Yer üzünə 2215-ci il qədəm qoyurdu. İnsanların həyatı da öz axarı ilə davam edirdi. Bütün baş verənlər də, yüz il əvvəlkilərdən çox az fərqlənirdi. Düzdür, bu illər ərzində çox hadisələr yaşanmış, mühüm dəyişikliklər baş vermişdi. Amma, bütövlükdə götürüləndə, bu vaxta qədər olub-keçənlərin hamısını insanların xeyrinə yönəlmiş, həm də olduqca qənaətbəxş saymaq olardı. Xırda məsələlər istisna olmaqla, iri, qlobal təhlükə törədə biləcək təbiət hadisələri də baş verməmişdi. Dənizlərdə, çaylarda suyun azalması müşahidə olunmamış, ucu-bucağı görünməyən meşələrin vəziyyəti dəyişməmişdi. Bütün bu inkişaf, yüksəliş insanların birgə səyi nəticəsində mümkün olmuşdu.
İnsanlar da əvvəlki tək öz iş yerlərində çalışır, fəaliyyət göstərir, həyatlarını davam etdirirdilər. Təbii ki, çox yeniliklər olmuşdu. Amma, bütün bunlar əsasən, elm, texnika sahələrində baş vermişdi. İnsanların təbiətində, xasiyyətində nəzərə çarpacaq dəyişikliklər olmamışdı. Xeyirlə şər bütün zamanlarda olduğu kimi yanaşı addımlayırdı. Daha çox müşahidə olunan isə insanlarda olan ideya bolluğu idi. Adamların əksəriyyəti demək olar ki, müəyyən qədər bilik əldə edəndən sonra, hər hansı bir sahə üçün nəzərdə tutulmuş təkliflərini irəli sürməkdən çəkinmirdilər. Bunların içərisində hamının rifahı üçün səmərəli, xeyirli olanlar çox idi. Amma, elələri var ki, onları həyata keçirmək demək olar ki, mümkün deyildi. Elm sahələri də güclü inkişaf etmişdi. Buna görə də vaxtilə əfsanə, nağıl kimi görünən əlçatmaz hadisələr indi get-gedə reallığa çevrilirdi.
Müəyyən dövrlər ərzində insanların icra etdikləri, sevdikləri yenilənmələri, biz çox vaxt dəb adlandırırıq. Bu, bütün sahələrdə özünü qabarıq şəkildə göstərir. Çox vaxt biz, bu dəblərdən imtina etmək istəsək də, gec-tez elə bil ki, həmin tərzləri asanlıqla qəbul edirik. Otuz-qırx il bundan əvvəl soyuqqanlıqla yanaşdığımız bu hadisələrə get-gedə daha yaxşı, isti münasibət bəsləməyə başlayırıq. Həm də bunu həyat tərzimizə çeviririk. Sonrakı yenilənmələr vaxtı isə bütün bu yaşadıqlarımız bizə unudulmaz, əziz görünür.
Dövr, zaman dəyişdikcə, illər keçdikcə, yeni anadan olan uşaqlara ad qoymaq məsələsində də belə yanaşmalar özünü göstərirdi. Bir çox insanlar öz oğlan övladlarına ad qoyarkən, daha çox özündə T, R, D hərfi daşıyan adlara, qız uşaqlarını adlandırarkən isə N, S, U, M səslərinə üstünlük verirdilər. Məsələn, oğlan adlarında Rabat, Rafis, Təxmin və sair, qızlarda isə əsasən Anis, Masna, Səmin və bu kimi başqa adlara rast gəlmək olurdu. Çox adam bunu normal qarşılamasa da, əksər insanlar dəb xatirinə övladlarına belə adlar verirdilər və bunu müasirlik kimi başa düşürdülər. Bu adlar dünyanın bütün yerlərində yayılmışdı. Amma, əminliklə demək olardı ki, illər keçdikcə, yenə də keçmiş adlara qayıdış başlayacaqdı.
Belə bir insanlardan biri Rafis, istirahət günündə, şəhər parklarının birində yüngül gəzintidən sonra, öz evinə qayıdırdı. Ona elə gəlirdi ki, gəldiyi yollar, sıra ilə düzülmüş mağazalar, insanlar, maşınlar, hər şey dünən gördüyü kimidir. Heç bir dəyişiklik baş verməyib. İstər-istəməz qəlbində gələcək zamanda bütün bunların hansı vəziyyətdə olmasını bir-iki dəqiqəlik də olsa görmək həvəsi yarandı. Amma, tez də başa düşdü ki, bu düşündükləri, xoş bir arzudan başqa bir şey deyildir. Bundan ötrü həyatı, ömrü mərhələ-mərhələ yaşamaq, günləri, həftələri başa vurmaq lazımdır. Heç bir çılğınlıq, tələskənlik zamanı irəli ata bilməz.
Hərdənbir onda xırda bir macəra yaşamaq fikri də yaranırdı. Qırx beş yaşı olmasına baxmayaraq, özünə cavanlar geyən ayaqqabıdan, paltardan almaq, sonra da gedib evdə nahar edərək, axşamüstü yenidən parka getmək istədi. Amma, hələlik fikrindən daşındı. Bunu sabah axşama saxlamağı qərara aldı. Həm də düşündü ki, hər bir maraqlı, xoş bir macəranın arxasında, nəsə xoşagəlməz bir hadisə də dayana bilər. Ona görə də bacardıqca sakit həyat sürməyi, sonradan onu narahat edə biləcək hər hansı bir hadisə, ya da sürprizlə üzləşməməyi daha da üstün tutdu.
Rafis çox vaxt çöldə-bayırda gördüyü hadisələri daha da şişirdərək, evdə bu barədə ağızdolusu danışırdı. Bəlkə də həmin vaxtlar özünü bu hadisələrin içərisində hiss edirdi. Sonra da düşünürdü ki, bütün bunlar onun başına gəlsəydi, o, necə hərəkət edər və bu vəziyyətdən necə çıxardı? Boş yerə bu barədə götür-qoy etmək onu tamam yorurdu. Bu vaxtlar çox çalışırdı ki, öz həyatında baş verənləri daha çox təhlil etsin. Axırda bu qərara gəlirdi ki, keçmiş elə keçmişdə qaldı. İndi isə sabahkı işlər barədə düşünsə daha yaxşı olar.
Evə doğru bir qədər də irəlilədi. Həmişə qarşısında “Səyahətlər bürosu” yazılmış binanın önündən keçəndə, onu qəribə hisslər bürüyürdü. Hər zaman da fikirləşirdi ki, bu il yay vaxtı hökmən, həyat yoldaşını da götürüb, hansısa bir istirahət mərkəzinə getsin. Amma, vaxt çatanda, iş-güc başını elə qatırdı ki, axşamlar bir-iki saatlığa dəniz kənarında gəzməkdən başqa heç yerə çıxa bilmirdi.
