Qafarın əhvalı dünənkindən yaxşı idi. İstirahət günü olduğundan lazımi qədər dincəlmiş, axşamüstü də mağazalara baş çəkmiş, evə lazım olan ərzaqları alıb qayıdırdı. Qapını açıb içəri daxil olanda, evdəkilərə nəzər saldı. Sanki onlar bir saat bundan əvvəl gördüyü adamlar deyildi. On yeddi yaşlı oğlu Sərxan kresloda oturub, əlindəki telefonu əsəbi halda o tərəf, bu tərəfə çevirir, hərdən barmağı ilə aşağı tərəfini döyəcləyir, əlacı olsaydı sındırıb tullayardı. Arvadı Zəminə də gözlərini bir nöqtəyə dikmiş, sanki hər şeydən narazı halda divanda oturmuşdu.
Qafar əlindəki zənbili yavas-yavaş stolun üstünə qoydu. Evdəkilərə bir daha diqqətlə baxıb, gedib arvadının yanında oturdu və dedi:
– Hə, indi eşidirəm. Bu dəfə nə baş verdiyini soruşmayacağam. Bir saat bundan qabaq evdə idim. Bilirəm ki, ciddi bir hadisə olmayıb. Nəsə xırda söz-söhbətdi. Və beləliklə…
Zəminə əvvəlcə dinmədi. Sonra üzünü stola tərəf tutub, eyni zamanda göz-qaş işarəsi ilə dedi:
– Dəvətnamə.
– Bunu eşitdim. Sonra?
– Toya çağırıblar.
Qafar ucadan gülüb dedi:
– Elə bu gün səhərdən əhvalım çox yaxşı idi. Bilirdim ki, gecə yatana qədər belə olacağam. Bu toy xəbəri də məni lap çox sevindirdi.
Sonra da ayağa qalxıb stolun üstündəki dəvətnaməni götürüb baxdı:
– Ayın on beşi? Bir həftədən sonra? Əhməd? Bu kimdir?
Qadın kinayə ilə gülüb dedi:
– Tanımırsan? Öz əmin oğludur da… Bir-iki gün bundan qabaq onun barəsində danışmırdın? Demirdin ki, iyirmi il olardı ki, bir-birimizi görmürdük, bazarda təsadüfən görüşdük? Mənə nəsə şirin gəldi? Soruşdum ki, Əhməd deyilsən? Sonra bir-birimizi tanıdıq. İndi də necə deyərlər, adını çək, qulağını bur. Səni görən kimi toya çağırdı.
– Hə, hə, Əhməd, Əhməd. İndi yadıma düşdü. Mənim təxminən iyirmi yaşım olardı. Bir dəfə rəhmətlik atam məni onlara aparmışdı. Gedəndə yolda mənə dedi ki, ay bala, bir-birinizin evinə tez-tez gedib-gəlin, yoxsa yad olub gedəcəksiniz. Kişi rəhmətə gedəndən sonra elə hey fikirləşirdim ki, gedim əmimi görüm. Sonra iş-güc başımı qarışdırdı. Onlara getməyi də tamam unutdum. Amma bununla belə yadımdan çıxmırdılar. Üç-dörd gün bundan qabaq Əhmədlə görüşəndə soruşdum ki, əmim necədir? Dedi ki, indi necəliyini bilmirəm. Amma çoxdan rəhmətə gedib. Görəsən onların evi haradadır?
Zəminə dedi:
– Məndən soruşursan? Mən haradan bilim? Əmioğlu sənindir.
Sonra da əlavə etdi:
– Evin ünvanını neynirsən? Dəvətnamənin üstündə şadlıq evinin ünvanı göstərilib. Bir də ki, keçmiş zaman deyil ki qohum, qonşu, uşaq, cavan hamısı toplaşa həyətdə, sonra da çalıb oynaya-oynaya gedələr toy yerinə. İndi hamı öz evindən geyinib çıxır, ya öz maşınına, ya da taksiyə oturub gedir şadlıq evinə.
Sonra Qafar üzünü uşaqlarına tutub dedi:
– Bəs sizə nə olub? Toydur, dəvətnamə gəlib. Niyə qaş-qabaqlısınız? Biz uşaq olan vaxtlar, qohum-əqrabada toy xəbəri eşidəndə, sevindiyimizdən gecələr gözümüzə yuxu getmirdi.
Onların yerinə qadın cavab verdi:
– Neyləməlidilər ki? Qol götürüb oynamayacaqlar ki? Çağırıblar gedərsən də…
Qafar dedi:
– İndi bir stəkan çay içim, sonra danışarıq. Görürəm ki, sözlü adama oxşayırsan, yavas-yavaş mətləb üstünə gəlirsən.
Sonra da çaydan bir qurtum içib soruşdu:
– Bəs niyə hamımız getmirik? Burada yazıb ki, ailəvi gəlin.
Zəminə bu sözü bayaqdan gözləyirmiş kimi tez dilləndi:
– Mənim təzə paltarım yoxdu.
Qafar dərindən nəfəs alıb dedi:
– Bunu bayaqdan de də… mənim də ürəyimdən min cür fikirlər keçir. Necə yəni paltarım yoxdu? Bəs üç ay bundan qabaq qonşunun qızının toy vaxtı özünə paltar almamışdın?
Qadın gülümsünüb dedi:
– Üç ay? Sən bilmirsən ki, toya bir-iki dəfə geyinilən paltarı üçüncü dəfə heç kim geyinmir? Bir də ki, onda yaz idi, indi yay.
Bu vaxt qız dilləndi:
– Burada nə var ki, prokata götürərsən. İndi hamı belə edir. Toy vaxtı hamı paltar, qızıl götürür, səhərisi gün də qaytarıb, aparıb verir.
Anası qızın üstünə acıqlandı:
– Ay qız, sən də danışmağa söz tapdın. İyirmi yaşın var, amma yenə də fikirləşmədən danışırsan. Eşidən, bilən nə deyər? Mən boyda arvad gedib onun-bunun geyindiyini geyinəcəm?
