• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Şənbə, Oktyabr 10, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Enn Karson - Ədəbiyyat üzrə Nobel mükafatçısı

09 Oktyabr 2026
in Ədəbiyyat, Gündəm, Manşet, Mücrü+, Yazarlar
Share on FacebookShare on Twitter

 

Həyatı və yaradıcılığı

 

2026-cı il oktyabrın 8-də Stokholmda İsveç Akademiyası kanadalı yazıçı Enn Karsona “klassik ənənə ilə oynaq dialoq quraraq müasir ədəbiyyatın yeni formalarını yaradan cəsarətli və ixtiraçı yaradıcılığına görə” Ədəbiyyat üzrə Nobel mükafatı verib. O, 2013-cü ildə bu mükafata layiq görülmüş Elis Manrodan sonra Nobel mükafatını alan ikinci kanadalı yazıçı olub.

 

Mənşəyi, təhsili və akademik fəaliyyəti

 

Enn Patrisiya Karson 1950-ci il iyunun 21-də Kanadanın Toronto şəhərində bank işçisinin ailəsində anadan olub. O, hələ uşaqlıq illərində latın və qədim yunan dillərini öyrənərkən klassik ədəbiyyata maraq göstərməyə başlayıb.

Karson Toronto Universitetində klassik filologiya üzrə bakalavr (1974), magistr (1975) və fəlsəfə doktoru (PhD, 1981) dərəcələrini alıb.

 

O, akademik sahədə uğurlu karyera quraraq müxtəlif ali təhsil müəssisələrində qədim yunan dilindən və klassik ədəbiyyatdan dərs deyib. Bu müəssisələr arasında Kanadadakı Makqill Universiteti, eləcə də ABŞ-ın Prinston Universiteti, Emori Universiteti, Kaliforniya İncəsənət Kolleci, Kaliforniya Universitetinin Berkli kampusu və Miçiqan Universiteti yer alır.

 

Ədəbi yaradıcılığı

 

Enn Karson yazıçı kimi debütünü 1986-cı ildə öz dissertasiyası əsasında hazırladığı “Eros: Acı-şirin” (Eros the Bittersweet) kitabını nəşr etdirməklə edib. Antik ədəbiyyatda arzu və istək anlayışının mahiyyətinə həsr olunan bu tədqiqat onun sonrakı yaradıcılığının əsasını qoyub.

 

Karson əsərlərində poeziyanı, esseistikanı, ədəbi tənqidi, tərcüməni və dramaturgiyanı birləşdirir. O, tez-tez Sapfo, Evripid, Esxil, Homer və Sofokl kimi antik müəlliflərin mətnlərinə, eləcə də Virciniya Vulf, Emili Bronte, Paul Çelan, Frans Kafka və Lev Tolstoy kimi daha müasir yazıçıların əsərlərinə müraciət edir.

Karson indiyədək çoxsaylı bədii əsərlər və esse topluları nəşr etdirib. Bu günə qədər onun iyirmidən çox kitabı və tərcüməsi işıq üzü görüb.

 

Ən diqqətəlayiq əsərləri arasında 1992-ci ildə nəşr olunan, qısa esselərdən ibarət yenilikçi “Qısa söhbətlər” (Short Talks) toplusu, ona geniş beynəlxalq şöhrət qazandıran və Herionla Herakl mifini yenidən şərh edən “Qırmızının avtobioqrafiyası” (Autobiography of Red, 1998) adlı mənzum romanı, həmçinin “İş vaxtından kənarda kişilər” (Men in the Off Hours, 2000) və “Ərin gözəlliyi” (The Beauty of the Husband, 2001) topluları var.

 

Sonrakı illərdə yazıçı eksperimental əsərlərini nəşr etdirib. Bunlara onun vəfat etmiş qardaşına həsr etdiyi epitafiya xarakterli “Noks” (Nox, 2010) kitabı, mətnin ayrı-ayrı hissələrinin istənilən ardıcıllıqla oxuna bildiyi “Üzənlik” (Float, 2016) və “Troya qadınları: komiks” (The Trojan Women: A Comic, 2021) əsəri daxildir.

