• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Cümə axşamı, Aprel 23, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Yaqut Dəmirov - Rəfiqələr

17 Aprel 2026
in Ədəbiyyat, Yazarlar
Share on FacebookShare on Twitter

RƏFİQƏLƏR

(Hekayə)

Fikir vermisinizmi, iş yerində, ya da tələbəlik illərində, müəyyən vaxt ünsiyyətdə olan insanlar, bir yerdə olduqları zaman, bir-birlərinin xasiyyətinə, davranışlarına o qədər də dərindən nəzər yetirmirlər. Bəlkə də bunu əhəmiyyətli, vacib saymırlar. Amma, nə vaxtsa ayrıldıqda, həm də bu dövrdən uzun müddət keçəndən sonra, yaddaşımız varaqlandıqca, vaxtilə yoldaşlıq etdiyimiz adamlar bir-bir yadımıza düşür. İstər-istəməz onlarla bir yerdə keçirdiyimiz günlər barədə fikirləşirik. Bəzi vaxtlar da, həmin adamlarla lazımi qədər ünsiyyət yaratmadığımız üçün özümüzü danlayırıq. Hərdənbir, belə sözlər də işlədirik: – “Vaxtında, bu insanlarla layiqli davrana bilmədim. Hər şey başqa cür də ola bilərdi”.

Tələbəlik illəri qurtarandan sonra da təbii ki, belə düşüncələr çox olur. Demək olar ki, hər bir kəs, birgə təhsil aldıqları yoldaşlarını tez-tez yada salır, həmin günlər barədə necə deyərlər, təhlil aparır. İndiki baxış, təsəvvür əvvəlkindən fərqli olur. Onlar barədə düşündükcə, sanki həmin insanlara qarşı münasibətimiz də dəyişir. Amma, sonradan bunun bir əhəmiyyəti olurmu?

Təxminən iki il olardı ki, Günay universiteti qurtarmışdı. O vaxtdan bəri, həmişə qrup yoldaşı Səmayəni görməyi arzulayırdı.

Nədənsə, hansı bir hissin təsirindənsə, müəyyən vaxt keçəndən sonra, bunu yaddan çıxarırdı. Növbəti dəfə onu xatırlayanda, “sabah zəng vuraram” – deyərək, yenə də səhlənkarlıq edirdi. Bu gün isə, iş yerindən evə qayıdarkən, qarşı tərəfdən gələn qız onun diqqətini cəlb etdi. Mülayim, küləkli havada, hərdənbir, sağ əli ilə saçlarını arxaya doğru hamarlayaraq, iti addımlarla yaxınlaşan qız, ona tanış gəldi. Çox keçmədən, onun Səmayə olduğunu gördü.

-Ay qız, bir dayan. Bu sənsən? – dedi.

Qız səsi eşidən kimi, yerindəcə dayandı. Sevincək dedi:

-Günay? Nə xoş təsadüf. Görünüb elmirsən? Necəsən? Harada işləyirsən? Nə var, nə yox?

Onlar səmimi görüşəndən sonra Günay dedi:

-Ay qız, yol gedəndə başını bir qaldır, ətrafına bax da… Mən səni dindirməsəydim, elə ötüb keçəcəkdin.

-Hə, düz deyirsən. Necəsən? Nə işlə məşğulsan? Yaxşı oldu ki, rastlaşdıq. İki ildir ki, bir-birimizi görmürük. Doğrusu, sənin üçün darıxmışdım. Tərslikdən, telefon nömrəni də itirmişəm. Həmişə də istəyirdim ki, qızlardan sənin nömrəni öyrənəm, sonra da başım işə, gücə qarışır, yadımdam çıxırdı.

Günay dedi:

-Elə məsələ bundadır da… Həmişə bir-birimizi görmək, səsini eşitmək istəyirik. Sonra da üstündən bir-iki saat keçəndən sonra, yaddan çıxarırıq.

