Hekayə real əhvalat əsasında qələmə alınmışdır.
Adların bəziləri müəllif tərəfindən dəyişdirilmişdir.
Hekayənin süjetində yazıçının təxəyyül əlavələri yer almışdır.
Hələlik hava qaralmamışdı. Amma nə fərqi var idi ki, indi gündüz olmasına baxmayaraq yaşadığı daxmadan bayıra çıxmağa bircə addımlıq da taqəti qalmamışdı. Həm lap çıxmaq istəsəydi belə, dizəcən yağmış qarın içində təkbaşına nə edə biləcəkdi?! Gənc vaxtları olsaydı kürkünü geyinib, baltasını çiyninə alıb, meşənin ən sıx yerlərindən odun gətirməyə gedərdi. Nəinki qar-boran, heç tufan da olsa, onu yolundan döndərə bilməzdi. Amma indi əldən düşmüşdü. Aclıqdan yox, xəstəlik və soyuq onu bu hala gətirmişdi. Elə üşüyürdü ki, Viktor, hərdən dilini çıxarıb dodaqlarını yalamasaydı, ağzının içinin donacağını düşünürdü. Elə bil qar meşəyə deyil, birbaşa onun ürəyinə, içinə yağırdı.
Sınıq-salxaq rütubətli döşəmədə sinəsi üstə bir az sürünüb hisdən qapqara qaralmış çaydanı özünə tərəf çəkdi. Sobanı qalamalıydı. Həm daxmanı bir az isitmək, həm də az da olsa qızınmalıydı. Axırıncı odunları srağagün yandırıb bir neçə saatlıq özünə gəlmişdi. Ancaq bu gün daha sərt şaxta olacağına şübhə yox idi. Daxmanın yarıdan çoxunu tutan kitablara təəssüflə nəzər saldı. Dünəndən bəri əlacsız qalıb bir xeylisini sobada yandırmışdı. Donmamaq üçün buna məcbur idi Viktor.
Bu daxmada ondan başqa heç kim yaşamırdı. Ümumiyyətlə, bu meşədə ondan başqa kimsə yox idi. Yapyalnız idi. Hərdən ovçular bu meşəyə meyil salsa da, indi onlar da çoxdandır gözə dəymirdilər. Çay, qənd, un, paltar yumaq üçün lazım olanları artıqlaması ilə ovçulardan alırdı. Və bir də son vaxtlar hər həftə Oleq yadına düşürdü – köhnə dostu. O da Viktor kimi odunçu idi. Amma artıq iki il olacaqdı ki, Oleq ona baş çəkmirdi. Bəlkə də çoxdan ölmüşdü. Kaş sağ olaydı, – indi Viktor dostunu xatırlayarkən ürəyində bunu dua etdi. Sonra necə oldusa, Oleqin axırıncı dəfə onun yanına gələndə yenidən evlənməklə bağlı danışdıqları yadına düşdü.
* * *
İyirmi il olacaqdı Viktorun bu daxmada tək-tənha yaşadığı. Əvvəllər dolanışığı əla idi. Meşədə əlinə keçən qənimətlərdən nə oldusa ovçulara satar, yemək-içmək sarıdan korluq çəkməzdi. Meşənin bu hissəsinə ən yaxın olan bircə kənd vardı. Yaxın deyəndə ki, gedib ilk evə çatmaqdan sarı belə şəraitdə 3-4 saat fasiləsiz piyada getmək lazım idi. Ötən illər ərzində Viktorun o kəndə cəmi iki dəfə yolu düşmüşdü. İnsanlar əcəb varlı-hallı yaşayardı. Min hektarlarla üzümlük, narlıq, balıq vətəgələri, mal-qaranın sayı-hesabı yox, hamının da işi var idi. Yadımdadı 3-4 il əvvəl o qədər içmişdi ki, gecəni kənddə qalmışdı – Motya xalanın evində. Motyanın oğlu kömür mədənində həlak olmuşdu. Ana danışırdı ki, hər dəfə daş kömürü qalın tökmə sobaya doldurub evi qızdıranda oğlu yadına düşür. “Belə olanda bədənim buz bağlayır. Əllərimi lap alovun içinə də salsam canım qızmır” – deyirdi qadın.
