək! – deyib əli ilə işarə verdi.
Elə bunu demişdi ki, şappıltı səsi eşitdilər və Vaqif müəllimin səsi gəldi. Vaqif muəllim bir erməni əsgərinin boynunun arxasından tutub sürüyərək gətirirdi. Bunu görən əsgərlər ona tərəf irəlilədi. Vaqif müəllim gülümsəyərək:
– Birini içəridə gəbərtdim. Bu alçaq o qədər yaxından atəş açdı ki, avtomatının alovu saqqalımı ütdü. Qızmış lüləsi isə əlimi yandırdı. Bir zərbəyə yerə sərdim.
Bu artıq ikinci əsir idi.
Şəhid düşmüş əsgərlərin meyidləri göndərdikdən sonra Vaqif müəllim qalan əsgərlərin üzünə baxaraq ürək-dirək verdi:
– Möhkəm olun. Bizi hələ uzun yol gözləyir! Torpaqlarımız gözləyir. Yola davam!
Sonra əli ilə işarə verdi ki, hamı arxasınca gəlsin. Əsgərlər də bir-birlərinin çiyninə vuraraq yola davam etdilər.
Mehriban və ürəkaçıcı mənzərə idi. O qədər döyüşdən və itkidən sonra ürəklə, ümidlə irəliləyən vətən oğulları… Vaqif müəllim öndə, Ərşadla Cəmil yanında, qalan əsgərlərsə arxasınca gəlirdilər. Vətənimiz uğrunda yeni döyüş və qələbələrə! – hamı bir ağızdan nərə çəkdi.
2018-ci il, Bakı, məzarlıq
Hoçaz döyüşünü tez-tez xatırlayıram. Keçən 26 il ərzində bu və bunun kimi epizodları sakitcə təhlil edəndə, bircə qənaətə gəlirəm – biz kifayət qədər güclü idik. Sadəcə, özümüzü əhəmiyyətsiz təxribatlardan qoruya bilmədik. Əgər belə təxribatları ram edə bilsəydik, nəinki Qarabağı, hətta qədim yurdumuz olan Qərbi Azərbaycanı da düşməndən azad edə bilərdik. Azərbaycanımız çox dəyişib. Çox güclu bir dövlətik. İnşallah yaxın gələcəkdə bu hadisəni sənə Hoçazda danışıb xatırladaram, – Ərşad Hüseynov sözünü bitirib oğlunun əlindən tutdu, başına sığal çəkərək – Gedək! – dedi
Qeyd: Hekayə real faktlar əsasında qələmə alınmışdır.