-Yaxşı, yaxşı, mübahisə etməyin. – Qafar dedi – Gedərik, özünə paltar alarsan.
Qadının əhvalı bir qədər düzəldi, rəngi açıldı, dedi:
-İndi gedək alaq? Hava hələ işıqlıdır, gün batmayıb.
Əri gülüb dedi:
-Sən də sözü lap dildən tutursan. İki gündən sonra maaş vaxtıdır. Bir az da olsa səbrin olsun, gedib alarıq. Görürsən ki, dəvətnaməni səkkiz gün qabaqcadan göndəriblər. Deməli, bu günlər ərzində hamı özünə təzə paltar, ayaqqabı almalı, toya yazdırmaq üçün pul hazırlamalıdır.
Sonra da üzünü oğluna tərəf tutub:
– Sərxan, eşidirəm. Biz bu tərəfdəyik, üzünü o yana çevirmə. Başla görək – dedi.
Oğlu əvvəlcə dinmədi. Sonra da könülsüz halda dedi:
-Anamı da götürüb gedərsən.
-Bunu mən də bilirəm. Sonra?
-Sonrası da odur ki, mənim telefonum adam içinə çıxmalı deyil.
Qafar gülüb dedi:
-Sərxan, əsas budur ki, sən adam içinə çıxa biləsən. Telefonunu stolun üstünə qoyub, başqaları kimi nümayiş etdirməzsən. Cibində saxlayarsan. Onsuz da zəng edən olsa, musiqinin səsindən heç kimə cavab vermək olmur.
-Söhbət danışmaqdan getmir. Toy vaxtı hamı şəkil, video çəkir. Bəziləri də deyir ki, al mənim telefonumla çək, bunun kamerası yaxşıdır. Onda adam lap xəcalət çəkir.
Qafar dedi:
-İndi fikrin nədir? Bu ay alacağım maaşı bahalı telefona vermək istəyirsən?
-Yox, mən elə demədim.
Sonra da ağlına yeni bir fikir gəlmiş adamlar kimi dedi:
– Kreditlə də götürmək olur. Ayda əlli manata.
Qafar otağın içərisində bir az o tərəf, bu tərəfə var-gəl edib dedi:
– Yaxşı, gedib birini kreditə götürərsən. Amma çox baha olmasın. Bildin?
Oğlu bunu eşidən kimi tez ayağa qalxdı. – “Beş-on dəqiqəyə gəlirəm” – deyib, evdən çıxdı. Sonra, Qafar qızına sarı dönüb dedi:
– Hə, qaldın sən. Görürəm bayaqdan çox fikirlisən.
Xalidə dedi:
– Ay ata, əmin oğlu səni toya çağırıb. İndi deyirsən ki, hamımız yığılıb, bir evdən dörd nəfər ora gedək? Bu sənin üçün həyət toyu deyil ki, camaatın hamısını ora aparasan. Bu, restorandı. Bir evdən ən çoxu iki nəfər gedə bilər. Amma bütün ailə üzvləri gedəndə, toya heç olmasa üç yüz-dörd yüz manat yazdırmaq lazımdır.
Qafar bir qədər dayandı, sonra dilləndi:
-Eybi yoxdur, onu özüm həll edərəm, qardaşına da söz verdim ki, sən də gedərsən. İndi onu aparmasam, aramızda narazılıq olacaq.
Bu vaxt Zəminə dedi:
-Onda mən getməyim. Sərxanla ikiniz gedin.
-Yox, elə olmaz. Bilmirsən ki, kişi toya tək gedən kimi qohumlar başlayır onu sorğu-suala tutmağa ki, bəs həyat yoldaşın niyə gəlmədi? Aranızda nəsə olub? İndi gəl, bunlara cavab ver. Özü də ki, qohum toyudur. Səni mütləq soruşacaqlar. Ona görə də getməlisən. Sən də qızım, evdə tək qalmayacaqsan ki. İndi keçək əsas məsələyə. De görüm, şadlıq evinə getmək üçün sənin nəyin çatmır? Bildiyim qədər, bir-iki gün bundan qabaq sənə təzə paltar almışıq.
-Onun hər şeyi var – anası dedi.
Qız yenə də fikirləşdi.
-Əslinə qalsa, səni çox da xərcə salmaq istəmirəm – dedi. Amma ayaqqabım köhnədir.
Anası dedi:
-Sabah gedərik, sənə bir dənə krassovka alaram. Onsuz da indi hamı ondan geyinir.
-Necə? Şadlıq evinə krassovka ilə gedəcəyəm? Onda mən getmirəm!
Atası dedi:
-Yaxşı, sən də o dəqiqə küsmə. Mağazaya gedəndə sənin üçün də babat bir ayaqqabı alarıq.
-Ay ata, babat deyəndə ki, indi adamın üst-başına, əlinə-ayağına fikir verirlər. Yaxşı ayaqqabı olsun da…
Bununla da bir həftədən sonra, toya getmək üçün demək olar ki, hər şey planlaşdırıldı. Söz yox ki, o vaxta qədər hələ bir çox çatışmazlıqlar da üzə çıxacaqdı. Amma hələlik evdə hamının istəyi yerinə yetmişdi.
Zəminə qalxıb mətbəxə keçdi. Qız da öz otağında idi. İstər-istəməz Qafarın yadına cavanlıq çağlarında getdiyi toylar düşdü. Xəyalı iyirmi beş-otuz il əvvələ getdi. O vaxt onlar kənddə yaşayırdılar. Toy xəbəri bütün məhəllənin sevincinə səbəb olurdu. Hamı bu günü səbirsizliklə gözləyirdi. Toydan bir gün qabaq “ciyər axşamı” deyilən bir yığıncaq, məclis təşkil olunurdu. Kəsilən heyvanların ciyəri bişirilir, qohum-əqraba, dost-tanış, qonşular bir yerə toplaşırdı. Buradakı məqsəd heç də yemək yemək deyil, sabahkı toyda çalışmaq, qonaqlara qulluq etmək üçün vəzifə bölgüsü aparmaq idi. Həmin toylarda ofisiant deyilən bir vəzifə də yox idi. Birinə yemək daşımaq, o birinə boş qabları geriyə aparmaq, başqasına çay məsələsinə baxmaq tapşırılırdı. Pul yazmaq da bir qayda olaraq, əsasən, ağlı kəsən, daha savadlı adamlara etibar olunurdu. Səhərisi gün də hər kəs öz işinin öhdəsindən layiqincə gəlirdi.