Hazırda onun son əsəri əsasən nəsr nümunələrindən ibarət olan və antik motivlərin mühüm yer tutduğu “Yanlış norma” (Wrong Norma, 2024) toplusudur.

 

Mükafatları və tanınması

 

Enn Karson çoxsaylı mükafatlara layiq görülüb.

 

– 2020-ci il: İspaniyanın Asturiya Şahzadəsi mükafatını alıb.

– 2021-ci il: Dünya ədəbiyyatındakı nailiyyətlərinə görə PEN/Nabokov mükafatına layiq görülüb.

– 2022-ci il: Böyük Britaniya Kral Ədəbiyyat Cəmiyyətinin xüsusi fəxri adına layiq görülüb.

– 2025-ci il: Bədii düşüncənin dərinliyini və fəlsəfi məzmunu əks etdirən ədəbi nailiyyətlərə görə verilən nüfuzlu Zbiqnev Herbert adına Beynəlxalq Ədəbiyyat mükafatını qazanıb.

 

Karson 2005-ci ildən Kanada Ordeninin üzvüdür.

 

Şəxsi həyatı

 

Onun ilk evliliyi səkkiz il davam edib və 1980-ci ildə boşanma ilə başa çatıb. Hazırda o, rəssam Robert Karri ilə evlidir. Robert Karri Enn Karsonun bəzi kitablarının həmmüəllifidir.

2022-ci ildə onların hər ikisi İslandiya vətəndaşlığı alıb.

2024-cü ildə Enn Karson ona Parkinson xəstəliyi diaqnozu qoyulduğunu açıqlayıb.

 

Yaradıcılığından nümunələr

 

Şüşə

 

Yuxuda qısa çıqqıltılar eşidilir.

Gecə gümüş krandan damcılayır,

onurğam boyunca aşağı süzülür.

Səhər saat dörddə oyanıram. Düşünürəm

bir kişi haqqında,

sentyabrda gedib çıxmış bir kişi haqqında.

Onun adı Lou idi.

Hamam güzgüsündə üzüm

ağ ləkələrlə örtülüb.

Üzümü yaxalayıb yatağa qayıdıram.

Sabah anamı ziyarət etməyə gedəcəyəm.

 

O

 

O, şimaldakı çöllükdə yaşayır.

Tək yaşayır.

Orada bahar bıçaq tiyəsi kimi açılır.

Bütün günü qatarlarla yol gedib onun yanına çatıram,

özümlə çoxlu kitab aparıram –

bir qismi anam üçün, bir qismi özüm üçün,

onların arasında Emili Brontenin Əsərlərinin tam külliyyatı da var.

O, mənim ən sevimli yazıçım­dır.

Həm də aşmaq istədiyim ən böyük qorxumdur.

Hər dəfə anamın yanına gələndə

hiss edirəm ki, Emili Bronteyə çevrilirəm,

tənha həyatım çöllük kimi məni əhatə edir,

uyğunsuz bədənim — dəyişib başqa bir şeyə çevrilmək ümidi ilə

dayazlığın lilini tapdalayır,

amma mətbəxin qapısından içəri girən kimi bu hiss yox olur.

Emili, bizə hansı ətdən lazımdır?

 

ÜÇÜMÜZ

 

Mətbəx masasının arxasında üç susqun qadın.

Anamın mətbəxi qaranlıq və kiçikdir, amma pəncərənin o tayında —

buzun iflic etdiyi çöllük uzanır.

Baxışın çatdığı qədər uzağa yayılır,

düzənliyin saysız milləri boyunca, işıqsız, bütöv ağ səmanın altına qədər.

Anamla mən salatımızı diqqətlə çeynəyirik.

