• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Çərşənbə axşamı, Noyabr 3, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Yaqut Dəmirov - "Dərzi" - hekayə

02 Noyabr 2026
in Ədəbiyyat, Manşet, Yazarlar
Share on FacebookShare on Twitter

DƏRZİ

(hekayə)

-Ay Mahirə, mənə bir stəkan çay gətir. Lap yoruldum. Bu gün işim çox oldu.

Qız yerindən qalxıb mətbəxə getdi. Çox çəkmədən çayı gətirib stolun üstünə qoydu. Sonra, yenə keçib divanda əyləşdi. Telefona baxa-baxa anasına dedi:

-Hərdənbir, dincəlməyinə də fikir ver. Səhər açılandan axşama qədər paltar tikməklə məşğul olursan. Saatlarla maşının arxasında əyləşmək elə bilirsən asandır?

Qadın işdən ayrılıb bir qədər dikəldi. Arxaya söykənib eynəyini çıxartdı. Belinin ağrısı nisbətən azalanda, sanki rahatlıq tapdı. Üzünü yana çevirib, gülümsünərək qızına dedi:

-Bunu hardan bildin? Bu işlə məşğul olan mən, çətinlikdən xəbər verən sən?

-Necə yəni hardan bildim, – qız dedi – axşama qədər yanında deyiləm? Özün də bilirsən ki, həmişə sənə kömək etmək istəmişəm. Sən isə deyirsən ki, get dərslərinlə məşğul ol. Bu sənətə baş apardın, daha başqa bir işlə məşğul ola bilməzsən.

-Ay qızım, elə bilirsən ki, bu qədər sifariş götürməkdən xoşum gəlir? Bilirsən ki, hamı məni yaxşı bir dərzi kimi tanıyır. Ona görə də yanıma gəlirlər. Mən də onları geriyə qaytarıb qəlblərini qırmaq istəmirəm. Çalışıram ki, hamı razı qalsın. Elə də olur.

-Yaxşı, ay ana, hər şeyi başa düşdüm. Yeri gəlmişkən, səndən bir söz soruşum. İndi dedin ki, heç kimin xətrinə dəymək istəmirsən. Bilmək istəyirəm ki, sən, yanına gələn müştərilərin kimliyi ilə maraqlanırsanmı? Yoxsa necə? Paltarı hazırlayıb verdin, o da geyindi, güzgüdə baxıb xoşuna gəldi, pulunu verib “sağ ol” deyib getdi. Bildiyim qədər, çoxları ilə yaxından tanış olmağa çalışırsan.

Əsmər əyləşdiyi yerdən qalxdı. Gəlib, pəncərə önündə qoyulmuş, çox da böyük olmayan stolun üstündəki çaydan bir qurtum içib dedi:

-Hə, indi bildim ki, sən gələcəkdə psixoloq ola bilərsən. Bura gələn insanlara diqqət yetirməyi yaddan çıxarmırsan. Hə, onu da deyim ki, hər şey sən fikirləşdiyin kimidir. Bir adam üçün geyim tərzi müəyyən edəndə, onun xasiyyətini, kimliyini, hansı peşəyə sahib olmasını dolayı yolla da olsa öyrənməyə çalışıram. Bu da öz işim zamanı mənə çox kömək edir.

-Demək, sən çalışırsan ki, müştərilər üçün tikdiyin paltarlar, həmin adamların daxili aləminə uyğun olsun. Mən düz başa düşdüm? Amma, onu da deyim ki, bu çox çətin məsələdir. Bir çox hallarda insanlar səninlə razılaşmaya bilərlər.

Qadın çayını içib qurtardı. İş stolunun arxasına keçdi. Dedi:

-Hər halda, mənim iş üslubum belədir. Bir də ki, bu adət mənim özümdən asılı deyil ki… Gördüyüm iş ürəyimcə olmayanda özüm də əziyyət çəkirəm.

Əsmər əvvəllər atelyedə işləyirdi. Sonra isə iş yerinin yolu uzaq olduğu üçün evdə çalışmağa başladı. Onsuz da müştərilər onu yaxşı tanıyırdı. Gördüyü işə də söz ola bilməzdi. Təxminən iyirmi il idi ki, bu sənətdə idi. Əvvəllər, necə deyərlər, bir dəqiqə də boş vaxtı olmasa da, son vaxtlar işi bir qədər azalmışdı. Bu gün səhərdən isə yarımçıq qalmış paltarların üzərində işləməyə başladı. Qəribə idi, hər gün yuxudan ayılıb yerindən qalxandan sonra bədənində cürbəcür ağrılar hiss etsə də səhər yeməyindən sonra, iş stolunun arxasına keçən kimi, özünü gümrah, sağlam, həm də çox işgüzar hiss edirdi. Belə düşünürdü ki, heç olmasa bir gün bu işlə məşğul olmasa, həyat onun üçün çox cansıxıcı, həm də darıxdırıcı olacaq. On yeddi yaşlı qızına isə, bu sənətlə məşğul olmağı arzulamırdı. Həmişə də deyirdi: “Sən mənə baxma. Müştərilərlə yola gedə bilməzsən. Əvvəlki vaxtlar tamam başqa idi. O zaman dərzilərin, ustaların işlərinə heç kim irad tutmağa çalışmırdı. Hamı da çox böyük həvəslə təzə paltarını geyinib, minnətdarlıq edə-edə çıxıb gedirdi. İndi isə zövqlər tamam dəyişib. Hamı başqalarından fərqli, cazibədar görünmək istəyir. Kimlə söhbət edirəmsə, telefonunu açıb, mənə yeni dəbdə olan cürbəcür geyim formalarını göstərir. Belə şəraitdə gərək yaradıcı, yenilikçi insan olasan. Ona görə də sənə məsləhət görürəm ki, dərslərini yaxşı oxuyub, bu il ali məktəbə qəbul olasan”.

