Səhərlər durub tanımadığımız
Bir şəhərin dar küçələrini süpürürük,
zibilini daşıyırıq
Gecələr oyanıb dərisini gün yandırmış
Qıvrım cod saçlı yetim uşaqlara
Ən xoşbəxt şahzadənin nağılını danışırıq…
Kimsə gəlməlidir.
Günlər uzanır və heç kəs gəlmir.
Geriyə baxmaq dəhşətlidir.
Görürsən ki,
Illər öncə qulağını qatar relsinə dirəyib
Qatarın səsini dinləməklə
Uzaqlar arzusunda yaşadığınçün
Səni gətirib uzaqlara atıblar…
Görürsən ki, yiyəsizsən…
Görürsən ki, bu amansız məhəllədə
Günbəgün itlər də yoxa çıxır,
Pişiklər də…
Bilmirsən öldürürlər, ya azdırırlar…
Və sən
Bilmirsən hönkürüb ağlayasan
Ya sadəcə kədərlənəsən…
Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxlamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə qoyub yoxlamaq istəyəsən…
Günlər uzanır
Heç kəs gəlmir…
Və sən bir-bir ölürsən…