• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Bazar, İyun 1, 2025
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Yaqut Dəmirov – Aktyorun söhbəti

hekayə

30 May 2025
in Ədəbiyyat, Sənət
Yaqut Dəmirov – Aktyorun söhbəti
Share on FacebookShare on Twitter

Çox vaxt şəhər parklarında gəzərkən, skamyaların birində, tək-tənha, fikirli halda oturmuş adamlar diqqətimizi cəlb edir. Bəzi vaxtlar bizə elə gəlir ki, onlar kimisə gözləyirlər, ya da öz düşüncələri ilə təkbətək qalmaq, bu qayda ilə müəyyən qədər vaxtlarını keçirmək istəyirlər. Bu zaman, əyləşməyə tələsməyən, daha çox gəzib-dolaşmağa üstünlük verən adamların çoxu, bu insanların yanında oturub, onları narahat etmək istəmir. Bəzən, biz onları adamayovuşmaz kimi qəbul edirik. Düşünürük ki, əyər bir söz soruşsaq ya cavab verməyəcəklər, ya da qısaca nəsə deyib, yenə də öz xəyal dünyaları ilə baş-başa qalmaq istəyəcəklər, ya da ki, ayağa qalxıb, tanımadığı bu adamın onlarla nə barədəsə söhbətə girişməyinin mənasız olduğunu fikirləşərək, etinasız halda çıxıb gedəcək, ya da uzaqlaşaraq başqa bir yerdə oturacaqlar.

Çox zaman bu, bizə belə gəlir. Amma, bu insanların içərisində elələri də var ki, öz qəlblərində olan, bu vaxta qədər, heç kimə, hətta öz yaxın adamlarına deyə bilmədiklərini, həyatda birinci dəfə rastlaşdıqları, tanımadıqları adamlara danışmaq istəyirlər. Və buna çox ehtiyac duyurlar. Belə hallarda, onlar demək olar ki, daha da yüngülləşir, elə bil ki, çiyinlərindəki ağır bir yükdən xilas olurlar. Çox vaxt da hər gün gördükləri qohumların, tanışların bir-birini təkrarlayan məsləhətləri, göstərişləri həmin şəxsi bezdirib daha da əsəbiləşdirir. Ona görə də ilk dəfə tanış olduqları adamın dediyi sözlər onlara daha maraqlı və cəlbedici gəlir. Bu zaman öz duyğularında, düşüncələrində fərqli bir yaşam tərzi kəşf edirlər. Fikirləşirlər ki, bu vaxta qədər yaşadıqları həyatı, neçə illər qabaq belə bir yola, istiqamətə yönəldə bilsəydilər, indi heç bir çətinlikləri də olmazdı. Həm də çox sakit və rahat həyat sürərdilər.

Qış vaxtı, soyuq havaların hökm sürdüyü fevral ayının sonuna yaxın vaxtlarda, bəzən beş-altı gün dalbadal elə bir ilıq, isti havalar müşahidə olunur ki, istər-istəməz evdən çıxıb hər hansı bir parkda, ya da hündür ağacların birinin altında qoyulmuş skamyada beş-on dəqiqə oturmaq istəyirsən. Bu zaman, öz hərarəti ilə hələ də səni isidə bilməyən günəşin zəif şüaları düşən yerdə əyləşməyi daha məqsədəuyğun sanırsan. Yay zamanı kölgə yer axtardığını yadına salırsan. İndi isə günəş işığının hara düşdüyünü nəzərdə saxlayıb, həmin tərəfə daha çox can atırsan.

Belə günlərdə, şəhərin çox da iri olmayan parklarının birində gəzərkən, skamyada tək oturmuş, həddən artıq fikirli, gözləri bir nöqtəyə dikilmiş bir adama rast gəldim. Mən isə hələ əyləşmək istəmirdim. Bir qədər addımlamaq, hərəkətdə olmağı qərara almışdım. Onun qarşısından keçəndə, o baxışlarını ani olaraq mənə tərəf yönəltdi. Sonra yenə də irəliyə baxaraq fikrə getdi. Təxminən qırx beş yaşı olardı. Əynində nimdaş bir kostyum var idi. Papağını da çıxarıb dizinin üstünə qoymuş, sol əlinin də barmaqlarını asta-asta onun üstündə gəzdirərək, sanki  bundan zövq alır, dincəlirdi. Həm də zəif istilikdən bacardıqca daha çox qəbul etmək istəyirdi. Hərdənbir, gözlərini qıyıb, dodaqlarını bir-birinə sıxmağından, hansısa bir məsələ haqqında fikirləşdiyini də güman etmək olardı.

İlk baxışdan bu kişi mənə tanış gəldi. Elə zənn etdim ki, onu hardasa görmüşəm, ya da qısa bir müddət ərzində onunla yoldaşlıq etmişəm. Həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra, ağacların arasından yenə ona baxırdım. Onun sifətində hər hansı dayanıqlı bir məqamı nəzərimdə saxlayıb, bu adamı tanımağa çalışdım. Bir tərəfdən də başa düşə bilmirdim ki, belə bir maraq göstərməyim nədən irəli gəlir.

Qıçlarını irəli uzadıb sağ ayağını sol ayağının üzərinə qoyaraq, qollarını da sinəsinə çarpazlamışdı. Bu vəziyyətdə sanki özünü daha sərbəst hiss edirdi. Üzündə isə gah kədər, gah nigarançılıq, gah da sevinc nişanələrini görmək  olurdu. Hərdənbir də gözlərini yumaraq, sanki keçmiş günləri haqda daha dərindən düşünüb-daşınmaq istəyirdi.

Artıq dözə bilmədim. Hansısa bir qüvvə məni ona tərəf çəkirdi. İstər-istəməz tanış olub, bir qədər söhbət etmək fikrinə düşdüm. Onun şəxsi həyatı, nə işlə məşğul olması mənim üçün o qədər də əhəmiyyətli deyildi. Amma, maraqlı olan, bu adamın mənə həddən artıq tanış gəlməsi idi. Nəhayət, ona yaxınlaşıb dedim:

-Yanınızda oturmaq olarmı? Bir adam gözləmirsiniz ki?