Saat on olardı. Qapının zəngi çalındı. Müştərilər hamısı qabaqcadan xəbər verib gəldiklərindən, Əsmər təəccübləndi. Əlindəki işini saxlayıb, o biri otaqda olan qızına səsləndi:

-Mahirə, qapını aç, gör gələn kimdir?

Qız otaqdan çıxıb, dəhlizə doğru yönəldi. Çox keçmədən qapı ağzında səslər eşidildi:

-Salam qızım.

-Salam.

-Əsmər xanım burada yaşayır?

-Hə.

-Evdədir?

-Hə, evdədir.

Qadının səsi Əsmərə o qədər tanış gəldi ki, yerindən qalxıb dəhlizə tərəf getmək istədi. Amma hansı bir qüvvənin təsirindənsə, dayanıb nəyisə xatırlamağa çalışdı. Bu vaxt qızın səsi gəldi:

-Ana, səni soruşurlar.

Əsmər əyləşdiyi yerdə onlara tərəf əyilib səsləndi:

-De, gəlsin evə. Qonağı qapı ağzında niyə saxlamısan?

Sonra da yerindən qalxıb dəhlizə tərəf getmək istəyəndə, son dəbdə olan bahalı paltar geyinmiş, bəstəboy, bir əlində telefon, o biri əlində balaca bir zənbil olan bir qadının içəri girdiyini gördü. Gələn adam Əsməri görən kimi əvvəlcə təəccüb dolu nəzərlərlə ona baxdı. Sonra da özünə xas cingiltili səslə dedi:

-Əsmər, bu sənsən? Xoş gördük, necəsən, ay bacı?

Əsmər də ona baxan kimi, həmin dəqiqə tanıdı:

– Dilarə, sən hara, bura hara? Gəl içəri.

Görüşəndən sonra hər iki qadın divanda əyləşib söhbət etməyə başladı. Gələn qadın az vaxt içərisində sanki bütün olub-keçənlərdən danışmaq, hər şeydən xəbərdar, məlumatlı olmaq istəyirdi.

-Bilirsən, səni nə qədər axtarmışam? – dedi. – Gör o vaxtdan neçə il keçib. Görüşməsək də demək olar ki, hər gün səni yada salıram. Sənin barəndə fikirləşirəm. Sən necə? Məni unutmamısan ki?

-Yox, nə danışırsan? Səni unutmaq olar? Vaxtilə rəfiqəm olmusan.

Qadın divanda yerini rahatlayıb, qollarındakı qızıl bilərziyi, barmaqlarındakı üzükləri nümayiş etdirirmiş kimi, incə əl hərəkətləriylə sözünə davam etdi:

-Bir neçə gün bundan qabaq marketdə yaxşı bir parça gözümə dəydi. O qədər xoşuma gəldi ki, əl çəkə bilmədim. Fikirləşmədən həmin parçadan özüm üçün aldım. Sən yaxşı bilirsən, hazır paltarlar da çoxdur. Amma əl işi başqadır da… Bacım da yanımda idi. Mağazadan çıxanda mənə dedi: “Yəqin ki, bunu Əsmərin yanına aparacaqsan. Başqa nə cür ola bilər ki… Axı, vaxtilə siz rəfiqə olmusunuz. Həm də o, indi ən yaxşı dərzilərdən biri sayılır.

Sənin adını eşidəndə yerimdə donub qaldım. Sonra da bacım sənin harada yaşamağını mənə dedi.

Əsmər onun sözünü kəsdi:

-İndi mən də bir söz deyim. Necə olur ki, illər keçsə də sənin bacının yadından çıxmıram. Sən isə mənim adımı eşidəndə təəccüb içərisində qaldın?

-Yox, ay qız – Dilarə dedi: -Səni heç unutmaq olar? Elə həmişə xatirimdəsən. Bilirsən necədir? Həmin vaxtlar elə hesab edirdim ki, sən çıxıb rayona getmisən, orada yaşayırsan. Çünki, axır zamanlar səni görə bilmirdim. Həmişə də fikirləşirdim ki, küçədə, parkda nə vaxtsa qarşıma çıxarsan. Amma belə olmadı. İllər ötdükcə əmin oldum ki, sən daha şəhərdə deyilsən.