Səmayə gülərək zarafatla dedi:

-Bunu, sənə daha çox aid etmək olar. Özün bilirsən ki, mən hər şeylə maraqlananam. Heç nə də nəzərimdən qaçmır. Amma sən etiraf et ki, bir az soyuqsan. Elə, universitet illərində də bunu görürdük. Nə bilim, bəlkə də dəyişmisən. İnanmıram ki, insan xasiyyətini dəyişə. Bununla belə, mehriban, səmimi olduğunu bilirəm. Bütün bunları isə lazımi qədər biruzə verə bilmirsən.

Qız bir qədər susub, yenə sözünə davam etdi:

-Yaxşı, indi neyləyək? Elə küçədə dayanıb, ayaqüstü söhbət edəcəyik? Çoxdandır ki, bir-birimizi görmürük.

-Onda nə fikirləşirsən? İstəyirsən, parka gedək.

-Yox, hava soyuqdur. Özün bilirsən ki, soyuqda çox narahat oluram. Bu yaxınlarda kafe var. Gedək ora. Bir qədər ordan-burdan söhbət edərik.

Günay tərəddüdlə dilləndi:

-Kafeyə getməklə heç aram yoxdu.

Sonra da nəsə fikirləşərək, sevincək halda dedi:

-Səmayə, gəlsənə bizə gedək. Evimiz də bura yaxındır. Bax, o görünən binada oluruq. Evdə də heç kim yoxdur. Atamla anam toya gediblər. Elə ikimiz olacağıq. Bir stəkan çay içərik. Rahatca əyləşib, bir-iki saat söhbət edərik. Keçən günləri yada salarıq. Hə, necə fikirdir?

Səmayə razılıq əlaməti olaraq başını tərpətdi.

-Yaxşı, nə deyirəm ki, çoxdandır tələbə yoldaşım ilə bir yerdə əyləşmirik. Gedək.

Çox keçmədən onlar qarşıdakı döngəni ötüb, binaya daxil oldular. İkinci mərtəbəyə qalxdılar. Günay qapının zəngini iki dəfə basdı. Bu vaxt Səmayə təəccüblə dilləndi:

-Ay qız, deyirsən ki, evdə heç kim yoxdu. Özün də, arxayınçılıqla zəngi basırsan. Heç nə başa düşmədim.

Günay gülümsünüb dedi:

-Nənəm evdədir. Qoca arvaddır da… Bəlkə də indi yatıb.

-Ay səni, Günay. Özün də deyirsən ki, evdə heç kim yoxdu. Deyirəm də… Nə isə…

Bu vaxt içəridən zəif bir qadın səsi gəldi:

-Günay, sənsən? Gəlirəm, gəlirəm.

-Hə, mənəm, gəl qapını aç. Bir az tez ol.

-Ay qız, bir az gözlə də… Səmayə dedi – Yaşlı adamdır, indi gəlib açar.

Qapı açıldı. Təxminən yetmiş, yetmiş beş yaşlarında qadın göründü. Günay: –  “Salam nənə”, – deyərək, iti addımlarla otağa girdi. Bəlkə də tələsməkdə məqsədi, Səmayə otağa keçənə qədər oradakı səliqə-səhmana fikir verməkdi. Qadın isə gələn qızı gördükdə, əynindəki ev xalatının yuxarı düyməsini bağlayıb, sonra da saçlarını bir qədər səliqəyə saldı.

Səmayə isə:

-Axşamınız xeyir, nənə. Necəsən? – dedi.

Qadının üzündə xoş bir ifadə yarandı. Həm də baxışlarından hiss olunurdu ki, çox diqqətcil, həm də qarşısındakı insana dərindən fikir verəndir.

-Aqibətin xeyir, qızım, gəl içəri. Yəqin ki, Günayın rəfiqəsisən.

-Hə, nənə, biz universitetdə bir yerdə oxumuşuq. Çoxdandır ki, onu görmürdüm. Bu gün məni evə dəvət etdi. Mən də gəldim.

-Xoş gəlmisən, qızım, buyur içəri.

Bu vaxt Günayın səsi gəldi:

-Səmayə, harada qaldın? Gəl də..