Həmin zamanlar, toylar günorta vaxtından başlayıb, gecə saat ikiyə, üçə qədər davam edirdi. Kişilərin yemək yeri ayrı, qadınlarınkı da başqa səmtdə olurdu. Yemək yeyə-yeyə hamı rahatca söhbət edir, bir-birilərini coxdan bəri görməyən adamlar, qohumlar hal-əhval tuturdular. Sonra da ayağa qalxıb, – “Gedək toya tamaşa edək” – deyib, musiqiçilər olan mağara gedirdilər. Həmin şənliklərdə adamlar iyirmi-otuz nəfər bir yerdə oynayıb, rəqs etməzdilər. Mağarda olan sərpayının göstərişi ilə iki-iki, üç-üç ortalığa gəlirdilər. Çox vaxt da bu vəzifəni üzərinə götürən adam, oynamaq istəyənləri siyahıya yazardı. Biri ona yaxınlaşıb icazə istəyəndə, o deyirdi: – “Hələ sənin növbən deyil, vaxt çatanda özüm çağıracağam”. Beləcə, toy davam edirdi. Kimsə, uzun müddət rəqs edib ortadan çıxmaq istəməyəndə, ondan sonra növbədə olan cavanların səbri tükənirdi. Narazılıq etməyə başlayırdılar. Çox vaxt da belə mübahisələr dava-dalaşla bitir, ağsaqqallar gəlib, onları sakitləşdirirdi. Hərdən toy sahibinin də gur səsi eşidilirdi: – “Ay uşaqlar, tələsməyin, istəsəniz lap səhərə qədər toyu davam etdirə bilərəm. Oynamağa, rəqs etməyə hamıya vaxt çatar, səbriniz olsun. Təki, buradan heç kim narazı getməsin”. Kəndin o biri başından olan məhəllələrin cavanları da – “Gedək toya tamaşa edək” – deyərək, hər tərəfdən bura gəlirdilər. Toy yiyələri də hörmət əlaməti olaraq, onlara toyda oynamağa icazə verirdilər.
Səhər saat ondan başlayaraq qadınlar əllərində xonça bir-bir, iki-iki həyətə daxil olurdular. Ev yiyəsi ilə görüşəndən sonra, gətirdiklərini təhvil verib, yemək yeyilən yerə keçirdilər. Bu xonçaların da içərisində qənd, konfet, üç-dörd metr parça, ya da yaylıq, corab və sair əşyalar olurdu. Toy olan həyətlərin darvazasına yaxın bir yerdə, adamların əsas gediş-gəliş yolunun yaxınlığında, iri ağacların kölgəsində Gülsənəm arvad, sanki balaca bir ticarət mərkəzi açırdı. Torpağın üzərinə sərdiyi iki-üç dənə təmiz un kisəsinin üstündə hər nə desən tapmaq olardı. Cürbəcür rənglərdə şarlar, oyuncaq tapançalar, uşaqlar üçün saatlar, qolbaqlar, baş darağı, balaca qızların saçlarına bağlamaq üçün bantlar səliqə ilə düzülmüş halda görünürdü. Onun ticarətinin əsas hissəsini qovrulmuş günəbaxan tumu və xoruz formasında düzəldilmiş şirniyyat təşkil edirdi. O vaxtlar rus dili çox işləndiyindən həmin tuma semiçka deyirdilər. Demək olar ki, hər toya o, bir kisə tum gətirirdi. Kisənin ağzını açıb, üstünə də bir dənə çay stəkanı qoyaraq satmağa başlayırdı. Köhnə dəftər, kitab vərəqlərindən də tum tökmək üçün konus şəklində, klok deyilən kağız bükümü düzəldirdi. Bəziləri həmin kloku əllərində gəzdirməkdən utandığından, -“Gülsənəm xala, tumu cibimə tök” – deyirdilər. Bəzən bir stəkandan artıq tum alanların cibi şişib daha böyük görünürdü. Kənardan bilmək olurdu ki, bu adam iki stəkan semiçka alıb. Çox vaxt bu qadın tanıdığı kiçik uşaqları çağırıb, üzündən öpür, onlara yarım stəkan tum verirdi. Əlində şar partlayanları görəndə isə, çağırıb yenisini verirdi. Ev yiyələri də bir qayda olaraq, bu qadına bir kasa toy yeməyi və çörək göndərirdi.
Günorta vaxtı, küçənin o başından, “marojna, marojna” səsi eşidilirdi. Çox çəkmədən, dondurma satan öz üçtəkərli motosikleti ilə gəlib darvazanın önündə dayanırdı. Uşaqlar həmin dəqiqə onu dövrəyə alırdılar. İçərisində dadlı dondurmalar olan göy rəngli qutunun qapağı açılanda isə onların sevincinin həddi-hüdudu olmurdu. Bunu görən Gülsənəm xalanın qanı bərk qaralırdı. Bilirdi ki, uşaqlar ciblərindəki pulların hamısını xərcləyəcəklər. Onun da alveri zəifləyəcək.
Günortaya yaxın başlamış toy, sonda bəy tərifi ilə başa çatırdı. Şənliyin bu hissəsi xüsusilə seçilirdi. Mağarın içərisində sıra ilə dayanmış bəyin atası, anası, əmisi, dayısı, xalası, bibisi, qohum-qonşular adları çəkildikcə bir-bir gətirib öz “xalat”larını verirdilər. Bu xalat deyilənlər kişilər üçün pul, qadınlar üçün də yaylıqdan, parçadan ibarət olurdu.