-Amma, mən heç yerə getməmişdim. Elə əvvəlki evimizdə yaşayırdım. – Əsmər dedi – Sonra da bu evə köçdük.

Araya bir qədər sükut çökdü. Dilarə yenə dilləndi:

-Çox yaxşı, çox yaxşı. Səni görməyə mən şad oldum. Hə, onu deyirdim axı…

Qadın bu sözləri deyib, çantasını açdı. İki bağlama bahalı parça çıxartdı.

-Bunları görürsən? – dedi – Bax, bunu sənin üçün, o birini də özüm üçün almışam. Bu parçadan, mənə yaraşan yaxşı bir kofta tikərsən. O birini də özün üçün istifadə edərsən.

Əsmər dedi:

-Yox, yox, nə danışırsan? Nə zəhmət çəkmisən, heç razı deyiləm.

-Ay qız, o vaxtkı xasiyyətlərindən əl çəkməmisən də… Verilən payı qaytarmazlar. Sözün açığı, fikirləşdim ki, məndən pul götürməzsən. Ona görə də bu parçadan sənin üçün də aldım. Yaxşı, gəl bu söhbəti burada qurtaraq. İndi mənə de görüm, paltar şəkilləri olan kataloqun varmı? Mənə bax ey… Gör nə soruşuram. Mənə deyən lazımdır ki, bu cür məşhur dərzidən gör nə xəbər alırsan.

-Əlbəttə var – deyə Əsmər ayağa qalxıb, stolun siyirməsindən kataloqu gətirdi. Dilarə də: – “Bu dəqiqə baxarıq, bu mənə uyğun deyil, bunun yaxası genişdir, bunun üstünə zər düzülüb, bunun ətəyi uzundur, bu çox qısadır, bunun çiyinləri xoşuma gəlmir” – deyə-deyə, nəhayət, şəkillərin birinin üstündə dayandı:

-Hə, bax, bu paltar mənə çox yaraşar. Özün bilirsən də… Hər geyimdən xoşum gəlməz. Bəs sən necə fikirləşirsən? Əynimdə necə görünər? Sən də neçə ildir ki, bu sənətlə məşğulsan.

-Nə deyim, yaxşıdır. Təki sənin xoşuna gəlsin.

-Yaxşı yox, əla olmalıdır. Hə, onu da deyim ki, biz hər il yayda ən yaxşı istirahət mərkəzlərinin birinə dincəlməyə gedirik. Gərək əynimdə yaxşı geyim olsun. Bəs necə? Başqalarından fərqlənməliyəm də…

Əsmər, kataloqdakı şəkilə baxanda, istər-istəməz Dilarəni bu paltarda gözünün önünə gətirdi. O, bu geyimdə necə də gözəl görünəcəkdi. Bir anlıq fikirləşdi: -“İnsanın zahiri görkəmi bu cür yaraşıqlı, cazibədar göründüyü kimi, kaş ki, daxili aləmi də belə saf, səmimi, hər hansı paxıllıqdan, xəbislikdən uzaq olaydı. İnsanın xarici görünüşü ilə mənəviyyatı, xarakteri bir-biri ilə vəhdət təşkil etsəydi, nə yaxşı olardı. Bəlkə də adamlar öz daxili aləmlərinə uyğun geyimlər geysələr daha münasib olar. İnsanlar o vaxt cəmiyyət içərisində çox gözəl tanınarlar. Yox, məncə çoxları buna razı olmaz. Onlar hamıdan yaxşı görünmək üçün, bacardıqları qədər qəşəng, bahalı paltarlar barədə düşünərlər”.

-Hə, onu deyirdim axı… – Dilarə sözünə davam etdi: – Bu parçaları alıb gətirəndə, Elməddin evdə idi. Bunları gördükdə çox bəyəndi. İkisinin də nə üçün eyni olduğunu soruşanda mən dedim: “Biri mənimdir, o birini dərzi üçün almışam”. “Dərzi üçün?” – o təəccüblə dedi. –“Bəs ona pul verməyəcəksən? “Bu dərzi özgə adam deyil. Tanıdığın Əsmərdir” dedim. “Əsmər? Hansı Əsmər? – O, bunu deyib fikrə getdi. Dedi: -“Bəs o ailəsi ilə bir yerdə köçüb rayona getməmişdi?” “ Yox” – dedim – “burada, şəhərdədir”. Bir sözlə, bu parçanı yoldaşım da bəyəndi.