O, bir qədər dikəldi. Ayaqlarını geri çəkərək, qollarını da aşağı saldı. Üzünü mənə çevirərək sakitcə dedi:

-Yox, heç kimi gözləmirəm. Əyləşə bilərsiniz.

Söhbətə nədən başlayacağımı bilmirdim. Amma, hiss edirdim ki, bir az da susub geciksəm, bu adam ya çıxıb gedəcək, ya da ki, mən, deməyə bir söz tapa bilməyib, elə axıra qədər belə sakit oturacağam. Sonra da lal-dinməz ayağa qalxıb yoluma davam edəcəyəm. Ona görə də gecikmədən dedim:

-Dünəndən bəri havalar bir az istiləşib. Adamlar da evdən çıxıb, daha çox çöldə-bayırda olmaq istəyirlər.

Onun üzündən yüngül bir təbəssüm keçdi:

-Hə, düz, deyirsiniz. Bu belədir – dedi.

Sonra da çox keçmədən sözlərinə əlavə etdi:

-Söhbətə hava ilə başlamaq daha yaxşıdır. Sonra da getdikcə müsahibini daha dərindən tanımağa başlayırsan.

Mən yaranmış fürsətdən istifadə edib:

-Düz buyurursunuz, – dedim. -Həm də bu zaman elə bil ki, yeni dünya kəşf edirsən. Eşitmədiyin sözlər eşidirsən. Bəzi vaxtlar da yeni tanış olduğun adamın əsəbi, ya da səbirsiz olduğunu hiss edib, daha söhbəti də davam etdirmək istəmirsən.

O, gülümsünüb dedi:

-Sözlərindən belə çıxır ki, ilk tanışlıqdan onu daha çox tanımağa can atırsan. Özünə uyğun olub-olmadığını yoxlayırsan.

Mən dedim:

-Əslinə qalsa, beş-on dəqiqəlik söhbət, ya da qısa müddət vaxt keçirmək üçün çox da dərinə getməyə də dəyməz. Amma bir məsələ də var ki, kiminlə bir yerdə əyləşdiyini, söhbət etdiyini bilmək daha yaxşıdır.

Həmin adam bir qədər susdu. Sonra dedi:

-Mənimlə həmsöhbət olan adamın sözlərini tez-tez təsdiqləmək, hər dəfə də “doğrudur”, “doğrudur” deməkdən xoşum gəlmir. Amma, sənin bu  fikrinə şərikəm. Həm də belə başa düşdüm ki, mənimlə tanış olmaq istəyirsən.

Onun belə deməsindən bir qədər də ürəkləndim.

Dedim:

-Düz tapmısınız. Bayaq buradan keçəndə, sizi gördüm. Mənə çox tanış gəldiniz. Harada, nə vaxt gördüyümü isə xatırlaya bilmədim.

-Yəqin ki, televizorda, ya da teatrda görmüsünüz.

Onun birbaşa verdiyi bu cavabın əvvəlcə zarafat olduğunu düşündüm. Sonra isə yadıma düşdü ki, onu hansısa bir televiziya tamaşasında görmüşəm. Bununla belə, yenə dedim:

-Səhv etmirəmsə, siz aktyorsunuz.

-Hə, düz tapmısan. Mən teatr aktyoruyam.

Hərdənbir xırda filmlərə də çəkilirəm.

-Çox yaxşı oldu – dedim. Mənim də həmişə belə bir arzum olub ki, hansısa bir məşhur teatr, ya da kino aktyoru ilə görüşüb söhbət edim.

-Düzünü bilmək istəsən, mən bu sənətdə sən düşündüyün qədər də məşhur olanlardan deyiləm. Amma, gənclik  dövrlərində belə vaxtlarım olub. Teatr tamaşası qurtaranda, tamaşaçılar məni həmişə ürəkdən alqışlayırdılar. Dost-tanış mənə deyirdi ki, belə getsə, bir-iki ilə sən böyük şöhrət qazanacaqsan. Mən də bunu çox arzulayırdım. Amma, bəzi səbəblər üzündən bu, baş vermədi. Daha doğrusu, mən özüm belə istədim. Orta səviyyəli, ya da ki, epizodik rollar oynayan bir sənətçi olmaq qərarına gəldim.

Onun bu sözləri məni çox təəccübləndirdi. İnsan bir sənətə qəlir, böyük uğurlar qazanmağa başlayır. Sonra da inkişaf etdiyi, tanındığı, hamı tərəfindən sevildiyi bir vaxtda, birdən-birə həvəsdən düşüb, geri çəkilir. Özü də istəklərinin, illərdən bəri çatmağa çalışdığı arzularının əleyhinə getməyə başlayır. Sonra da adi, sıravi, diqqəti çox da cəlb etməyən bir işçiyə çevrilir. Ona görə də belə bir sual verdim:

-Çəkildiyiniz qısa filmlərdən bir-ikisinə baxmışam. Səsiniz, üslubunuz, özünəməxsus oyununuz mənim çox xoşuma gəlib. Başlıcası da budur ki, siz heç kimi təkrarlamırsınız. Sənətdə öz yolunuz olub. Amma, birdən-birə ön sıralardan çəkilib, arxa plana keçməyiniz məni çx təəccübləndirdi.

Yanımda oturan adam köksünü ötürüb dedi:

-Kənardan baxanlara belə gəlir ki, məşhur, hər gün üzdə, gündəmdə olan adamlar, həyatda ən bəxtəvər, heç bir dərdi-qəmi, sıxıntısı, çətinliyi olmayan insanlardır. Bu heç də belə deyil. Məşhur olmağın da özünə görə çox böyük çətinlikləri var. Mən də həmin dövrlərdə bunu hiss etməyə başlamışdım. Açıq-aşkar başa düşürdüm ki əvvəlki sakit, qayğısız həyatım get-gedə dəyişir, özüm də istəmədən başqa istiqamətə yönəlir. Səhnədəki uğurlarım artdıqca şəxsi həyatımda, ailədə söz-söhbətlər çoxalmağa başlayırdı. Əvvəllər buna o qədər də əhəmiyyət vermirdim. Düşünürdüm ki, onsuz da tanınmış adamlar barədə çox danışırlar, çox yazırlıar. Amma, gördüm ki, məsələ çox ciddiləşir. Mən sizinlə birinci dəfədir rastlaşıram. Ona görə tanımadığım bir adamın yanında özümü tamamilə təqsirsiz, ideal bir insan kimi də təqdim etməyə ehtiyac hiss etmirəm. Bununla  belə, məni başa düşən bir şəxsə rast gələndə, özümü rahat və sərbəst hiss edirəm. Elə bil ki, böyük bir dinclik tapıram.