İndi isə buradan ötəndə, binanın qarşısına vurulmuş bir elanı gördü. Orada belə yazılmışdı: “Bu dəfəki səfərimiz on min il bundan əvvəlki zamanlara olacaq. Səyahət belə adlanır: – “Mənfi on min”. Aşağıda telefon nömrəsi də yazılmışdı. O, elanın qarşısında dayandı. Bir qədər fikirləşdi. “Bu heç inandırıcı olmadı” – deyə düşündü. Amma hər ehtimala qarşı telefon nömrəsini də götürdü.
Evə çatarkən onu həyat yoldaşı Səmin qarşıladı. Bu vaxta qədər harada olduğunu, şəhərdə hansı təzə xəbərlər eşitdiyini soruşdu. Çöldə-bayırda gördüklərini danışmaq Rafisin heç xoşuna gəlməzdi. Bəzi vaxtlar arvadı bu barədə təkidlə soruşanda, o da qısaca olaraq ən vacib, ya da həddən artıq maraqlı olan hadisələr barədə danışırdı. Amma bu gün evə çatan kimi arvadının bu barədə suallarını səbirsizliklə gözləyirdi. Ona görə də qadın ondan yeni bir şey eşitmək istədiyini bildirəndə, dərhal, fikirləşmədən sözə başladı:
-Adamları özlərinə cəlb etmək üçün elə üsullara əl atırlar ki, lap məəttəl qalırsan.
O, bunu deyəndə, qadın başa düşdü ki, əri sözlü adama oxşayır, həm də maraqlı, eyni zamanda təəccüblü nəsə baş verib. Ona görə də gəlib əyləşdi.
-Hə, elədir, – deyib, ərinin nə deyəcəyini gözlədi.
-Bayaq bir binanın qarşısından keçirdim. Səhv eləmirəmsə səyahətlər bürosu idi.
Qadın saçlarını əlləri ilə geri daraqlayıb, sonra da ağzında tutduğu sancağı sağ əli ilə arxa tərəfdə, çox da uzun olmayan saçlarına bərkidib dilləndi:
-Nə olsun ki? Bəlkə harasa getməyi planlaşdırırsan, bizim də xəbərimiz yoxdu? Amma, bu neçə ildə hələlik belə bir səfərdə olmamışıq. Bəlkə taleyimiz üzümüzə gülüb?
Rafis dedi:
-Söhbət ondan getmir. Hərdən elə şeylər eşidirsən ki, adamın heç inanmağı gəlmir.
Qadının səbri tükəndi:
-Hə, sonra, məsələn…
-Bayaq həmin binanın qarşısından keçəndə gözümə bir elan sataşdı. Yazmışdılar ki, keçmişə, on min il əvvələ səyahət planlaşdırılıb.
Qadın gülüb dedi:
-Necə? Uzağa getmədin ki? Elandı da veriblər. Belə cəlbedici yazılar çox olur.
Sonra yenə nəsə fikirləşib dedi:
-Bəlkə ora kinoteatr imiş. Belə filmləri görməmisən? Ən qədim insanlardan, keçmiz zamanlardan bəhs edir. Yəqin yeni bir film çəkiblər, onun anonsunu görmüsən.
Kişi qəti etiraz etdi:
-Yox, nə danışırsan? Nə film, nə kino? Bu ola bilməz. Ora səyahətlər bürosudur. Kino ilə, teatrla heç bir əlaqəsi yoxdur.
Qadın bir azdan yenə dilləndi:
-Mənim ağlıma yeni bir fikir gəldi. Bilirsən, dünyanın elə yerləri var ki, indi bu dəqiqə də insanlar orada ibtidai şəkildə yaşayırlar. Okeanlardakı adalarda, şəhərlərdən uzaq, kimsəsiz cəngəlliklərdə həyat sürən belə tayfalar çoxdur. Gündüzlər oxla, nizə ilə silahlanaraq ovçuluq edir, axşamlar isə ağac budaqlarından, iri yarpaqlardan düzəldilmiş komalarda, mağaralarda yaşayırlar. Hərdənbir onları televizorda da göstərirlər. Bəlkə də səyahətçiləri ora aparıb, həmin yerləri keçmiş, qədim zaman kimi təqdim edəcəklər. Belə də ola bilər.
-Yox, sən düzgün fikirləşmirsən deyə, Rafis öz fikrini bildirdi. – Adamları bu cür aldada bilməzlər. Əyər belə etsələr, onların şirkəti nüfuzdan düşər. Gələn dəfə heç kim onlara inanmaz. Beləliklə də, gördükləri iş sıradan çıxıb gedər. Burada nəsə başqa bir məsələ var.
-Nə ola bilər ki? Onlar yazdı, sən də inandın? Onu da bil ki, ötüb keçən bir saniyəni belə heç kim geri qaytara bilməz. Sən isə on min ildən danışırsan. İndi nə düşünürsən? Əyər həmin vaxtları geri qaytara bilsələr, təbii ki, həmin dövrdə biz heç anadan olmamışdıq. Düzdürmü? Əyər həmin zamanlarda biz yox idiksə, yenidən həmin hadisələri necə görə bilərik? Məncə, hər şeydən əvvəl, bu suala cavab tapmaq lazımdır. Həmin illərdəki həyatı, baş verənləri biz yalnız yuxularımızda görə bilərik. Yuxu demişkən, yadıma bir şey düşdü. Bir neçə gün bundan qabaq eşitmişdim ki, beş-on nəfər insanı bir otağa yığıb, onları yatızdırırlar. Sonra da həmin adamlara təlqin edirlər ki, nə bilim, sən filan ölkədəsən, okeanın dibindəsən, ya da dağın zirvəsindəsən. Həmin insanlar da bütün bunları, demək olar ki, yatmış vəziyyətdə hiss edirlər. Ayılandan sonra da elə bilirlər ki, doğrudan da bir neçə dəqiqə bundan əvvəl həmin yerdə olublar. Bilmək olmaz, bəlkə indi gördüyün bu binada həmin üsuldan istifadə edirlər.
Rafis bir müddət dinmədi. Heç nə deyə bilmirdi. Ağlına qəribə şeylər gəlirdi. Amma bu məsələ barədə nə qədər fikirləşdisə, sonda bir qərara gələ bilmədi.
Nəhayət dedi:
-Səmin, mən belə düşünürəm ki, burada oturub cürbəcür fərziyyələr irəli sürməkdənsə, sabah həmin yerə gedim. Bu maraqlı səyahət barədə bir şey oyrənim. Hər halda oradakı işçilər gələnləri aldatmazlar.
Qadın razılıqla, həm də içərisindən keçən sevinc hissi ilə dedi:
-Əyər belə bir səfərdə iştirak etmək istəsən, birdən-birə razılıq vermə. Gəl evdə məsləhətləşək. Bu cür səyahətlər çox vaxt qorxulu ola bilər.