Elməddinin adını eşidəndə, Əsmərin xəyalı təxminən iyirmi il əvvələ getdi. O vaxt onun on doqquz yaşı vardı. Elməddin adlı tələbə bir oğlanla tanış olmuşdu. O, hər gün işdən çıxanda, oğlan da atelyenin qapısı ağzında onu gözləyirdi. Get-gedə aralarında səmimi bir münasibət yaranmışdı. Günlər bir-birini əvəz etdikcə, bu dostluq, sevgi hisslərinə çevrilməyə başladı. Əsmərin rəfiqəsi Dilarənin də bundan xəbəri vardı. Sanki bu qız həmişə onları izləyir, heç gözlənilmədən parkda, ya da küçədə onlarla qarşılaşırdı. Əsmər də: “Bu qız mənim rəfiqəmdir” – deyərək Dilarəni Elməddinlə tanış etmişdi.

Dilarə çox vaxt Əsmərlə söhbət edəndə həmişə bu oğlandan söz açır, onun xasiyyəti, özünü necə aparması, görünüşü barədə uzun-uzadı danışırdı. Sonra da bu insanın hərəkətlərində müşahidə etdiyi hansısa bir xırda, çatışmayan cəhəti qeyd edir, rəfiqəsinə öz məsləhətlərini verir, sonra da, “Əşşi, eybi yoxdur, özü cavan oğlan, atası da imkanlı adamdır. Neyləmək olar? Amma, sən heç nəyə fikir vermə, hər şey ötüb keçər” – deyərək, sanki öz rəfiqəsinə təsəlli verirdi. Əslində, Əsmərlə Elməddinin arasında heç bir problem də yaşanmırdı. Hər şey öz qaydasında idi. Amma, Dilarə özünü elə göstərirdi ki, guya rəfiqəsinin gələcək taleyi onu çox narahat edir və bütün gördüklərini təhlil edib, Əsmərə hər şeyi başa salmaqla öz borcunu yerinə yetirmiş olur.

Belə söhbətlərin, rəfiqəsinə müəyyən qədər də olsa təsir etdiyini gördükcə, daxilən sevinir, Elməddini gözdən salmaq üçün daha da kəsərli, yeni-yeni yalanlar tapırdı. Ortaya hansısa qalmaqal salmaq üçün planlar düşünürdü. Həm də fikirləşirdi ki, vaxt gözləmir. Bir qədər də keçsə, düşündüklərinin həyata keçməsi çox çətin olacaq. Ona görə də yubanmadan nəsə etmək daha yaxşı olardı.

Axşamların birində Əsmərlə görüşən Dilarə yenə də Elməddindən söz açdı:

-Əsmər, sən bilirsən ki, mən sənin xətrini çox istəyirəm. Dünən axşam gördüklərimi sənə deməsəm, rahat ola bilmərəm.

Əsmər səbirsizliklə dedi:

-Ay qız, danış görüm, ürəyimi üzmə. Elə bayaqdan görürəm ki, sözlü adama oxşayırsan. De görüm nə olub?

-Bilirsən necədir? Bunu sənə demək istəməzdim. Fikirləşirdim ki, nəyimə lazımdır, özləri bilərlər. Amma, vicdanım mənə rahatlıq vermədi. Axı, sən mənim yeganə rəfiqəmsən. İstəmirəm ki, hər gün aldanasan. Yalan, boğazdan yuxarı sözlər eşidəsən.

-Ay qız, nə olub? Açıq danışsana.

-Hə, demək, məsələ belə oldu. Dünən bir az hava almaq üçün parka getmişdim. Nə görsəm yaxşıdır? Sənin bu bel bağladığın, inandığın Elməddin skamyaların birində hansısa bir qızla mehribancasına əyləşib söhbət edirdi. Düzdür, mən də bilirəm ki, Elməddin elə oğlan deyil. Bəlkə də həmin qız ya onun qohumu, ya da tələbə yoldaşı imiş. Amma, yenə də baxma da… Yaxşı ki, sən onları bir yerdə görmədin. Yoxsa, nə hala düşəcəyini indi bu dəqiqə çox gözəl təsəvvür edə bilirəm.

Əsmərin gözləri bir nöqtəyə dikildi. Daha heç nə deyə bilmədi. Sevdiyi oğlan haqda olan bütün ümidlərinin, xəyallarının puç olduğu barədə fikirləşərək, bundan sonra necə hərəkət edəcəyi barədə düşünürdü. Dilarə də gözaltı ona baxaraq, bu sözlərin ona necə dərin təsir etdiyini gördükcə daxilən sevinir, öz planlarının yeni mərhələsini hazırlayırdı. Əsas məsələ bu idi ki, öz rəfiqəsinin qəlbinə şübhə toxumları səpə bilmişdi.

Bu söhbətdən sonra Əsmərlə bu oğlan arasında soyuq bir münasibət yaranmağa başladı. Elməddin də hər dəfə bunun səbəbini soruşanda qız da bu barədə onunla danışmaqdan boyun qaçırırdı.

Günlərin birində Dilarə Elməddinlə qarşılaşdı. Hal-əhval tutandan sonra rəfiqəsi Əsmərdən söz açdı. Axır vaxtlar onunla az-az görüşdüyü barədə danışdı.