-Tələsmə, gəlirəm. Nənə ilə tanış oluram. Hə, nənə, mənim adım Səmayədir. Bəs, sizin adınız nədir?

Hiss olundu ki, qadının üzü bir az işıqlandı. Bəlkə də “siz” sözünü çoxdan bəri eşitmədiyi üçün üzündə xoş bir təbəssüm yarandı.

-Adım Simuzərdir – dedi.

-Nə gözəl adınız var, Simuzər nənə.

-Hə, qızım, vaxtilə bu ad çox dəbdə idi. Məni də əzizləyib, bu adı veriblər. Amma, sənin də adın çox gözəldi. Səma sözündən yaranıb. Həm də görürəm ki, çox mehriban, hamıya qarşı diqqətlisən.

Sonra da Simuzər nənə, otağa sarı baxıb, astadan dedi:

-Kaş, elə bütün qızların xasiyyəti sənin kimi olaydı.

Bu vaxt, yenə Günayın səsi gəldi:

-Ay qız, gəl içəri də… Nənəm səni söhbətə tutdusa, çətin ki, otağa girə biləsən.

Yaşlı qadın bu sözü eşidən kimi dedi:

-Yaxşı, qızım, buyur içəri. Deyəsən, Günay da çox darıxdı. Neyləyək, səbirsizdir də… Mən də gedim otağıma. Siz də rahat oturub söhbət edin.

Səmayə otağa girənə qədər, Günay da evdə səliqə-sahman yaratmış, çaydanı da qaz plitəsinin üstünə qoymuşdu. Sonra da əyləşmək üçün tələbə yoldaşına yer göstərdi.

-İşlərin necə gedir? – deyə, soruşdu.

-Hər şey yaxşıdır. -Səmayə dedi – işə düzəlib işləyirəm.

-Mən də işləyirəm. Həftədə iki gün evdə oluram. Hə, bir de görüm, bizimlə oxuyan uşaqlardan xəbər tutursan? Hərdənbir, onları görürsənmi? Zəngləşirsənmi?

-Bir-iki nəfərlə əlaqəm var. Qalanları da belə də… Elə ki, görürəm onlar mənimlə danışmağa meyillidirlər, hal-əhval tutmaq istəyirlər, onda mən də onları yada salıb, zəng vururam. “Salam, sağ ol”dan başqa bir söz eşitməyəndə isə, açığını deyim ki, onlar necə, mən də elə. Mənim fikrimcə, hər şey qarşılıqlı olmalıdır. İndi isə səni görməyimə, sizə gəlməyimə çox şad oldum. Nənənlə tanış olmağım da lap əla oldu.

Belə başa düşdüm ki, o, xoş xasiyyətli, qayğıkeş bir qadındır. Mənim belə nənəm olsaydı, onun yanından əl çəkməzdim. Saatlarla oturub onun keçmiş haqqındakı söhbətlərinə qulaq asardım. İnanırsanmı, o vaxtkı gənclərin həyatı, özlərini necə aparmaları mənim üçün necə maraqlıdır? Hələ, o zaman geydikləri paltarları, ayaqqabıları demirəm. Nənən həmin vaxtlardan sənə söhbət açırmı? Yoxsa, heç maraqlanmamısan? Xasiyyətini bilirəm.

Günay etinasız halda dilləndi:

-Nə bilim ey…. Belə də… Bir dəfə ondan nəsə soruşdum. Gördüm ki, söhbətə çox uzaqdan, lap əvvəldən başladı. Bilirsən necədir? Bayaq dedin ki, xasiyyətimə bələdsən. Bir söhbətə səbrlə, axıradək qulaq asmağa heç hövsələm çatmır. O qədər danışığın içindən özümə lazım olan məqamları bilsəm kifayət edir.

