1934-cü il mart ayının 9-da kəndli ailəsində sarışın, mavigözlü bir körpə dünyaya gəlir. Bu indi hər kəsin tanıdığı Yuri Alekseyviç Qaqarin idi. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul olan sadə insanlar olub. Qaqarinlər dindar olmayıblar. Uşaqlığını Kluşino kəndində keçirən Qaqarin ailəsi ilə birlikdə 1945-ci ildə Qjatsk şəhərinə köçür. 1951-ci ildə faşist işğalları uşaqların təhsilinə mane olsa da o, orta məktəbi bitirir. 1955-ci ildə isə təhsil aldığı “Saratov” sənaye texnikomunu əla qiymətlərlə bitirən 21 yaşlı Qaqarin həmin il “Yak-18” təyyarəsində ilk sərbəst uçuşunu həyata keçirir. O vaxt demək olar ki, əksər oğlan uşaqları göylərə həsrətlə baxır və təyyarəçi olmağı arzulayırdılar. Lakin bu arzu hər kəsə qismət olmayıb. 7 illik təhsilini bitirib Saratov aeroklubuna daxil olan Yuri boyunun (165 sm) balacalığına görə tibb komissiyasını çox çətinliklə keçib. Təyyarəni daha rahat idarə etmək üçün deyilənə görə həmişə özü ilə döşəkcə gəzdirirmiş. Qısa müddətdə 196 dəfə havaya qalxıb və 42 saat 23 dəqiqə uçuş keçirib.
***
Elə həmin ilin payızında hərbi xidmətə çağırıldı və Orenburqda xidmət etməyə başladı. Təyyarəni sərbəst idarə edə bildiyi üçün Qaqarini Orenburqdakı Hərbi Aviasiya Məktəbinə oxumağa göndərdilər. 1957-ci ildə məktəbi uğurla bitirdi və Şimal dənizindəki hərbi dəniz donanmasının 122 saylı qırıcı aviasiya diviziyasının 169 saylı polkunda xidmət etməyə başladı. Ona həmin dövr üçün olduqca müasir hesab edilən “MİQ-15“ qırıcı təyyarəsinin idarəsi tapşırılmışdı. SSRİ-i sosializmin kapitalizmdən üstünlüyünü ideoloji mübarizə vasitəsinə çevirmişdi. Bütün sahələrdə bunu sübut etmək istəyirdi. O vaxt Kosmik Tədqiqatlar Mərkəzində Qaqarindən başqa daha 20 nəfər də var idi. Amma onların heç biri Qaqarin qədər təcrübəyə malik deyildi. O vaxt namizədləri SSRİ-də kosmosun “atası” hesab edilən Korolyov şəxsən özü seçirdi. 20 namizəddən 6 nəfər seçildi. Seçilənlər arasında Qaqarin də var idi.
***
Kosmosa ilk uçuş tələsik hazırlanmışdı. Kəşfiyyata amerikalıların aprel ayının sonuna kimi kosmosa kosmik gəmi buraxacaqlarına dair məlumat daxil olmuşdu. SSRİ rəhbərliyi buna yol verə bilməzdi və istənilən yolla amerikalıları qabaqlamaq komandası verildi. Dövlət komissiyasının təcili keçirilən iclasında 6 nəfərdən ikisini soyadı səsləndi: Qaqarin və Titov. İnsanların psixikası çox narahat idi. Təcrübələr zamanı təyyarəçilər deyirdi ki, insan özünü o qədər itirir ki, diqqətini cəmləşdirə bilmir. O vaxt onlara 25 rəqəmi altında, içində xüsusi şifrə qeyd olunmuş paket hazırlanmışdı. Bu paketdə gəmini əllə idarəyə keçirməkçün şifrə gizlədilmişdi. Lakin kosmik gəmilərin əksəriyyəti avtomotik rejimdə olduğu üçün buna ehtiyac qalmırdı. Sınaq uçuşları zamanı Yuri Qaqarin idarəetməyə əlini də vurmadan ətrafını seyr eləmək və heyrətlənməklə məşğul idi. Ona görə də konstruktorlar düyməni qorumaqçün bir neçə məntiqi hərəkət tələb edən qıfıllar qoymuşdular. Əgər pilot ağlını itirməsə, konverti sakitcə açıb şifrəni götürüb yığa bilsə, deməli, gəmini də idərə edə biləcək. Nəticə olaraq, Qaqarindən əvvəl 4 uçuş uğursuz oldu. Beləliklə kosmosa uçacaq ilk insanın adı bəlli idi.