Elməddin də cavabında:

-Hə, sən düz deyirsən. Mənə elə gəlir ki, son zamanlar o, özünü heç də yaxşı hiss etmir. Söz soruşanda könülsüz, həvəsiz, etinasız halda cavab verir. Səbəbini də bilmirəm. Bircə onu başa düşürəm ki, nəsə ciddi bir iş baş verib.

Oğlan bunu dedikdə, Dilarə mənalı nəzərlərlə onun üzünə baxdı. Planlarının baş tutduğu üçün ürəkdən sevinsə də bunu biruzə verməməyə çalışdı. Sonra da fikirlərini bir yerə toplayıb sözə başladı:

-Ay Elməddin, Əsmər mənim rəfiqəmdir də… Bunu yaxşı bilirsən. Onun məndən gizlin heç bir sözü, sirri ola bilməz. Bəzən elə şeylər olur ki, insan onu hamıdan gizlətməyə çalışır. Hə, belə hallar olur. Mənim bildiyim qədər onun səhhətində, nə də ailələrində hansısa bir çətinlik, ya da hadisə baş verməyib. Sənin kimi mən də Əsmərdə olan dəyişkənliyin səbəbini axtarıb tapmağa çalışdım. Axırda da öz-özlüyümdə bir qənaətə gəlmişəm. Bilmirəm ki, doğru düşünürəm, yoxsa səhv edirəm?

-Onun barəsində nəsə bilirsən? – oğlan soruşdu.

Doğrusu hələ dəqiq bir söz deyə bilmirəm. Bununla belə, bəzi fikirlərim var.

-Yaxşı, elə isə nə baş verdiyini deyə bilərsənmi?

-Heç bilmirəm necə deyim, – Dilarə tərəddüd içərisində dilləndi. – Dünən dərzi atelyesinin qarşısından keçirdim. Əsməri qapının ağzında bir oğlanla söhbət edən gördüm. Bəlkə də hansısa müştəriymiş, anasının ya da bacısının paltarını götürməyə gəlibmiş. Hələlik heç nə deyə bilmirəm. Kənarda dayanıb onlara fikir verdim. Söhbətləri bir az uzun çəkdi. Baxışlarından, danışıqlarından hiss edirdim ki, bu, heç də iş məsələsi deyil. İndi isə səndən bir xahişim var. Bu söhbət öz aramızda qalsın. Əsmər bu danışığımızdan xəbər tutsa, daha mənim üzümə baxmayacaq. İstəmirəm ki, onun kimi bir rəfiqəmi itirim.

-Bu barədə arxayın ol, amma məni lap şübhəyə saldın. Doğrusu, indi nə edəcəyimi heç özüm də bilmirəm.

Qız fürsətdən istifadə edib tez dilləndi:

-Mən yüz faiz əminəm ki, aranızda olan soyuqluğun səbəbi elə bu oğlanla bağlıdır. Sən heç narahat olma. Mən özüm hər şeyi araşdıracağam. Yəqin bilirəm ki, Əsmər bu barədə mənə heç nə deməyəcək, nə baş verirsə öyrənəcəyəm. Hərdən bir görüşsək, sənə bu barədə nə lazımsa danışaram. Rəfiqəm də olsa, Əsmərdən bunu heç gözləməzdim. Öz sevgilisinə vəfasız çıxmasını ona bağışlaya bilmirəm. Gərək bunu etməyəydi. Nəysə, mən gedim. Vaxtşn olsa, sabah kafedə görüşüb söhbət edərik.

Bu vaxtdan etibarən onlar hər dəfə görüşəndə Dilarə Əsmər barədə yeni-yeni yalanlar quraşdırıb danışır, onu hər vasitə ilə Elməddinin gözündən salmağa çalışırdı. Oğlan əvvəlcə bütün bunlara inanmaq istəmirdi. Öz-özlüyündə qərara alırdı ki, Əsmərlə bu barədə ciddi danışacaq. Amma hər dəfə onunla görüşəndə sanki dili ağzı bağlanır, bəlkə də bu məsələni müzakirə etməyin artıq gec olduğunu düşünürdü. Qızdakı soyuq münasibəti gördükdə isə, Dilarənin haqlı olduğuna əmin olurdu.

Son vaxtlar Əsmər də özünü çox narahat hiss edirdi. Bunun səbəbini özü də bilmirdi. Sanki xoşagəlməz nəsə baş verəcəkdi. Hər gün də istəyirdi ki, Elməddini çağırıb bütün bu olanların səbəbini ondan soruşsun. Sonra da qərara alırdı ki, bunu öz rəfiqəsindən öyrənmək daha yaxşı olar.

Məsələ bunda idi ki, Dilarə də son vaxtlar zənglərə cavab vermək istəmir, telefonu açanda da “İndi başqa yerdəyəm”, “özüm zəng edərəm”, “görüşüb söhbət edərik” – cavablarını verirdi. Əvvəllər, Elməddin barədə uzun-uzadı danışmağı sevən qız, indi demək olar ki, susur, onun adını çəkmək belə istəmirdi. İkinci bir tərəfdən də həmişə küçədə, parkda onların qarşısına çıxan Dilarə indi elə bil ki, yoxa çıxmış, gözə görünmək istəmirdi.