-Arxayın ol. Bir də ki, gedəndə tək getməyəcəyəm ki. Bir yerdə gedərik. Narahat olma.
Rafis çox təəssüf edirdi ki, belə bir elanlara əvvəllər niyə əhəmiyyət verməyib. Bəlkə bundan da maraqlı, insanın ömründə böyük izlər buraxan səfərlər də var. Bu yaxınlarda eşitmişdi ki, kosmosa da səyahət təşkil olunacaq. Amma, buna o qədər də əhəmiyyət verməmişdi. Çünki, ömründə bir dəfə də olsun, heç təyyarəyə də minməmişdi. Həmişə deyirdi ki, yerdə rahatca gəzirəm, bu elə mənim bəsimdir. İndi isə keçmişə səyahət sözünü eşidəndə, biganə qala bilmədi.
Səhər tezdən evdən çıxıb “səyahətlər bürosu”na yollandı. Yol boyu getdikcə, bu səfər barədə qabaqcadan hansı məlumatların veriləcəyini düşünürdü. Ağlına cürbəcür variantlar gəlirdi. Binaya bir az qalmış ayaq saxladı, fikirləşdi ki, belə bir səyahətdə olmaq mənim nəyimə lazımdır ki? Yaxşısı budur ki, bir-iki ay sonra, ora gedənlərdən bir-ikisini axtarıb tapım və nə gördüklərini, nə müşahidə etdiklərini soruşub öyrənim. Əgər həmin yerdə ziyanlı, qorxulu hadisələr baş verməyirsə, həm də çox maraqlı gəzintidən söhbət gedirsə, onda getməyə dəyər. Bu fikirlə istədi ki, geri qayıtsın. Amma, həyat yoldaşının məzəmmətedici siması onun gözlərinin qabağına gəldi. Sanki o deyirdi: “Biz hara, belə uzaq səfərlər hara. Yəqin çox pul istədilər. Baha başa gəldi. Ona görə də tez evə qayıtdın”. Bunu fikirləşərək, “nə olur olsun, daha gəlib çıxmışam” – dedi. Sonra da yubanmadan qapını açıb içəri girdi.
Divarları cürbəcür tablolarla, qədim dövrləri əks etdirən şəkillərlə bəzədilmiş bu zalda, təxminən on-on iki nəfər adam var idi. Bəziləri ayaq üstə, digərləri də kresloda oturmuşdu. Çox güman ki, onlar da bu səyahət üçün müraciət etməyə gəlmişdilər. Giriş qapısına yaxın olan stulların birində cavan bir oğlan əyləşmişdi. Əynindəki paltarından, üst-başından hiss olunurdu ki, bu adam daha çox uzaq səfərlərə getmək həvəskarıdır. Rafis də onun yanında gəlib oturdu. Dedi:
-Yəqin ki, siz də elanı oxuyub gəlmisiniz. Eləmi?
Oğlan ona tərəf çevrilib soruşdu:
-Hansı elanı?
-Binanın çölündə yazılanı deyirəm. Keçmişə səyahət.
-Hə, əslində bu barədə çoxdan eşitmişəm. Bir dostum var. O da bu yaxınlarda həmin yerdə olub.
Rafis bu xəbərə sevindi. İstər-istəməz, üzündə xəfif bir təbəssüm də yarandı:
-Doğrudan? Bu çox yaxşı oldu. Belə bir adam axtarırdım. De görüm, o, səyahət barədə nə danışdı? Ora necə gediblər? Nə görüblər?
Oğlan bir qədər fikirləşib dedi:
-Mən də ondan çox şeylər soruşdum. Amma, məni qane edəcək bir söz demədi. Yəqin ki, ora gedənlərə tapşırırlar ki, qayıdandan sonra bu barədə başqalarına heç nə deməsinlər.
-Niyə? Bu gizli bir işdir? Yoxsa necə?
-Məsələ onda deyil. Mən belə başa düşdüm ki, bura gələnlər, bütün məlumatları biləndən sonra, daha ora getməkdə maraqlı olmayacaqlar. Bu şirkətin də müştəriləri azalacaq.
Rafis dərin fikrə getdi. Sonra yenə sual verdi:
-Bəs demədi ki, ora yaxındır, yoxsa uzaq? Maşınla gediblər, ya təyyarə ilə? Heç nə öyrənə bilmədin?
-Yalnız onu dedi ki, gedəndə onların telefonlarını, saatlarını alıblar. Şəkil, ya da video çəkməyə icazə yoxmuş. Saatlarını da alıblar ki, nə qədər vaxt keçdiyini anlamasınlar. Sonra onları tamamilə qapalı bir maşına mindiriblər. Elə maşına ki, heç pəncərələri də yoxmuş. Məqsəd də o imiş ki, hara getdiklərini bilməsinlər. Amma dostumun dediyinə görə, həmin yer çox da uzaq deyilmiş. Səhər tezdən buradan çıxıblar. Günortadan sonra evə qayıdıblar. Həmin yerdə ibtidai insanları da görüblər. Əsl keçmiş zamana düşüblər. Bununla belə, onun üzünün ifadəsindən və danışığından belə başa düşdüm ki, daha vacib və maraqlı bir məqamı məndən gizlədir.
Bu zaman qarşıdakı otaqların birinin qapısından işçilərdən biri çıxıb, gələn adamları salamladı. Sonra da dedi:
-Bilirəm, səyahət üçün gəlmisiniz. Qeydiyyatdan keçin. Həftənin bazar günü səhər saat səkkizdə burada olun.
Adamlardan biri dilləndi:
-Xahiş edirik, səyahət barədə bizə ətraflı məlumat verəsiniz. Biz hara getdiyimizi, nə vaxt qayıdacağımızı bilək.
İşçi adam dedi:
-Mən bu səfər barədə sizə geniş məlumat verə bilmərəm. Bu, şirkətin sirridir. Amma, onu deyə bilərəm ki, siz, on min, bəlkə də on beş min il bundan əvvəl olan bir dövrü öz gözlərinizlə görəcəksiniz. Axşama qədər də evinizə qayıdacaqsınız. Səfərin qiyməti də çox ucuzdur. Hamı üçün çox sərfəlidir. Bu qədər. İndi isə qeydiyyat başlayır.
Adam bunu deyib, öz otağına girdi. Gələnlər də bir-bir onun yanına gedib, sonra da əllərində bilet otaqdan çıxaraq evlərinə gedirdilər. Rafis qəsdən lap axıra qaldı ki, bəlkə həmin adamlardan nəsə yeni bir şey öyrənsin. Amma, qeydiyyatdan keçənlər dinməzcə binadan çölə çıxırdılar. Nəhayət, növbə ona çatdı. Zalda daha heç kim qalmamışdı. Bu vaxt sol tərəfdəki otağın qapısı açıldı. Bir nəfər çıxıb gözləmə zalına keçdi. Rafisi görüb uca səslə dedi:
-Rafis, dostum, bu sənsən? Çoxdandır səni görmürəm. Elə bildim başqa şəhərə köçüb getmisən.