***
1961-ci il aprelin 12-də Yuri Qaqarin dünyada kosmik uçuş edən ilk insan oldu. Bu hadisə bütün gələcək nəsillərin yaddaşında qalacaq. Bu hadisə sovet alimlərinin və mühəndislərinin fədakar çalışmaları nəticəsində gerçəkləşmişdi. Uçuş zamanının gözlənilmədən tezləşdirilməsi hadisələrin gedişatına təsir etmiş oldu. Bəlkə də hər şey planlaşdırılmış kimi getsəydi, sonluq dəyişə bilərdi. Bu sual cavabsız olaraq alıb. Digər tərəfdən, deyilənə görə, Qaqarinə tapança vermişdilər. Bunun səbəbi nə idi? Axı psixoloji gərginlik keçirmə riski olan bir vəziyyətdə silah daha ağır nəticələr verməzdimi?
***
SOV.İKP MK və Nazirlər Şurasının 1960-cı il 11 oktyabr tarixli qərarında qey olunmuşdu ki, Yuri Alekseyviç Qaqarinin kosmosa ilk uçuşu dekabr ayına planlaşdırılıb. O isə təyin olunan vaxtdan bir neçə ay daha tez – aprel ayında kosmosa uçub.
***
Qışda baş verən “Şərq” faciəsi uçuşa mane olmuşdu. Oktyabrın 24-də Baykonurda uçuşa hazırlanan yanacaqla dolu hərbi raket havalanmadan partladı. Nəticədə 268 nəfər həlak oldu. Onların arasında marşal Nedelin də var idi. Dəhşətli hadisədə insanların əksəriyyəti diri-diri yanmışdı.
***
Avadanlıqlar həyat üçün yalnız 50 faiz etibarlı idi: Daha əvvəl kosmosa uçuş üçün keçirilən 6 sınaq uçuşundan 3-ü ağır faciə ilə sonlanmışdı. Bənzəri hadisələr hər kəsi narahat edirdi. İki azyaşlı qızı olan Qaqarin narahat idi. Daha sonra Qaqarinin Titov ilə əvəzlənməsi istiqamətində müzakirələr səsə qoyuldu. Lakin məsul şəxslər Yuri Alekseyviçin namizədliyi üzərində israrla dayandılar və həyatlarının sonuna qədər seçimlərində yanılmadıqları üçün qürur hissi keçiriblər.
***
Yuri Qaqarin 1961-ci ildə baş verən uğursuzluqlar səbəbindən kosmosa uçuşuna iki gün qalmış həyat yoldaşına vida məktubu yazıb. Məktub Qaqarinin həyat yoldaşı Valentina İvanovaya 1968-ci il mart ayının 27-də – o, qəzaya uğradıqdan sonra verilib. Dünyanın ilk kosmonavtı Yuri Alekseyviç Qaqarin bu qəzada həyatını itirmişdi.
Məktubda deyilir: “Mənim əzizlərim, Valeçka, Lenoçka və Qaloçka! Sizinlə sevincimi bölüşmək istəyirəm. Axı sadə insana bu boyda böyük vəzifə etibar eləyiblər – kosmosa yol açmaq! Bundan artığını arzulamaq olarmı? Axı bu tarixdir, yeni eradır! … Texnikaya inanıram, o bizi aldatmaz. Amma o da olur ki, adam durduğu yerdə yıxılıb başını partladır. Əgər nəsə olsa, xahiş edirəm özünü dərdə salma. Qızları düzgün böyüt, qoy tənbəl olmasınlar. Öz həyatını da necə ürəyin istəyirsə, elə qur… Bilmirəm niyə məktub qəmli alınır. Mən inanıram ki, sən bu məktubu heç vaxt oxumayacaqsan. Həmişə vicdanla yaşamışam. Çkalovun dediyi kimi “Olursansa, birinci ol” sözlərini uşaqlıqdan unutmuram. Mən bu uçuşu yeni cəmiyyətə, Vətənə və elmə həsr eləyirəm.”
***
Sonradan məlum olub ki “Vostok-1” kosmik gəmisində uçuşdan əvvəl nasazlıq yaranıb. Yoxlama zamanı məlum olub ki, gəminin “datçiki”ndən lazımi siqnal gəlmiyib. Uçuşa dəqiqələr qalmış yaranan problem son dərəcə ciddi idi və həll olunmazsa, faciə ilə sonlana bilərdi. Belə bir vəziyyətdə “Vostok-1” kosmik gəmisinin konstruktoru Oleq İvanoviç və işçiləri cəmi bir neçə dəqiqə ərzində sensor üzərindəki 30 “qayka”nı açaraq, yaranmış problemi həll edib. Siqnalötürücü “datçik” yenidən gəminin içərisinə yerləşdirilib.