Aktyor bir qədər dayandı. Sözlərinə ara verdi. Hiss olunurdu ki, ümumi sözlərlə kifayətlənib, bundan artıq daha heç nə danışmaq istəmir. Mən də birdən-birə ondan hər şeyi xırdalıqlarına qədər soruşmaq istəmirdim. Başa düşürdüm ki, o, bu gün burada, bu vaxta qədər heç kimə danışmadığı, qəlbinin dərinliklərində illərdən bəri saxladığı sözləri danışmaq, necə deyərlər ürəyini boşaltmaq istəyir. Bəlkə də  o, həyatında baş verən bəzi anlar barədə nə vaxtsa öz iş yoldaşlarına, tanışlarına danışmaq istəyib. Sonra da onların qınağından, həm də qəlbində saxladığı bu sirrin hər tərəfə yayılacağından qorxub, bütün bunları hamıdan gizlətmək qərarına gəlib.

Araya bir qədər sükut çökdü. Sonra yenə də mən dilləndim:

-Siz istedadlı adamsınız. Mən belə başa düşdüm ki, əvvəllər teatrda baş rollarda oynamısınız.

O, gülümsünüb dedi:

-Elə hər şey də bundan başladı. Onda mən çox gənc, boylu-buxunlu, yarşıqlı idim. Teatrda mənə əsas rollardan birini vermişdilər. Tamaşanın da taleyi, uğur qazanmağı mənim necə oynamağımdan asılı idi. Tərəf müqabilim isə cavan bir aktrisa, gözəl bir xanım idi. Bir neçə gün idi ki, məşq edirdik. Ssenariyə görə mən ona yaxınlaşmalı, əlindən tutmalı, üz-üzə dayanmalı, mehribancasına söhbət etməli idim. Həmin vaxtlarda, təxminən səkkiz il olardı ki, evlənmişdim. Hər dəfə məşqə başlayanda, həyat yoldaşımın surəti, baxışları gəlib gözümün qabağında dayanırdı. Ona görə də bu səhnəni çox soyuq və təsirsiz oynayırdım. Bu vaxt tamaşa zalında, ön sırada oturmuş rejissorun tələbkar, amiranə səsini eşidirdim. O deyirdi: -“Eldar, bu necə oyun nümayiş etdirməkdir? Özünü sərbəst, cəsarətli apar. Çox könülsüz, süst, adamayovuşmaz kimi hərəkət edirsən. Tamaşa vaxtı da belə oynasan, yəqin ki, zalda oturanlar da bir-bir durub çıxıb gedəcəklər. Biabır olacağıq. Unutma ki, sənin sənətkarlıq qabiliyyətindən çox şey asılıdır. Kənar hər şeyi unut və bütün diqqətini bu səhnədə necə iştirak etməyinə yönəlt. Əyər yenə də zəif çıxış etsən, mən məcbur olub, bu rolu başqasına tapşıracağam.

Aktyorun sözünü kəsib dedim:

-Sən öz işinə niyə könülsüz yanaşırdın? Bu sənin sənətindir. Həm də ki, bu peşəni seçməmişdən əvvəl, bu barədə ətraflı məlumatın olmalı idi. İkinci bir tərəfdən də həyat yoldaşın bilirdi ki, sən aktyorsan. Səhnədə rollar aparırsan. Hər dəfə bir aktrisa ilə bir yerdə çıxış edib, onunla tərəf müqabil ola bilərsən.

Həmsöhbətim yenə də gülümsünüb dedi:

-Bütün bunları dildə demək asandır. Sən, həyat yoldaşım barədə söz açdın. Onu da deyim ki, o, teatrda hansı rolları aparmağım, kiminlə bir yerdə çıxış etməyim haqda məndən heç nə soruşmurdu. Hər dəfə söhbət düşəndə, o, sadəcə olaraq yeni işlərim barədə bir-iki sual verir və sonra da yaradıcılığımda mənə uğurlar arzulayırdı. Çox vaxt da əsas öyrənmək istədiklərindən biri, yeni tamaşanın nə vaxt səhnədə göstəriləcəyini bilmək idi. Amma, mənim xarakterim tamam başqa idi. Hər şeyi daha qabaqcadan fikirləşərək, sonda hanısı vəziyyətə düşəcəyimi götür-qoy etmək, çox vaxt mənim işlərimə böyük əngəllər törədirdi. Çox adam buna müsbət hal, uzaqgörənlik kimi baxır. Amma, hər zaman xoşagəlməz hallar barədə düşünmək, işin xeyrini yox, mənfi, ziyan tərəflərini fikirləşmək məni rahat buraxmırdı. Bu aktrisa ilə bir yerdə çıxış etməyimin, gələcəkdə bizə uğur gətirəcəyini daha çox düşünürdüm. Bunu rejissorlar, iş yoldaşlarım da etiraf edirdilər. Mənim ürəyimdə isə böyük bir narahatlıq hissi vardı. Qorxurdum ki, etdiyimiz məşqlər zamanı ona daha çox bağlanım. Sonra da bu, mənim ailə həyatıma ciddi təsir göstərsin.

Söhbətin bu yerində mən dedim:

-Demək, siz özünüzə o qədər də arxayın deyildiniz və fikirləşirdiniz ki, hisslərinizi idarə edə bilməyəcəksiniz. Və axırda bu sizin üçün böyük problemlərə gətirib çıxaracaq.

-Siz hisslər dediniz. Elədirmi? Amma, kim özünə zəmanət verə bilər ki, o, bütün ömrü boyu heç zaman belə duyğuların, hissiyatların əsirinə çevrilməyəcək. Onun qəlb evində, sonradan gələn qonaqlar üçün yer olmayacaq?