O vaxtkı toylar əsasən iyul, avqust ayında keçirilirdi. Çünki, basqa vaxtlar, hər an yağışlı, küləkli hava ola bilərdi. Əvvəllər, yaz, ya da payız vaxtı olan toylarda belə hadisələr çox olmuşdu. Əsən güclü külək mağarın üstündəki çadırı qoparıb kənara tullanmışdı. Ya da ki, güclü yağış çöldə yemək bişirən aşpazların işini yarımçıq qoymuşdu.
Həmin dövrlərdə insanlar çox vaxt, indiki şadlıq evlərinə bənzər, rahat yerlərin olmasını daha çox arzulayırdılar. Fikirləşirdilər ki, elə bir yer ola, nə külək görəsən, nə də qırx dərəcə isti. Gedib orada toyu keçirəsən, çıxıb gələsən evə. Nə də toydan sonra həyətdən beş-altı gün ərzində kağız, salafan, tum qabığı, boş butulkalar, sür-sümük, yemək qalıqları, ocaq külü təmizləməyəsən. Qonşulardan gələn xalça- palazı, çadırı, iri samovar, toy qazanlarını, qadınlar oturmaq üçün döşəkçələri də yiyələrinə qaytarmaq üçün ikinci bir əziyyət çəkməyəsən.
Kənddə birinci şadlıq evi tikiləndə hamı sevinirdi. Amma, bəzi adamlar deyirdi ki, bu boyda övlad böyütmüşəm, toyu həyətdə edəcəyəm. Qoy bizim qapıdan da aşıq, zurna-balaban səsi gəlsin. Amma sonra oradakı rahatlığı görüb, get-gedə hamı şadlıq evinə üz tutdu.
Qafar xəyaldan ayrıldı. İstər-istəməz köksünü ötürüb, bərkdən dedi:
-Heyif deyildi o vaxtkı həyət toyları?
Mətbəxdən bu sözü eşidən Zəminə, əri oturan otağa daxil oldu. Qafarın üzündə yüngül, həm də mənalı bir təbəssüm gördükdə gəlib əyləşdi:
-Deyəsən, cavanlığın yadına düşdü – dedi. -Həyət toylarını deyirsən? Harası yaxşı idi? Ofisiant yox, filan yox. Ev yiyəsi yazıq, lap başını itirirdi. Əldə-ayaqda işləyənlərin, kömək edənlərin çoxu toyxanada oynamaq üçün aradan çıxırdı. Ev yiyəsi də, yemək yeyilən yerə, toya gələnlər üçün əlində kasa bozbaş daşıyırdı. Axşamüstü də külək başlayanda, toz-torpaq adamı göz açmağa qoymurdu. Həyətdə milçəklərin əlindən düz-əməlli yemək də yemək olmurdu. Qohum-əqraba gecə saat üçə qədər evinə gedə bilmirdi. Bəy tərifinin qurtarmasını gözləyirdilər. Nə var, nə var, bəyin boynuna xalat atacaqlar. Şadlıq evləri can rahatlığıdır. Dörd saat toy olur. Onunla da hamı gəlir evinə.
Arvadının bu sözündən sonra, Qafar deməyə bir söz tapa bilmədi. Əslinə qalsa, onunla mübahisə etmək, söz güləşdirmək istəmədi. Ona görə ki, bu toy söhbəti o qədər geniş bir mövzu idi ki, nişan mərasimindən başlamış, axıra qədər baş verənləri dərindən təhlil edən olsaydı, bəlkə də bu barədə qalın-qalın kitablar yazmaq olardı. Həm də bu şadlıq mərasimlərində insanların xoşuna gələn, gəlməyən çoxlu fikirlər, faktlar axtarıb tapmaq mümkün idi. Ona görə də bu söhbəti yekunlaşdırmaq məqsədi ilə dedi:
-İstər həyət toyunun, istərsə də şadlıq evinin hərəsinin özünə görə yaxşı cəhətləri var. Əsas budur ki, toy olsun, şənlik olsun. Cavanlar xoşbəxt olsun. Qalanı, xırda-para işlər hamısı yola gedər. Çətinliklər də tez bir zamanda unudular.
Nəhayət, toy günü gəlib çatdı. Həmin vaxta qədər Qafar da maaşını almış, Zəminə üçün paltar, Xalidə üçün də ayaqqabı almışdılar. Səhər saat on olardı. Qız təzə paltarlarını geyib, anasına dedi:
-Ana, mən salona gedirəm.
-Salona? – deyə, Zəminə soruşdu.
-Hə də… Gedim saçımı yığdırım. Axşam toya gedəcəyik axı. Mənə pul da ver.
Anası bir qədər fikirləşib dedi:
-Dayan, mən də geyinim, bir yerdə gedək.
-Çox da uzaqda deyil. Küçəyə çıxan kimi, beş-on metr sağ tərəfdədir. Özüm tək gedə bilərəm.
-Bilirəm hardadır. Mən də gedirəm, bir yerdə gedək. Mənim də saçıma bir əl gəzdirsinlər.
Qız narazı halda dedi:
-Ana, ikimizin bir yerdə getməyi yaxşı deyil axı. Bir də ki, saçını yığdırmağa nə ehtiyac var?
Anası təzə aldığı paltarın o tərəf, bu tərəfinə baxa-baxa dedi:
-Niyə? Qocalmışam məyər? Məndən yaşlılar gözəllik salonlarından əl çəkmirlər. Mən də ayda, ildə bir dəfə gedirəm də. Burada nə var ki? Bir qohum kimi bəlkə bizi də ortalığa dəvət etdilər.