-Demək tez-tez onun sözünü kəsirsənmiş. Çox vaxt da bu, yaşlı adamların xoşuna gəlmir. Amma, belə söhbətlərə, mənim marağım böyükdür. Yaşlı adamların hər sözü mənim üçün elə bil ki, bir tarixdir. Bəzən də onlar sehirli bir nağıl dünyasına çevrilirlər. Heyif ki, mənim nənəm, babam çox tez rəhmətə gedib. Sənin isə bu sarıdan bəxtin gətirib.

Günay ayağa qalxıb, çay gətirmək üçün mətbəxə getdi. Çox çəkmədən, əlində iki dənə çay dolu stəkan otağa girdi. Stolun üstünə qoyub əyləşdi. Sonra da əlindəki telefonu rəfiqəsinə göstərib dedi:

-Bu təzə proqramı görürsən? Bunu telefona yükləyə bilmədim.

Səmayə telefonu alıb bir qədər baxdı. Sonra dedi:

-Yox, mən də bacarmadım. Qalsın sonraya. Buna bir az vaxt lazımdır. Çoxdandır bir-birimizi görmürük. Telefon həmişə var da… Bir-iki saatlığa buradayam. Bir az söhbət edək. Bura bax, yeri gəlmişkən, deyim. Nənəyə çay təklif etmədin? Bəlkə o da təzə dəmlənmiş çay içmək istəyir?

-Sən narahat olma, lazım olanda, özü  gəlib aparır.

Səmayə təəccüblə dedi:

-Aparar nə deməkdir? O, sizinlə bir yerdə əyləşib çay içmir?

-Günayın səbri lap tükəndi:

-Ay qız, sən lap hər şeyi dərinliyinə qədər öyrənmək istəyirsən. Gəl, belə edək. Bilirəm ki, tez durub gedəcəksən. Özümüzdən, işimizdən, tələbə yoldaşlarımızdan, olub keçənlərdən söhbət açaq. Əslində, bilirsən necədir? Nənəmin, cavanlarla, bir yerdə əyləşməkdən heç xoşu gəlmir. İstəmir ki, onlara maneçilik törətsin. Otaqda özünün ayrıca stəkan-nəlbəkisi var. Çay lazım olanda gəlib özü aparır.

-Sən də buna adi hal kimi baxırsan? Elədirmi? Bəlkə də, sən hər şeyin bu cür olmasından razı qalırsan. Mən isə sənin nənənlə qısa söhbətdən sonra, belə başa düşdüm ki, onda başqalarına bənzəməyən bir çox xüsusiyyətlər var. Hiss etdim ki, o, çox ünsiyyətcil, həm də hər şeyi çox gözəl başa düşüb anlayan, dəyərləndirən bir qadındır.

Günay gülüb dedi:

-Sağ ol, çox sağ ol ki, nənəmi belə qiymətləndirirsən.

-Hə, bir söz deyim. Gəlsənə, nənəni də çağıraq, bu gün bizimlə bir yerdə əyləşsin, söhbət edək. Yaşlı adamdır, belə başa düşürəm ki, o, buna çox sevinər. Nə deyirsən?

Günay bir az fikirləşib dedi:

– İstəyirsənsə, çağıraq. Mən nə deyirəm ki… Amma bu saatlarda o, əsasən, yatıb dincəlir. Bir neçə il bundan qabaq o, ağır xəstəlik keçirmişdi. Çətin vəziyyətə düşmüşdü. Ona görə də səs-küy olan yerlərdə az-az görünməyə çalışır.

-Eybi yoxdur, qoy sən deyən olsun. Mən indi onun otağına girib baxacağam. Əgər yatıbsa, onu narahat etməyəcəm. Bilirsən, Günay, belə adamlar gələn qonaqlarla, əsasən də tanımadıqları adamlarla söhbət etməyə daha çox ehtiyac duyurlar. Həm də uşaq kimi kövrək olurlar. Onları danışdırmaq, sözlərinə qulaq asmaq, qəlblərini ələ almaq, imkan daxilində şadlandırmaq borcumuzdur.