Təxminən iki aya qədər də vaxt keçdi. Günlərin birində tanışlarından eşitdiyi xəbər Əsmərə çox pis təsir etdi. Elməddin Dilarə ilə evlənmişdi. İndi hər şey məlum idi. Deməli, bu vaxta qədər bu qızın canfəşanlıq etməsi, hər vasitə ilə Elməddini gözdən salması elə bundan ötrü imiş.

Bəs bu gün Dilarənin bura gəlməsinin, Əsməri yenidən axtarıb tapmasının səbəbi nə idi? Axı şəhərdə istənilən qədər dərzi var idi. Bunu Dilarənin heç özü də anlaya bilmirdi. Bəlkə də neçə illərdən sonra onun vicdanı dilə gəlmiş: – “O zaman sən nə üçün rəfiqənə qarşı belə haqsızlıq etdin? Niyə onları bir-birindən ayırdın? – sualını verərək, ittiham etməyə başlamışdı. Sanki hansısa bir qüvvə ona, get öz səhvini etiraf et, rəfiqənlə barış – deyərək onu Əsmərlə görüşməyə tələsdirirdi.

Cavan vaxtlarında heç nəyə əhəmiyyət verməyərək, “bəlkə bu da bir qismətdir” – deyə fikirləşsə də, illər keçdikcə çox böyük haqsızlıq etdiyini anlamağa başlayır, bu səhvini necə düzəltməyin yollarını axtarırdı. Amma, yol verilən bütün xətaları sonradan düzəltmək mümkün idimi? Nəhayət, o çıxış yolunu Əsmərin onu bağışlamasında görürdü. İçərisində olan qürur, heç kimdən üzr istəməmək, heç kəsin qarşısında zəif görünməmək hissləri isə buna imkan vermirdi.

Ona görə də bu evə gələndə özünü bacardıqca şən, heç bir günahı olmayan insan kimi göstərməyə cəhd edirdi. Əsmərin suallarına da necə cavab verəcəyini əvvəlcədən götür-qoy etmiş, lazım olan anda özünü necə təmizə çıxaracağını düşünmüşdü. Nə olursa olsun, keçmiş rəfiqəsi ilə görüşməyi qərara almışdı. Bununla da illərdən bəri qəlbində yer tapan boşluğu doldurmaq, bəlkə də nə lazımsa öz rəfiqəsindən eşitmək, sonra da rahat, arxayın yaşamaq istəyirdi. Nəhayət, özündə güc taparaq, aldığı parçaları da götürüb bu gün bura gəlmişdi.

Əsmər xəyaldan ayrıldı. Dilarə da əlindəki kataloqu gah gözünə yaxınlaşdırır, gah da bir qədər kənarda saxlayıb diqqətlə nəzərdən keçirirdi.

-Hansını bəyəndin? – Əsmər soruşdu.

Dilarə barmağını şəkillərin birinin üstündə saxlayıb dedi:

-Bax, bu çox xoşuma gəldi.

Əsmər kataloqu alıb baxdı:

-Zövqün yaxşıdır – dedi – elə o vaxtlar da bu dəbdə olan paltarlardan xoşun gəlirdi.

İndi isə Dilarənin fikrini məşğul edən nə paltar, nə də dəb məsələsi idi. İstəyirdi ki, keçmiş rəfiqəsi heç olmasa üstüörtülü şəkildə də olsa, həmin günlərdən söz açıb nəsə desin. O da illərdən bəri Əsmərin ürəyində qalanlardan, bu vaxta qədər dilinə gətirə bilmədiklərindən xəbərdar olsun. Bütün bunları fikrindən keçirərək dilləndi:

-Hə, düz deyirsən. Cavan vaxtımızda daha yaxşı geyinmək, gəzmək istəyirdik. Amma istədiyimizi tapıb ala bilmirdik.

Bu zaman Əsmər özündən asılı olmayaraq dedi:

-Sən isə istədiyini tapa bildin. Daha nədən narazısan?

Birbaşa deyilən bu sözün qarşısında Dilarə susub dayandı. Bura gələndə Əsmər üçün hazırladığı bütün cavablar yadından çıxdı.

Sonra da zəif səslə:

-Əsmər, əvvəlcədən bilirdim ki, sən bu söhbəti açacaqsan. İnan ki, məndə heç bir günah olmadı. İndiki ağlım, düşüncəm olsaydı, bəlkə də hər şey başqa cür olardı. Sən Elməddindən ayrılandan sonra, o özünü çox narahat, demək olar ki, bədbəxt hesab edirdi. Doğrusu, ona çox yazığım gəlirdi.