Xalidə dedi:
-Onda belə edək. Mən oradan çıxmağa beş-on dəqiqə qalmış, sənə zəng vuraram, gələrsən. Yoxsa bizi görənlər deyəcək ki, bunlara bax, ana-bala ikisi də bir yerdə gəlib.
-Yaxşı get – qadın dedi. – Görürəm ki, mənimlə bir yerdə getmək istəmirsən. Çıxanda xəbər verərsən.
Qafar da bu gün günortdan sonra, işdən icazə alıb gəlmişdi. Axşam saat beşdə hamı toya getmək üçün hazır vəziyyətdə idi. Sərxan da təzə telefonu gah o əlində, gah da bu əlində tutur, əvvəl yan cibinə, sonra da arxa cibinə qoyurdu. Bu vaxt anası ona yaxınlaşıb dedi:
-Sərxan, sənin xasiyyətini yaxşı bilirəm. Ona görə də sənə tapşırıram. Ora çatanda, hər gördüyünə bir qulp qoyma. Özünü yaxşı apar. Bilirəm ki, içən deyilsən. Həm də sənin hələ o vaxtın deyil, amma yenə deyirəm. Bu sənin üçün həyət toyu deyil. Beş-altı adam bir yerə yığılanda, ağsaqqal kişilər kimi hamıya məsləhət verib, yol göstərirsən. Hər kəs öz işini çox gözəl bilir. Yenə də deyirəm, işdir birdən yanında oturanlar səni məcbur etsələr ki, heç olmasa azacıq iç, deyərsən ki, bədənim ağrıyır, içə bilmirəm.
Onun sözlərini eşidən kimi Qafar dilləndi:
-Narahat olma, uşaq deyil ki, onun tayları xarici ölkələri gəzir.
Qadın, indi də üzünü ərinə tutub dedi:
-Yaxşı yadıma düşdü. Sən də onun yanında oturarsan. Bir evdən gedirsiniz. Ayrı-ayrı yerlərdə oturmayacaqsınız ki? Görən nə deyər? Həm də videoçəkən gələndə ikinizi bir yerdə çəksin. Əmin oğlu da gəlib qonaqlara xoşgəldin eləyəndə, sizi yan-yana oturan görsün.
-Yox, Zəminə, məndə belə adət yoxdu. Cavanlarla bir yerdə oturub, onlara mane ola bilmərəm. Birinin ağzından nəsə başqa söz çıxır, ya da kimsə siqaret çəkmək istəyir, məndən utanıb çəkinirlər axı.. Hər kəs öz yerini tanısa yaxşıdır.
-Onda bir stol aralı oturarsınız. Bir-birinizi görərsiniz.
Anası belə deyəndə, Sərxanın səbri lap tükəndi:
-Ay ana, bilsəydim ki, bu cür ciddi nəzarət altında toya gedəcəyəm, əvvəldən heç razılıq verməzdim. İstəyirsən, mən heç getməyim. Hələ keçən dəfə atamın dediyi söz yadımdan çıxmayıb. Dedi ki, sən adam içinə çıxan olsan lap yaxşı olar. Bilirsiniz nə var? Özünüz gedin!
Zəminə dedi:
-Ananam da… Mənim sözümdən niyə inciyirsən? Sənə görə deyirəm də..
Bu vaxt Qafar dedi:
-Yaxşı, yaxşı, bəsdir. Qurtarın bu söhbəti. Taksi də gəldi. Həyətdə gözləyir. Getdik.
Restoranın həyəti adamla dolu idi. İlk baxışdan görünürdü ki, Əhməd bu toya xeyli adam çağırıb. Sərxan da toya gələnlər arasında, o tərəf, bu tərəfə gedir, heç olmasa, bir nəfər tanış adam axtarırdı. Özünə münasib bir dost, yoldaş tapa bilsəydi, çox yaxşı olardı. Amma hələlik dostlardan, tanışlardan heç kim gözə dəymirdi. Buradakıları da birinci dəfə idi ki, görürdü. Anası qadınların içərisində, atası da bir kənarda tək-tənha dayanmışdı. Sərxan bir-iki pilləkən qalxıb restoranın qapısına yaxınlaşdı. Giriş qapısı hələ bağlı idi. İstər-istəməz dedi:
-Bu qədər adamı saxlayıblar çöldə. Bu gələnləri buraxın içəri, qoy hər kəs gedib otursun yerində də.
Bunu eşidən hündürboy, qarayanız bir kişi dedi:
-Hələ saat altı olmayıb. On dəqiqə qalıb.
Sərxan da əsəbi halda başını bulayıb, telefonu cibindən çıxarıb saata baxdı. “On dəqiqə içəri tez girəndə nə olar ki” – dedi.
Hündür yerdə dayandığından həyətdəki adamlar hamısı görünürdü. Birdən, gözünə sinif yoldaşı Xəyal sataşdı. Sevincinin həddi-hüdudu yox idi. Yubanmadan tez onun yanına gəldi.
-Xəyal, bu sənsən? Toya gəlmisən? – dedi.
Oğlan da onunla görüşüb dedi:
-Əlbəttə, başqa cür necə ola bilər?
-Bayaqdan özümə yoldaş axtarırdım ki, bir yerdə oturaq. Bu çox yaxşı oldu. Atanla gəlmisən?
-Yox. Atam iş yerində idi. Gəlməyə vaxtı olmadı. Məni göndərdi.
-Çox yaxşı, çox yaxşı. Restorana bu qədər adamın gəlməsini heç görməmişdim. Bu gün burada oğlan toyudu, yoxsa qız toyu?
Xəyal dedi:
-Doğrusu, heç mən də bilmirəm. Evdə dedilər ki, toya gedirsən, mən də restoranın yerini öyrənib gəldim. Ondan ötrü narahat olma. Toy başlayanda biləcəyik. Bir də ki, bizim üçün nə fərqi var? Yeməyimizi yeyib, pulumuzu yazdırıb, çıxıb gedəcəyik.
-Bu toy yiyəsi Əhməd qohumunuzdur? Yoxsa atanın iş yoldaşı?