Bu vaxt Rafis də ona yaxınlaşıb:
-Rabat, səni görməyimə çox şadam, necəsən? – dedi. – Təsəvvür etməzdim ki, bu boyda şəhərdə yenidən qarşılaşaq. Sən də səyahət üçün gəlmisən? Bir yerdə getsək çox yaxşı olar.
-Yox dostum, sən düz tapmadın, mən buranın işçisiyəm. Neçə ildir ki, bu şirkətdə çalışıram. Turist səfərlərini də mən təşkil edirəm.
Rafisin sevincinin həddi-hüdudu yox idi. Daha heç nəyə görə narahatlıq hiss etmirdi. Güman edirdi ki, hər şeyi dostundan təfərrüatı ilə öyrənəcək. Sonra da eşitdikləri onun üçün sərfəli olsa, getməyə qərar verəcək.
Ona görə də tez dilləndi:
-Dostum, mən də getmək istəyirəm. Bu vaxta qədər elə bir yerlərdə olmamışam.
Rabat dedi:
-Sən yer dedin? Haradan bildin ki, bu səyahətçilər hansısa bir əraziyə, məkana gedirlər?
Rafis gülümsünüb dedi:
-Dostum, sən də, mən də çox yaxşı bilirik ki, zamanın bir anını belə geriyə qaytarmaq olmaz. Amma, siz on min il geri qayıtmaqdan dəm vurursunuz. Çox yaxşı başa düşürəm ki, bu qabaqcadan, məharətlə qurulmuş bir səhnə, ya da ki, şirin bir yuxu ola bilər. Bayaq, sizin işçidən də bu barədə soruşduq. O da dedi ki, bu, şirkətin sirridir. Bu haqda heç nə deyə bilməz.
-Düz deyir, tapşırıq var.
Rafis yenə təkid etdi:
-Dostum, sən mənim xasiyyətimi çox gözəl bilirsən. Yaxşı başa düşürsən ki, eşitdiklərimi heç yerdə danışan deyiləm. Səndən xahiş edirəm ki, bu səfərin nədən ibarət olduğunu, əsl mahiyyətini mənə de. Gizli heç nə qalmasın.
Rabat bu dəfə xeyli fikirləşdi. Hiss olunurdu ki, tərəddüd edir, heç nə danışmaq istəmir. Sonra üzünü Rafisə tutub dedi:
-Arxamca otağa gəl. Bu, bir-iki dəqiqəlik söhbət deyil.
Hər ikisi onun kabinetinə daxil oldular. Bura, hər şeydən çox, xüsusi təcrübələr keçirilən bir məkana bənzəyirdi. Cürbəcür xırda bitkilər, şüşə qablarda toxumlar, irili-xırdalı yarpaqlar, böyüdücü cihazlar və sair əşyaları görmək olardı.
-Əyləş, dostum – deyə, Rabat sözə başladı. Sən məndən elə bir xahiş etdin ki, əyər rəhbərlik bundan xəbər tutsa, məni həmin dəqiqə işdən azad edərlər. Amma, bununla belə mən sənə nə lazımdırsa, onu da danışacağam. Ona görə ki, vaxtilə, mənə böyük yaxşılıqlar etmisən. İndi qulaq as, gör nə deyirəm. Əyər mən həmin yer barədə qısaca məlumat versəm, sən heç nə başa düşməyəcəksən. Sonra da sualı sual dalınca verəcəksən. Mənim isə vaxtım azdır. Ona görə də lap əvvəldən başlamaq istəyirəm. Bir neçə il bundan əvvəl, öz dostlarımla, iş adamları ilə bir yerdə qərara aldıq ki, çox da iri olmayan turizm şirkəti açaq. Nəhayət, az müddət içərisində öz istəyimizə çatdıq. Yeni başladığımız vaxtlar, yaxın yerlərə, maraqlı, görməli, mənzərəli ərazilərə səfərlər təşkil edirdik. Sonra qərara aldıq ki, adamlar arasında sorğu keçirək. Daha çox hara getmək, nələri görmək istəsələr, biz də işimizi həmin istiqamətdə davam etdirərik. Çox keçmədən, səyahətçilərin əksəriyyəti, Yer kürəsinin Şimal tərəflərinə, buzlu okeanın sahillərinə getmək istədiklərini bildirdilər. Ora da getməkdə məqsədləri həmin yerin təbiəti ilə tanış olmaq idi. Nəhəng buz dağlarını, okeanın içərisində üzən iri buz parçalarını, ağ ayıları, uzun dişli morjları görmək istəyirdilər. Biz də onların təkliflərini nəzərə alaraq, təxminən altı il əvvəl, belə bir səfər təşkil etdik. Okeanın sahilindəki rayonların birində, tədqiqatçı alimlər də çalışırdı. Burada, kiçik təyyarələrin də enib-qalxması üçün meydança var idi. Xatırladım ki, həmin yerə başqa nəqliyyat vasitlərinin gedib-gəlməsi mümkün deyildi. On beş nəfər səyahətçi ilə bir yerdə təyyarəyə əyləşib həmin əraziyə uçduq.
Bu vaxt Rafis dilləndi:
-Yox, mən təyyarəyə minə bilmirəm. Çox qorxuram.