Qız bunu deyib, ayağa qalxdı. Otağın qapısını döydü. İçəridən: -“Gəl, gəl, qızım, qapı açıqdır” – səsi gəldi. Səmayə gülümsünərək, pıçıldı ilə dedi:

-Günay, gördün, o yatmayıb. Mən belə də bilirdim.

Sonra o, otağa daxil oldu. Simuzər nənə bu zaman pəncərənin önündə dayanıb həyətə baxırdı. Qızı görən kimi: -“Gəl, qızım, gəl içəri”- deyərək, geriyə dönüb, çarpayının üstünü səliqəyə salmağa başladı. Sonra da:

-Hə, qızım, bayaqkı ayaqüstü söhbətimizdə diqqətli, qayğıkeş olduğunu bildim. Gəl, əyləş.

-Nənəcan, bilirsən nə üçün gəldim? İstəyirəm ki, indi bu gün bizimlə bir yerdə əyləşəsən. Mənim də vaxtım azdır, gedəcəyəm. Səninlə də bir az söhbət edək.

Qadın nəsə fikirləşib dedi:

-Bəlkə, elə burada, mənim otağımda söhbət edək. Onsuz da vaxtımı burada keçirməyə adət etmişəm.

Səmayə dedi:

-Ay nənə, bax, bu dəfə sən öz adətini pozmalı olacaqsan. Bizimlə bir yerdə əyləşəcəksən. Mən razı ola bilmərəm ki, sən bu otaqda tək olasan. Mənim xətrimə dur gedək.

Qadın gülümsündü. Mənalı nəzərlərlə qıza baxıb dedi:

-Yaxşı qızım, indi gəlirəm.

İndi onlar bir stolun ətrafında oturub söhbət edirdilər. Səmayə də çoxdan bəri görmədiyi hansısa əziz bir adamını görübmüş kimi, qadının hər sözünə diqqətlə qulaq asır, hərdənbir ona suallar verirdi. Günayın isə nənəsini diqqətlə dinləməyə səbri çatmır, gah telefona baxır, gah ayağa qalxıb mətbəxə baş çəkir, gah da gedib divanda əyləşirdi.

-Nənəcan, – Səmayə dedi: – Günay mənim həm tələbə yoldaşım, həm də rəfiqəmdir. Amma, təəssüf edirəm ki, bu vaxta qədər sizi tanımamışam. Bunun da təqsiri, bax, bu Günaydadır. Əgər mənə desəydi ki, mənim belə bir söhbətcil, mehriban, gülərüz nənəm var, onda tez-tez sizə baş çəkərdim. Amma, yenə də gec deyil. Bu gündən mən də oldum sənin nəvələrindən biri.

Qadın razı halda dedi:

-Əlbəttə, əlbəttə, qızım. Sən mənim üçün Günay qədər əzizsən.

-Sağ ol, nənəcan, yeri gəlmişkən, səndən bir söz xəbər alım. O zamanlar, gənclik vaxtlarında, yəqin ki, sənin də rəfiqələrin olub. İndi onları xatırlayırsanmı?

-Olub. Çox olub. Həmişə də mən, həmin qızlarla yenicə tanış olanda, elə bilirdim ki, onlar mənim fikirləşdiyim, necə dəyərlər, mənim xasiyyətimə uyğun insanlardır. Həm də hesab edirdim ki, heç vaxt bir-birimizdən ayrılmayacağıq və bu dostluğumuz həmişəlik davam edəcək. Amma heç də belə deyilmiş. Vaxt keçdikcə hər kəs daha yaxşı tanınmağa başladı. Demək olar ki, beş-altı rəfiqəmdən, axıra cəmisi biri qalırdı. Təbii ki, insanları birdən-birə tanımaq olmur. Get-gedə onlar necə insan olmaqlarını özləri biruzə verirlər. Bu vaxt seçim qarşısında qalırsan. Həmin adamlarla dostluğu davam etdirib-etdirməyəcəyin barədə düşünürsən. Əvvəlcə onlardan ayrılmaq istəmirsən. Sonra da fikirləşirsən ki, dostluğunuz davam etsə, bunun sonrası heç də yaxşı olmayacaq. Ona görə də mərhələ-mərhələ belə adamlardan uzaqlaşmaq lazımdır. Amma bunu elə etmək lazımdır ki, o, bundan inciməsin. Bax, indi siz rəfiqəsiniz. Hər zaman bir-birinizi başa düşün. Həm də ki, çalışın, tez-tez əlaqə saxlayın ki, bir-birinizi unutmayasınız. Bir söz də deyim. Yəqin ki, sən hansısa bir şirkətdə işləyirsən. İş yerində olan otuz-qırx adamdan ikisi, ya da üçü ilə rəfiqə ola bilərsən. O qədər adamın xasiyyəti sənin xarakterinə uyğun gələ bilməz.