Bu şəxsin həyatına olan marağım daha da artdı. Yenə dilləndim:

-Mən sizi ciddi dramatik rollarda oynayan görmüşəm. Özünüzün isə bu qədər incə qəlbli, həssas, kövrək olduğunuzu bilmirdim. Ona görə də sizinlə söhbətdən çox zövq aldım.

Onun gözləri yol çəkdi. Hiss edirdim ki, həmsöhbətini tanımasa da, birinci dəfə görsə də, məni hər şeyi anlayan, onu başa düşən bir insan kimi qəbul edib. Ona görə də həyatında olanları mənə danışmaqan çəkinmir. Sonra yenə sözünə davam etdi:

-İnsan dəyişkən təbiətli olur. Bu gün qətiyyətlə inkar etdiyini, zaman keçdikcə yavaş-yavaş qəbul etməyə, onunla hesablaşmağa çalışırsan. Çox zaman da fikirləşirsən ki, bu elə əvvəldən belə olsaydı, daha yaxşı olardı. Nə isə, məşqlərimiz davam edirdi. Bir-iki gün də keçdi. Həmin aktrisa ilə bir yerdə olan səhnəm, demək olar ki, sənətkarlıq cəhətdən daha da təkimilləşib, çox gözəl alınırdı. Rejissor da məndən çox razı idi. O biri aktryorlar da çox vaxt səhnənin sağ, sol tərəfində dayanıb bizə tamaşa edirdilər. Hər şey öz axarı ilə davam edirdi. Həmin aktrisa hər dəfə qrimlənib, geyinib, bəzənib səhnəyə çıxanda, demək olar ki, ona valeh olurdum.

Mən dedim:

-Siz artıq yavaş-yavaş mətləb üstə gəlirsiniz. Fikirləriniz də daha da aydınlaşır.

Sonra…, sonra nə baş verdi?

Aktyor dedi:

-Hələ tələsməyin. Ürəyinizə də başqa şeylər gəlməsin. Bizim teatrda çox sağlam bir mühit var idi. Sən düşündüyün əlamətlərə də kollektivdə çox pis baxırdılar. Mən həmin tərəf müqabilimlə bir yerdə səhnəyə çıxanda, tamam başqa bir hisslər yaşayırdım. Düşünürdüm ki, belə bir gözəlliyə bu vaxta qədər niyə fikir verməmişəm? Mən, gözəllik dedikdə, təkcə bu aktrisanı yox, ümumiyyətlə, insan gözəlliyini nəzərdə tuturam. Məşqlər davam etdikcə ssenari üzrə deyəcəyim məhəbbət haqqında olan sözləri, indi demək olar ki, daha ürəkdən, səmimi qəlbdən ifadə edirdim. O, gözlərini məndən çəkməyərək üzümə baxanda, sənətkarlıq qabiliyyətim birə-beş artırdı. Sanki real həyatdan ayrılıb, başqa bir dünyaya düşürdüm. Özümü çox rahat, işgüzar hiss edirdim. Səhnənin sonuna yaxın mən, qadının qarşısında diz çöküb ondan nəsə xahiş etməliydim. Bunu edəndə hiss etdim ki, gözəllik qarşısında əyilmək, ona tabe olmaq mənim üçün heç də çətin olmadı. Əlbəttə, bu teatr səhnəsi idi. Onu həyatla qarışıq salmaq olmazdı. Mənim də qorxum elə bundan idi. Aktyorluğa başladığım ilk dövrlərdə bu barədə çox fikirləşirdim. İstəmirdim ki, həyat məni hansı tərəfə çəksə, o tərəfə də gedim. Özümü də zamanın ixtiyarına buraxaraq aldadıcı, müvəqqəti hisslərin qurbanına çevrilim. Ona görə də demək olar ki, indi, özüm-özümlə mübarizə aparırdım. Məşq qurtarandan sonra teatrda olan hər şeyi, keçirdiyim hissləri, səhnədəki fəaliyyətimi müvəqqəti də olsa, yaddan çıxarıb, öz ailəmə, ev-eşik, məişət qayğılarıma bağlanmaq istəyirdim. Qismən buna nail olsam da, evdə tamamilə dəyişib, əvvəlki adam ola bilmirdim. Səhnədəki oyunum, həmkarıma dediyim o şirin, aşiqanə sözlər, onun mənə dikilmiş ümid dolu baxışları heç cür yadımdan çıxmırdı. Hər dəfə də qəlbimə dolan fikirləri başımdam çıxarıb atmaq istəyirdim. Amma, nə qədər çalışsam da, bu mümkün deyildi. Belə hesab edirdim ki, səhnə, teatr mənim şəxsi həyatımı kökündən dəyişəcək. Öz ailəm daxilində, fərqli, tamam başqa adam olacağam. Əvvəlki davranışımdan, həyatımdan məndə heç bir əsər-əlamət qalmayacaq.

Bu yerdə mən, yenə aktyorun sözünü kəsib soruşdum:

-Bəs həmin aktrisanın sənə qarşı münasibəti necə idi? Səndə baş qaldıran, qəlbini narahat edən duyğuları hiss edirdimi? Yoxsa, etinasız halda hadisələrin necə inkişaf edəcəyini, hansı məcraya düşəcəyini gözləyirdi?

Aktyor dedi:

-Əslinə qalsa, o, öz işini layiqincə yerinə yetirirdi. Oyunu da çox təbii, hamını qane edəcək bir tərzdə idi. Hələlik, mən də onun hərəkətlərində, baxışlarında hansısa bir dəyişiklik, ya da mənə qarşı yeni hisslərin baş qaldırdığını görmürdüm. Bir dəfə məşq qurtarandan sonra, o, mənimlə sağollaşıb evlərinə getmək istədi. Bu vaxt bizimlə bir yerdə çalışan cavan aktyorlardan biri, dəhlizdə ona yaxınlaşıb, nəsə soruşdu. Söhbətləri bir-iki dəqiqə çəkdi. Bu vaxt açıq qapıdan mən onları görürdüm. Sonra da qız çıxıb gedərkən, mən həmin oğlana yaxınlaşıb, söhbətin nədən getdiyini soruşmaq istədim. Bu vaxt Lamiyə də dönüb arxaya baxdı. Məni görüb ani olaraq dayandı. Sonra da gülümsünərək çıxıb getdi. Səhərisi gün biz iş yerində görüşərkən o dedi:

-Dünən Vəzirdən nə soruşurdun?