İkinci dəfə isə o kəndə yolu keçən il düşmüşdü. Meşəyə gələn ovçulardan biri hansısa qərib diyardan gələn qadının kənddə Viktor adlı tənha yaşayan adamı axtardığını demişdilər. Viktor da böyük ümidlərlə 15 il əvvəl onu atıb gedən sevdiyi qadını görəcəyini sanaraq həmin kəndə getmişdi. Lakin sevimli arvadı Lidanı tapmamışdı…
Atası Vladimir fəhlə, anası Antonina klub müdiri idi. Viktor orta məktəbi də elə bu rayonda bitirib, əsgərliyə gedib, qayıdıb elə kolxozdaca traktorçu işləməyə başlamışdı. Sonra evlənmişdi. Amma oğul-uşaq atası olmamışdı. İki qardaşı, iki bacısı vardı. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırdılar.
O illər ata-anası, iki bacısı və bir qardaşı ilə birlikdə bu daxmada yaşayırdı. Böyük qardaşı Valentin onlardan ayrılmış, köçüb getmişdi. Sonra bacıları ərə getdi, kiçik qardaşı İvan da evlənib əvvəl Bakıya, sonra isə Moskvaya köçdü. Onda artıq valideynləri dünyasını dəyişmişdilər. Viktoru ən son tərk edən arvadı oldu. Bir axşam odundan evinə – daxmaya qayıdanda Lidanın yazdığı məktub qalmışdı özündən sonra. O gündən bəri Viktor hər gün nəsə yazır, hər gününü çox sevdiyi Lida ilə söhbətləşirmiş kimi kağızlara köçürürdü. Bir dəfə həmin dəftərlərdən biri dostu Oleqin əlinə keçmişdi. Oxumaq istəmişdi. Viktor etiraz etməmişdi. Oxumuşdu və yazdıqlarını çox bəyənmişdi.
Viktor artıq bir ildi ki, darıxmırdı da. Elə bil darıxmaq hissini ömürlük tərgitmişdi. Tək qalmağa, başının çarəsinə tək baxmağa çoxdan öyrənmişdi. Düşüncələr içində küldən başqa bir şey gözə dəyməyən sobaya nəzər saldı. Necə miskin görünürdü. Tükləri biz-biz oldu bu mənzərədənmi, soyuqdanmı, anlamadı. Daxmanın çölə açılan yeganə balaca pəncərəsindən hələ də lopa-lopa yağan qara tamaşa elədi. Elə bil göyün də ürəyi dolu idi. Viktorun qəsdinə dayanmışdı.
Viktor dərin fikrə gedib elə arxasıüstə uzandığı yerdəcə rütubət hopmuş siqaretdən birini yandırdı. Tütün çırtıltı ilə yandıqca sanki barmaqlarının arasından bədəninə xəfif isti yayılırdı. Qəfil gülməyə başladı. Olmaya ömrünün axırıncı gününü yaşayırdı?! Kitablara bir də nəzər saldı. İndi yandırmağa başlasaydı səhərə kimi ancaq çatardı. Bəs sonra? Sonra necə olacaqdı? Günəş doğacaqdımı? Qar əriyəcəkdimi? Özündə güc tapıb kəndə qədər gedə biləcəkdimi? Nəfəs dərmədən verdiyi suallarla özünü bezdirdi. Ayağa qalxmağa çalışdı, lakin dizləri üstə çətinliklə oturdu. Dünən ayırdığı və gözdən çıxardığı kitablardan bir neçəsini sobaya atıb kibriti alışdırdı. Kitablar yandıqca gözünün qarşısında Lida haqqında yazdığı xatirələr, birlikdə keçirdiyi günlər canlanırdı. Sıra onlara da gələcəkdimi?..
Lida gedəndən sonra o tamamilə tək qalmışdı. Və Viktor 15 il idi ki, ümidlə onu burda – öz daxmasında gözləyirdi. Sevimli arvadı hər gecə yuxusuna girirdi. Hər dəfə bir qılıqda, hər dəfə başqa cürə. Amma hamısında Lidanın görkəmində bir yazıqlıq, bir məyusluq, bir peşmanlıq sezilirdi. Gah görürdü ki, sevimli arvadı yenicə qalanmış sobada onun üçün qaban tikələri qızardır, gah meşə otlarından çay dəmləyir, odundan yorğun qayıtdığı günlərdə vedrədə su qoyub qızdırır, sobaya bol-bol odun doldurub daxmanı yaxşıca qızdırır, Viktor da yuyunub qəşəngcə yayxanır; hava qaralan kimi Lida da ərinin yanına soxulur, səhərə qədər bir-birinə qısılıb yatırlar. Buna görə də Viktor illərdi bu daxmanı tərk edə bilməmişdi. Düşünürdü ki, burdan getsə, dəli olar, havalanar.
Hər səhər Lida ilə meşənin lap qıraqlarına gedib, uzaqlara baxar, hər dəfə hənirti görəndə elə bilərdi ki, indicə qardaşları, bacıları gələcək, onun boynuna sarılacaq.