Sergey Korolev şəxsən göstəriş verdi ki, kosmik gəminin “bardaçokuna” kosmonavt üçün tapança və bir şüşə konyak qoyulsun.
“Gəminin etibarlılığına əminik. Hansısa sınıq, texniki nasazlıq praktiki olaraq mümkün deyil. Amma Yura bizə inanmır. Gözlənilməz hadisələrə görə o narahatdır və bizi işimizdən azad etmir. Ona görə də biz qərara gəldik ki, onun “bardaçokuna” bir şüşə konyak və tapança qoyaq. Düşünürəm ki, siz məni başa düşürsüz “- o bildirib.
Bütün bunlara baxmayaraq, heç kim uçuşun uğurla gerçəkləşəcəyindən əmin deyildi.
***
Mətbuat üçün artıq öncədən 3 ayrı çıxış hazırlanmışdı. Daha doğrusu açıqlama. “Kosmonavtın Sovet Xalqına Müraciəti” adı altında hazırlanan 3 yazıdan birini həqiqətəndə Yuri Qaqarin yazmışdı. Digər ikisi isə onun dublyorları olan – Herman Titov və Qriqori Helyubov tərəfindən yazılmışdı.
Uçuşdan dərhal sonra “TASS” üçün açıqlamalar hazırlandı. Baş verəcəklərin 3 cür analiz edilməsi nəzərdə tutulmuşdu. Biri uçuşun uğurlu olacağı təqdirdə yayımlanacaq informasiya, ikincisi gəminin orbitə çıxa bilməyib tayqa və ya okeana düşəcəyi halda ölkələrə kosmonavtın axtarılması barədə müraciət, üçüncü isə Qaqarinin faciəvi ölüm xəbəri.
***
Əgər kosmik gəminin mühərrikində hər hansı bir problem yaransaydı o Yerin orbiti daxilində qalmalıydı.
“Vostok” kosmik gəmisinin kostruksiyası elə hazırlanmışdı ki, gözlənilmədən nasazlıq yaranarsa, gəmi sakitcə atmosferin üst qatına enib orda qala bilsin. Lakin bu 1 saat ərzində baş verə bilməzdi. Bunun üçün ən az 7-10 gün lazım idi. Bu məqsədlə Qaqarinə 10 gün üçün kifayət edəcək qədər ehtiyyat su, qida tədarük edilmişdi.
Bütün araşdırmalara, hazırlıq sınaq uçuşlarına baxmayaraq, kosmonavtın əsəbi-psixi şok keçirmə riski güclü idi. Bu yarana bilənəcək təhlükəni daha da artırırdı. Psixi pozuntuların qarşısını almaq məqsədilə Qaqarinə daim Yer kürəsi ilə əlaqədə qalmaq tapşırıldı. 108 dəqiqəlik uçuş müddətində o, Yerlə danışır müşahidələri,sağlamlığı barədə məlumat ötürürdü. “Vostok-1” kosmik gəmisi tam avtomatik rejimdə uçuş həyata keçirib. Kosmonavtların gərgin çəkisiz şəraitdə gəmini normal idarə edə biləcəyinə heç kim inanmırdı. Ən pis ehtimalda Qaqarinə xüsusi kod verilmişdi. O bu kod ilə uçuşu avtomatik rejimdən əllə idarəetməyə keçirdə bilərdi.
“Əlvida yoldaşlar, mən yanıram”
Uçuş zamanı bir sıra problemlər yaşanır – siqnalötürücü işləmir, rabitədə nasazlıq yaranır və.s Bu hallar hər kəsi narahat edir. Sergey Korolov Qaqarinlə rabitə əlaqəsi qura bilmir. Yavaş-yavaş səsi əsən Korolov dəfələrlə qarşılıq almadan “Qaqarin, məni eşidirsən?” deyib. Nəhayət rabitə bərpa olub.
Uçuşun planlaşdırıldığı kimi yeganə uğurlu keçən mərhələsi kosmik gəminin təkanla uçuşu və kosmonavtın gəmi yaxınlığında uğurlu enişi olub.
***
Uçuşun yekun mərhələsində Yuri Qaqarinin Yerə göndərdiyi: “Əlvida yoldaşlar, mən yanıram”frazası haqqında uzun müddət heç kim, heç nə yazmaq istəmirdi.