Onu da deyim ki, həmin aktyor, tarixi tamaşalarda həmişə vəzir rolu oynadığından, biz onu həmin adla çağırırdıq. Mən dedim:

-Elə bir ciddi söhbət yox idi, səndən nə soruşduğunu bilmək istəyirdim.

O, gülüb dedi:

-Olmaya məni qısqanırsan? Bu belədir?

-Yox – cavab verdim. – O da bizim iş yoldaşımızdır.

-Amma mənə elə gəldi – deyə Lamiyə yenidən nəsə söyləyəcəyimi gözlədi.

Bəlkə də mənim yerimə başqası olsaydı, bu vəziyyətdən sui-istifadə edib, ona qarşı daha da çox mehribançılıq göstərər, süni, xoşagələn sözlərdən istifadə edərdi. Amma, belə hallarda mən, daha çox susmağa üstünlük verir, münasibətlərin başqa istiqamətə yönəlməsini istəmirdim. Həyatımın sakit, sabit axarının dəyişməsini heç cür qəbul edə bilmirdim.

Hamı yaxşı bilir ki, olub-keçənlərin təsirindən, özümüz də hiss etmədən həyatımız, davranışımız kifayət qədər dəyişir. Biz nə qədər desək də, mən elə on il-on beş il əvvəlki adamam, son nəticədə insan özü də çox gözəl anlayır ki, bu heç də belə deyil. İllər ərzində dəyişməyini heç kim boynuna almır, nə də o barədə heç vaxt fikirləşmək belə istəmir. Amma, mən etiraf etmək istəyirəm ki, teatrda olan bu məşqlərimiz, mənə müəyyən qədər də olsa təsir etmişdi. Axşamlar evə qayıdarkən, çox vaxt həyat yoldaşımı mətbəxdə yemək hazırlayan, ya da ki, qab yuyan vəziyyətdə görürdüm. İstər-istəməz gözümün önündə Lamiyənin səliqəli, bəzəkli geyimi, uzun kiprikləri, süzgün gözləri, mütənasib bədən quruluşu, gülümsər sifəti, nazik əlləri, incə hərəkətləri canlanırdı. Özümdən asılı olmayaraq onu, həyat yoldaşımla müqayisə edirdim. Yəqin bilirdim ki, həmin aktrisada olan sarı saçlar, üz-gözündəki boyalar, əl dırnaqları hamısı sünidir. Qrimdən başqa bir şey deyildir. Üzündəki gülüş, danışığı, hamısı səhnə üçün hesablanıb. Bununla belə, öz xəyallarımla, naməlum, qarışıq istəklərimlə bacara bilmirdim. Bir-biirinə zidd fikirlər beynimdə dolaşdıqca, hərdənbir, dilimi də saxlaya bilmidrdim. Bir dəfə teatrdan qayıdanda,  yoldaşım yenə mətbəxdə idi. Salam verəndən sonra dedim:

-Bütün vaxtını mətbəxdə keçirirsən. Paltarlarından da soğan iyi gəlir. Hərdənbir özünə də fikir ver. Geyin, bəzən, üst-başına ətir vur.

O, dönüb mənalı nəzərlərlə mənə baxdı. Elə bu vaxt çox böyük səhv etdiyimi anladım. Artıq gec idi. Dildən çıxan sözü geri qaytarmaq, ölünü diriltmək qədər ağılasığmaz bir işdir. Bu zaman düşündüm ki, çox dərin bir uçurumun qarşısındayam. Belə davam etsə, daha heç kim məni xilas edə bilməyəcək. Bəzilərinin ailə vəziyyətini gözümün qabağına gətirdim. Nə vaxtsa onlar kimi olacağımı düşünəndə, dəhşətə gəldim. Ayrılıq, tənha qocalıq fikirlərini istər-istəməz başımdan çıxarıb atmaq istəyirdim, onu da deyim ki, həyat yoldaşım bu vaxta qədər mənə cavab qaytarmamışdı. Əslində, bizim ailədə buna ehtiyac da olmamışdı. Amma, son vaxtlar mənə elə gəlirdi ki, o, məndə olan dəyişikliyi hiss edib. Ona görə də sözünü deməkdən çəkinmədi:

-Axşama qədər bər-bəzəkli gözəllərin əhatəsində olursan. Ona görə də indi məni bəyənmirsən. Elədirmi?

Bu vaxt mən ondan üzr istədim. Eyni zamanda, çox kobudluq etdiyimi də başa düşdüm. Axır vaxtlar aktrisa Lamiyənin də mənə qarşı olan münasibəti bir qədər dəyişmişdi. Sanki, mənim ona qarşı olan hisslərimin hansı səviyyədə olmasını bilmək, öyrənmək istəyirdi. Məşqdən sonra mənimlə etdiyi söhbətlərdən və verdiyi suallardan bunu çox aydın şəkildə başa düşürdüm. Əlbəttə ki, bu danışıqlarımız işgüzar, yaradıcılıq səviyyəsində olan söhbətlərdən o tərəfə keçmirdi. Getdikcə məlum olurdu ki, o da mənə çox ehtiyatla yanaşır və bütün hərəkətlərini dəqiqliklə öıçüb-biçməyi bacarır. Mən də onun suallarına elə cavablar verirdim ki, qətiyyən məndən inciməsin. Çünki aramızda hər hansı narazılıq yaransaydı, bu, tamaşanın uğur qazanmasına çox pis təsir göstərəcəkdi. Ona görə də bizim aramızda olan səmimiyyət, mehribançılıq beləcə davam etsəydi, bu həm özümüzün, həm də teatrın xeyrinə olacaqdı.