Rabat gülüb dedi:
-Qulaq as, səni heç ora aparan da yoxdu. Nə isə, həmin rayonda yerə endik. Yerdə təxminən yarım metr qar var idi. Temperatur da mənfi əlli dərəcəyə çatırdı. Mənimlə gedənlərə qabaqcadan tapşırmışdım ki, özləri ilə qalın paltarlar götürsünlər. Yoxsa, buranın soyuğuna, şaxtasına dözə bilməzlər. Bizi orada həmin alimlər qarşıladılar. Hər tərəf ağ örpəyə bürünmüşdü. Qardan, buzdan, bir də elm adamlarının yaşadıqları ağac, taxta komalardan başqa heç nə görünmürdü. Nəhayət, duman da çəkilib, hava bir qədər də işıqlandı. Uzaqdan, sahilə doğru yaxınlaşan iri buz parçaları aydın görünməyə başladı. Bir qədər keçdikdən sonra, buzların üzərində nəhəng ağ ayılar nəzərə çarpdı. Sanki onlar, üzərində olduqları parçaların sahilə, donmuş torpağa daha da yaxınlaşmasını gözləyirdi. Beş dəqiqə keçməmiş onlar suya atılıb, üzə-üzə biz dayandığımız yerə yaxınlaşmağa başladılar. Ayıların bu hərəkətindən çox qorxuya düşdüm. Onlar mənimlə gələn adamlara hücum edə bilərdilər. Amma, alimlərin biri dedi ki, bunların insanlarla heç bir işi yoxdur. Narahat olmaya bilərsiniz. Nəhayət, bu heyvanlar sudan çıxıb, sahildəki qarı, sonra da donmuş torpağı iti caynaqları ilə eşməyə başladılar. Ayıların qabaq əlləri çox güclü və sürətlə işləyirdi. Az müddət ərzində, dərinliyi təxminən bir metrə yaxın iri çuxurlar qazdılar. Sonra da məlum oldu ki, həmin qazılmış yerlərin içərisində nəsə axtarırlar. Alimlər bizə məlumat verdilər ki, onlar burada qədim dövrlərdən bəri torpağın altında donub qalmış ağacların köklərini və iri toxumlarını tapıb yeyirlər. Ona görə də sahilə çıxıb tez-tez bura gəlirlər. Sonra da dedilər ki, həmin bu ağac kökləri, toxumları təxminən on beş min il bundan əvvəl buzların altında qalmış bir meşənin qalıqlarıdır. Bu vaxt ərzində onlar xarab olmamış, əvvəlki vəziyyətlərini saxlamışlar. Mənim ağlıma belə bir fikir gəldi. Ayılar çıxıb gedəndən sonra, həmin çuxura girmək və oradan lazımi qədər ağac kökləri və toxumlar götürmək. Bir az da gözlədik. Ağ ayılar həmin yerdə təxminən bir saata qədər eşələndi. Çox güman ki, tapdıqları yem şirin və dadlı idi. Nəhayət, onlar çuxurdan çıxıb, yenidən suya baş vurdular. Mən iş yoldaşımla bərabər qazılmış yerə endik. Oradan cürbəcür ölçüdə ağac kökləri, rəngbərəng, irili-xırdalı toxumlar götürdük. Bir-iki saat da ötdü. Biz, səyahəti başa vurub geri qayıtdıq. Həmin bu otağa gələndən sonra, mən, toxumları iri dibçəkdə əkib becərməyə başladım. Çox keçmədən onlar cücərdilər. Bu vaxt alimlərin dediyi sözlər yadıma düşdü:
-“Əbədi buzlaqların, donmuş torpağın altında qalmış bitkilər, toxumlar çürüyüb məhv olmur. Əvvəl necə idisə, eləcə də qalır”. Cücərtilər gündən-günə böyüyüb hündürləşirdi. Sonra fikirləşdim ki, bunlar boy atıb ağaclara çevriləndən sonra, onları daha otaqda saxlaya bilməyəcəyəm. Ona görə də şəhərin kənarındakı meşənin içərisindən geniş bir torpaq sahəsi aldım. Onun kənarlarına dəmir tordan hasar da çəkdim. Həmin bu ağac tinglərini aparıb orada sıra ilə əkdim. Hesablamalarıma görə təxminən min ədəd olacaqdı. Nəhayət, bir il də keçdi. Yer üzündəki ağaclara, meşələrə bənzəməyən yeni bir bitki növləri əmələ gəlmişdi. Qəribə görkəmə malik, hündür, möhkəm ağaclar, onların budaqlarındakı iri, dadlı meyvələr, enli, üzərindən şeh süzülən yaşıl yarpaqlar, bir sözlə nə var idisə hamısı indiki bitkilərdən fərqli idi. Həmin vaxt mən, alimlərdən birini bu bağa dəvət etdim. O, mənə dedi ki, sən doğrudan da on beş min il bundan əvvəlki meşəni yenidən yaratmısan. Sonra isə mənə məsləhət gördü ki, buranı həmin dövrə aid quşlarla və heyvanlarla zənginləşdirim. Mən bunu necə edəcəyimi soruşanda o dedi:
-Gəl mənimlə bir yerdə yenə də buzlu okeanın kənarına, bizim tədqiqat obyektinə gedək. Orada hər şeyi sənə başa salaram.
Səhərisi gün, biz təyyarə ilə həmin yerə uçduq. Yay vaxtı olduğundan buradakı əbədi buzlar, yerdəki qar gümüş kimi parıldayırdı. Səma açıq idi. Amma, günəş görünmürdü. Sonra alim məni başa saldı ki, burada yay vaxtı da şaxta olur. Yoxsa, buzlar əriyər. Bütün quru sahələrini su basar. Günəşin görünməsinə gəldikdə isə, o ildə bir-iki gün, iyun ayında, üfüqdə, təxminən bir saatlığa qırmızı rəngdə görünür. Başqa vaxtlar onu görmək mümkün deyil. Sonra o, məni ayıların qazdığı daha dərin bir çuxurun yanına apardı. Mən ora enəndə, gözlərimə inana bilmədim. Burada çoxlu, irili-xırdalı, rəngbərəng yumurtalar var idi. Mən bunların hansı quşların, heyvanların yumurtası olduğunu soruşanda, alim dedi:
-Bizim tədqiqatlara görə, yer üzündə təxminən yüz min illər bundan əvvəl də cürbəcür canlılar, həşəratlar, ilanlar, nəhəng quşlar yaşamışlar. Həmin vaxtlar demək olar ki, yer üzü meşələrlə örtülü idi. Hələlik heç bir insan məskənləri də yaranmamışdı. Tez-tez ildırım vurması nəticəsində, meşə yanğınları törənirdi. Həm də sönməyərək, illərlə davam edirdi. Orada yaşayan heyvanlar da sağ qalmaq, canlarını qurtarmaq üçün Şimal tərəflərə, buzlu okeanın sahillərinə üz tuturdular. Onlar yaşamaq üçün torpağı qazıb, orada öz yuvalarını yaradır, yumurta qoyurdular. Sonra da qəfil fırtına nəticəsində onların çoxu buz təbəqələrinin altında qalırdı. İndi isə sən bu yumurtalardan bacardıqca çox götürməyə çalış. Biz müəyyən etmişik ki, onlar heç də xarab olmamışlar. Geri qayıdandan sonra isə isti yerdə saxlayıb, onlardan hansı quşların, həşəratların balalarının çıxmasını gözlə. Əminəm ki, çox maraqlı hadisələrlə qarşılaşacaqsan.