Mətbəxdəki divar saatı fasilələrlə alçaq bir uğultu çıxarır, dəqiqədə bir dəfə

on ikinin üstündən atlanır.

Emili kitabımın 216-cı səhifəsində açıq qalıb, şəkər qabına söykənib,

amma mən gizlicə anama baxıram.

Min sual içəridən gözlərimə çırpılır.

Anam salatını diqqətlə araşdırır.

Mən 217-ci səhifəyə keçirəm.

“Mətbəxdə qaça-qaça … Hərtonu yıxdım —

o da qapının ağzında yenicə doğulmuş küçükləri

stulun söykənəcəyindən asırdı”.

Burada və bundan sonra Emili Brontenin “Uğultulu aşırım” romanından Anastasiya Qrızunovanın tərcüməsi əsasında sitatlar verilir.

Sanki hamımız şüşədən ibarət bir atmosferə qərq olmuşduq.

Arabir hansısa söz şüşəni yarıb keçirdi.

Çəkiliş meydançasına görə vergi. Elə də böyük bir qovun deyil,

qovun üçün hələ çox tezdir.

Yerli bərbər qadın Tanrını tapıb, çərşənbə axşamları salonunu bağlayır.

Çay dəsmalları olan siyirmədə yenə siçanlar.

Xırda qırıntılar. Salfetlərin

künclərini gəmiriblər, kaş biləydilər,

indi salfetlərin qiyməti nə qədərdir.

Axşama yağış.

Sabah yağış.

Filippindəki o vulkan yenə başlayıb. Onun adı nə idi,

Anderson, öldü, yox, Şirli deyil,

opera müğənnisi. Qara qadın.

Xərçəng.

Qarnirdən yemirsən, ətirli istiotu sevmirsən?

Pəncərədən ölü yarpaqların düzənliyin üstündən uçuşduğunu görürəm,

şam iynələrinin arasında çapıq kimi qalmış qar parçalarını.

Çöllüyün ortasında,

çökəklik yaranan yerdə,

buz açılmağa başlayır.

Qara, açıq su irəliləyir,

qatılaşıb kəsmik bağlayır, sanki qəzəbdir. Anam qəfil deyir:

Bu psixoterapiya sənə elə də kömək etmir, elə deyilmi?

Onu unuda bilmirsən.

Anamın hər şeyə yekun vurmaq qabiliyyəti var.

O, Louya heç vaxt elə də rəğbət bəsləməyib,

amma həyatımda bir kişinin olmasını və işlərimin yoluna düşməsini xoşlayırdı.

Nə olsun, o götürür, sən verirsən – ümid edirəm, bu işə yarayır,

onu ilk dəfə görəndə dediyi sözlər bunlar olmuşdu.

O vaxtlar vermək və almaq mənim üçün sadəcə sözlər idi.

Əvvəllər heç vaxt aşiq olmamışdım.

Bu, yamacdan aşağı diyirlənən təkərə bənzəyir.

Amma bir səhər tezdən, anam yatarkən,

mən aşağıda, «Uğultulu aşırım»ın Hitkliffin tufanda darvazadan yapışıb hönkürtü ilə

sevgilisinin ruhuna pıçıldadığı fəsli oxuyarkən:

“İçəri gir! Gəl içəri!” –

dizlərim üstə xalçaya çöküb mən də hönkür-hönkür ağladım.

Bu Emili küçükləri necə

asmağı bilir.

“Bu, aspirin qəbul etməyə bənzəmir”, – deyə süstcə cavab verirəm.

Doktor Hou deyir ki, kədər uzun sürən bir prosesdir.

Anam qaşlarını çatır. Bununla nəyə nail olmaq olar,

keçmişi niyə eşələmək lazımdır?

Ah, – çiyinlərimi çəkirəm – zzz

mən qalib gəlirəm! Gözlərinin içinə baxıram.

O gülümsəyir. Bəli, sən qalib gəlirsən.