Əsmər mənalı nəzərlərlə baxıb dedi:

-Bu vəziyyətdən istifadə edib ona daha da yaxınlaşdın. Onu tək buraxmadın. Düz deyirəm?

-Əsmər, bilirdim ki, sən nə vaxtsa məni bu işdə ittiham edəcəksən. İnan ki təqsir məndə olmadı. Sənin də günahın çox oldu. Bir dəfə də olsun onunla bir yerdə əyləşib məsələni aydınlaşdırmadın. Sən ona tərəf heç olmasa bircə addım atsaydın, hər şey qaydasına düşə bilərdi. Onu da deyim ki, həmin vaxtlar o özü mənə yanaşdı. Mən də onun sözündən çıxa bilmədim.

-Sonra da nə mənə zəng etdin, nə də itirib-axtardın. Eybi yox, hər şey arxada qaldı. Daha bu barədə danışmağın da heç bir əhəmiyyəti yoxdur. Yaxşı, gəl belə edək. Sənin ölçülərini götürüm. Hələlik əlimdə bir az işim var. Bazar günü axşamüstü gəlib paltarını apararsan.

Beş-on dəqiqə keçmiş, Dilarə ayağa qalxıb getdi. Mahirə də öz otağından çıxıb anasının yanına gəldi.

-Rəfiqən getdi? – deyə soruşdu.

-Hə, getdi. Üç gündən sonra yenə gələcək.

Qız bir az fikirləşib, sonra yenə davam etdi:

-Ana, sənə bir söz deyim, amma məni qınama. Heç başa düşə bilmirəm ki, sən bu qadınla necə rəfiqə olmusan. Necə dostluq etmisiniz? Bu adam həddən artıq özündən razı, həm də lovğadır. İnanmıram ki, nə vaxtsa aranızda hansısa bir səmimiyyət olub. İndi anladım ki, bu günə qədər evimizdə onun adını niyə çəkməmisən. Deməli, o vaxtlar da ondan heç xoşun gəlməyib.

-Yox, elə deyil. Düzdür, xasiyyətimizdə bir az fərq var idi. Baxıb görürəm ki, həyat onu çox dəyişib. Nə demək olar ki, gec də olsa yadına düşmüşəm. Məni axtarıb tapıb. Sonra da paltar tikdirmək üçün parça gətirib. Mənim də sənətim budur. Gələn müştəriləri razı yola salmaq. Paltarını hazırlayıb verəcəyəm, pulumu alacağam. Burada nə var ki?

Qız anasını mənalı nəzərlərlə süzüb dedi:

-Mənə elə gəlir ki, bu sözləri ürəkdən demədin. Başqaları bu cür danışsaydı heç təəccüblənməzdim. Mən səni yaxşı tanıyıram. Danışığınızı eşidirdim. Etiraf elə ki, vaxtilə aranızda nəsə baş verib. Sən isə bütün bunları məndən gizlətməyə çalışırsan.

-Ay qız, yaxşı da… – anası dedi – Sən də hər şeyə məna verməkdə zirəksən. Mən demişəm də… Gələcəkdə yaxşı psixoloq ola bilərsən. Aramızda nə ola bilər ki? Vaxtilə rəfiqə olmuşuq, indi həyatdır da. Hər şey ola bilər. Bir də ki, yaxşı fikirləş. Xoşa gəlməz nəsə olsaydı, o məni axtarıb tapmazdı. Əksinə, məndən uzaq gəzməyə çalışardı.

-Nə deyirəm ki? Qoy sən deyən kimi olsun. Amma, mənə elə gəlir ki, sən bu paltarın üzərində ürəkdən, həvəslə işləyə bilməyəcəksən.

Səhəri gün Əsmər yuxudan oyananda özünü çox yorğun hiss edirdi. Dilarənin gətirdiyi parçanı şkafın siyirməsindən götürüb baxdı. Demək, o bundan öz keçmiş rəfiqəsi üçün paltar tikəcək, o da geyinib yaxşıca bəzənərək, öz həyat yoldaşı ilə birgə gəzməyə, dincəlməyə gedəcəkdi. Bu paltarda necə də gözəl, cazibədar görünəcəkdi. Elməddin də ona sevgi dolu nəzərlərlə baxıb, “bu sənə çox yaraşır” – deyəcəkdi. Sonra da Dilarənin onun üçün hədiyyə gətirdiyi parçaya nəzər saldı. Demək, bu da onların arasında barışıq yaratmaqdan ötəri idi. Bununla da onların arasında olan, illərdən bəri davam edən soyuqluğa, rəfiqəsinin ona qarşı etdiyi haqsızlığa son qoyulacaqdı. Bütün baş verənlər də bu cür rahatlıqla unudulub yaddan çıxacaqdı.