Evdə özümü əvvəlkindən də ailəcanlı aparmağa cəhd edirdim. Yoldaşımın və yeddi yaşlı oğlumun bütün istəklərini sözsüz və vaxtında yerinə yetirməyə çalışırdım. Hərdən hiss edirdim ki, mənim bu qayğıkeşliyimdən, həddən artıq diqqətcil olmağımdan yoldaşım narahat olmağa başlayıb. Bir neçə il bundan qabaq ondan belə bir söz eşitmişdim: – “Bəzi adamlar, evdən kənardakı gizlin işlərini ört-basdır eləmək üçün, ailə içərisində özlərini mehriban, ideal bir insan kimi göstərirlər. Bir sözlə, aktyorlur edirlər”. Vaxtilə, onun dedikləri, indi qulağımda tez-tez səslənirdi. Əlbəttə, o, bu fikrini mənim barəmdə deməmişdi. Bununla belə, bu sözləri nə üçün öz üzərimə götürməyimin də səbəbini hələ bilmirdim. İndi mənim işim get-gedə çətinləşirdi. İş yerində başqa xarakterdə, evdə ayrı xasiyyətdə, məşqdən sonra isə aktrisa qız ilə tamaşada necə çıxış edəcəyim söhbət zamanı isə dəyişib başqa adam olmaq məcburiyyətində qalmışdım. Bir gün ərzində sanki, üç obraz yaradırdım. Hər üç rolun öhdəsindən məharətlə gəlmək lazım idi. Səhnədə olduğu kimi, həyatda da aktyorluq etməyə ehtiyac hiss edirdim. Mənim Lamiyə barədə məlumatım çox az idi. Bircə onu bilirdim ki, o bir dəfə ailəli olub və çox keçmədən ayrılıb. Hərdənbir fasilə vaxtı, teatrda yardımçı otaqların birində oturub, bir stəkan çay içdiyimiz vaxtlar, mən ondan öz həyatı barədə bəzi şeylər soruşub öyrənmək istəyirdim. Amma, tez də fikrimdən daşınırdım. Yəqin bilirdim ki, onunla maraqlandığım üçün mənə qarşı diqqəti daha da artacaq. Ona görə də hər dediyim sözü əvvəlcədən ölçüb-biçir, məndən sonra onun nə deyəcəyini təxmini də olsa bilməyə çalışırdım. Sonra da nə cavab verəcəyimi fikrimdən keçirirdim. Bu, bir növ şahmat oyununda olan qaydalara bənzəyirdi. Ehtiyatsızlıq edib, dediyim hər bir söz, onun mənə daha çox yaxınlaşmasına səbəb ola bilərdi. Mən isə bunu istəmirdim. Bir şeyi də başa düşmüşdüm ki, o da mənim ailə vəziyyətim haqda hər şeyi bilir və bu barədə məndən nəsə soruşub öyrənməyə can atmır.

Son məşqlər gedirdi. Təxminən on gün sonra, hazırladığımız pyesin ilk tamaşası olacaqdı. Hərdənbir oğlum məndən soruşurdu:

-Ata, sən, anam, bir də mən, üçümüz bir yerdə nə vaxt teatra gedəcəyik? Mən də ora getmək istəyirəm.

Bu vaxt mənim əvəzimə həyat yoldaşım cavab verdi:

-Oğlum, bir qədər də tələsmə. Çox az qalıb. Tamaşa ilk dəfə göstəriləndə, biz də gedərik. Ən qabaqdakı sırada oturarıq. Atanın da necə iştirak etdiyinə baxarıq.

Sonra yoldaşım mənə tərəf dönüb dedi:

-Necə fikirdir? Bu vaxta qədər cəmi bir dəfə teatrda olmuşam. Onda da arxa sırada oturmuşdum. Səhnədə nə göstərildiyini də düz əməlli-başlı görə bilmədim. Amma, indi bizim üçün ön sırada bilet alarsan. Sənətinə baxıb qiymət verərik.

Əlacsız qalıb:

-Yaxşı – dedim.

Məni fikir götürmüşdü. Həyat yoldaşımın gözü qabağında, Lamiyə ilə olan səhnəni necə oynayacaqdım? Onun əllərindən tutub qarşısında necə diz çökəcəkdim? Məhəbbət, sevgi haqda olan sözləri ona necə deyəcəkdim? Mən bunu bacaracaqdımmı? Bu səhnə istədiyimiz kimi alınacaqdımı? Bütün bunları fikirləşdikcə, sanki əlim-qolum boşalır, teatrda getməyə də həvəsim qalmırdı.

Aktyor tələsmədən aramla danışırdı. Sanki həyatının gənclik dövrlərində olan məqamları daha da dərindən xatırlayır, harada düz, harada səhv etdiyini yenidən təhlil etməyə çalışırdı. Mən də onun sözünü kəsməyib, diqqətlə qulaq asır, onu fikrindən yayındırmaq istəmirdim. Bu gün ona rast gəldiyimə və belə maraqlı həyat hekayəsi eşitdiyimə görə özümü rahat hiss edirdim. Söhbət əsnasında ona belə bir sual verdim:

-Bağışlayın, ifadəmə görə üzr istəyirəm. Sz lap qəribə adamsınız. Deyirsiniz ki, həyat yoldaşım teatra gəlib, mənə tamaşa etsəydi, həmin səhnəni heç cür oynaya bilməyəcəkdim. Mən bilmək istəyirəm ki, sizi narahat edən nə idi? Özünüz dediniz ki, iş yoldaşınız qısqanc deyildi. Həmin vaxta qədər də hansı aktrisa ilə bir yerdə çıxış edib-etməyəcəyiniz barədə də sizdən heç nə soruşmurdu. Rahatca öz işinizi davam etdirə bilməzdinizmi?

-Əgər, desəm ki, bütün aktyorlar sizin kimi düşünür, bəlkə də mənə inanmayacaqsınız. Amma, mənim xarakterim tamam başqadır. Mənə tapşırılan bu səhnəni daha təbii, ürəkdən, həyatda olduğu kimi oynamaq istəyirdim. Soyuq, süni çıxış etməyi heç cür qəbul edə bilmirdim. Yoldaşım isə bu zaman mənə tamaşa etsəydi, onun baxışları altında həmin aktrisa ilə olan səhnəni istədiyim kimi ifa edə bilməyəcəkdim. Ona dediyim sözlər hamısı, zəif, təsirsiz çıxacaqdı.