Qadın çox həvəslə danışırdı. Beş-on dəqiqənin içərisində elə bil ki, on beş, iyirmi il cavanlaşmışdı. Heç bayaqkı adama oxşamırdı. Üzünün ifadəsi də dəyişmiş, sanki alnındakı dərin qırışlar da daha nəzərə çarpmırdı. Ötən günləri xatırladıqca, elə bil ki, həmin günlərə, anlara bir də qayıdır, özünü daha da gümrah, xoşbəxt hiss edirdi. Səsinin ahəngi də dəyişmiş, axarlı və ürəyəyatan olmuşdu. Danışdıqca da qızlara baxaraq, elə bil ki, öz cavanlıq çağlarını yenidən seyr edirdi. Qadın yenə də sözünə davam etdi:

-Hə, söhbət rəfiqələrimdən düşmüşkən, deyim ki, on ildən çoxdur ki, onların heç birini görmürəm. Yenidən axtarıb tapmağa da gücüm çatmaz. Bəlkə indi onların çoxu rəhmətə gedib. Həmin adamlarla bir yerdə oturub söhbət etməyə elə bir ehtiyac hiss edirəm ki, gəl görəsən. Amma, bilirəm ki, daha bu yaşdan sonra bu mümkün deyil. Bunu fikirləşəndə özümü o qədər tənha hiss edirəm ki…

Qadın danışdıqca kövrəlirdi. Səmayə söhbəti dəyişib soruşdu:

-Ay nənə, bayaq iş yerinin adını çəkdin. Mən belə hesab edirəm ki, siz də nə vaxtsa hansısa bir idarədə, şirkətdə işləmisiniz. Elədirmi?

Qadın ani olaraq susdu. Nə deyəcəyini bilmədi. Sonra dilləndi:

-Siz mənə o qədər də fikir verməyin. Axırıncı dəfə keçirdiyim xəstəlikdən sonra, verilən suala tez, birbaşa cavab verə bilmirəm. Ona görə də fikirlərimi bir yerə toplayıb, sonra danışıram.

-Eybi yoxdu, nənə, bizə belə də xoşdu. İstədiyiniz kimi danışa bilərsiniz.

-Hə, iş yerini soruşdunuz. Mənim ömrümün ən gözəl, unudulmaz, zəhmətkeş bir parçasını yadıma saldınız. Əlbəttə, işləmişəm. Düz iyirmi il, iyirmi yaşımdan qırx yaşıma qədər uşaq bağçasında tərbiyəçi işləmişəm. Həmişə də həmin uşaqları öz balam, övladım hesab eləmişəm.

Bu vaxt, bayaqdan telefonla məşğul olan Günay dedi:

-Ay nənə, nə danışırsan? Uşaq bağçasında da işləmisən? Özü də iyirmi il. Bəs, bunu mənə niyə deməmisən?

Onun bu sözünə Səmayə gülüb dedi:

-Ay qız, sən necə adamsan? Bir evin içərisində yaşayırsınız. Nənənin vaxtilə harada işlədiyini, necə yaşadığını da bilmirsən. İndi mənə de görüm, sən nə vaxtsa nənənlə bir yerdə əyləşib belə söhbətlər edib, ondan nəsə soruşmusan? Yoxsa o, səni öz yanına çağırıb bütün bunları deməliydi?