 

MÜŞAHİDƏÇİ

 

Müşahidəçi,

Emilinin şeirlərində bu sözün

qeyri-adi yazılışı çaşqınlıq doğurmuşdu.

Məsələn,

“Mənə de, qışdırmı?” şeirinin ilk misrasında,

Shakespeare Head nəşrində.

Amma o, həqiqətən də «müşahidəçi» sözünü məhz belə yazmışdı.

O, müşahidəçi idi.

Tanrını və insanları, çöllükdəki küləyi və taybatay açılmış gecəni müşahidə edirdi.

Gözləri, ulduzları, içərini, çölü, havanı müşahidə edirdi.

Zamanın sınmış pilləkənlərini müşahidə edirdi.

Dünyanın miskin nüvəsini,

taybatay açılmış halda müşahidə edirdi.

Müşahidəçi olmaq seçim deyil.

Bundan gizlənəcək yer yoxdur,

dırmaşıb çıxmağa heç bir çıxıntı da yoxdur – suya baş vurmuş üzgüçü kimi,

gün batanda sudan çıxıb

damcıları üstündən silkələdiyi kimi, bu, sadəcə açıq fəzaya uçur.

Müşahidəçi olmaq özlüyündə nə kədərlidir, nə də sevinc gətirir,

hərçənd o, şeirində bu sözlərdən istifadə edir,

romanında da intim birliyin duyğularına toxunur,

onları “müşahidəçilik işi” evfemizmi ilə ifadə edir.

Amma bunun adı yoxdur.

Bu, şəffafdır.

Bəzən o, buna “Sən” deyir.

“Emili qonaq otağında xalçanı təmizləyir”, –

Şarlotta 1828-ci ildə yazır.

Evdə belə özünə qapanan,

harasa çıxmağa qərar verəndə yad adamlarla göz-gözə gəlməyi bacarmayan Emili

günlərin və illərin içindən

səriştəsizcəsinə keçib gedirdi; onun həyatının yoxsulluğu bioqraflarını dəhşətə gətirir.

Bu kədərli, solğun həyat, – bioqraflardan biri yazır.

Maraqsız, diqqətəlayiq heç nəyi olmayan, məyusluq və

ümidsizliklə qırılıb əzilmiş həyat, – digəri deyir.

Əgər kişi olsaydı, əla dənizçi ola bilərdi,

– üçüncüsü ehtimal edir. Bu arada

Emili xalçanı təmizləyərək bir sualı beynində ovxalamaqda davam edirdi:

“Bu dünyanı niyə rədd etməli?”

Səninlə bağ qurmuş birinə

dünya yarımçıq qalmış cümlə kimi görünə bilər.

Amma onun çöllükdə gəzintidən qayıdarkən

üzünün “ilahi bir nurla işıqlandığını” xatırlayan qonşu ilə

Emilinin həyatında bircə dostunun belə olmadığını

bizə xəbər verən bacısı arasında

kiçik, dərisi soyulmuş bir ruhun

süzülüb keçə biləcəyi bir boşluq var.

O, dərin gəminin kilinin yanı ilə

albatros kimi səssizcə sürüşüb gedir.

Balaca, dərisi soyulmuş ruhu heç kim tutmadı.

Onun dostları, uşaqları, cinsi həyatı, dini, evliliyi, uğuru, maaşı

və ölüm qorxusu yox idi. O, ömrünün cəmi

altı ayını xidmətə sərf etmişdi – Halifaxdakı məktəbdə –

və qış günlərinin birində, saat ikidə divanda

otuz bir yaşında öldü. O, həyatının

əksər saatlarını xalçanı təmizləməklə,

çöllükdə gəzməklə

və ya müşahidəçiliklə keçirmişdi. Özünün dediyinə görə,

bu, ona rahatlıq verirdi.

“Ümid edək ki, hər şey öz qaydasındadır və bu halımızda illərlə qala biləcəyik”, –

deyə 1837-ci ildə gündəliyinə yazmışdı.