Tamaşanın baş tutmasına üç gün qalırdı. Biletlər də satılıb qurtarmaq üzrə idi. Hər gün yoldaşımın və oğlumun teatra getməsi üçün bilet götürmək istəyirdim. Amma, elə bil ki, hansısa bir qüvvə məni, kassanın önündən uzaqlaşdıraraq, bilet almağa qoymurdu. Axırda belə qərara aldım ki, ilk tamaşanın vaxtını evdəkilərdən gizlədim, onlar üçün növbəti dəfə olan çıxışım üçün bilet alaram. Bunu da ona görə edirdim ki, birinci tamaşa vaxtı müvəffəqiyyətlə çıxış etsəm, teatrın rəhbərliyi də məndən razı qalacaq. Həm də mənim üçün hər şeydən vacib olan tamaşanın ilk baxışı idi. Ona görə də bilet götürmək fikrindən daşındım. Nəhayət, çoxdan bəri gözlədiyimiz vaxt gəlib çatdı. Ertəsi gün, axşam saat yeddidə iki aydan bəri məşq edib, hazırladığımız pyesi səhnədə göstərəcəkdik. Ondan bir gün qabaq axşamüstü, son məşqdən evə qayıdırdım. Gözləyirdim ki, yoldaşım tamaşanın nə vaxt olacağı, ya da bilet barədə nəsə soruşsun. Amma belə olmadı. O, heç bir şey olmamış kimi öz işində idi. Həm də çox sakit  dayanmağından, hərdənbir mənə gözaltı, oğrun-oğrun baxmağından hiss edirdim ki, bu yaxınlarda nəsə xoşagəlməz, arzuolunmaz hallar baş verəcək. Səhərisi gün təyin olunmuş vaxtda, zal adamla dolu idi. Rejissorlar da yuxarı lojalarda öz yerlərini tutmuşdular. Birinci pərdədə mənim səhnəm yox idi. İkinci pərdədə isə musiqi sədaları altında həvəslə, yüksək enerji ilə səhnəyə çıxdım. Lamiyə də əks tərəfdən yavaş-yavaş mənə yaxınlaşırdı. Ssenaridə olan sözləri deyə-deyə əlimi irəli uzadaraq ona tərəf gəlirdim, bu vaxt gözüm zalda oturanlara sataşdı. Həyat yoldaşımla oğlum, birinci sırada əyləşmişdilər. Oğlum bu vaxt əli ilə mənə işarə etdi. Yoldaşım isə gülümsəməklə kifayətləndi. Özümü tamam itirdim. Nə edəcəyimi, nə deyəcəyimi tamam unutdum. Çıxılmaz vəziyyətdə qalmışdım. Aktrisa qız da dayanmadan mənə yaxınlaşırdı. Qəlbində saxladığı hisslərini daha da qabarıq, ürəkdən, özü istədiyi kimi ifadə etmək üçün elə bil ki, bu günü gözləyirmiş. Şəxsi həyatında ona qismət olmayan diqqəti, məhəbbəti indi bu səhnədə, bu yerdə bir neçə dəqiqəliyə də olsa, görmək, eşitmək istəyirdi. O, mənə yaxınlaşdıqca, azca da olsa geri çəkilirdim. O, isə təəccüblənərək diqqətlə üzümə baxır, qaş-göz hərəkətləri ilə nə baş verdiyini aydınlaşdırmağa çalışırdı. Amma, bir şey başa düşməyərək, oyunu davam etdirirdi. Artıq, onun deyəcəyi sözlər qurtarmışdı, özündən bəzi sözlər artıraraq, ya da əvvəlkiləri təkrar edərək, vaxtı yubatmaq, məni bu vəziyyətdən çıxarmaq istəyirdi. Ona deyəcəyim məhəbbət, əbədi sevgi haqda olan sözlərin hamısını unutmuşdum. Saniyələr ötürdü. Gələcək karyeram, teatrda qalıb-qalmamağım beş-on saniyə vaxtdan çox asılı idi. Elə bil ki, dilim tutulmuşdu. Hiss etdirmədən gah yoldaşıma, gah da Lamiyəyə baxırdım. Yuxarı lojada oturan rejissor da, o tərəf, bu tərəfə baxa-baxa, əsəbdən dil-dodağını çeynəyirdi. İstər-istəməz yenə də birinci sıraya tərəf nəzər salmalı oldum. Yoldaşım çox narahat, həm də bu vəziyyətimə görə təşviş içərisində idi. Əlini yellədərək, nəsə deyir, sanki məni məzəmmət edirdi. Hətta mən onun səsini də eşidirdim: -“Çox vaxt evdə özünü tərifləyirsən. Sənin aktyorluğun elə bundan ibarət imiş? Niyə çaşıb qaldın? Özünü ələ al”. Onun bu sözlərini eşidən kimi elə bil ki, mənə yenidən güc, yaradıcılıq həvəsi gəldi. Rolun sözlərinin hamısı yadıma düşdü. Əvvəlkindən də canlı, inandırıcı ifa etməyə başladım. Lamiyənin də qarşısında diz çökəndə, ani olaraq yoldaşıma baxdım. Bu zaman o gah mənə, baxır, gah da baxışlarını başqa istiqamətə yönəldirdi. O qədər həyəcanlı idim ki, bədənimə istilik gəlmişdi. Tər damcıları alnımdan üzümə doğru axırdı. Elə bil bütün bədənim suyun içində idi. Ağzımdan çıxan sözləri qulağım eşitmirdi. Nəhayət, səhnəni başa vurduq. Rejissora tərəf baxdım. Üzündəki təbəssümdən razı qaldığını başa düşdüm. Çıxışımız başa çatanda tamaşaçılar bizi alqışlamağa başladı. Yoldaşım isə könülsüz halda əllərini yavaş-yavaş bir-birinə vururdu. Baxışlarının isə nə ifadə etdiyini hələlik, ayırd edə bilmirdim.