-Yox, qohumdur.
-Necə yəni qohumdur? Mənim də atamın əmisi oğludur. Onda belə çıxır ki, biz qohumuq? Atanın nəyidir ki?
-Xalası oğludur.
-Onda sənin atam mənim atamla necə qohumdur?
Xəyal bir az fikirləşib dedi:
-Beynim lap qarışdı. Ayırd edə bilmədim. Amma, onu deyim ki, on bir ildir ki, bir yerdə oxuyuruq, amma qohum olmağımızdan xəbərimiz yoxdu. Nə isə, səninlə mənim necə qohum olmağımızı bir dəfə oturub dərindən araşdırarıq. Bura yeri deyil. Camaat da içəri girməyə başlayır.
Bu vaxt restoranın qapıları açıldı. Foyedə Əhməd və həyat yoldaşı, toya gələnləri qarşılayırdılar. Qafar içəri girərkən Zəminəni və qızını da yanına çağırdı. Sonra da bir qədər arxada gələn Sərxanı səslədi: -“Gəl, bir yerdə içəri girək”. Toy yiyəsi Qafarla görüşüb-öpüşdü. Sonra da qonaqları arvadına təqdim etdi:
-Bu mənim əmim oğludur. Bu da onun həyat yoldaşı.
Sarı saçlı, bəstəboy, özündən də bir qədər razı görünən qadın əlini uzadıb Zəminə ilə görüşdü.
-Xoş gəlmisiniz – dedi.
Əhməd sözünə davam etdi:
-Bu da onun oğludur.
Qadın bu dəfə gülümsünüb, başını yüngülcə tərpətdi.
-Bu isə qızlarıdır.
Bu vaxt Əhmədin yoldaşı ərinin üzünə baxdı. Yavaşca – “Dörd nəfər?” – deyə, soruşdu. Sonra da Sərxanın yanındakı oğlanı göstərib dedi:
-Deyəsən beş oldular.
Əhməd bir az uca səslə dedi:
-Keçin, keçin oturun.
Sonra da arvadına tərəf dönüb dedi:
-O biri uşağı tanımadım. Daha gəliblər də…
Qonaqlar yerlərində əyləşməyə başladıqca, hamı yerbəyer olduğu vaxt, toydakı musiqiçilər nə bəstəkar, nə də xalq musiqisinə bənzəməyən bir melodiya ifa edirdilər. Heç nə ifadə etməyən, əsəbilikdən başqa bir şeyə yaramayan bu səsi eşitdikcə, Sərxanın qanı lap qaralırdı.
-Düz-əməlli başlı bir oyun havası da çalmırlar. Lap bu səsdən bezdim – dedi.
Oturacaq stulları bir-birinə o qədər söykənmişdi ki, sərbəst əl-qol açmaq da mümkün deyildi. Sanki beş nəfərin yerinə on nəfər əyləşmişdi. Sərxanın sağ tərəfində bədəncə kök, gözləri qızarmış, təxminən əlli-əlli beş yaşlarında bir kişi oturmuşdu. Sol tərəfində isə sinif yoldaşı Xəyal əyləşmişdi. Bu vaxt həmin kişi ağzını Sərxanın qulağına yaxınlaşdırıb dedi:
-Bacıoğlu, deyəsən, sən toylara birinci dəfədir ki, gedirsən. Əvvəlcə belə musiqi olur, sonra da çal oynadı başlayır. Görürəm ki, yaman oynağan oğlana oxşayırsan ha…
Sərxan səbrini basıb bir söz demədi. Stolun üstü cürbəcür salatlar, mineral sularla dolu idi.
Kişi yenə Sərxana tərəf əyildi:
-Başla da… Nəyi gözləyirsən?
-Qoy yemək gəlsin də.
Kişi ucadan güldü:
-Bəs bunlar yemək deyil? Belə çox yeyənsən? Sən soyuq yeməklə başla. Ardı gələcək.
Sərxan da narazı halda dilləndi:
-Salatla, pendirlə adamı doydururlar. Sonra da kabab tökülür qalır stolların üstündə.
-Onda sən gözlə – həmin adam bunu deyib, yeməyə girişdi.
Bu vaxt Sərxanın başı üzərində dayanmış ofisiant içki butulkasının ağzını açıb qədəhlərə süzməyə başladı. Sərxan: -“Mən içən deyiləm, rumkanı da buradan götürsən yaxşı olar” – dedi.
Bu zaman Xəyal dedi:
-Qoy süzsün. İçməsən də eybi yoxdu.
Sağ tərəfdə oturan kişi tez diləndi:
-Heç olmasa əlli qram. O da olmaz?
-Yox. Dedim ki, içən deyiləm.
Həmin adam təəssüflə başını bulayıb dedi:
-Özümə münasib bir adam tapa bilmədim. Kimi dindirirsən deyir, içmirəm. İndi neyləyəcəyəm? Eybi yoxdur, daha keçib. Bir stəkan tək içərəm də. Çarəm nədi? Elə bil ki, hamı içkiyə nifrət edir.
Toy başlamışdı. Çox keçmədən bəylə gəlin zala daxil oldular. Yerlərində əyləşəndən sonra bəyin atası, anası, başqa qohumlar çıxış elədilər. Hər şey öz axarı ilə davam edirdi. Sərxan hələ də isti yeməyin gəlməsini gözləyirdi. Nəhayət, dözmədi. Çörəkdən bir tikə kəsib ağzına qoyanda, qarşı tərəfdə videoçəkəni gördü. O, kameranı düz onun ağzına tuşlamışdı. Sanki sensasiyalı bir hadisə baş vermişdi. Bu səhnəni çəkmək lazım idi. Sərxan tikəni birtəhər udub, əli ilə operatora işarə elədi.
-Ay qardaş, kameranı o tərəfə çək. Peşman olursan yeməyə başlamağa, az qalırlar adamın ağzının içərisini də çəkələr. Get o çalıb-oynayanları çək. Mənimlə işin olmasın.
