ƏSGƏR ATALARI
Atam daş kimi adamdı.
Mənə elə gəlirdi, onun ürəyi daş bağlayıb. Bəlkə də ürəyinə daş bağlamışdı, bilmirəm. Məni əsgərliyə yola salanda ağlamadı, heç qucaqlamadı da məni. Öpməyini isə əvvəldən gözləmirdim. Mənimlə bir yerdə gedən dostlarımı ataları qucaqladı, öpdü, bağrına basdı, ağladı. Atam ağlamadı.
Mən də o gündən daşlaşdım. Yəqin kişi belə olmalıdır, düşündüm.
Onu dünyadan yola salanda mən də ağlamadım! Ancaq onun mənə verdiyi dərs burda işləmədi – ona “di tez get, ləngimə”, – deyə bilmədim.
…Ağlamamışdı, “di get, ləngimə” – demişdi o. Hətta deyəsən yüngülcə itələmişdi də məni çiynimdən. Ayrılığı niyə belə sürətləndirməyə çalışdığını düşünmüş, illərlə içimdə evirib-çevirmişdim.
Çox sonralar anladım. Bəlkə də lap bu günlərdə. Atam “tez get, ləngimə” deyəndə iki illik ayrılıqdan heç olmasa bir dəqiqə, bəlkə dörd-beş saniyə tez dönməyimi istəyirmiş…
Oğlumu savaşa yola salanda anladım. Atamdan sonra ilk dəfə ağladım…