Amma onun poeziyası başdan-başa zindanlarla,

yeraltı kameralarla, qəfəslərlə, barmaqlıqlarla, sıxıntılarla, üzəngilərlə, yüyənlərlə, qıfıllarla, qandallarla,

bağlı pəncərələrlə, dar mazğallarla, əks-səda verən divarlarla doludur.

“Niyə yox yerdən bu qədər səs-küy qaldırır?” – deyə bir tənqidçi soruşur.

“O, azadlıq istəyirdi. Məgər azadlığı yox idi?

Tamamilə qənaətbəxş ev həyatı,

xəyallarında isə bundan da artıq qənaətbəxş həyat – bəs niyə qanad çırpırdı?

Bizim görə bilmədiyimiz hansı qəfəsdə

özünü dustaq hiss edirdi?”

Düşünürəm ki, dustaq olmağın çox yolu var,

çöllükdə addımlayarkən.

Adətən anam nahardan sonra mürgüləyir,

mən isə gəzməyə çıxıram.

Çılpaq mavi ağaclar və ağardılmış taxta kimi aprel səması

işıq tiyələri kimi bədənimə sancılır.

Bütün bunlarda uşaqlığımdan nəsə var –

dayanmış günortanın işığı,

saatların tıqqıldadığı,

ürəklərin qapandığı,

ataların yenidən işə getdiyi,

anaların isə mətbəxdə dayanıb

heç vaxt dilə gətirməyəcəkləri bir şey haqqında düşündüyü vaxtın işığı.

Sən həddindən artıq çox şeyi xatırlayırsan,

– anam bu yaxınlarda mənə dedi.

Bütün bunlardan niyə yapışıb qalmısan? Mən də dedim:

“Bəs bütün bunları harada yazım?”

O, söhbəti hava limanlarına yönəltdi.

Buz qırıntıları palçığa çevrilir,

mən çöllükdə özümə yol açdıqca,

solğun mavi günəşin şüaları ilə isinirəm.

Çöllüyün kənarında şamlarımız

haradansa əsən küləklərə qərq olub

üzürlər.

Sevdiyin birini itirməyin bəlkə də ən ağır tərəfi —

ilin öz günlərini təkrar etməsinə baxmaqdır.

Elə bilirəm, əlimi

zamanın içinə salıb oradan

keçən il başqa bir ölkədə yaşadığım aprel istisinin

mavi və yaşıl romblarını götürə bilərəm.

Hiss edirəm ki, o biri gün bunun altında qaçır,

köhnə videolent kimi – biz tələsik son döngəni dönürük,

yamacla yuxarı, onun evinə tərəf.

Cökə və qızılgül kölgələri avtomobilin pəncərəsində sayrışır,

radiodan musiqi axır, o isə

mahnı oxuyur və sol əlimi dodaqlarına yaxınlaşdırır.

Lou dənizi görə bildiyi hündür, mavi bir otaqda yaşayırdı.

İndi ayaqlarımın altında öz şəffaf ilgəkləri ilə axıb keçən zaman

hələ də həmin otaqdakı telefonun səsini,

uzaqdakı avtomobillərin uğultusunu, pəncərənin altında

özündən razı gəzişən göyərçinlərin qurultusunu və onun səsini daşıyır. O deyir:

“Sən gözəlsən”. Gözəlin ürəyinin

mənim ürəyimdə döyündüyünü hiss edirəm; o, həmin hündür, mavi otaqda onun qucağına sığınır –

Yox, – ucadan deyirəm. Əllərimi aşağı salmağa

özümü məcbur edirəm.

Hava qəfildən su kimi soyuq və ağırlaşır,

videolent qəfil silkələnib dayanır,

sanki qan damcısının altında qalmış şüşə lövhədir.

Donub qalıram, dönürəm, küləyin qarşısında dayanıram,

külək indi çöllüyü yarıb sürətlə mənə tərəf gəlir.