Sonra mən orada, təxminən futbol topu boyda iki yumurta da gördüm. Bunların hansı heyvana məxsus olduğunu soruşanda alim dedi: -“Bu haqda sənə heç nə deməyəcəyəm. Qoy o da sənə mənim tərəfimdən bir sürpriz olsun”. Mən yumurtaları iri qutulara yığıb, geri qayıtdım. Alimin dediyi kimi isti yerlərdə saxlayıb, hər gün də onları bir neçə dəfə o tərəf, bu tərəfə çevirirdim. Bir neçə gün də keçdi. Gözlərimə inana bilmirdim. Hər gün bunların içərisindən çıxan quş balalarını, ilanları və mənə tanış gəlməyən başqa həşəratları görürdüm. Onları yığıb, gecikmədən aparıb meşənin içərisində saldığm yeni bağa buraxdım. Qaçıb, başqa yerlərə dağılmamaqları üçün ətrafda olan toru bir qədər də möhkəmləndirdim. Amma, iri yumurtalardan hələlik bir şey çıxmırdı. Günlərin birində, otağa girərkən gördüm ki, artıq futbol topu boyda olan yumurtaların biri çatlayıb. İçindən də kərtənkələyə oxşar iri bir həşərat çıxıb. Fikirləşdim ki, bu boyda həşərat yumurtası ola bilməz. İşin axırını gözləmək lazımdır. Bu canlı isə gündən-günə böyüyürdü. Onun uzunluğu yarım metrə çatmışdı. Bu vaxt mən həmin alimə zəng vurub dedim:
-Mən artıq qorxuya düşməyə başlayıram. Xahiş edirəm, bunun hansı heyvan olduğunu mənə deyin.
Alim həyəcanla dedi:
-Mən belə olacağını heç təsəvvür etməzdim. Yaxşı ki, vaxtında zəng vurdun. Bir ay da ötsəydi, daha heç nə edə bilməyəcəkdin. Bu yumurtalar dinozavr yumurtası idi. Bir azdan onlar uzunluğu on beş metr, hündürlüyü də altı-yeddi metr olan nəhəng sürünən heyvanlara çevriləcəklər. Nə qədər ki, gec deyil, onları həmin bağa apar. Hər tərəfi də yenidən möhkəmləndir ki, çıxıb başqa yerlərə ziyan vurmasınlar.
Mən təcili olaraq onları maşına qoyub həmin yerə apardım. Alimin dediyi düz çıxdı. Çox keçmədən həmin bağda on min illər bundan qabaq olan bir mənzərə yarandı. Qanadlarının uzunluğu iki metrə çatan nəhəng quşlar, sürünən iri ilanlar, uzunluğu on iki-on beş metr olan dinozavrlar insanı heyrətə gətirirdi. Onların bu kiçik meşənin içərisində gəzməsinə, yemlənməsinə baxmaq həddən artıq maraqlı idi. Nəhəng dinozavrlar da heç bir çətinlik çəkmədən ağacların başındakı iri və dadlı meyvələrdən doyunca yeyirdilər. Sonra mən ora səfərlər təşkil etdim. Yaratdığım bu qapalı, balaca meşə, keçmiş zamanın bir hissəsi təsirini bağışlayırdı. Hamıya da elə gəlirdi ki, doğrudan da iki saatlığa bu dövrdə yaşamışdır.
Günlərin birində iki cavan ailə də bizimlə bir yerdə həmin meşəyə səfərə yollandı. Qayıdandan sonra mənə dedilər ki, biz macəra həvəskarıyıq. Qorxulu, eyni zamanda həddən artıq maraqlı, həm də başqalarının olmadıqları yerdə yaşamaq istəyirik. Ona görə də icazə versəniz, sizin qurduğunuz bu məkanda heç olmasa bir il qalardıq. Mən də onlara dedim ki, bu ərazidə vəhşi heyvanlar, həşəratlar çoxdur. Mən sizin həyatınız üçün cavabdeh ola bilmərəm. Uzun danışıqlardan sonra, bir illik müqavilə ilə onlara həmin bağda yaşamağa icazə verdim. Həyatları daha maraqlı olsun deyə, eyni zamanda həm özlərini, həm də yeddi-səkkiz yaşlı uşaqlarını heyvanlardan qorumaq üçün onlar bura gələn kimi özlərinə möhkəm ağac budaqlarından geniş bir ev də düzəltdilər. Bu şəraitə uyğun paltarlarını da burada ovladıqları heyvanların dərisindən hazırlamışdılar. Geyimlər çox da mürəkkəb quruluşda deyildi. Sadə bir formada olan qolsuz gödəkcə, bir də qıçları dizə qədər şalvardan ibarət idi. Xatırladım ki, bu bağdakı heyvanlar və quşlar həddən artıq artıb çoxalmış, bu iki ailənin qidalanması üçün tamamilə kifayət edirdi. Ona görə də onlar kənardan ərzaq gətirilməsini də istəmədilər. Dadlı, şirin meyvələr də onların ixtiyarında idi. Çox keçmədən bu adamların saçları da uzanaraq çiyinlərinə çatdı. Kənardan baxanda, ibtidai insan formasında görünürdülər. Əllərindəki möhkəm, düz ağac çubuqlarından düzəldilmiş iti uclu nizə və elastiki budaqlardan hazırlanmış kaman və ox onları həddən artıq cazibədar göstərirdi. Beləliklə, biz, səyahətçiləri daha çox maraqlandıran və cəlb edən bir ərazi qurub yaratdıq. Hər həftənin bazar günü ora səyahətlər təşkil edirik. İnsanlar da bu gəzintidən çox razı qalırlar. İndi isə dostum, mənə diqqətlə qulaq as. Sənin xahişini yerinə yetirib, əvvəldən axıra qədər nə vardısa hamısını sənə dedim. Sən də söz ver ki, həmin məkanın necə yarandığını heç yerdə açıb danışmayacaqsan.
Bu vaxt Rafis dedi:
-Arxayın ol Rabat, mən heç kimin sirrini açan deyiləm. Sənin də çəkdiyin bu zəhmətə çox heyran qaldım. Hər şey bir yana, sənin dediyin o nəhəng dinozavrları tezliklə görmək istəyirəm.
Sonra o, iki ədəd bilet alıb evə qayıtdı. Rafis gələn kimi arvadı onu sorğu-suala tutdu:
-De görüm neylədin? Hara getdin? Bir şey öyrənə bildin?
-Narahat olma – deyə, əri cavab verdi. Səfər barədə məlumatım çoxaldı. İki dənə də bilet aldım.
Səmin sevincək dedi:
-Bu çox yaxşı oldu. İndi isə danış görüm, biz keçmişə necə gedəcəyik, necə qayıdacağıq?
Kişi bir az fikirləşib dedi:
-Əslinə qalsa, onlar çox şeyi adama bildirmirlər. Amma, orda işləyən mənim dostum idi. Bircə onu dedi ki, bu səyahət çox maraqlı olacaq. Günortadan bir-iki saat sonra da qayıdıb evinizə gələcəksiniz.
-Demək biz harasa gedəcəyik. Bir tərəfə baxanda, bu çox yaxşı oldu. Nə isə, gedərik, görərik.
Bazar günü səyahətçilər, səhər tezdən Turizm bürosunun həyətinə toplaşmışdılar. Onlar on iki nəfər idi. İçərilərində beş qadın da var idi. Rabat çölə çıxıb onları qarşıladı, sonra da müəyyən tapşırıqlar verdi. Maşına əyləşib şəhərdən çıxdılar. Oturduqları avtobusun şüşələri qara rəngli, tutqun olduğundan, çöl tərəf, getdikləri yol tamamilə görünmürdü. Adamlar bunun səbəbini soruşanda, Rabat dedi: – “Bu səfərdə gördüyünüz hər şey qeyri-adi tərzdə olacaq. Maraq dairəniz də lap çoxalacaq”.