Biz evə qayıdandan sonra, heç birimiz bir müddət dinib danışmadıq. Sanki bir-birimizə nə deyəcəyimizi, nədən başlayacağımızı fikirləşirdik. Söhbəti açan həyat yoldaşım oldu:

-Yaxşı çıxış elədin. Hamı da sizi alqışladı.

Mən bir qədər dayandım. Nə cavab verəcəyimi bilmədim. Sonra könülsüz halda soruşdum:

-Biletləri sən özün almışdın? Bəs mənə niyə deməmişdin?

O, gülümsünüb dedi:

-Bəs sən bizim üçün niyə bilet almamışdın? Tamaşanın da vaxtını gizlədib deməmişdin. Bilmək olarmı?

Haqlı olaraq verilən sualın qarşısında, əvvəlcə nə cavab verəcəyimi bilmədim. Sonra dedim:

-Mən ikinci tamaşa üçün bilet götürəcəkdim.

-İkinci tamaşa üçün? Demək, birincini aktrisa ilə bir yerdə daha canlı, inandırıcı, cəlbedici oynamaqdan ötəri, bizim orada olmağımızı istəmirdin?

Mən bu söhbəti davam etdirmək, onunla uzun-uzadı mübahisəyə girişməyi lazım bilmədim. Düşündüm ki, hansı cavabı versəm, təbii ki, o da özünə haqq qazandırmağa çalışacaq. Və  söhbətimiz daha da uzanacaq. Yoldaşım isə yenə də sözünə davam etdi:

-İki gün bundan əvvəl, həyətdə, qonşumuz Xalidə ilə rastlaşdıq. Hal-əhval tutandan sonra o dedi: -“Yəqin ki, sənin də biletin birinci sırayadır. Elə yan-yana oturarıq”. Mən təəccüblə soruşdum: – “Nə bilet, nədən danışırsan?” O, mənalı nəzərlərlə məni süzüb dedi: -“Heç nədən xəbərin yoxdu? Ərin səni dəvət etməyib? Bilmirsən ki, iki gündən sonra ilk tamaşadır? Yoldaşın da baş rolda oynayacaq? Bu vaxta qədər sənə bildirməyib? Yəqin ki, bundan sonra da deməz. Mənim iş yerim teatra yaxındır. Dünən oradan keçəndə, hər tərəf afişalarla dolu idi. Eldarın da böyük rəngli şəkli aktrisa qız ilə bir yerdə idi. İstər-istəməz, maraq məni bürüdü. Qonşumuzun necə çıxış edəcəyini görmək üçün bilet aldım. Amma, sənin bütün bunlardan xəbərin olmaması məni çox təəccübləndirdi”. Mən bir qədər tutuldum. Amma, yenə cavab verdim: “Yəqin ki, bu gün bilet alıb gətirər”. O isə gülümsünüb, mənalı tərzdə dedi: -“Gəl belə edək. Mən bu gün işdən qayıdanda, sənin üçün də bilet götürüm. Əyər ərin də alsa, mənim aldığımı özümə qaytararsan. Mən yüz faiz əminəm ki, o, sənin orada olduğunu istəmir. Səbəbini də məndən yaxşı bilirsən”. Belə də razılaşdıq. Qalanı da sənə məlumdur”.

Bu söhbətdən sonra, mən hiss etdim ki, ailəmizdə olan əvvəlki səmimi münasibət, get-gedə soyuqluğun, inamsızlığın hökm srüdüyü bir vəziyyətlə əvəz olunur. Yoldaşıma dediyim ən xoş, şirin sözlər belə, çox təsirsiz və zəif çıxırdı. Özümü əvvəlki tək göstərmək üçün etdiyim aktyorluq da köməyimə gələ bilmirdi. Başa düşürdüm ki, sənətimi dəyişməsəm, bütün ömrümü belə qarışıq, qeyri-müəyyən, təzadlı fikirlərin içərisində keçirəcəyəm. Gələcək məşhurluğum da mənə yersiz narahatçılıqdan və əsəbilikdən başqa bir şey gətirməyəcək. Ona görə də günlərin birində baş rejissora yaxınlaşıb dedim:

-İstəyirəm ki, bundan sonra baş rollarda, lap açığını desəm, qadınlarla bir yerdə olan səhnələrdə çıxış etməyim.

O, mənim bu sözlərimdən çox təəccübləndi. Dərin fikrə getdi. Çox güman ki, nə dediyimi artlıq başa düşmüşdü. Sonra dilləndi:

-Aktyor kimi şöhrət qazandığın, sənətinin çiçəkləndiyi bir dövrdə birdən-birə niyə bu qərara gəldin? Bundan sonra qapıçı, ya da adi bir keçikçi rolu aparmaq istəyirsən?

Sonra da dinmədiyimi görüb yenə dedi:

-Mən daha səni heç nəyə məcbur edə bilmərəm. Necə istəyirsən, elə də olsun.

O vaxtdan bəri xırda rolların ifaçısı olmuşam. Həm özüm rahatam, həm də ailə vəziyyətim normallaşıb. İndi daha işdən evə gələrkən, özümü, sözümü dəyişməyə, ehtiyatla davranmağa heç bir ehtiyac hiss etmirəm. İstəmirdim ki, çatacağım məşhurluq, şan-şöhrət get-gedə ailə vəziyyətimi dəyişdirib, pisləşdirsin.

Mən onun söhbətinə axıradək qulaq asdım. Hava da soyumuşdu. Ayağa qalxıb evə gələndə aktyorla sağollaşdım. Axırda da deim:

-Sən öz xarakterinə, istəyinə uyğun hərəkət etmisən. Hər halda belə yaxşıdır. Özünü hər hansı bir işə məcbur edib, sonda isə təəssüf hissi keçirməkdənsə, əvvəlcədən belə bir qərara gəlməyin çox yaxşı olub.

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI
Ədəbiyyat

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021

Davamını oxu
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Şahmalı Həsənov – Pişik

Şahmalı Həsənov – Pişik

30 May 2025
Şahmalı Həsənov – Məhbus

Şahmalı Həsənov – Məhbus

30 May 2025
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2021 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2021 Mücrü ART | Design: Proyekt Group.