Bütün bunlarla bərabər, rəfiqəsinə söz vermişdi. Bazar günü, axşamüstü o gəlib paltarını aparmalı idi. İndi isə işə başlamaq lazım idi. Əvvəlcə ölçülərə baxdı. Sonra qayçını götürüb parçanı kəsmək istəyəndə dayandı. Yenə fikirləşdi: -“Demək, cavan yaşlarımda məni öz istəklimdən ayıran bir qadın, indi öz əllərimlə hazırladığım bir paltarda həmin adamla yan-yana addımladığı vaxt məni yada salıb öz-özünə deyəcək: “Eh, Əsmər, Əsmər, hardan biləsən ki, sənin həvəslə tikdiyin geyimdə öz ərimin yanında bu cür qəşəng, rahat görünürəm. Ay qız, sən necə də saf, sadəlövhsən. Həmişə də belə qalsan, çox yaxşı olar”.

Bazar günü Əsmər, səhər tezdən yuxudan oyandı. Yaman fikirli, həm də əsəbi idi. Yenə də parçaları götürüb baxdı. Tərəddüd içərisində qalmışdı. Nə edəcəyi barədə fikirləşirdi. Sonra da geyim formaları olan kataloqu açıb vərəqlədi. Dilarənin göstərdiyi şəklin üzərində dayandı. Belə bir paltarda olan rəfiqəsi gözlərinin önünə gəldi. O, bu nəfis, son dəbə uyğun, cazibədar geyimdə necə də gözəl görünəcəkdi. Sonra da Elməddinlə çiyin-çiyinə addımlayaraq istədikləri yerə dincəlməyə gedəcəkdilər.

Əsmər nə fikirləşdisə, parçaların ikisini də qatlayıb yenə siyirməyə qoydu. Sonra da əyləşib yarımçıq qalan işləri ilə məşğul olmağa başladı.

Axşama az qalırdı. Əsmər artıq qəti qərara gəlmişdi. Qızını yanına çağırıb dedi:

-Saat yeddidə Dilarə paltarı üçün gələcək. Mən də indi mağazaya gedəcəyəm. Evdə olmayacağam. Onun gətirdiyi parçalar burdadır, hər ikisini qaytararsan, götürüb aparsın. Deyərsən ki, anam bir aylığa kəndə gedib, sənin paltarını tikməyə imkanı olmayacaq. Başqa dərzilərin yanına getsin.

Qız gülüb dedi:

-Ana, onsuz da əvvəlcədən bilirdim ki, sən belə edəcəksən. Keçmiş rəfiqənə paltar tikməyə əlin gəlməyəcək. Axı, sən başqa dərzilərə bənzəmirsən. Yaxşı, bunu bildik. Bəs sənin üçün gətirdiyi parçanı niyə qaytarırsan? Hədiyyəni qaytarmazlar axı.

-Ay qız, sənə nə deyirəm, onu da elə. Onun hədiyyəsi, filanı mənə lazım deyil. Bildin? – deyə qadın əsəblərini cilovlaya bilmədi.

-Yaxşı…, yaxşı…, mən susdum. Vaxtilə aranızda nə baş verib, onu da soruşmayacam. Bilirəm ki, heç nə deməyəcəksən, qoy hər şey sən deyən kimi olsun.

Axşam saat yeddiyə yaxın qapının zəngi çalındı. Əsmər də çıxıb getmişdi. Mahirə gedib qapını açdı. Gələn Dilarə idi. Qızı görən kimi sevincək halda sözə başladı:

-Xoş gördük, ay qız, axşamın xeyir, necəsən?

Sonra ani olaraq dayanıb, yenə soruşdu:

-Mənim bacımın səsi niyə gəlmədi? Yəqin ki, işi çox olub, yorulub yatıb.

-Aqibətin xeyir, xala. Anam evdə deyil. Kəndə gedib. Bir aydan sonra gələcək.

Qadın nəsə fikirləşdi, sonra dedi:

-Kəndə gedib? Hə, nə olar ki… Yəqin ki, mənim paltarım hazırdır. Demişdi ki, bu gün gəlib aparım.

Qız dedi:

-Yox, işləməyə imkanı olmadı. Mənə dedi ki, parçaları qaytarım, başqa dərzinin yanına getsin.

Qız bunu deyib otağa keçdi. Çox çəkmədən qayıdıb, əlindəki sellofan torbanı qadına sarı uzatdı:

-Hər ikisi buradadır – dedi.

Qadın təəccüb içərisində qalmışdı. Nə deyəcəyini bilmirdi. Nəhayət narazılıqla dilləndi:

-Ay qız, nə danışırsan? Axı, mənə demişdi ki, bu gün gəlib paltarını götürərsən. Mən bunu Əsmərdən heç gözləməzdim. Nəysə, eybi yoxdur, qoy belə olsun. Hər halda biz neçə ildən sonra görüşdük. Bu parçanın birini onun üçün hədiyyə gətirmişdim. Heç olmasa onu götürərdi.

-Yox, dedi ki, hər ikisini aparsın.

Dilarə daha bir söz demədi, parçaları götürüb getdi.

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX
Manşet

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021

Davamını oxu
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

02 Noyabr 2026

09 Oktyabr 2026
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.