Viktoru bu meşəyə, bu daxmaya bağlayan ayrı bir səbəb də var idi – atasını da, anasını da bu meşədə dəfn etmişdi – daxmasına lap yaxın yerdə. Hər gün məzarlarına gedib onlarla dərdləşir, dünyanın bütün miskinliklərini, çarəsizliklərini onlara gileylənər, ürəyini boşaldıb toxdaqlıq tapardı. Lida onu atıb gedən günü Viktor səhərəcən ata-anasının məzarının yanında yatıb qalmışdı. Yaxşı ki, canavarlar, qabanlar onu parçalamamışdılar. Parçalasaydılar belə hiss etməyəcəkdi həmin gün. Canında o qədər ağrı-acı, əsəb-kin var idi, üstəlik üst-üstə bəlkə ona yaxın şərab şüşəsini boşaltmışdı. Məzarların düz dibində ocaq da qalamış, əlinə keçən çırpıları da ora qalaqlayıb əməlli-başlı tonqal eləmişdi. Bəlkə də vəhşi heyvanlar odun qorxusundan həmin gün Viktora yaxın düşə bilməmişdilər.
Hərdən kövrəlib qardaşlarını xatırlasa da, bu tez keçir, öz-özünə deyinib əsəbiləşərdi. İki qardaşının heç biri ata-anasının dəfninə gəlməmişdilər. Onlar ilə əlaqəsi 25 ildən çox idi ki, kəsilmişdi. Heç bilmirdi indi harada yaşayırlar, ölüblər, qalıblar. Bacıları isə hardansa xəbər tutub yasa gəlmişdilər. Həm də minbir əziyyətlə. Qayıdıb gedəndə də Viktora az qala yalvarıb: “nə görmüsən bu meşədə təkcə? Daha heç kim qalmayıb, bir vəhşi atlardı, bir də canavarlar, qabanlar. Gəl aparaq səni”. Viktor isə bütün yalvarışlara rəğmən heç yerə getməyəcəyini demişdi.
Bacıları ağlaya-ağlaya getmişdilər. Viktor da onların boyunlarını qucaqlayıb ağlamışdı, “məndən narahat olmayın” demişdi. Balaca bacısı Nadenka gəldiyi yük maşınının kuzasından qardaşı gözdən itənədək əl eləmişdi. Viktor hər dəfə o anları xatırlayanda ürəyinə elə bil köz basırdılar, canındakı üşütmə keçirdi, sonra kövrəlir, zır-zır ağlamağa başlayırdı.
Amma Viktor özünü buraxmadı. Tədricən alışdı təkliyə. Meşədə quşların səsindən rahatlıq tapmağı, yarpaqların xışıltısını beynində rəngli filmlərə çevirməyi öyrəndi. Nə maşın səsi, nə televizor, nə də insan səs-küyü – bunların heç biri burda onu narahat etmirdi. Əsəbləri sakit idi, nə başı ağrıyırdı, nə ürəyi. Bircə bu andıra qalmış böyrəkləri də sözünə baxsaydı olmazdımı? Deyəsən, bu dəfə ağrılarına uduzacaqdı Viktor. Şiddətli ağrılar şaxtalarla birlikdə yetirmişdi özünü bu il…
Sobaya nəzər saldı. Sönmüşdü. Kağızın istiliyi ancaq bu qədər ola bilərdi, nə etməli…
Qaranlıq çökmüşdü. Viktor indicə bayırdan gələn səsə qulaq verərkən bunun fərqinə vardı. Bir sürü çaqqal daxmanın qarşısında dayanıb ulaşırdı. Bu o qədər vahiməliydi ki, naşı adam olsaydı ürəyi qorxudan həmin an partlayardı. Viktor isə çaqqalların bu simfoniyasına çoxdan alışmışdı. Nə vaxt ki onların səsini eşitmədi, həmin günü narahat yatardı. Əlbəttə, qorxurdu. Həm də çox qorxurdu. Zalımlar sürü ilə gəlirdilər. Adama cumsalar, parçalayıb tikə-parça edərdilər. Elə hala salardılar ki, qanın qaşığa gəlməzdi. Çölə çıxmaq olmazdı. Elə ki, lampanı yandırdın, daxmanın həndəvərindən yox olurdular. Amma indi lampanı işıqlandırmaq üçün bircə damcı da kerosin qalmamışdı.