Təxminən bir saat yol gedəndən sonra, mənzil başına çatdılar. Aşağı düşəndə, hər tərəfin qalın meşə və kollardan ibarət olduğunu gördülər. İrəlidə Rabat gedirdi. Bir azdan dəmir torlarla əhatə olunmuş bir ərazinin yanında idilər. Görünən nə vardısa, demək olar ki, qədim dünyanın bir parçasını xatırladırdı. Ağac budaqlarından səliqəsiz halda tikilmiş, divarları palçıqla suvanmış, üstü ağac budaqları və iri yarpaqlarla örtülmüş bir daxma səyahətçilərin diqqətini daha çox cəlb etdi. Evin qarşı tərəfində isə ocaq yandırılmış, ətrafında dörd nəfər adam oturmuşdu. Yanlarında iki azyaşlı uşaq da vardı.
Kabab iyi hər tərəfi bürümüşdü. Bir az kənarda isə torpağa səpələnmiş quş lələkləri gözə çarpırdı. Çox güman ki, yenicə ovladıqları iri quşları bişirib yeməklə məşğul idilər. Uşaqlar da həvəslə tonqalın o tərəf, bu tərəfinə keçir, öz ata-analarına nəsə deyirdilər. Bu vaxt, gələn adamlardan biri öz yanındakına dedi:
-Ora bax, ora bax, mən heç bunu təsəvvür etməzdim. Burada qədim insanlar da varmış.
-Yəqin nahar edirlər.
-Yanlarındakılar da uşaqlarıdır.
-Paltarları da yoxdur, dəriyə bürünmüşlər.
-Yox, elə onların geyimləri belə olur.
-Yanlarında ox, kaman da var. Görəsən, bizə hücum etməzlər ki?
-Bilmək olmaz. Belə yerlərdə çox işlər baş verə bilər.
Bir azdan kabab bişirən adamların biri ayağa qalxdı. O tərəf, bu tərəfə baxdı. Gələn turistləri gördü və onlara tərəf gəlməyə başladı. Bir qədər uzaqda dayanmış Rabat əli ilə ona nəsə bir işarə etdi. O da gülümsünüb geri qayıtdı. Beş-on dəqiqə də keçdi. “Qədim insanlar” nahar edib qurtardılar. Qadınlar da ayağa qalxdılar. Onların da əynində dəridən yöndəmsiz halda düzəldilmiş bir geyim vardı. Başmaq şəklində olan ayaqqabılarının isə üzü parıldayırdı. Çox güman ki, hansısa bir iri ilanın dərisindən hazırlanmışdı. Onlar bir-birinin saçlarını səliqəyə salmağa çalışır, cazibədar görünmək üçün başlarına yarpaq və güllərdən düzəldilmiş bəzək əşyaları da bərkidirdilər.
Kişilər isə yemək qalıqlarını aparıb bir kənara tulladılar. Sonra uşaqları çağırıb daşların üzərində əyləşdirdilər. Təxminən yarım metr uuzunluğunda rəngbərəng, nazik çubuqları gətirib, onların qarşısına tökdülər. Uşaqlar da həvəslə onların bir neçəsini ayırıb kənara qoyurdular. Sonra yenə başqa çöplərdən götürüb ora əlavə edirdilər. Hər dəfə də onları sayırdılar. Axırda da bu çubuqları gah üçbucaq, gah dördbucaq, gah da çoxbucaqlı şəklində torpağın üzərinə düzərək, müxtəlif fiqurlar yaradırdılar. Bu vaxt yenə səyahətçilərdən biri dilləndi:
-Mənə elə gəlir ki, onlar uşaqlarına riyaziyyat dərsi keçirlər.
-Tamamilə düz deyirsən. İndi isə diqqətlə bax, o biri uşaq bir neçə çöpü götürüb bir kənara qoydu.
-Bu da çıxma əməliyyatıdır – deyə, başqa birisi dilləndi.
-Demək, bir qədər ağılları işləyir. Get-gedə hələ çox şey öyrənəcəklər.
-Bəlkə də bunlar bizim əcdadlarımızdır. Sən necə düşünürsən?
-Hə, mən də belə fikirləşirəm. Bütün cəmiyyət belə bir inkişaf yolu keçib.
Təxminən bir saata qədər vaxt keçmişdi. Turistlər maraqlı mənzərələrlə qarşılaşdılar. Qəribə heyvanlar, cürbəcür həşəratlar da görünürdü. Rafislə Tibor gələn adamlardan bir qədər kənarda dayanmışdılar.
Rafis soruşdu:
-Rabat, sən mənə demişdin axı, bu səyahət zamanı dinozavrları görəcəyik. Amma hələlik gözümə dəymirlər. Onları görməmiş buradan getmək istəmirəm.
Bu vaxt Rabat dedi:
-Dostum, bir az yavaş danış, bizimlə gələnlər heç nə eşitməsinlər. İstəyirəm ki, onlar əvvəlcədən etdiyimiz söhbətdən xəbər tutmasınlar. Nəhəng heyvanlara gəldikdə isə bir az gözlə. Çox güman ki, onlar yatıblar.
Sonra o, içəridəki adamlardan birini əl işarəsi ilə yanına çağırıb yavaşca dedi:
-Mənə qulaq as, dinozavrlar hanı? Onları görmürəm.
Gələn adam Rabatla söhbət etməsini heç kimin görməməsi üçün üzünü yana çevirərək pıçıltı ilə dedi:
-Onlar yatıblar.
-Get onları oyat. Bura gələnlər bu heyvanları görməsələr, səyahətin də heç bir marağı olmaz.
-Necə oyadım? Möhkəm yuxuya gediblər.
-Bir şey fikirləş. Sən, mən deyəni elə, tikanlı kollardan birini qoparıb, onların burnuna, ya da qulağına toxundur. Amma bunu çox yavaş-yavaş, həm də ehtiyatla et ki, heyvanlar hirslənməsinlər.
-Bu çox təhlükəlidir. Onları qıcıqlandırsam, sonra qarşısını ala bilməyəcəyik.
-Heç nə olmaz. İşinə başla. Amma, ehtiyatla.
Həmin adam ağacların sıx olduğu yerə getdi. Heç bir dəqiqə keçməmiş dəhşətli bir bağırtı eşidildi. Ağaclar silkələnir, budaqlar qırılır, meyvələr top kimi göydə oynayırdı. Bu zaman iri quşlar da havaya qalxdılar. Vahiməli bir mənzərə yaranmışdı. Hamısının səsi bir-birinə qarışmışdı. Bayaqkı adam təşviş içərisində qaça-qaça o biri yoldaşlarının yanına çatıb qışqırdı:
-Bunu etməkdə çox səhv elədim. Onların belə reaksiya verəcəklərini heç ağlıma gətirməmişdim. İndi halımız necə olacacaq? Tez evə girin. Qapını da arxadan bağlayın. Mən görüm neynirəm.
