Aramızda yollar var,
Bir də çoxlu polislər
Qaçsaq tutarlar bizi,
Bəlkə heç nə deməzlər.
Nə sənəd var, nə kağız
Bizə icazə yoxdu.
Mən kənddə, sən şəhərdə
Hansı daha soyuqdu?
Yolları kim bağlayıb,
Virusdu yoxsa həsrət?
Bax, Şövkətdə oxuyur:
“Məhəbbət ah, məhəbbət”
Xəbərin yoxdu, bəlkə
Başım qeylü-qaldadı
Səni şəklim ovudur
Məni səsin aldadır.
Yumuram gözlərimi
Vaxt keçsin, vədə bitsin
Uzanır axı günlər
Nolar sən de də, “bitsin”
Gecələr xəyalının
Köksünə qısılıram,
Göy olursan, ay olub
Boynundan asılıram.
Ama yenə səhərlər
Əlim səni axtarır
Elə bilki əllərim
Quşdu dəni axtarır
Deyirəm ki “yoluna
çiçək səpim qayıdım”
Deyirəm ki “bir dəfə,
gəlim öpüm qayıdım”
Deyirəm ki, “uzaqlıq
axırıma cıxdı axı…”
Deyirsən “yanındayam”
Baxıram yoxdu axı
Deyirsən gəlmə hələ,
Qarışıqdı vəziyyət.
Bu nə cürə cəzadı,
Bu nə təhər əziyyət?!
Yum gözünü ,sevgilim
Və üçəcən say gəlim
Cəhənnəm olsun hər şey
Qurban olum, qoy gəlim!