İkinci dəfə kəndə gedəndə Motya xala Viktora bir boğaz inək bağışlamışdı. Doğandan sonra südündən sağıb içsin, sağlam olsun deyə. İnək doğan günü çaqqallar elə bil iy duymuşdular. Cumub buzovu parçalamışdılar, inəksə salamat qurtula bilmişdi. Viktor həmin gün inəyin öz balasını axtaran naləli səsindən səhərə kimi yata bilməmişdi…
* * *
Ayın, ilin, həftənin hansı günü olduğunu çoxdan unutmuşdu. İndi saat neçə olardı, heç onu da bilmirdi. Nəyinə gərək idi? İnilti ilə ağzıüstə sobanın düz yanına yıxıldı. Bu illərini meşəyə həsr etmiş bir odunçunun soba ilə sonuncu halallaşması idi. Qucağına doldurduğu olan-qalan kitabları közərən yerə töküb kibriti çəkdi. Lida üçün yazdığı dəftərləri yanına yığmışdı. Bir az dikəlib üstündə oturmaqdan ötrü altına çəkdi – tir-tir əsirdi. Kitabların səhifələri alışdıqca alovun şöləsi çöhrəsində illərdən bəri iz salan əzabın donuq rəsmini axırıncı dəfə boyayırdı. Alov qəfil cuşə gəldi və sobadakı bütün kağızlar külə döndü. Gözləri yumulmaq üzrəydi. Ayaqlarındakı keylik, donuqluq getdikcə bütün bədəninə və qollarına sirayət edirdi. Üstündə oturub sanki bərk-bərk qorumağa çalışdığı var-dövlətini – arvadı onu tərk edən gündən bəri hər gün yazdığı bütün dəftərləri son taqətini toplayıb sönmək üzrə olan sobanın içinə atdı. Və həmin an silinmək üçün yola düşən xatirələrlə birlikdə gözlərini də yumdu. Güclü külək əsdi. Çovğun qopdu. Sobanın buxarasından qar içəri doldu. Sonra ətrafa səssizlik çökdü.
* * *
Gözlərini qorxa-qorxa açmağa çalışanda burnunun düz dibində təzəcə dəm almış çayın qoxusunu duydu. Amma bundan əvvəl əllərinin, ayaqlarının necə yüngülləşdiyini, bədəninin necə qıvraq, oynaq olduğunu hiss elədi. Ölmüşdümü? Qorxudan canına əsməcə düşdü. Yarıya qədər açdığı gözlərini tez də qapayıb nə baş verdiyini aydınlaşdırmağa çalışdı. Bir şey anlamadı. Artıq gündüz idi. Otağa bayırdan Günəşin zəif şüaları düşürdü. Sağ idi. Ölməmişdi.
– Bəsdir yatdın, Viktor! Qalx, qəşəng çay dəmləmişəm. Çaxırımız da var. Oyan görək, ayaqlarını isti suya sal, özünə gəl. İşlərimiz var, əziz dostum.
Odunla qalanmış sobanın yanındakı adamın çox tanış səsi eşidildi. Sən demə, çağrılmamış qonaq Viktora göz qoyurmuş. Və bir az əvvəl onun ayıldığını da anındaca başa düşmüşdü. Bu adam iki ildən sonra qəfil peyda olan Oleq idi – Viktorun ən yaxın dostu və sirdaşı.
Viktor isə hələ də nə baş verdiyini anlamadan, gördüklərinin yuxu olub-olmadığını dəqiqləşdirmək üçün gözlərini ovdu, üzünə bir-iki dəfə şillə vurdu, ətrafa boylandı. Lida üçün yazdığı dəftərlər döşəmədən başının yan tərəfində səliqə ilə yığılmışdı. Hamısı salamat dururdu. Sobanın buxarasından içəri dolan qar onları bir az islatmışdısa da, yanıb sıradan çıxmamışdılar.
– Oleq! – axır ki, özünə gəlib, gördüklərinin gerçək olduğunu anlayandan sonra qışqırdı.
– Bilirəm, çox gecikmişəm. Amma başıma dünyanın ən qəribə, ən axmaq, ən əcaib işləri gəlib. Hələ sən bura gəl bir az da isin, çay iç, sonra qulaq as gör məndə necə aləm söhbətlər var! Eşitsən kitab yazarsan, kitab!
– Bəs sevgilin?
Viktor heç bilmədi ki, dostu ilə danışacaqları o qədər söhbətləri var ikən indi bu dəxlisiz sualı niyə verdi.
– Əşi boşla bu söhbəti, – Oleq vecsiz şəkildə əlini yellədi. – O da səninkinin yanına getdi, – qəhqəhə çəkib güldü.
Viktor da ona qoşuldu. İndi artıq tək deyildilər. Və bayırda villis dolusu yemək-içmək, kerosin, odunları var idi.