***
Babalar ölməsəydi
Evlər aynabənd idi
Təbiətə dəyməsək,
Dünya yekə kənd idi
Ömür siyahdan siyah
Azalır günah-günah
Nə dünən var, nə sabah,
Zaman sonsuz indidi
Hər gələn bu adamın
Bir az qırdı inamın
Ən möhkəm ip atamın
Qollarının bəndidi
Sabunçu gecələrinə…
Uzaqda itlər hürür, sönür qızıl işıqlar
Otaq-otaq qaralır, divarı nəm daxmalar
Anaların dizində mürgüləyir uşaqlar
Yataq otaqlarından başlayır darıxmalar
Darvaza əllərini sıxır öz sinəsinə
Pəncərə gözlərini, yumur hər gecə evlər
Rəqqas pərdələr girir, çərçivə qəfəsinə
Bir evin səsin verir, bütün içə-içə evlər
Təpələrdə səfillər, kafelərdə cavanlar..
Avaralar məktəbin divarların yazırlar,
İş başında yuxulu, gözlərini ovanlar
Bir də sevgililərdən, səliqəsiz yazılar..
Kimsə dua eliyir, deyir ki “inanacam”
Ney kimi eşidilir hardansa körpə səsi
Külək çəkib aparır hava limanınacan
Dərin yuxuya gedir, Sabunçu qəsəbəsi.
Yurdumun kişilərinə
Balaca şəhərlərin tələskən kişiləri
Sizin gözlərinizdə yorğunluq nişanı var
Sizin sifətinizdə, gecə narahatlığı
Dünən peşmanlıqları, sabah həyəcanı var
Sizin fikirinizdə, təzə iş, təzə qonşu
Kağız-kağız rəqəmlər, uşaq ayaqqabısı
Sizin xəyalınızda xatirə bir qadın var
Döyə bilmədiyiniz yad bir evin qapısı
Əlləri gah sığaldı gah masada yumruqdu
Qadınına buz dağı, dosta əziz adamlar
Evi qonaq-qaralı, lətifələri köhnə
Dili-ağzı söyüşlü, içi təmiz adamlar
Nə zəhmətin bildirər, nə kədərin nə qəmin
Əllərinin qabarın gizlədərlər hamıdan
Yurdumun ataları , ömrün qürub çağında,
Yumub qarlı gözlərin, ölərlər ağlamadan.
Palkovnikə mən yazıram
Polkovnik Rəşad Atakişiyevə…
Göyün qapısında növbə var.
Göylər yerdən dərindi.
Yüksəklikdən qorxmamaq daha ürpədicidi, qorxmaq yox
İnsan torpağındı, yerindi.
Palkovnikə uzaq bir yerdən yazıram
Səma ildırım barmaqlarını şaqqıldadanda,
Eyni dildə qorxurlar
Quşlar və pilotlar.
Biri qanadlarını, biri çiyinlərini çəkər…
Çiynindəki ulduzlar göydəki ulduzların əksi
Gözləri səmavi göylərə baxmaqdan mavi.
Palkovnikə göylərdən yazıram
Üfiqdə iki göyərçin
qanadlarıyla “x” işarə edir göylərçün,
Yer yoxdu
Göyün qapısında növbə var deyir.
Uşaqlar ölümdən anlamaz
Onların oyuncaq təyyarələri qırılsa da şirəli barmaqlarının arasında uçar,
Səmadasa qəzalar bağışlanılmaz
Palkovnikə qədərdən yazıram.
Bir gün çərpələngə aşiq olar yaşlı qağayı
Uçmağını gözləyər, çərpələngsə uçmaz tir-tir əsib qalar bu sevdaya
Hə, bu nə yerdəki məftil sərhəddi, nə də divar
Göyün qapısında növbə var
Bu da iki dünya arasında yol ayrıcı
Şəkillərinə son dəfə baxdım,
Sinəndə qırıcı yazılmışdı, qırıcı
Palkovnikə mən yazıram.
Pəncərəmdən yazıram
Üzü göylərə.
***
Mən sənin yorulanda
Ayağınam, əlinəm
Neçə ildi evliyik
Hələ də sevgilinəm
Küsəndə qoca baban
Ağlayanda qardaşın
Evə qonaq gələndə
Əziz həyat yoldaşın
Kölgəyəm başın üstə
Səhərədək dayanan
Darıxanda atanam
Xəstələnəndə anan
Deməyə çəkindiyin
Sözün olsa, qəfildən
Gözünü yum danışaq
Mən də sənin rəfiqən
***
Günəş yavaş-yavaş uzağa gedir,
Qaranlıq yenidən şəhərə çökür
Yenə çətir tutan heykəl darıxır
İşıq dirəkləri boynunu bükür.
İki tələbə dost baş-ayaq yatır
Süfrədən aşağı boylanır çaxır
Surət həddin aşan cavan sürücü
Səhərki tıxacın acığın çıxır
Küçələr zülməti canına çəkir
Qaranlıq azdırır yol gedənləri
Yenə ürəyində tövbə eliyir
Gecə klubunun cangüdənləri
Müəzzin yuxusun yarımçıq qoyub
Dilinin altında beş-altı hədis
Yorulub işindən,tənhalığından
Ağacı adama oxşadır polis
Günəş yavaş-yavaş uzaqdan gəlir
Nizami küçəsi adamla dolur
Bakıya ilk defə gələn tələbə
Sol əlin heykəlin çiyninə qoyur