Sonra da çiyni üstə çevrilib, altdan yuxarı ofisianta baxdı:
-Bura bax, başımın üstündə niyə dayanmısan? Bir az o tərəfdə dayan. Fikrim qalıb səndə. Əməlli-başlı yemək də yeyə bilmirəm.
Yanında oturan adam isə hərdənbir ona baxır, gah gülümsəyir, gah da divardakı televizora baxaraq ciddi bir görkəm alırdı. Rəngi daha da qızarmışdı.
Toy davam edirdi. Tamada qonaqları bir-bir çağırıb musiqiçilərin yanına dəvət edirdi. Onlar da öz ürək sözlərini deyib, sonra da rəqs edirdilər. Ara bir-iki dəqiqəlik sakitləşdi. Aparıcının yenə gur səsi eşidildi:
-Atalar deyib ki, uzaq qohumdansa, yaxın qonşu yaxşıdır. Əhmədin qonşularını musiqili meydana dəvət edirik.
Sərxan üzünü sinif yoldaşına tutub dedi:
-Əyər uzaq qohumlar lazım deyildisə, bizi bura niyə çağırıblar? Burada nə işimiz var idi? Bəlkə də heç toyun axırına qədər bizim adımızı çəkən olmadı.
Artıq Sərxanın yanında oturan yaşlı kişinin gözləri süzülür, nəsə demək istəyəndə, dodaqlarını qəribə formada tərpədir, guya ki, sözlərini düzgün tələffüz etmək istəyirdi. Nəhayət, özünü cəmləşdirib, yenə ağzını Sərxanın qulağına yaxınlaşdıraraq dedi:
-Xanəndə nə gözəl oxuyur ey, mənə lap ləzzət elədi.
Sərxan da köynəyinin yuxarı düyməsini aça-aça cavab verdi:
-Harası gözəldi? Mahnının sözlərini düz oxumur. Səsi də hərdənbir qaçır.
Kişi nə qədər çalışdısa da gülə bilmədi. Gah gözlərini qıyır, gah dodaqlarını bir-birinə sıxır, hərdənbir dişlərini ağardır, sanki zalı bürüyəcək gülüşü indi onun içərisində səslənirdi. Bir azdan özünü ələ alıb birtəhər dedi:
-Ay bala, sən lap musiqi müəllimisən ki. Mənim nəyimə lazımdır ki, o nə oxuyur, hansı sözləri deyir? Mən toya gəlmişəm. Yeyib, içib, pulumu yazdırıb, sonra da çıxıb gedəcəyəm. Məni yemək maraqlandırır. Xanəndənin kimliyi, mahnını necə oxumağı yox.
Kişinin başı üstə dayanmış ofisiant da qədəh boşaldıqca onu doldururdu. O da hərdənbir dönüb ofisianta nəsə demək istəyirdi. Amma, arxa tərəfə çevrilə bilmirdi. Hərdənbir öz-özünə pıçıldayırdı: “Qoy içdiyim bir az aşağı getsin, sonra süz də… Qaçhaqaç deyil ki”.
Musiqinin səsi o qədər güclü idi ki, adam qaçıb canını qurtarmaq istəyirdi. Zurnaçalan zurnanı mikrofona söykəyib var gücü ilə elə piləyirdi ki, az qalırdı adamın qulağı tutulsun. Bu vaxt ortalığa kabab gətirdilər.
Sərxanın gözü yanında oturan adamda idi. Bayaqdan kababı gözləyə-gözləyə mürgüləyirdi. Ofisiant yeməyi stolun üstünə qoyan kimi, yenidən özünə gəldi. Əlini nimçənin üstündə asta-asta o tərəf, bu tərədə gəzdirdi. Sanki nəsə axtarırdı. Hiss olunurdu ki, tikənin hansını götürmək barədə fikirləşir. Sonra da iri, yağlı tikələrdən birini götürüb, Sərxanın qarşısındakı boşqaba qoydu:
-Ay musiqi müəllimi, bayaqdan görürəm ki, heç nə yeməmisən, acsan, ye, bir az cana gəl.
Sərxan əsəbi halda dedi:
-Ay kişi, sənin mənimlə nə işin var? Nə lazımsa, özüm götürüb yeyəcəm də… Çolaq, şikəst deyiləm ki.
Sonra da tikəni götürüb yenidən nimçəyə qoydu. Kişi bu dəfə deyəsən lap pərt oldu, dedi:
-Deyirəm də… İçənlə içməyəninki bir yerdə tutmur. Mənə deyən lazımdır ki, sən bu uşaqlarla bir yerdə niyə oturursan. Get özünə tay bir adamın yanında otur da.
Sonra o tərəf, bu tərəfə baxıb dedi:
-Boş yer olsaydı, yerimi dəyişərdim. Bunlar heç nə yemədi, mənim də iştahım küsdü. Daha bu toya niyə gəlirdiniz?
Sərxan yenə əsəblərini cilovlaya bilmədi:
-Sənin əlindən bu gün nə toya qulaq asdığımı, nə də yemək yediyimi bilmədim. Bu günü mənə haram etdin. Bəsdir də… Babam yaşda kişisən. İçməkdən də doymursan.
Kişi sanki mürgüləyir, hirslənə də bilmirdi. Yuxulaya-yuxulaya dedi:
-Ay bala, pul yazdırıram da… Müftə yeyib-içmirəm ki.
Bu vaxt yan tərəfdəki stoldan bir cavan oğlan ayağa qalxıb onlara sarı gəldi. Sərxana yanaşıb soruşdu:
-Qardaş, nə olub, nə məsələdi?
Sərxan ona tərəf dönüb dedi:
-Görmürsən bunu? Bayaqdan yediyimi, içdiyimi zəhərə döndərib. Qoca kişidir, özünü apara bilmir. Toya gəlmisən, lal-dinməz yeməyini ye, dur çıx get də…
Gələn oğlan dedi:
-Qardaş, sözü böyütmə. Bildin? Bura toydu, hər şey ola bilər.