Əslində, hər bir uçuş zamanı baş verən sürtünmə və yüksək hərarətdən yaranan qığılcımlar Qaqarini təlaşlandırmışdı. O elə bilirdi ki, gəmi yanır və birazdan öləcək. Daha sonra kosmonavtlar bənzəri hadisələrə hazırlıqlı olsalar da, bu təsirli səhnəni ilk dəfə Qaqarin görüb.
Bu qısa söhbət məntəqədə komanda tərəfindən qeydə alınmamışdı. Yaranan texniki nasazlıq aradan qaldırıldıqdan sonra danışıqların xronikasını düzəltmək üçün 1961-ci il aprel ayının 12-də baş konstruktor Sergey Korolov və Yuri Qaqarindən həmin gün danışdıqlarını yenidən təkrarlamaq xahiş olunub.
“Vostok” kosmik gəmilərində aparatının daxilində buraxılan kosmonavtların 1500 metr yüksəkliyə təkanla uçuşu nəzərdə tutulmuşdu. Gəminin kənara enməsi səbəbindən beynəlxalq federasiya Qaqarinin uçuşunu rekord göstırici kimi qeydiyyata almaqdan imtina edib. O vaxt sovet nümayəndələri hiylə işlətdilər. Uçuş ərəfəsində ən qızğın müzakirələr aparılan mövzulardan biri də kosmonavtın dəbilqəsi üzərində yazılan “SSRİ” yazısı idi. Qaqarinlə birlikdə Amerikadan da kosmosa uçuş planlaşdırıldığı üçün onlar bunu son anda – uçuşa 20 dəqiqə qalmış etdilər ki, onu diversantla səhv salmasınlar. Bu barədə Sovet İttifaqı qəhrəmanı, təyyarəçi, ilk kosmonavt məşqlərdə iştirak edən Mark Qallay özünün “Göyərtədəki insan” kitabında qeyd etmişdi. Əvvəl SSRİ ilk kosmonovtın uğurlu enişini elan etməkdən çəkinirdi, lakin sonra 1964-cü ildə rəsmən kosmonavtın enişini elan etdi.
***
“Ulduz” müəssisənin veteranları iddia edirdilər ki, “SSRİ” yazısı kosmonavtlar üçün hazırlanan skafandrlar (kosmos uçuşları üçün xüsusi geyimlər) üzərinə əvvəlcədən yazılmışdı. Sovet hakimiyyəti hər kəsi inandırırdı ki, Qaqarin təyinən olunmuş yerə enib. İddianı faktlarla sübut etmək istəyən alimlərin hesablamalarının hamısı nəticəsiz olurdu. Əslində Yuri Alekseyeviç Qaqarin Saratov vilayətinə eniş edib. Gəmidən katapultla atlanıb və onun sayəsində sağ qalıb.
Onu ilk olaraq yerli sakinlərdən Anna Taxtarova və onun nəvəsi Rita tapıb. Qəribə kostyumlu insanı görən qadın əvvəlcə qorxmuşdu. Yaxınlaşanda dəbilqənin üzərindəki,”SSRİ” yazısında onun sovet vətəndaşı olduğunu anlayıb və insanları köməyə çağırıb.
***
Qaqarinə bu uçuşa görə SSRİ rəhbərliyi tərəfindən “12-04 ЮAГ” seriyalı “Volqa” avtomobili hədiyyə olunmuşdu.
***
Ailəsindən fərqli olaraq, birinci sovet kosmonavtı dindar insan olub. O, hətta Xilaskar İsa Məsihin məbədinin bərpa edilməsini təklif edib. Ən əsası isə çox sadə insan olub. Heç vaxt “kosmosa uçmuşam, Allahı isə görməmişəm” kimi sözlər işlətməyib.
***
Yuri Qaqarini itirən sovet xalqı həmin günlərdə yas içərisində idi. Çünki Qaqarinin ölümü SSRİ-nin kosmosda ağalıq etməsinin, demək olar ki, sonu idi. Digər tərəfdən, ölkə Qaqarindən başqa, daha bir neçə kosmonavtını faciəli şəkildə itirmişdi. Moskvada və dünyada çoxları bu qəzanın arxasında düşmən əli olduğu qənaətində idi. Amma bunu sübut etmək üçün tutarlı bir dəlil yox idi. Qaqarinin faciəli şəkildə ölümünü təhqiq edən komissiya uzun araşdırmalardan sonra belə məsələ ilə bağlı qəti bir söz deyə bilməmişdi. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları apardıqları təhqiqatlardan sonra Qaqarinin müəmmalı şəkildə yoxa çıxmasını və onun cəsədinin qalıqlarının tapılmamasını heç cür izah edə bilmədi…
Könül Cəfərli
İstinadlar: Publika.az, Metbuat.az