Bu vaxt nəhəng heyvan göründü. Onun uzunu on beş, hündürlüyü isə yeddi-səkkiz metrə çatırdı. O, ağzını geniş açaraq, sanki parçalayıb yemək üçün bayaqkı adamı axtarırdı. O isə ağacların arasında tez-tez yerini dəyişib, gözə görünmək istəmirdi. Turistlər də dinozavrın bu hərəkətindən qorxuya düşüb, arakəsmədən bir qədər də uzaqlaşdılar. Çoxları da bu mənzərəni maraqla izləyir, gördükləri səhnənin şəklini, ya da videosunu çəkə bilmədikləri üçün çox təəssüflənirdilər. Bu zaman dinozavr iri, qalın quyruğunu həmin taxta komaya çırpmağa başladı. Zərbələr o qədər güclü idi ki, yüngül daxma hər dəfə yerindən oynayıb, dağılmaq dərəcəsinə çatırdı. İçəridə isə qadınlar və uşaqlar vardı. Xoşbəxtlikdən hələ o biri heyvan görünmürdü. Daxma isə hər an dağıla bilər, sonra da oradakı adamlar heç cür canlarını qurtara bilməzdilər.
Rabat qorxudan tir-tir əsirdi. Çünki o, buradakıların həyatı üçün cavabdeh idi. Çox keçmədən dinozavr qalın, güclü caynaqları ilə dəmir tordan düzəldilmiş hasarı cırmaqlamağa başladı. Əyər onu uçurub kənara çıxa bilsəydi, onda cürbəcür fəlakətlər qaçılmaz olacaqdı. Rabat üzünü turistlərə tutub qışqırdı:
-Mümkün qədər uzağa çəkilin. O, hasarı qopara bilsə, heç kim burada sağ qalmayacaq.
Bu vaxt ağacların arasında gizlənmiş adam göründü. Dinozavr bunu hiss edibmiş kimi arxaya çevrildi. Onu görəndə nərildəyərək, ağzını geniş açdı. İri, iti dişləri göründü. Dili də qorxulu şəkildə uzanaraq, irəli çıxmışdı. Adamın üstünə hücum çəkdi. Bayaqkı ocaq tamamilə sönməmiş, hələ də tüstüləyə-tüstüləyə yavaş-yavaş yanırdlı. Hər yerdən əli üzülən adam, yanar odundan birini götürdü. Əlini bacardıqca irəli uzadıb, onun tüstüləyən, qızmar köz olan tərəfini dinozavrın dilinə toxundurdu. Bu vaxt vəhşi heyvan qəribə səs çıxararaq, yerindən tullandı. Hiss etdiyi dözülməz ağrıdan özünü yerə çırpdı. Sonra da cəld bir hərəkətlə yerindən qalxaraq, qaçıb getdi. Ağacların arasında yox oldu.
Onun getdiyini görən adam komanın qapısını təpiklə döyüb, qışqırdı:
-Tez olun çıxın, gedək. Bizim daha burada qalmağımız qorxuludur. O, geri dönə bilər. Bu gün olmasa da, sabah bizi məhv edəcək. Cəld olun, gedirik.
Sonra da hamısı bir yerdə hasarın qapısından çıxıb, Rabatın yanına gəldilər. Bir qədər keçdikdən sonra turistlərlə bir yerdə, maşına minib şəhərə qayıtdılar. Səyahətçilər yol boyu həmin adamlara, onların uşaqlarına təəccüblə baxırdılar. Hərdənbir bir-birlərinə sarı dönüb pıçıldaşırdılar:
-Bu, heç yaxşı olmadı.
-Görəsən bu adamları harada saxlayacaqlar?
-Onlar bizim kimi danışa bilir?
Başqa birisi də fikirli halda deyirdi:
-Amma, üz-gözlərindən tamamilə bizə oxşayırlar. Çox təəccüblüdür.
-Nə bilim, heç nə deyə bilmərəm.
Səfər başa çatdıqdan sonra Rafis və arvadı evlərinə döndülər. Aldıqları təəssüratlar, keçirdikləri həyəcan o qədər güclü idi ki, hələ özlərinə gəlib, bir-birindən nəsə soruşmağa çalışmırdılar.
Axşam yeməyindən sonra, söhbəti qadın açdı:
-Mənim oradan gələn adamlara, uşaqlara lap yazığım gəldi. İndi burada necə yaşayacaqlar? Heç birinin təhsili də yoxdur. Hansı işlə məşğul olacaqlar?
Rafis gülüb dedi:
-Sən onlardan ötrü heç narahat olma. Burda, əvvəlkindən də yaxşı yaşayacaqlar. Meşənin içərisində yaşadıqları bəsdir.
Qadın bir qədər dayandı. Öz-özlüyündə nəsə fikirləşib, sonra dedi:
-Mən belə başa düşdüm ki, sən onlar barədə daha çox bilirsən. Amma, məndən gizlədirsən.
-Bilirsən necədir? Mən sənə bir sirr açım. Onsuz da gec-tez bunu hamı biləcək. Yaxşısı budur ki, məndən eşidəsən. Həmin insanlar bir-iki il bundan əvvəl bu şəhərdən ora getmiş adamlardır. Əyləncə, macəra xatirinə həmin yerdə müəyyən qədər yaşamağa başlayıblar. Axırı da belə oldu.
-Hə, indi başa düşdüm. Demək, onlar heç də ibtidai insan deyillər.
-Tamamilə doğrudur.
-Bəs oradakı ağaclar? Heyvanlar? Yəqin bu barədə də bir şey bilirsən.
-Meşəni, bağı Rabat özü qurub, yaradıb.
-Deməli belə. Sən hər şeyi qabaqcadan bilirsənmiş. Amma, məndən gizlətmisən.
-Mən də dünən eşitdim. Sənə də demədim ki, səyahətimiz bir az maraqlı olsun.
Qadın yenə sual verdi:
-Bütün bunları başa düşdüm. Bəs, o nəhəng dinozavr? O haradan gəlmişdi?
-Onun yumurtalarını buzlu okeanın sahilindən tapıb gətiribər. Sən demə, donmuş torpağın altında heç nə xarab olub keyfiyyətini itirmirmiş.
Beləliklə, Rafislə həyat yoldaşı arasında olan sual-cavab, söhbət gecə yarısına qədər çəkdi. Söhbətlərinin də əsas mövzusu o oldu ki, olub keçənləri hamı yenidən görmək, bir daha yaşamaq istəyir. Axırda da belə qənaətə gəldilər ki, yaşanmış dövrü, zamanı heç kim geri qaytara bilməz.