Sonra da kişiyə sarı dönüb əlini onun çiyninə toxundurdu:
-Ata, daha bəsdir. Dur gedək. Taksi bizi gözləyir.
Bu vaxt Sərxan sinif yoldaşına sarı baxıb gülümsündü:
-Bunlar ata-bala imiş ki. Necə də şirin-şirin ata deyir. Lap paxıllığım tutdu.
Oğlan atasını ayağa qaldırmaq istəyəndə, yan tərəfdəki stoldan Sərxanın atası yerindən qalxıb bura yaxınlaşdı.
Əsəbi halda oğluna dedi:
-Sən bu adamla niyə mübahisə edirsən? Məndən də yaşlı adamdır. Onunla nə işin var? Sakit otura bilmirsən? Dur ayağa, mənim yanımda boş yer var, gedək.
Sərxan atasının sözünü yerə salmayıb ayağa qalxdı. Bu vaxt qonaqlarla məşğul olan Əhməd və həyat yoldaşı da gəldi.
-Əmioğlu nə məsələdi? – deyə, toy yiyəsi soruşdu.
-Əşşi, heç nə. Uşağa deyirəm ki, gedək yanımda otur.
Əhmədin arvadı da onlara nəzər salıb, əvvəlcə danışmadı. Amma yenə də dözə bilmədi. Kinayəli nəzərlərlə Qafara baxıb dedi:
-Bayaqdan mən fikir verirəm. Sənin oğlun heç dinc uşağa oxşamır ha… Elə oturduğu yerdə o tərəf, bu tərədə fırlanır.
Sonra da qadınlar oturan stolların birinə yaxınlaşıb gileyləndi:
-Bunlara bax. Bir evdən beş nəfər gəliblər. Beş-on manat pul yazdıracaqlar, özləri də içib dava salırlar.
Bu vaxt qadınlardan biri əli ilə işarə edib, onu lap yaxına çağırdı:
-Ay bacı, bir az yaxın gəl. Toyun səsindən heç nə eşitmirəm. Nə məsələ idi? Onlar qohumunuzdu?
-Yox əşşi. Nə bilim, guya Əhmədin əmisi oğludu. Bəxtəvər başıma. Qırx ildə indi tapılıb ortalığa çıxıblar.
O biri qadınlar da yerlərindən səsləndilər:
-Cavan oğlandır, ağsaqqal kişi ilə nə işi var?
-Ay uşaq, sənin içən vaxtındı? Özünü də apara bilmirsən.
-Adam var deyir içmirəm, amma gizlində o birilərindən çox içir.
-Adamın elə özününkü dava salır da…
Artıq vaxt keçirdi. Qonaqlar da bir-bir ayağa qalxıb evlərinə gedirdilər.
Bu vaxt Zəminə işarə ilə Qafarı yanına çağırdı:
-Bayaq özüm yanınıza gəlmədim, daha doğrusu, gəlməyə utandım. Nə məsələ idi? – deyə, soruşdu.
Qafar: -Boş şeydir, fikir vermə- dedi.
Qadın da:
-Yaxşı, get otur yerində, evdə danışarıq. Bir az da dayanaq, sonra gedərik. Bəlkə bizi də ortaya dəvət etdilər. Bir az oynayarıq, çoxdandır toylara gəlmirəm. Sərxanı da gözdən qoyma – deyərək, musiqiçilərə tərəf üzünü çevirdi.
Yenə də yarım saata qədər vaxt keçdi. Zəminənin daha səbri çatmadı, ayağa qalxdı. Qızına tərəf dönüb dedi:
-Dur gedək, daha bəsdir. Zalda adam qalmadı. Hamı evinə gedir.
Sonra da kənardan ərinə əl işarəsi ilə getmək vaxtı olduğunu başa saldı. Qafar da ayağa qalxıb toyun pulunu yazdırdı.
Onlar restorandan çıxanda, toy yiyəsi ilə qarşılaşdılar. Əhməd dedi:
-Əmioğlu gedirsiniz? Mən fikirləşdim ki, axırda bütün qohum-əqraba bir yerdə oynayıb, sonra da toyu bitirərdik.
Zəminə dedi:
-Sağ ol qardaş, daha gecdir, biz gedirik.
Onlar evə çatar-çatmaz Zəminə başladı:
-Qafar, mən burdan çıxanda sənə demədim ki, Sərxan da sənin yanında otursun? Onun xasiyyətini yaxşı bilirəm axı.
Sərxan əsəbi halda dedi:
-Mən neyləmişəm axı, məni başa salın da… İçənlər qalıb o tərəfdə, yapışıblar mənim yaxamdan. Hamı düşüb mənim üstümə. Məndə nə təqsir var?
Qafar dedi:
-Ay bala, sən gedib tanımadığın, xasiyyətini bilmədiyin adamların yanında əyləşəndə, bilmirsən ki, axırı belə olacaq?
Sonra da pencəyini çıxarıb divanın üstünə atdı. Qızına sarı səsləndi:
-Ay qız, ordan bir stəkan çay gətir. Dilim-dodağım qurudu.
Bir qədər susub sonra dilləndi:
-Nə isə, əmioğlunun da toyu belə getdi. Bunu da yola verdik. Sən də Sərxan, eşidirsən? Bir məclisə gedəndə, danışığına, hərəkətlərinə fikir ver. Hamının xasiyyəti eyni deyil. Adamlarla mehriban danış. Hər kəsi başa düşməyə çalış. Həmişə üzündə bir təbəssüm olsun. Hiss olunsun ki, toyda, şadlıq məclisindəsən. Bir-iki dəqiqə səbr edib, kiməsə cavab verməmək hər vaxt sənin xeyrinə olar. Amma, vaxt keçdikcə, məclislərdə daha çox olduqca, yavaş-yavaş hər şeyi öyrənəcəksən.