Simuzər nənə bu zaman, Günayın üzünə baxıb:

-Yox, elə mənim nəvəm hərdənbir bəzi şeylərlə maraqlanır. Ondan çox razıyam. Tez-tez otağıma gəlib, nə lazım olduğunu soruşur. Onu da qınamıram. Dərsləri, iş-gücü çox olur. Yeri gəldikcə mənimlə maraqlanırsa, bu elə mənim bəsimdir. Ola bilsin ki, cavanlıq illərim, harada işləməyim barədə hələlik bir şey bilmir. Hə, iş yerindən danışdıq axı. O vaxtlar gənclik dövrlərim idi. Enerjili, işdən yorulmayan bir adam idim.

Uşaqlarımın da tərbiyəsini hər şeydən üstün tuturdum. Öz oğlumu, yəni Günayın atasını da evləndirəndən neçə il sonra, belə hesab edirdim ki, o, hələ uşaqdır və evin, ailənin işlərini idarə etməyə gücü çatmaz. Atası da tez-tez mənə deyirdi ki, daha o, evli, böyük kişidir, ailə başçısıdır. Sən ona imkan ver ki, sərbəst şəkildə öz ailə məsələlərini özü həll etsin. O vaxtlar belə hesab edirdim ki, elə ömrüm boyu belə vəziyyətdə, bu cür gücdə, qüvvədə qalacağam. Yaşlı adamlar da bədən ağrılarından, hər hansı xəstəlikdən şikayət edəndə, onlara deyirdim ki, ağrıları yaddan çıxarmağa çalışın. Axşama qədər evdə oturub xəstəlik barədə fikirləşməyin. Təmiz havaya çıxıb dost-tanışlarla vaxt keçirməyə çalışın. İllər keçdikcə başa düşürdüm ki, həmin adamların düşdüyü vəziyyət, keçirdiyi hisslər heç də əbəs deyilmiş. Zaman, dövran öz işini görür. Yaşa dolduqca, get-gedə gücdən düşdüyümü də hiss edirdim. Artıq anlamağa başlayırdım ki, ailənin, evin bütün ağırlığını üzərimə götürməyə gücüm çatmayacaq. Ona görə də bu işləri mərhələ-mərhələ öz oğlumun, gəlinimin öhdəsinə buraxmağı qərara aldım. Həm də fikirləşirdim ki, bir çox işlərdə fikirlərimiz üst-üstə düşməyə bilər. Altmış beş yaşıma qədər elə bil ki, nəyinsə axtarışında idim. Məni düşündürən, narahat edən o qədər məsələlər var idi ki, onların çoxu heç mənə aid deyildi. Bununla belə, hər şeyin cavabını tapmağa çalışır, həll yollarını axtarırdım. Çox vaxt da gecə yarıya qədər gözümə yuxu getmirdi. Özümü danlayırdım ki, bütün bu işlərin, fikirlərin mənimlə heç bir əlaqəsi yoxdursa, niyə onlar barəsində düşünüb başımı yormalıyam? Belə qarışıq fikirlərin burulğanında elə bil ki, özümü də itirirdim. Səhər açılanda da əhvalım çox pis olurdu. Necə deyərlər, get-gedə qocalıq, zəiflik, ağrılar özünü göstərirdi.

Səmayə diqqətlə qulaq asır, hərdənbir də Günaya üzünü tutub zarafatca deyirdi:

-Ay qız, yaxşı qulaq as. Görürsən, hər şeyi necə də dərindən təhlil edən nənən var? Onun sözlərini yadından çıxartma, sonra sənə lazım olar.