Lou gedəndə özümü o qədər pis hiss edirdim ki, öləcəyimi düşünürdüm.

Adi bir haldır.

Meditasiya ilə məşğul olmağa başladım.

Hər səhər divanın qarşısında döşəmədə oturur

köhnə latın dualarının qırıq parçalarını oxuyurdum.

De profundis clamavi ad te, Domine.

“Dərinliklərdən Sənə səsləndim, ey Rəbb”.

Hər səhər gözümün önündə görüntülər peyda olurdu.

Tədricən anlamağa başladım ki, bunlar ruhumun çılpaq parıltılarıdır.

Onlara “Çılpaqlar” adını verdim.

Çılpaq № 1. Təpənin üstündə tənha bir qadın.

Küləyin qarşısında dayanıb.

Şimaldan əsən güclü yan küləyidir.

Qadının bədənindən uzun ət parçaları qopur, havaya qalxır və uzaqlara sovrulur; geridə

sinirlərdən, qan damarlarından və əzələlərdən ibarət çılpaq bir sütun qalır,

dodaqsız ağzı ilə səssizcə qışqırır.

Bunu yazmaq mənə əzab verir,

mən melodramı sevən deyiləm.

Amma ruh, Şarlotta Brontenin “Uğultulu aşırım”a yazdığı ön sözdə dediyi kimi,

“vəhşi təbiətin emalatxanasında yonulur”.

Şarlottanın “Uğultulu aşırım”a ön sözü publisistikanın şah əsəridir.

Divanın qoltuğuna qıvrılıb yığılmış əqrəbi görməyən bir adam kimi,

Şarlotta əmin və sakit səslə

Emilinin emalatxanasındakı başqa əşyalar haqqında danışır –

sarsılmaz ruh (“kişidən güclü, uşaqdan sadə”),

qəddar xəstəlik (“sözlə ifadə edilə bilməyən ağrı”),

müstəqil son (“o, sürətlə sönürdü, bizi tərk etməyə tələsirdi”)

və Emilinin nə dərk edə, nə də idarə edə bildiyi yaradıcılıq layihəsinə tam tabe olması haqqında.

Bu layihəyə görə o, tərifə və ya qınağa,

ağzını açıb

“ildırımı içinə çəkmək” istəyən adamdan daha çox layiq deyil. Əqrəb sürünür,

divanın qoltuğu boyunca irəliləyir, Şarlotta isə

ildırım və digər hava hadisələri haqqında nəzakətlə danışmağa davam edir –

Emilinin romanının elektriklənmiş atmosferinə düşəndə

bizim də yaşaya biləcəyimiz hadisələr haqqında.

Bizi orada «böyük qaranlığın dəhşəti» gözləyir,

amma buna görə Emili məsuliyyət daşımır. Emili tələyə düşmüşdü.

“Bu qəhrəmanları yaradanda nə etdiyini anlamırdı”, –

Şarlotta deyir (Hitkliff, Ernşou və Ketrin haqqında).

Bəli, dustaq olmağın çox yolu var.

Əqrəb yüngülcə sıçrayıb sol dizimizin üstünə düşür,

Şarlotta isə belə yekunlaşdırır: “Özünə yazığı gəlmirdi”.

Emilinin “Uğultulu” adlandırdığı Aşırım da amansızdır,

onun “canlandırıcı havalandırmasına”

və “başgicəlləndirən şimal küləyinə” görə.

Atasının evini hər tərəfdən əhatə edən çöllüyü cilalayan

şimal küləyini müşahidə etmək,

Emiliyə sevgi və onun tələbatları haqqında bildiyi hər şeyi öyrətmişdi –

qəhrəmanlarının bir-birindən necə istifadə etdiyini müəyyənləşdirən

amansız bir elm.

“Mənim Hitkliffə sevgim, – Ketrin deyir, –

torpağın dərinliyindəki əbədi daşlar kimidir:

gözə xoş gəlməsələr də, zəruridirlər”.

Zəruri? Günəşin solduğunu

və gündüz havasının daha kəskinləşdiyini hiss edirəm.

Dönüb yenidən çöllüyü keçərək evə tərəf gedirəm.

Ketrin və Hitkliff kimi insanları

bir-birinə doğru itələyən,

sonra da isti daşın içinə üfürülmüş məsamələr kimi

bir-birindən ayıran, daş soyuduqca onları

bir-birinə çatmayacaq qədər uzağa tullayan

hansı qüvvələrdir? Bu hansı zərurətdir?

Lou ilə sonuncu dəfə sentyabrın qaranlıq bir gecəsində görüşdüm.

Payız başlamışdı,

paltarımın altında dizlərim üşüyürdü.

Ayın buz kimi soyuq bir qırıntısı səmaya qalxmışdı.

O, qonaq otağımda dayanıb danışırdı,

üzümə baxmadan. Kifayət qədər ehtiras qalmayıb,

– beş il davam edən sevgimiz haqqında belə deyirdi.

Sinəmdəki ürəyin iki yerə parçalandığını,

parçaların əks istiqamətlərə üzdüyünü hiss edirdim. İndi elə soyuq idi ki,

sanki yanırdım. Əlimi

onun əlinə toxundurdum. O, geri çəkildi.

“Səninlə seks istəmirəm”, – dedi. Hər şey ağlını itirir.

Amma indi mənə baxırdı.

“Bəli”, – dedim, paltarımı çıxarmağa başlayaraq.

Hər şey ağlını itirir. Soyunub

arxamı ona çevirdim, çünki o, kürəyimi xoşlayır.

O, mənə yaxınlaşdı.

Sevgi və onun tələbatları haqqında bildiyim hər şeyi

məhz o anda öyrəndim – özümü

qayğısına qalmayan bir kişiyə

paviana bənzər şəkildə balaca, qıpqırmızı, alovlanan yanlarımı

təklif edərkən gördüyüm anda.

Ağlımın elə bir guşəsi yox idi ki,

bu hərəkətlərdən dəhşətə gəlməsin; bədənimin elə bir hissəsi yox idi ki,

başqa cür davrana bilsin.

Amma ağıl və bədəndən danışırıqsa, bir sual yaranır.

Ruh – bədənlə ağıl arasında,

dəyirman daşı qumdaşının səthi kimi uzanan,

bu zərurətin yonulub formalaşdığı yerdirmi?

Bütün o gecə ruhu müşahidə etdim.

Lou yanımda qaldı.

Yorğanların üstündə uzanmışdıq; sanki bu, yuxu gecəsi deyildi,

nəvaziş və bir-birimizə uydurma dildə oxuduğumuz mahnıların vaxtı deyildi,

bir vaxtlar olduğumuz uşaqlar kimi.

Bu, Cənnətlə Cəhənnəmin birləşdiyi gecə idi,

Emilinin deyəcəyi kimi. Biz cinsi əlaqəyə girməyə çalışırdıq,

amma o, həvəsli olsa da, bədəni süst qalırdı. Mən isə

dəfələrlə orqazm yaşayırdım, hər dəfə bir az da şəffaflaşırdım,

nəhayət, tavanın altında yüksəlib uçdum, aşağıda yataqda bir-birinə dolaşmış

iki ruha baxırdım,

onların fani sərhədləri

ətraflarına çəkilmişdi,

xəritədəki xətlər kimi.

Bu xətlərin donub qaldığını gördüm.

O, səhər getdi.

Çox soyuqdur

aprelin təzə, dərini soyan küləyinə qarşı getmək.

İlin bu vaxtında günəş batmır,

yalnız işığın içində qeyri-müəyyən hərəkətlər baş verir, sonra işıq çəkilib gedir.

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı
Manşet

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021

Davamını oxu
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

09 Oktyabr 2026

01 İyul 2026
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.