Qadın yenə də sözünə davam etdi:

-Sən demə, bütün bu sıxıntılar, xoşagəlməz yuxular, qarışıq fikirlər, keçirəcəyim ağır xəstəliyin başlanğıcı, ilk əlamətləri imiş. Bu olanlar sizlərdən uzaq olsun. Nəhayət, müəyyən qədər sağalıb özümə gələndən sonra, artıq gördüm ki, həyat fəaliyyətim çox dəyişib. Əvvəllər evin, ailənin bütün işlərinə müdaxilə etdiyim, məsləhət verdiyim halda, indi isə elə bil ki, seyrci, tamaşaçı mövqeyində dayanmağa başlamışdım. Nə qədər də özümü toplayıb kiməsə məsləhət vermək ya da hansısa işi buyurmaq istəyirdimsə, görürdüm ki, daha buna qadir deyiləm. İndi isə ailədə, evdə, görülən işlərdən razı qalmaq, onları bəyənməkdən başqa bir şey ağlıma gətirə bilmirəm. Demək, bu da öz növbəsində həyatın, insan ömrünün bir dövrüdür. Bütün bunlarla yanaşı, belə başa düşürəm ki, həyatımın indiki dövrü elə belə də olmalıdır. Get-gedə yerimizi cavanlara verib, onlarla hesablaşmalıyıq. İndi isə sizi görəndə elə bil ki, öz gəncliyim yenidən gözlərim önündə canlandı. İndi isə qızım, onu da deyim ki, sənin bu gün bura gəlməyin məni çox sevindirdi. Yaxşıca söhbət etdik, vaxtımız da xoş keçdi. Onu da deyim ki, çoxdan idi ki, özümə belə bir həmsöhbət tapa bilmirdim. Amma görürəm ki, vaxtınızı çox aldım.

-Yox, nənəcan, sən nə danışırsan, – Səəmayə dedi, -sənin söhbətlərin bizim üçün çox qiymətlidir. Səndən öyrənməli gör nə qədər məsələlər var. Bəzi vaxtlar mən də, öz xəyallarımda yaşlı, qocalıq dövrlərim barədə fikirləşirəm. Amma, ağlıma heç nə gətirə bilmirəm. Sizə qulaq asdıqca isə, gələcəyim, ahıl yaşlarım gözlərim önündə canlandı. Elə bil ki, neçə il bundan sonraya səyahət etdim. Söz verirəm ki, mən sizinlə görüşməyə tez-tez gələcəm.

-Gəl, qızım, gəl, əziz qonağımız olarsan. İndi isə mən getdim otağıma. Siz də öz işinizdən, söhbətinizdən qalmayın.

Sonra da Simuzər nənə ayağa qalxıb öz otağına getdi. Çox keçmədən Səmayə də:

-Yaxşı, Günay, mən də gedim. Daha gecdir, – dedi.

-Gedirsən? Heç əməli-başlı söhbət edə bilmədik.

Səmayə dedi:

-Səni deyə bilmərəm, amma mən, nənənin söhbətlərindən çox şey öyrəndim. Çoxdandır ki, yaşlı adamların belə söhbətləri üçün, sanki bir ehtiyac hiss edirdim. Yeri gəlmişkən, bir söz də deyim. Nənənin yaşını soruşmadım. Qorxdum ki, xətrinə dəyər. Belə başa düşdüm ki, təxminən yetmiş beş yaşı var. Yəqin ki, doğrusunu sən bilərsən.

Günay bir az fikirləşəndən sonra dedi:

-Bilirsən, bu barədə ondan heç soruşmamışam. Hə, düz deyirsən, yaşı lap çoxdur. Elə sən deyən kimi olar.

Səmayə mənalı nəzərlərlə ona baxıb dedi:

-Eh Günay, Günay, görürəm ki, heç dəyişməmisən. Elə, əvvəlki xasiyyətdə qalmısan. Amma, bir söz deyim, sən də ona əməl et. Nənən dedi ki, çoxdandır özümə belə bir həmsöhbət tapa bilmirdim. Hər axşam yarım saatlığa da olsa, ona vaxt ayır. Yanında əyləş. Onu dindir, danışdır. Qoy o da, özündə bir rahatlıq tapsın. İndi isə mən gedim. İmkan yarananda yenə də gələrəm.

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI
Ədəbiyyat

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021

Davamını oxu
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

21 Aprel 2026

17 Aprel 2026
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.